Month: July 2024

  • Azərbaycan 5 milyon kv.km ola bilər – Tələblər

    Türk Dövlətləri Təşkilatının gələcəyi iqtisadi əlaqələrin dərinliyindən asılı olacaq. İstiqamət, qərar doğrudur, amma bu gün problemlərdən də danışıb həlli yollarını tapmasaq, TDT gözəl arzu olaraq qalacaq.

    Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli deyib.

    O bildirib ki, ilk görüləsi iş TDT-nın koordinasiya qurumlarının yaradılmasıdır:

    “Hərbi-təhlükəsizlik, iqtisadi, mədəni, xarici siyasətlə bağlı katibliklər yaradılmalıdır. Bundan başqa, TDT ölkələrinin parlament nümayəndələrinin təşkilatı da olmalıdır. Yəni Avropa Parlamentinin prinsiplərinə uyğun əhali sayı kvotalarına görə hələlik məşvərətçi statusunda daimi parlamentar orqan təsis edilməlidir.

    Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin ümumi ərazisi 4 mln. 731 min 213 km², əhalisi 170 mln.-a, ümumi ÜDM-i isə 1,4 trilyon dollara yaxındır – çox böyük ərazi, böyük bazardır, bunun üzərinə ölkələrin təbii resurslarını, əlverişli coğrafi mövqeylərini də gəlsək, dünya geosiyasəti və iqtisadiyyatında mühim rol oynamaq üçün bütün perspektivləri olan birlikdir. Amma ayrı-ayrılıqda TDT ölkələrinin əsas iqtisadi tərəfdaşları kənardadır, iqtisadi təməl olmadan isə birliyin gələcəyi dumanlıdır.

    Qardaş Türkiyə ən böyük iqtisadiyyatdır, çoxşaxəli və bazar iqtisadiyyatı institutları olan modelə malikdir. 2023-də Türkiyənin ixracatı 256 mlrd. dollar, idxalı 362 mlrd. dollar olub. Türkiyənion əsas ticarət tərəfdaşları AB ölkələridir.

    Azərbaycanın 2023-də ixracı 33,8 mlrd. dollar, idxalı 17,2 olub, bizim ölkənin də ən böyük ticarət tərəfdaşı AB ölkələridir.

    Qazaxıstanın 2023-də ticarət dövriyyəsi 140 mlrd. dollar olub – ilk yerdə Rusiya, 2-ci yerdə Çin, 3-cü yerdə Türkiyədir. AB ölkələrindən Fransa 9-cu, İtaliya 10-cu yerdədir.

    Qırğızıstanın 2023-də ticarət dövriyyəsi 15,7 mlrd. dollar olub ki, bunun 38%-i Çinin payına düşüb, Rusiya isə 22%-lə 2-ci yerdədir. AB ölkələri ilə əlaqə zəifdir.

    Özbəkistanın 2023-də ticarət dövriyyəsi 62,5 mlrd. dollar olub, 22% Çinin, 16%-i Rusiyanın payına düşür. AB ölkələrindən bir tək Almaniya 1,7% payla 7-ci yerdədir.

    Türkmənistanın da 1 nömrəli ticarət tərəfadı Çin, 2-cisi Rusiyadır. 2023-də Çinlə ticarət dövriyyəsi 10 mlrd. dollar olub ki, bu da ümumi dövriyyənin, təxminən, 50% civarındadır.

    Mənzərə belədir, Xəzərin o tayında olan qardaş ölkələr iqtisadi olaraq Çinə, Rusiyaya bağlıdırlar – bağlılıq dərindır, amma bu səviyyədə asılılıq qalacaqsa, TDT-nin işlək quruma, dünyanın yeni güc mərkəzinə çevrilməsi problematik olacaq”.

