Month: July 2024

  • Süni intellekt insanın üzünə baxaraq diaqnozun qoya biləcək

    Süni intellektə əsaslanan “ThermoFace” metodu sayəsində insanların üz temperaturlarını ölçməklə onların səhhətini və qocalma dərəcəsini müəyyən etmək mümkün olacaq.

    Həyatımızı hörümçək toru kimi əhatə edən süni intellekt texnologiyalarına bir yenisi də əlavə edilib.

    Son zamanlar səhiyyə sektorunda geniş yayılan süni intellekt sistemləri üçün, sadəcə üzün skan edilməsi ilə xəstəliyin diaqnozunun qoyulması üçün üsul hazırlanıb.

    Alimlər üzün müxtəlif nahiyələrində temperaturun dəyişməsi ilə xəstəliklər arasında əlaqəni aşkar etmək üçün süni intellektin dəstəyi ilə araşdırma aparıblar.

    Tədqiqatçılar təxminən 2800 iştirakçının üzlərinin termal fotoşəkillərini çəkib və bu şəkillərdə 54 nöqtəni müəyyən ediblər.

    Tədqiqat çərçivəsində termal məlumatlarla hazırlanan süni intellekt modeli müxtəlif bölgələrdəki temperaturlara baxaraq iştirakçıların bioloji yaşını müəyyən edib.

    Böyük bir qrup tərəfindən aparılan araşdırmada yaşlandıqca burun və yanaqların daha soyuq olduğu müəyyən edilib.

    “ThermoFace” adlanan bu üsul, metabolik xəstəlikləri olan insanların göz ətrafının daha isti olduğunu və daha sürətli termal yaşlanma göstərdiyini üzə çıxarıb.

    İştirakçıların qan nümunələrini təhlil edən alimlər, göz və yanaq ətrafında temperaturun artmasının daha çox iltihabla əlaqəli olduğunu aşkarlayıb.

    Beləliklə proqram vasitəsilə üzün müəyyən nöqtələrindəki temperatur vasitəsilə insanlara diaqnoz qoymaq mümkün olacaq.

  • Həkim böyrək daşlarına səbəb olan qidalar haqqında mifi dağıtdı

    Bütün insanlarda böyrək daşlarına səbəb olduğu bilinən heç bir xüsusi qida və ya içki yoxdur.

    Bunu məşhur amerikalı uroloq Aaron Potretzke mətbuata müsahibəsi zamanı deyib.

    Həkim izah edib ki, böyrək daşlarının əmələ gəlməsinin bir neçə səbəbi ola bilər. Onlardan biri pis qidalanmadır. Bununla belə, böyrək daşlarının əmlə gəlməsinin qarşısını alan heç bir pəhriz yoxdur.

    Uroloqun sözlərinə görə, tövsiyə olunan məhsulların siyahısı yalnız hər bir konkret halda böyrək daşını təhlil etdikdən sonra tərtib edilə bilər.

    Fakt budur ki, daşlar kimyəvi tərkiblərinə görə fərqlənir. Bu o deməkdir ki, onların formalaşma riski müxtəlif yemək vərdişlərindən təsirlənir.

    Böyrəklərin sağlamlığını qorumaq üçün həkim içki rejiminə riayət etməyi tövsiyə edib. O bildirib ki, əhəng və ya limon suyu kimi limon turşusu yüksək olan içkilər də faydalı ola bilər

  • “80 tələbə qız aylıq 200 manatlıq təqaüdlə təmin olunub”

    “Qızların təhsilinə dəstək proqramı” çərçivəsində təqaüdlər ayrılıb”.

    “Qafqazinfo” xəbər verir ki, bunu bu gün Təhsilin İnkişafı Fondunun hesabat tədbirində Fondun İdarə Heyətinin sədri Elnur Nəsibov məlumat verib.

    O bildirib ki, proqram Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin və Fondun birgə əməkdaşlığı ilə keçirilib: “İlkin mərhələdə seçilmiş 25 nəfər təqaüdçünün sırasına daha sonra 55 nəfər qız da əlavə edilib. Beləliklə, ümumilikdə 80 tələbə qız təhsil müddəti ərzində aylıq 200 manat məbləğində təqaüdlə təmin olunub”.

    E.Nəsibov həmçinin əlavə edib ki, “4Sİ Akademiyası” layihəsi çərşivəsində müraciət edən 10 mindən çox şəxsə 1 il ərzində ABŞ-nin qabaqcıl təhsil platforması olan “Coursera” üzərindən dünyanın nüfuzlu universitetlərinin, şirkətlərinin təqdim etdiyi ümumilikdə 89 ixtisaslaşdırılmış alt kateqoriyanı əhatə edən 700- dən çox kursa daxil olmaq üçün ödənişsiz təhsil təqaüdü təqdim olunub: “Layihəyə nəticəsində 8000 nəfər iştirakçı olub. 800-ə yaxın kursa ödənişsiz girişə nail olunub. 2700-ə yaxın tamamlanmış kurs və əldə olunmuş sertifikatlar mövcuddur”.

    ***

    Elnur Nəsibov əlavə edib ki, hər il Təhsilin İnkişafı Fonduna 7-8 milyon manat vəsait toplanır.

    O qeyd edib ki, Təhsilin İnkişafı Fondunun əsas mənbələri ali, orta ixtisas və digər təhsil müəsisələrindən büdcədənkənar ayırmalarıdır. Həmçinin özəl sektor fondun layihələrinə vəsait ayırır.

  • Azərbaycan millisinin üzvü Dünya Kubokunda finala yüksəlib

    Azərbaycanın boccia millisinin üzvü Sona Ağayeva Portuqaliyanın Povoa de Varzim şəhərində keçirilən Dünya Kubokunda finala yüksəlib.

    Azərbaycan Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, BC2 kateqoriyasında mübarizə aparan idmançımız yarışın qrup mərhələsində Böyük Britaniyadan olan rəqibləri üzərində ardıcıl iki qələbə qazanıb.

    Yarımfinalda slovakiyalı idmançını mübarizədən kənarlaşdıran təmsilçimiz həlledici mərhələyə vəsiqə əldə edub. S.Ağayeva sabah finalda portuqaliyalı idmançı ilə qarşılaşacaq.

  • “Kral” kolbasalarının istehsalçısı ətraf mühiti çirkləndirməkdə ittiham olunur

    “Hakan Foods Azerbaijan Trading” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları fəaliyyət qaydaları əleyhinə olan (Ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin və ya təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot və hesabatının aparılmaması) inzibati xəta protokolu tərtib olunub.

    Valyuta.az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə irəli sürülüb.

    İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsinə əsasən, ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə vəzifəli şəxslər 2500-3500 manatadək, hüquqi şəxslər 8500-10000 manatadək məbləğdə cərimə edilir.

    İşə Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyevin icraatındadır.

    Qeyd edək ki, “Hakan Foods Azerbaıjan Tradıng Co Ltd” MMC müstəqil təsərrüfat subyekti olaraq Mülki Məcəllə, digər qanunvericilik aktlarına və Nizamnaməyə müvafiq olarq 2001-ci ildən “Kral” markası altında ekoloji təmiz kolbasa, sosiska, servelat, vetçina, mal delikatesi və s. ət məhsulları istehsalına başlayıb.

  • Dövlət Xidməti əməkdaşını işdən çıxardı, məhkəməlik oldu

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin keçmiş əməkdaşı Nəzakət Həsənova qurumu məhkəməyə verib.

    Qaynarinfo xəbər verir ki, onun iddiasına Səbail Rayon Məhkəməsində baxılacaq.

    İş hakim Mədinə Bağırovanın icraatındadır.

    Nəzakət Həsənovanın iddia tələbi işə bərpa ilə bağlıdır.

  • Azərbaycanda institut yarım milyon manata satışa çıxarıldı

    Sumqayıt şəhərində dövlət müəssisəsi hərraca çıxarılacaq.

    İqtisadiyyat.az xəbər verir ki, hərrac avqustun 13-nə təyin olunub.

    Belə ki, həmin tarixdə şəhərin 44-cü məhəlləsində yerləşən Azərbaycan Dövlət Elmi-Tədqiqat Kimya İnstitutu hərraca çıxarılacaq.

    Ləğv edilmiş Azərikimya Dövlət Şirkətinin tabeliyində olan institutun ümumi faydalı sahəsi 58,1 kv.m, özəlləşdirilən torpaq sahəsi 1880,4 kv.m-dir.

    İnstitutun işçilərin sayı 3 nəfərdir.

    Hərraca çıxarılan institutun ümumi ilkin (start) satış qiyməti 415508 manatdır.

  • “500 manata görə açmışdım” – 2 milyon borcu olan şirkətin sahibi

    143 milyonluq yeyinti faktı ilə bağlı mühakimə olunan Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanovun məhkəmə istintaqı tamamlanmaq üzrədir.

    Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda son iki şahiddən biri-Rəşid Məmmədov ifadə verib.

    Məmmədov hazırda həbsdədir. O, konvoyun müşayiəti ilə məhkəməyə gətirilib. Onun adına 14 şirkət açılıb. Həmin şirkətlərdən birinin Müdafiə Nazirliyi ilə müqaviləsi olub. Nazirlik şirkətə 1,5 milyon manat pul köçürüb.

    Bir müddət sonra məlum olub ki, Məmmədovun adına açılan şirkətlərin 2 milyon manat vergi borcu var. Şahid bildirib ki, həmin vergi cinayətinə görə Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən ibtidai istintaqı aparılmış cinayət işi üzrə çıxarılmış məhkəmə hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Maraqlıdır ki, məhkum şahid sahibi olduğu şirkətlərin nə işlə məşğul olmasından xəbərsizdir. Deyir ki, Zahid adlı tanışı ona 500 manat pul verib. O da həmin pula görə adına şirkət açılmasına razılaşıb.

    Şahid bu iş üzrə təqsirləndirilən polkovnik Qurbanovu isə ümumiyyətlə, tanımadığını deyib: “Mən Zahidlə cəmi bir dəfə notariusa getmişəm. Vəssalam. Şirkətlərin idarə olunması üçün guya mən etibarnamə vermişəm. Heç nədən məlumatım yoxdur. Nə Məlikməmməd Qurbanovu tanıyıram, nə başqasını. Dediyim kimi, 500 manat verdilər, mən də ancaq sənədlərə qol çəkdim”.

    Şahidin ifadəsi tərəflərdə əlavə sual yaratmayıb.

    Bu iş üzrə sonuncu şahidlərdən digəri ötən həftə general Nizami Məmmədovun məhkəməsində ifadə verən şahid Allahverdi Rzayevdir. A.Rzayevin məhkəmədən yayınması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) müraciət ediləcək.

    Növbəti iclas iyulun 19-na təyin edilib.

    Qeyd edək ki, Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmənin üstü Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən açılıb. Faktla bağlı bir neçə yüksəkrütbəli zabit həbs edilib.

  • Sabah 40 dərəcə isti olacaq

    Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, gündüz ayrı-ayrı yerlərdə arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 45-50 % olacaq.

    Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-38°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacaq.

  • Hüseynin 153 milyon borcu var? -FOTO (AÇIQLAMA)

    Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı bloger və iş adamı Hüseyn Həsənov sosial şəbəkə istifadəçilərinin suallarını cavablandırıb.

    Hüseyn son günlər Rusiya vergi orqanlarına 153 milyon rubl borcu olması ilə bağlı haqqında çıxan xəbərlərə münasibət bildirib.

    Belə ki, izləyicisinin “Səni xəbərlərdə izləyirik. Danışacaqsan?” sualına Həsənovun cavabı belə olub:

    “Əgər kimsə nəsə danışır və ya yazırsa, bu hər zaman düzgün olduğuna dəlalət etmir. Hər şey yaxşıdır”. “Nəyə görə Azərbaycana köçdünüz?” sualına Hüseyn belə cavab verib:

    “Mən heç yerə köçməmişəm. İstədiyim yerdə və istədiyim vaxt yaşayıram. Mən Bakıdakı tətildən və buradakı həyatdan həzz alıram. Hər zaman səyahət edirəm və mən dünya adamıyam. Mənim üç əsas yaşadığım şəhər var: Bakı, Moskva və Dubay. Hər yerdə də bütün işlərim düz yoldadır”.

    Bloger qadın düşkünü olması ilə bağlı izləyicisindən gələn suala belə münasibət bildirib:

    “Hələki subayam. Yəni mən nə evli, nə də ki, hansısa bir xanımla münasibətdəyəm. Kimlə istəsəm, istədiyim vaxt və istədiyim qədər ünsiyyət qururam. İstənilən yerdə də tanış oluram. Məni necə istəyirsinizsə elə də adlandırın. Heç vecimə də deyil. Yeri gəlmişkən, mən aldatmağa qəti şəkildə qarşı olan kişilərin kiçik faizinə aidəm. Mən heç vaxt adamımı aldatmayacağam. Mən yalnız bir insanı sevə bilirəm”. //Bizim.Media