Month: July 2024

  • Məhkəmə İmran Xan barəsində qərar verdi

    İslamabad dairə məhkəməsi Pakistanın sabiq Baş naziri İmran Xan barəsində qanunsuz nikah işi üzrə hökmü ləğv edib.

    Yenicag.az “Dawn” nəşrinə istinadla xəbər verir ki, bununla da sabiq baş nazirə qarşı son məhkəmə qərarının müddəti başa çatıb və o, potensial olaraq azadlığa buraxıla bilər.

    İmran Xan və həyat yoldaşı Büşra Bibinin şikayətini qəbul edən hakim, eyni zamanda vurğulayıb ki, siyasətçiyə qarşı aktiv həbs qərarı yoxdursa, o, həbsdən azad edilməlidir. Hakimin sözlərinə görə, əgər onlar başqa bir iş üzrə axtarışa verilməzsə, o zaman hər ikisi dərhal azadlığa buraxılmalıdır.

    Əvvəllər daha bir neçə hökm ləğv edilib və ya onların icrası dayandırılıb. Bundan əlavə, İmran Xan girov müqabilində korrupsiya işi üzrə azadlığa çıxmaq imkanı əldə edib. Buna görə də məhkəmə onun həbsdə saxlanması üçün heç bir əsas olmadığı barədə qərar çıxarıb.

  • Bazar günü 38° isti olacaq

    İyulun 14-də gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 50-60 %, gündüz 30-35 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacaq.

  • Məhəmməd Əlinin həyatından serial çəkilir

    Əfsanəvi boksçu Məhəmməd Əlinin həyatından bəhs edən serial çəkilir.

    Bu barədə xarici KİV məlumat yayıb.

    Bildirilib ki, “The Greatest” (Ən böyük) adlanacaq filmdə boksçunu Jalen Best canlandıracaq.

    Serialda boksçunun həyatı və uğurlarından bəhs olunacaq.

  • Hitleri canlandıran aktyor: “Mən dəlixanaya düşə bilərdim”

    Almaniyada nasist təbliğatını ifşa edən yeni “Fürer və təcavüzkar” filminin təqdimatı keçirilib.

    Qaynarinfo xəbər verir ki, film cümə axşamı Almaniya kinoteatrlarında nümayiş olunub. Lakin onun məktəblərdə nümayişi tövsiyə olunmayıb.

    Hitler rolunu oynayan 56 yaşlı Fritz Karl “Bild”ə çəkilişlərlə bağlı danışıb.

    “Bizim peşəmiz sənətkarlıqdır. Əgər biz özümüzü rollardan mücərrədləşdirə bilməsəydik, çoxdan peşə əvəzinə dəlixanada olardıq. Etiraf edim ki, bizim ailələrimiz üçün Hitler və Gebbels oynamağımız əbəs yerə deyildi. Rola hazırlaşarkən qaçıb öz-özümə mahnının sözlərini mızıldanırdım. İştirak edən hər kəs üçün çox da əyləncəli deyildi. Düzünü desəm, özümü görəndə şoka düşdüm. Yadımdadır, bir neçə dəfə yanımıza gəlib bizimlə selfi çəkmək istəyirdilər. Sonra soruşdum: Bu mümkündürmü? Siz o vaxt haqqında zarafat edə bilməzsiniz”, deyə Fritz Karl bildirib.

    Onun Goebbels obrazını canlandıran 41 yaşlı həmkarı Robert Stadlober də bununla razılaşır:

    “Mən bu roldan aktyor kimi yox, insan kimi qorxurdum. Çünki Goebbelslə ünsiyyət və onun düşüncələri mənim həyatıma təsir etdi. Bundan mücərrədlik etmək bacarığı işin bir hissəsidir. Xoşbəxtlikdən mən adətən axşamlar bu dəhşətli formanı soyunub yay gecəsi Bratislavanı gəzməyə və orada gənclərin necə xoşbəxt olduğunu görə bildim. Fritz Hitler qiyafəsində qarşımda görünəndə həqiqətən heyrətləndim. Özümü belə görmək kabus idi. Buna görə də ikimiz də kostyum geyinib təlxəklik etməmək və ya axmaq nasist zarafatları etməmək barədə çox şey etdik. Ətrafımızdakı hər kəsə qarşı çox sərt idik. Həm də mənə tamamilə aydın idi ki, gülməli selfilər çəkmək mümkün deyil. Kamera sönən kimi dərhal svastika olan pencəyimi çıxardım”.