    Ekspertin fikrincə, TDT+AB dövlətləri bağının qurulması vacibdir ki, Çin, Rusiya iqtisadi ekspansiyasına rəqib olmaq mümkün olsun:

    “Ona görə də qardaş Türkiyənin bu günlərdə cənab Ərdoğanın dilə gətirdiyi “Türkiyənin əsas hədəfi AB üzv olmaqdır” hədəfi doğrudur, həm də TDT-nin güclənməsi üçün vacibdir”.
    //axar.az

  • Napoleonun tapançaları fantastik qiymətə satıldı

    Napoleon Bonapartın intihara cəhd etdiyi iki tapançası hərracda 1,69 milyon avroya satılıb.

    Bu barədə “Osenat” hərrac evi məlumat yayıb.

    Bildirilib ki, Napoleonun 1814-cü ildə taxt-tacdan əl çəkdikdən sonra özünü vurmaq istədiyi silahlar 7 iyulda satılıb.

  • “F-35” pilotlarını öz əsirinə çevirən dəbilqə hazırlanıb

    ABŞ-nin “Collins Aerospace” şirkəti “F-35” qırıcı təyyarəsi pilotları üçün üçüncü nəsil dəbilqəni təqdim edib.

    Median.Az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

    Məlumata görə, 10 illik tərtibatdan sonra hazır olan “Genesis III” və ya “HMDS Gen 3” adlanan dəbilqə 400 000 dollar dəyərindədir.

    Lakin tərtibatçılar iddia edirlər ki, qiymət özünü doğruldur, çünki bu dəbilqə təyyarəni pilot üçün sözün həqiqi mənasında şəffaf edir – onun görüntüsünü heç nə məhdudlaşdırmır.

    “F-35″in xarici səthində hər tərəfdən dəbilqəyə görüntü ötürən altı kamera quraşdırılıb. Beləliklə, pilot 360 dərəcə ətrafındakı bütün məkanın birləşmiş rəqəmsal vizualizasiyasını görür. İstəyə görə idarəetmə elementlərini də şəffaf etmək, yerə qədər məkanı görmək mümkündür.

  • Bakı, Sumqayıt və Abşeron üzrə iyul ayının pensiyaları ödənilib

    Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə iyul ayının pensiyaları ödənilib.

    Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

    Bildirilib ki, yaxın günlərdə qrafikə uyğun olaraq respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.

  • NASA Marsda həyatı simulyasiya edən bir illik eksperimenti tamamlayıb

    NASA insanın Marsa uçuşuna hazırlıq məqsədi daşıyan eksperimental missiyanın uğurla başa çatdığını elan edib.

    Median.Az Euronews telekanalına istinadla xəbər verir ki, 10 mindən çox namizəd arasından seçilən dörd könüllü Qırmızı Planetdə gələcək kolonistlərin bəzi yaşayış şəraitini simulyasiya edən eksperimental kompleksi – “Mars blokunu” tərk edib.

    Onlar xarici dünyadan tamamilə təcrid olunmuş vəziyyətdə bir ildən çox yaşayıblar.

    NASA ilk növbədə astronavtların eniş sonrası həyatının psixoloji aspektlərini son dərəcə məhdud resurslara malik 160 kvadratmetrlik blokda tədqiq edib. Ekipajın kömək və məsləhət istəmək imkanları da məhdud olub: təcrübə zamanı həlli yolları işlənmiş əsas məsələlərdən biri Yerlə əlaqənin ləngiməsi idi. Buna görə də yaranan problemləri müstəqil həll etmək lazım gəlib.

    Astronavtlar bütün il boyu “Yerdən götürülmüş” konservlərlə qidalanıb və kiçik bir istixanada tərəvəz yetişdirməyə çalışıblar. Bu zaman resurslardan, xüsusən də sudan qənaətli istifadə ön plana çəkilib.

    Bundan əlavə, bütün eksperimental blok və “planetin” ətrafı 3D printerdə çap olunub. Alimlər istisna etmirlər ki, bu xüsusi texnologiya Qırmızı Planetdə bol olan qumdan istifadə edərək Mars koloniyalarının qurulmasına imkan yaradacaq.

