Month: July 2024

  • Niderland Rumıniyaya 18 ədəd “F-16” göndərəcək

    Niderland Rumıniyadakı təlim mərkəzinə 18 ədəd “F-16” döyüş təyyarəsi təqdim edəcək.

    Bu barədə Niderlandın müdafiə naziri Ruben Brekelmans rəsmi “X” hesabındakı paylaşımında deyib.

    Nazir bildirib ki, ukraynalı pilotların “F-16” təyyarələrilə təlim keçməsi üçün Amerikanın “Lockheed Martin” şirkətinin nümayəndələri ilə müzakirələr aparıb.

    “Hazırda Rumıniyada “F-16” təlim mərkəzi yaradırıq. Niderland 2025-ci ilin sonuna kimi təlim mərkəzini 18 ədəd qırıcı ilə təmin edəcək”.

  • Tarixi abidə 1.7 milyon manata satışa çıxarıldı? – AÇIQLAMA

    Bakının Murtuza Muxtarov küçəsində yerləşən “Axund hamamı” satışa çıxarılıb.

    Bununla bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb.

    Belə ki, bina yerli əhəmiyyətli memarlıq abidələrinin siyahısında olub. Lakin Mədəniyyət Nazirliyinin binanın üzərinə vurduğu müvafiq lövhə çıxarılıb.

    Murtuza Muxtarov, 141 ünvanında yerləşən “Axund hamamı” 1885-ci ildə tikilib. Türkiyəli memar və ustaların əsaslı təmir etdikləri hamamın binası 2013-cü ilin avqustundan öz təyinatı üzrə fəaliyyət göstərib. Yerli əhəmiyyətli memarlıq abidələrinin siyahısında XIX-XX əsrlərə aid olduğu qeyd edilən hamam “3706” inventar nömrəsi ilə qeydiyyata alınıb.

    Məlumatlara görə, “Axund hamamı” xüsusi mülkiyyətdədir.

    Sosial şəbəkələrdə iddia edilib ki, abidə 2019-cu ildən 1.7 milyon manata satışa çıxarılıb.

    Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Murtuza Muxtarov küçəsində yerləşən “Axund hamamı” yerli əhəmiyyətli memarlıq abidəsidir:

    “Tarixi tikili xüsusi mülkiyyətdədir. Abidənin məlumat lövhəsinin çıxarılması barədə məlumatımız var. Məsələ araşdırılır. Məlumat lövhəsi yenidən öz yerinə bərpa olunacaq. Təəssüf ki, abidələrə bu cür yanaşma halları ilə tez-tez rastlaşırıq. Bir daha bütün vətəndaşları, mülkiyyətində və ya istifadəsində tarixi abidələr olan şəxsləri tarixi irsimizə həssas yanaşmağa çağırır, abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyinə riayət olunmasını tələb edirik”.

  • Sakinlərin DİQQƏTİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

    Sabah Astara və Cəlilabad rayonlarının bir hissəsinə qazın verilişi dayandırılacaq.

    “Report”un məlumatına görə, Astara şəhəri istiqamətində diametri 160 mm-lik orta təzyiqli yeraltı qaz xəttinin kipliyə sınaq olunması ilə əlaqədar Astara şəhəri Qum küçəsi, Nizami küçəsi və S.Vurğun küçəsi olmaqla ümumilikdə 2200 abonentin qaz təchizatının sabah saat 10:00-dan işlər yekunlaşana qədər və eləcə də Cəlilabad rayonunun Seyidbazar kəndi istiqamətində olan orta təzyiqli yeraltı qaz kəmərinin kipliyə sınaq edilməsi məqsədilə Cəlilabad şəhəri Səttarxan, H.Aslanov, M. Hadi, Əzizbəyov, Vaqif, A.Azərtürk, Qurtuluş küçəsinin bir hissəsi və Hasıllı, Hacıismayıllı, Seyidbazar kəndləri olmaqla ümumilikdə 3 200 abonentin qaz təchizatının sabah saat 09:00-dan işlər başa çatana qədər dayandırılması planlaşdırılır.

    Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

  • İcra başçısı iki aydır işə çıxmır

    Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimovun səhhətində problem yaranıb.

    “Unikal”ın əldə etdiyi məlumata görə, o, iki aydır ki, işə çıxmır.

    Hazırda Tofiq İbrahimovu onun birinci müavini İsmayıl Yusifzadə əvəz edir.

    Onun nə vaxt işinə qayıdacağı bəlli deyil.

  • Sabiq deputat qəza törədib? – İTTİHAM

    Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, Mili Məclisin VI çağırış deputatı Mahir Abbaszadə barəsində inzibati protokol tərtib edilib.

    “Qaynarinfo”nun əldə etdiyi məlumata görə, Mahir Abbaszadə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə ittiham edilir.

    İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib və hakim Vüsal Qurbanovun icraatına verilib.

    327.8-ci maddə nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması – zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi ilə bağlıdır. Maddədən aydın olur ki, Mahir Abbaszadə qəza törədib və nəticədə zərərçəkmiş şəxs yüngül bədən xəsarəti alıb. Maddədə inzibati cəza növü kimi 300 manat məbləğində cərimə edilməsi və ya nəqliyyat vasitəsini idarə etmək hüququnun 6 аydаn 1 ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulur.