  • AMEA ilə Bakı Baş Səhiyyə Mərkəzi arasında nə baş verib?

    Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Bakı Baş Səhiyyə Mərkəzinin məhkəməyə verib.

    Məhkəmə çəkişməsi inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrlə bağlıdır.

    İş hazırda apellyasiya mərhələsindədir. Apellyasiya şikayətini AMEA-nın verdiyi bildirilir.

    Şikayətə Bakı Apellyasiya Məhkəməsində Mehriban Qarayevanın sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq.

    Prosesin vaxtı hələ ki, müəyyənləşməyib.//qaynar.az

  • “Əmək bazarı bərbad vəziyyətdədir” – Ekspert

    “Bu günlərdə mətbuatda oxudum ki, Cənubi Koreyda robot 9 saat işlədiyinə görə intihar edib. Əslində isə robot 8 saat işləməliymiş. Amma biz 13-14 saat işləyirik, aldığımız maaş 10 günə çatmır. Heç etiraz da etmirik”.

    Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Akif Nəsirli gündə 10-14 saat işləyib aylıq 350-400 manat maaş alan vətəndaşların hüquqlarından danışarkən deyib.

    Ekspert Azərbaycanın əmək bazarının bərbad vəziyyətdə olduğunu bildirib:

    “Əmək bazarında vəziyyət bərbaddır. Bazarda insanlar alternativ iş yerləri tapa bilmir. Kimin işi var, ondan möhkəm yapışır, nədir ki, onu itirməsin. Çünki itirsə, iş tapa bilməyəcək. Əslində bazar iqtisadiyyatı modeli ilə işləyən ölkələrdə əmək bazarı dimanik və operativ olmalıdır”.

    Ekspert hesab edir ki, həmin bazarda bir işçiyə bir neçə iş təklif edilməlidir:

    “İşçi də seçim imkanlarına malik olmalıdır. Artıq işçilər sahibkardan deyil, sahibkar işçidən yapışır. Sahibkar çalışır ki, onu seçsinlər. Çünki onun alternativi var. Yaxşı şərait yaratmasa, sərfəli təkliflər verməsə, işçi onu deyil, başqasını seçəcək. Həmin sahibkar da müflüsləşəcək, işlətməyə işçi tapmayacaq”.

  • “ChatGPT” yaradıcısı “çox məxfi” layihə üzərində işləyir

    “ChatGPT-nin yaradıcısı “OpenAI” “Strawberry” kod adlı yeni layihə üzərində işləyir.

    Qaynarinfo xəbər verir ki, bu barədə mənbələrə və daxili sənədlərə istinadən “Reuters” agentliyi məlumat yayıb.

    Layihə hətta “OpenAI” daxilində də ciddi mühafizə olunur. “Strawberry”süni intellektə (AI) sahib olmağa diqqət yetirir, yalnız istifadəçi suallarına cavablar yaratmaqla yanaşı, müxtəlif qarşılıqlı əlaqə ssenarilərini əvvəlcədən planlaşdırır və dərin araşdırma üçün avtonom şəkildə interneti araşdırır.

    “OpenAI” əməkdaşlarının dediyinə görə, süni intellekt modelləri əvvəllər bunu edə bilmirdilər.

  • “Erməni komendant bu mahnıya görə atamı yataqxanadan qovmuşdu”

    “Son günlər “Qarabağ” mahnısının ermənilər tərəfindən mənimsəmilməsinə olan cəhdə cəmiyyətin və dövlət qurumlarının nə qədər həssas yanaşması məni çox mütəəssir etdi. Dəstəyinizə görə var olun!”

    Median.Az yenicag.az-a istinadən xəbər verir ki, bu sözləri sözügedən mahnının müəllifi məşhur bəstəkar Bəhram Nəsibovun qızı Güldəstə Nəsibova əsərin qanunsuz mənimsənilməsi və müəlliflik hüququnun digər şəkildə pozulması ilə bağlı birgə yayılan bəyanata cavab olaraq deyib.

    O, atasının dillər əzbəri olan bu məşhur mahnısının yaranma tarixini xatırladıb:

    “Atam Bəhram Nəsibovun müəllifi olduğu “Qarabağ” mahnısının çox ağrılı yaranma tarixçəsi var. Bu barədə vaxtilə özü danışmışdı. 60-cı illərdə (konkret tarixi məlum deyil, amma dəqiq bilirəm ki, atam mahnını tələbəlik illərində yazıb) tələbə yataqxanasının erməni komendantı atamı belə mahnı yazdığına görə yataqxanadan qovmuşdı. Nə yaxşı ki, atam mahnını vaxtında Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirib. Mahnının qeydiyyat tarixi 1972-ci ildir. Əqli Mülkiyyət Agentliyində atamın öz əliylə yazdığı ərizəni bizə də göstərdilər. 44 günlük Vətən Müharibəsindən sonra bu mahnı başqa bir məna kəsb elədi və azad Qarabağamızın himninə çevrildi. Bir övlad kimi artıq Vətənimzin ayrılmaz parçası olan Qarabağdakı tədbirlərin “Qarabağ” mahnısı ilə açılıb-qapanmasını görmək çox xoşdur, ifadə edilməsi mümkünsüz bir hissdir, qürurdur, fəxrdir. Bunu ermənilər də görür və anlayır. Elə ona görə də bir vaxtlar erməni komendatın başlatdığı çirkin işi davam etdirirlər, müəllifin ruhunu incidir, məğlubiyyətin gətirdiyi acizlik, natamamlıq sindromlarını ört-basdır etməyə çalışırlar”.

    Bəstəkarın qızı məsələyə xüsusi diqqət göstərdiyinə görə Əqli Mülkiyyət Agentliyinə və Mədəniyyət Nazirliyinə ailəsi adından dərin təşəkkürünü bildirib.

  • Yeni qaydalar təsdiq olundu: Kimlərin pensiyası artacaq?

    Nazirlər Kabineti “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edib.

    Yeni dəyişiklik pensiyaçılara necə təsir edəcək və kimlərin pensiyası artırılacaq?

    “Kabinetin son qərarı ”Əmək pensiyaları haqqında” Qanunda müzakirə edilən dəyişikliklər ilə bağlıdır və bununla da pensiyaların hesablanması qaydasına əlavələr gətirir”.

    “Yeni Müsavat” bildirir ki, bu sözləri iqtisadçı-alim Vüqar Bayramov qeyd edib.

    O bildirib ki, Nazirlər Kabinetinin təsdiq etdiyi yeni qaydalar pensiyalar hesablanan zaman hərbi qulluqçularımız üçün xidməti yaşının dəyişdirilməsini nəzərdə tutmaqla yanaşı, qanunverici dəyişikliklər pensiya məbləğlərinin hesablanması mexanizmini də yeniləyir:

    “Əmək pensiyaları haqqında” Qanunda edilən dəyişikliklərə əsasən, minimum xidmət müddətinə görə (qulluq stajına görə) əlavənin faizi 50-dən 65-ə qaldırılır. Eyni zamanda, 25 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müdafiə sistemində xidmət edən şəxslər üzrə isə – 3 faizi) miqdarında əlavə olunacaq. Bu o deməkdir ki, əgər əvvəlki qaydalarla qulluq stajına görə əlavənin 50 faizi götürülərək pensiya məbləği hesablanırdısa, yeni dəyişikliklərlə bu rəqəm 65 faiz olacaq. Bu da birbaşa pensiya məbləğinin artmasına xidmət edəcək. Bu o deməkdir, bu şərtlərlər daxilində pensiyaya çıxan hərbçilərimizin pensiyalarında artım olacaq”.

    Vüqar Bayramov qeyd edib ki, dəyişikliklərə əsasən, 1 yanvar 2024-cü ilədək xidmət müddətinin ən azı 17 ili tamam olan hərbçilərimiz 20 il tamam olandan sonra pensiyaya çıxa bilərlər:

    “Yəni, əgər hərbçimiz 17, 18 və ya 19 il qulluq edibsə və yeni dəyişikliklərdən sonra 25 deyil, 20 xidmət ilindən sonra pensiyaya çıxmaq istəyirsə, qanun buna imkan yaradacaq. Bu zaman hərbçimiz öz istəyindən asılı olaraq ya 20 xidmət ili tamam olanda pensiyaya çıxa və ya 25 il qulluq edib daha yüksək məbləğlə pensiya hüququ qazana bilər. Bununla da pensiyaya çıxmağa 3 ili qalan hərbçilərimiz üçün seçim təklif olunur və qulluq müddəti ilə bağlı dəyişikliklər onlara təsir etmir.

    Digər tərəfdən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi 45-dən 48-ə artırılır”.

    Vüqar Bayramov həmçinin vurğulayıb ki, bu dəyişikliyin əsas məqsədi adıçəkilən hərbi qulluqçuların hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə müddətində (25 təqvim ili ərzində) hərbi xidmətdə olmalarının təmin edilməsi, habelə onların təcrübəsindən daha səmərəli və uzun müddət yararlanmaqdır.

    İqtisadçı Xalid Kərimli isə qeyd edib:

    “Burada kimlərinsə pensiyalarının artırılmasından söhbət getmir. Burada söhbət hərbi qulluqçulardan gedir. Belə ki, əvvəllər hərbi qulluqçular 20 ildən sonra pensiya çıxırdılarsa, bu müddəti artıq 25 il ediblər. Yəni, əslində burada məsələ bir qədər çətinləşdirilib.

    Onu da qeyd edim ki, bununla bağlı qərar 2023-cü ildə olub, sadəcə bu günlərdə qüvvəyə minib. Yəni, yeni dəyişiklik deyil”.

    Qeyd edək ki, baş nazirin imzaladığı yeni qərara əsasən, hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; hərbi xidmətdən yaşa görə buraxılmış, buraxıldığı günə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48 və daha çox yaşı, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçulara 2017-ci il iyulun 1-dən sonrakı dövrdə əmək pensiyasının təyinatı zamanı Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulmuş qaydada əlavələr müəyyən edilərkən 25 ildən (Qanunun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları əsasında əmək pensiyası təyin edilənlərə münasibətdə 20 ildən) və “Əmək pensiyaları haqqında” qanunun 20.14.4-cü maddəsində nəzərdə tutulmuş qaydada əlavələr müəyyən edilərkən 15 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) 2017-ci il iyulun 1-dək olan dövrünün hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında, həmin tarixdən sonrakı dövrünün isə hər ili üçün (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) 2 faizi (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər istisna olmaqla) miqdarında hesablanacaq.

    Əvvəl bu müddət 20 il idi.

    Dəyişikliklə, həmçinin Qaydaya aşağıdakı 5.11-ci bənd əlavə edilib:

    “Hərbi xidmətdən buraxılarkən 25 təqvim ili hərbi xidmət müddətini tamamlamamış aşağıdakı hərbi qulluqçulara güzəştli şərtlərlə yaşa görə əmək pensiyası Qanunun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları əsasında hərbi xidmətdən buraxıldığı gündən təyin edilir:

    – 2024-cü il yanvarın 1-dək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş;

    2024-cü il yanvarın 1-dək azı 17 təqvim ili hərbi xidmət etmiş və hərbi xidmətdən buraxılanadək 20 təqvim ili hərbi xidmət müddətini tamamlamış.”.

    Bu Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.

  • Azərbaycanın 7 gimnastı beynəlxalq yarışda finala yüksəlib

    Portuqaliyanın Santarem şəhərində keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə “Scalabis Cup” beynəlxalq turnirində iştirak edən Azərbaycan millisinin 7 üzvü finala vəsiqə qazanıb.

    Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, Tofiq Əliyevlə Adil Hacızadə tamblinq, Əli Niftəliyev, Ammar Baxşalıyev, Nicat Mirzəyev, Fərhad Mustafayev və Ömər Qasımlı isə batut gimnastikası üzrə yarışda həlledici mərhələyə yüksəliblər.

    Qeyd edək ki, iyulun 11-də start götürən turnirə bu gün yekun vurulacaq.