  • Azərbaycanın ən böyük tikinti şirkətlərindən biri qanunsuz işçi çalışdırmaqda ittiham edilir

    Azərbaycanın inşaat sektorunda fəaliyyət göstərən və ən iri şirkətlərdən biri hesab olunan “Azinvest İnşaat” Qapalı Səhmdar Cəmiyyəti (QSC) qeyri-qanuni işçi çalışdırmaqda ittiham edilir.

    Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib edilib.

    İşə Səbail Rayon Məhkəməsində baxılacaq. Ülviyyə Şükürova iş üzrə hakim təyin edilib.

    192.1-ci maddədə qeyd edilir ki, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər isə 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimələnir.

    “Azinvest İnşaat” QSC 23 fevral 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 manat olan şirkətin qanuni təmsilçisi Seyidməmmədov Anar Tofiq oğludur.

    Mediada gedən məlumatlara görə, şirkətin sahibi Azərbaycanın gənclər və idman naziri olmuş mərhum Azad Rəhimovun bacısı oğlu Teymur Teymurovdur.

    Azad Rəhimov 2006-2021-ci illərdə Azərbaycanın gənclər və idman naziri olub. O, 30 aprel 2021-ci ildə nazir vəzifəsində olarkən dünyasını dəyişib.

  • Şəhid atası vəfat etdi

    Vətən müharibəsi şəhidi Sadiq Bağırzadənin atası Şahin Bağırov vəfat edib.

    Bu barədə Yeni Azərbaycan Partiyası Astara Rayon Təşkilatının Sədri Həbib Cəfərov sosial şəbəkə hesabında məlumat yayıb.

    Bildirilib ki, şəhid atası bu gün xəstəlikdən dünyasını dəyişib.

    Qeyd edək ki, şəhid Sadiq Bağırzadə 15 aprel 2002-ci ildə Astaranın Ərçivan qəsəbəsində doğulub.

    Sadiq Bağırzadə 2020-ci il sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

  • Rusiya Qərbin sanksiyaları səbəbindən yuana keçə bilmir – “Bloomberg”

    Vladimir Putinin müharibə iqtisadiyyatında Çin yuanından istifadə etməsi son həddə çata bilər. Rusiya ilə işini davam etdirən ölkələr ABŞ-ın artan təzyiqi, xüsusən də ikinci dərəcəli sanksiyalar təhlükəsi ilə üzləşirlər.

    Qaynarinfo bu barədə “Bloomberg”ə istinadən xəbər verir.

    Bu, ölkədə yuanın sonrakı istifadəsi üçün təsirli maneə olduğunu sübut etdi, çünki bu, ikitərəfli ticarət və ödənişləri boğur.

    “Moskva yuanı Çin banklarından daha çox qəbul etmək istəyə bilər. ABŞ-ın ikinci dərəcəli sanksiyalarının təhdidləri bankları qorxudur”, deyə “Bloomberg Economics”də Rusiya üzrə iqtisadçı Aleks İsakov bildirib.

    “Bazar Rusiyada yuan çatışmazlığını və Çin banklarının likvidlik təmin etmək istəməməsini göstərir”, deyə ekspert əlavə edib.

    ABŞ-ın maliyyə naziri Canet Yellen dekabr ayında ABŞ-ın Rusiya hərbi maşınının tədarükünə töhfə verən maliyyə qurumlarına qarşı kəskin və cərrahi tədbirlər görməkdən çəkinməyəcəyini söylədikdən sonra Rusiya və Çində bir günlük yuan kredit faiz fərqi kəskin şəkildə artıb. ABŞ dekabr ayında xarici maliyyə şirkətlərinə qarşı da ikinci dərəcəli sanksiyaları təsdiqlədi və Çinin dövlət bankları Rusiya müştərilərinin maliyyələşdirilməsinə qoyulan məhdudiyyətləri sərtləşdirdi.

    İki il ərzində Rusiya Çinlə ticarət həcminə görə Almaniya, Avstraliya və Vyetnamı geridə qoyub, 2023-cü ildə 60%-dən çox artaraq 240 milyard dollara çatıb. Çin Rusiya neftini və digər malları endirimlə almaqdan faydalanır, Rusiya isə geniş çeşiddə istehlak və yüksək texnologiyalı mallara çıxış əldə edir.

    Nəticədə Çin Rusiyanın əsas ticarət tərəfdaşına çevrilib və hazırda yuan Rusiyanın ixrac və idxal ödənişlərinin təxminən 40%-ni və Rusiya valyuta bazarında dövriyyənin yarıdan çoxunu təşkil edir. Rusiyanın yuanlaşmasının miqyası onun 2022-ci ilin əvvəlində, Putinin Ukraynanı işğal etməzdən əvvəl faktiki olaraq sıfırdan başladığını nəzərə alsaq, daha da dramatik görünür.

    Bu, Rusiyanı Pekinin beynəlxalq ödənişlərdə yuanın rolunu artırmaq səylərinin ən böyük dəstəkçisi edib.

    “Bloomberg Economics” hesab edir ki, Çinin yuanla ölçülən ticarət payı bu ilin birinci rübündə artmağa davam edib və 2021-ci ildə bu artımın 29%-i Rusiyanın payına düşüb. Rusiyanın Çinlə ticarəti demək olar ki, tamamilə yuanla aparılır və Rusiyanın yuan ixracı Çinə satdığından çoxdur, yəni digər ölkələr də Rusiyaya yuanla ödəyirlər.

    Bununla belə, Çin və Rusiya arasında ümumi ticarətin illik artımı 2024-cü ilin ilk beş ayında bir il əvvəlki təxminən 42,5%-dən cəmi 3%-ə qədər geriləyib.
    Çinin bir neçə ən böyük bankı Rusiyadan yuan qəbul etməyi dayandırıb və bu, bir neçə ay ərzində idxala təsir edib. Rusiya şirkətləri yerli mediaya bildiriblər ki, problem Vladimir Putinin may ayında Çin prezidenti Si Szinpinlə görüşündən sonra daha kiçik regional bankların köməyi ilə həll edilib, lakin ölkə hakimiyyəti narahatlıqların qaldığını bildirib.

    Yuanın Rusiya iqtisadiyyatındakı yeni yerinin sübutlarını hər yerdə görmək olar. Niderlandın “Yandex NV” şirlətinin amerikalı səhmdarları Rusiya biznesini satarkən dollar və ya avro əvəzinə yuan alıblar.

    Digər ölkələrdə şirkətlər dollar və avro kreditlərini konvertasiya edərkən və yeni istiqrazlar buraxarkən rublla yanaşı yuana da üz tuturlar, Rusiya Bankı isə Suveren Fondunun əməliyyatları üçün Çin valyutasından istifadə edir. Bu ilin əvvəlində yuan Rusiya banklarındakı əmanətlərin həcminə görə dolları ötərək əmanətlər üçün əsas xarici valyutaya çevrilib. 2023-cü ildə Rusiyada yuan əmanətlərinin həcmi iki dəfə artaraq 68,7 milyard dollara çatıb ki, bu da Böyük Britaniya və Sinqapur kimi digər aparıcı yuan iqtisadiyyatlarından bir neçə dəfə çoxdur.

    İyun ayında ABŞ-ın son məhdudiyyətləri Rusiyada dollar və avro ilə birja ticarətinin dayandırılmasına səbəb olub. Yuan ölkədə broker hesabları vasitəsilə ticarət və alış üçün mövcud olan yeganə valyutaya çevrilib.

  • Valideynləri olan uşağın övladlığa verilməsi necə tənzimlənir? – Hakimdən açıqlama

    Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimi Vahid Sadıqov övladlığa götürmə mövzusu barədə danışıb.

    Hakim qeyd edib ki, valideynləri olan uşaq Ailə Məcəlləsinin 123-cü maddəsində göstərilənlər istisna olmaqla, yalnız valideynlərinin razılığı ilə övladlığa götürülə bilər:

    “Yetkinlik yaşına çatmayan valideynlərin uşaqlarının övladlığa götürülməsi zamanı həmin valideynlərin qəyyumlarının (himayəçilərinin) və valideynlərinin razılığı, valideynlər, qəyyumlar və himayəçilər olmadıqda isə müvafiq icra hakimiyyəti orqanının rəyi tələb olunur. Uşaqlarının övladlığa götürülməsinə valideynlərin yazılı razılığı notariat qaydasında təsdiq olunmalıdır. Razılıq, həmçinin məhkəmədə övladlığa götürmə zamanı şifahi olaraq verilə bilər. Valideynlər övladlığa götürmə barədə məhkəmə qətnaməsi qəbul edilənədək öz uşaqlarını övladlığa vermək barədə razılığı geri götürə bilərlər. Valideynlər öz uşaqlarını konkret şəxsə və ya konkret şəxsi göstərmədən övladlığa verməyə razılıq verə bilərlər. Valideynlər valideynlik hüquqlarından məhrum edilmişlərsə və bundan 1 il müddət keçmişsə və ya qanunla müəyyən olunmuş qaydada fəaliyyət qabiliyyəti olmayan, yaxud xəbərsiz itkin düşmüş hesab edilmişlərsə, övladlığa götürməyə onların razılığı tələb olunmur. Valideynlər 6 aydan artıq müddətdə uşaqla birlikdə yaşamırlarsa, qəyyumluq və himayə orqanlarının xəbərdarlığına baxmayaraq, onun tərbiyəsində və ya saxlanmasında iştirak etməkdən boyun qaçırırlarsa, uşağa valideynlik diqqəti və qayğısı göstərmirlərsə, övladlığa götürmə onların razılığı olmadan da icra edilə bilər.

    Hakimin sözlərinə görə, qəyyumluqda (himayədə) olan uşaqların övladlığa götürülməsi üçün qəyyumlarının notariat qaydasında təsdiq olunmuş yazılı razılığı olmalıdır: “Himayədar ailənin öhdəsində olan uşaqların övladlığa götürülməsi üçün onların himayədar valideynlərinin həmin uşaqlarla bağlı fikri öyrənilir. Sosial xidmət müəssisələrində yerləşdirilmiş uşaqların övladlığa götürülməsi zamanı müəssisə rəhbərlərinin həmin uşaqlarla bağlı rəyi alınır. Məhkəmə uşağın mənafeyini nəzərə alaraq yuxarıda göstərilən şəxslərin razılığı olmadan və ya fikri nəzərə alınmadan da müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında uşağın övladlığa götürülməsi barədə qətnamə qəbul edə bilər. 10 yaşına çatmış uşaq övladlığa götürüldükdə, onun razılıq verməsi zəruridir. 7 yaşına çatmış uşaq övladlığa götürüldükdə, məhkəmələr tərəfindən onun fikri pedaqoji işçinin və ya psixoloqun iştirakı ilə öyrənilir və nəzərə alınır. Övladlığa götürmə haqqında ərizə verilənə qədər uşaq övladlığa götürmək istəyənin ailəsində yaşamışsa və onu öz valideyni hesab edirsə, övladlığa götürmə övladlığa götürülən uşağın razılığı olmadan da aparıla bilər”.

  • “Yuventus” klubunun futbolçusu “Fiorentina”ya keçib

    İtaliyanın “Yuventus” klubunun futbolçusu Moyze Kin digər A Seriyası təmsilçisi “Fiorentina”ya keçib.

    Bu barədə Florensiya klubunun mətbuat xidməti məlumat yayıb.

    Turin təmsilçisi 24 yaşlı futbolçunun satışından 13 milyon avro gəlir əldə edəcək. Daha 5 milyon avro isə kluba bonus şəklində ödəniləcək.

    M.Kin ötən mövsüm “Yuventus”un heyətində İtaliya çempionatı və ölkə kubokunda 20 oyun keçirib.

    Qeyd edək ki, “Fiorentina” 2023/2024 mövsümündə A Seriyasında 37 matçda 54 xal toplayıb və 8-ci yeri tutub.