    Mahir Abbaszadə 2018-ci ildə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsinə təyinat alıb. Deputat kimi isə Milli Məclisdə 121 saylı Laçın seçki dairəsini təmsil edir.

  • Azərbaycan Ordusunun zabiti faciəli şəkildə HƏLAK OLDU

    Azərbaycan Ordusunun zabiti bədbəxt hadisə nəticəsində həlak olub.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    “Azərbaycan Ordusunun zabiti Seydullah Sadiq oğlu Məhərrəmovun baş vermiş bədbəxt hadisə nəticəsində həlak olması ilə bağlı məlumatı təsdiq edirik.

    Faktla bağlı araşdırma aparılır.

    Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!”, – məlumatda deyilir.

  • Ermənistan internetsiz qaldı: Nə baş verir?

    “Ermənistanda beynəlxalq internet əlaqə kanalları zədələnib, nəticədə bütün ölkə üzrə sabit və mobil internet xidmətlərinə giriş məhdudlaşdırılıb”.

    Bu barədə respublikanın “Team Telecom” şirkəti xəbər verib.

    Bildirilib ki, internetdəki fasilələr Tavuş vilayətində yol tikintisi ilə əlaqədardır.

    “Yol işləri zamanı kabellər zədələnib. Hazırda mütəxəssislər ərazidə işləyirlər. Onlar problemi mümkün qədər tez həll etməyə çalışırlar”, – deyə şirkətin nümayəndəsi bildirib.

    Xatırladaq ki, tikinti işləri ilə əlaqədar bu gündən etibarən Kirants (Güney) kəndi ərazisindən keçən hissəsi – Gürcüstana gedən dövlətlərarası yolun bir hissəsi bağlanıb.

  • Töhmət aldığı deyilən icra başçısı danışdı: “Yoxlamalar olub”

    “Qanunsuz tikililərlə bağlı mübarizə Bərdədə ən yüksək səviyyədə aparılır. Zaman-zaman çoxsaylı qanunsuz tikintiyə cəhd halları olsa da, bunun qarşısı alınıb”.

    Bunu Gununsesi.info-ya açıqlamasında Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev rayonda qanunsuz tikililərə göz yumduğu üçün töhmət alması barədə xəbərə münasibətində deyib.

    Həmin məlumatda bildirilir ki, FHN və Arxitektura və Şəhərsalma Komitəsinin birgə yoxlaması zamanı Bərdədə çoxsaylı tikililər aşkarlanıb və buna görə Prezident Administrasiyası tərəfindən Vidadi İsayevə töhmət verilib.

    İcra başçısı FHN, Dövlət Əmlak Xidməti və Arxitektura və Şəhərsalma Komitəsinin belə bir yoxlama apardığını təsdiqləyib:

    “Ancaq bu yoxlama təkcə Bərdədə deyil, bütün rayonlarda, şəhərlərdə aparılır. Bu məsələlər cənab prezidentin diqqətindədir. Tikintiyə məsul qurum da icra hakimiyyəti deyil. Mövcud qanunvericiliyə görə, bir neçə qurumun razılığından sonra tikinti aparılmalıdır. Bərdədə də bunlara ciddi nəzarət olunur. Ancaq mənə töhmət verilməsi barədə məlumat doğru deyil”.

  • Azərbaycanda yeni publik hüquqi şəxs YARADILDI

    Prezident İlham Əliyev “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Fərman əsasən, “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs yaradılıb.

    Bununla yanaşı, “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi” təsdiq edilib.

    Müəyyən edilib ki, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti (bundan sonra – Xidmət) adıçəkilən rayona əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

    Xidmətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 üzvdən ibarət Müşahidə Şurası yaradılır.

    Xidmətin fəaliyyətinə cari rəhbərliyi Xidmətin Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir

    Xidmətin nizamnamə fondu 500 000 manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

    Xidmətin saxlanılma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir.

    Bundan başqa, dövlət başçısı “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

    Sərəncama əsasən, “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

    Müşahidə Şurasının sədri

    Bəşir Hacıyev – Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi

    Müşahidə Şurasının üzvləri:

    Elnur Əliyev – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini

    Sarvan Cəfərov – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

    Namiq Hümmətov – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini

    Azadə Hüseynova – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini.

  • İlham Əliyevdən III MDB Oyunları ilə bağlı SƏRƏNCAM

    Prezident İlham Əliyev III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Sərəncama əsasən, 2025-ci ilin oktyabr ayında Azərbaycanda III MDB Oyunlarının keçirilməsi üzrə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:

    Təşkilat Komitəsinin sədri

    Azərbaycan Respublikasının gənclər və idman naziri

    Təşkilat Komitəsinin üzvləri:

    Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

    Azərbaycan Respublikası maliyyə nazirinin müavini

    Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

    Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

    Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

    Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

    Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini

    Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

    Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

    Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

    Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

    Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini

    Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini

    Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

    Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini

    Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktorunun müavini

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini

    Heydər Əliyev Beynəlxalq Aeroportu direktorunun müavini

    “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini

    “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini

    Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi baş direktorunun müavini

    “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti

    Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti

    “CBC Sport” televiziya kanalının baş direktoru

    Oğuz Rayon İcra Hakimiyyətinin başçısı

    Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini

    Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini

    Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini

    Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini

    İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini

    Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini

    Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini

    Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavini

    Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini

    Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini

    Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini

    Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini

    Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini

    Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini.