Month: İyul 2024

  • Bu gündən taksi fəaliyyəti ilə bağlı yeni qaydalar qüvvəyə minir

    Bu gündən etibarən taksi fəaliyyəti ilə bağlı yeni qaydalar qüvvəyə minir.

    1 iyul 2024-cü il tarixindən sonra taksi fəaliyyətinə icazə almaq üçün avtomobillərin istehsal tarixi 8 ildən az olmalıdır.

    1 iyul 2024-cü il tarixindən sonra buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə buraxılış kartı verilməyəcək. Həmçinin qeyd edilən tarixdən sonra buraxılış kartı almaq üçün təqdim olunan avtomobillər 2024-cü ilin iyul ayının 1-dən sonra ölkəmizə idxal edilmişdirsə və ya ölkəmizdə istehsal olunmuşdursa, onların rəngi ağ və ya qırmızı olmalıdır.

    Sözügedən icazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifariş ötürən taksi sifariş operatorları barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq qaydada inzibati tənbeh tədbirləri görüləcək.

    Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən yayılan informasiyaya əsasən vətəndaşın avtomobili 2012-ci il istehsalıdırsa, 1 iyul 2024-cü il tarixinə kimi icazə üçün müraciət edibsə, üç illik icazə ala biləcək.

    Bu halda rəng tələbi tətbiq edilmir.

  • Azərbaycan millisi Serbiyada Avropa çempionu olub

    Azərbaycanın 17 yaşadək oğlanlardan ibarət güləş millisi Serbiyanın Novi Sad şəhərində keçirilən Avropa çempionatının qalibi olub.

    Bu barədə Azərbaycan Güləş Federasiyasından (AGF) məlumat verilib.

    Bildirilib ki, qitə birinciliyində iki qızıl, iki gümüş, iki bürünc medal qazanan komanda 160 xal toplayıb.

    Yığmamız ikinci pillədəki Ermənistanı 36 xal qabaqlayıb. Türkiyə (119) isə üçüncü yeri tutub.

    Qeyd edək ki, böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Rövşən Hacıyevin rəhbərliyi altında Muhamməd İsmayılov (51 kq) və İsa Yusibov (65 kq) qızıl, Hüseyn İsmayılovla (60 kq) Muxamad Qantemirov (110 kq) gümüş, Hacıhüseyn Əhmədzadə (48 kq) və Hüseyn Hüseynov (55 kq) isə bürünc medal qazanıblar.

  • Zeytunda möcüzəvi maddə tapıldı

    Zeytundan əldə edilən elenolik turşu diabetli siçanların qanında şəkərin səviyyəsini azaltmağa və onların arıqlamasına kömək edib.

    Bu barədə Amerika Qidalanma Cəmiyyəti (ASN) məlumat yayıb.

    Alimlər öz işlərinə GLP-1 və PYY hormonlarına təsir edən təbii maddələrin axtarışı ilə başlayıblar. Sonuncusu toxluq hissi yaradır və həddindən artıq yeməyin qarşısını alır.

    Laboratoriya siçanlarına elenolik turşu verilib. Bir həftədən sonra kök heyvanların çəkisi azalıb və bu maddə verilməyən heyvanlarla müqayisədə qanda şəkərin səviyyəsi aşağı düşüb.

    Elenolik turşu qida qəbulunu əhəmiyyətli dərəcədə azaldıb və arıqlamağa kömək edib.

    Mənbə: gazeta.ru

  • Xızıda əməliyyat: Silah-sursat və çətənə kolları aşkarlanıb

    Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini Səfər Səfərovdan kultivasiya yolu ilə yetişdirdiyi 13 ədəd çətənə kolu aşkarlanıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun məlumatına görə, həyata keçirilən digər əməliyyat tədbirləri ilə saxlanılan Kamran Abdulovdan isə qanunsuz saxladığı 1 ədəd tüfəng və 15 ədəd patron aşkar olunaraq götürülüb.

    Hər iki faktla bağlı araşdırma aparılır.

  • Makron seçkidə uduzdu

    Fransa prezidenti Emmanuel Makronun koalisiyası parlament seçkilərinin birinci turunda 20,76 faiz səs toplayaraq üçüncü yerdə qərarlaşıb.

    Məlumata görə, parlamentdəki Milli Birlik fraksiyasının keçmiş rəhbəri Marin Le Pen bildirib ki, partiya parlament seçkisinin birinci turu zamanı “makronist bloku məhv edib”. Onun sözlərinə görə, səsvermənin ikinci turu həlledici olacaq.

    Qeyd edək ki, iyunun 30-da Fransada parlament seçkilərinin birinci turu keçirilib. İlkin məlumata görə, ən çox səsi sağçı Milli Mitinq partiyası toplayıb. Onu vətəndaşların 34,2%-i dəstəkləyib.

    İkinci və üçüncü yerləri sol partiyaların “Yeni Xalq Cəbhəsi” və “Respublika Naminə Birgə” prezident blokunun koalisiyası tutur. Onlara müvafiq olaraq ölkə sakinlərinin 29,1%-i və 21,5%-i səs verib.

    Mənbə: Gazeta.ru

  • Dəmir yolunda gediş haqqı artırılacaq? – AÇIQLAMA

    İyulun 1-dən etibarən bir sıra ictimai nəqliyyat növlərində gediş haqları artırılıb. Belə ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ictimai nəqliyyat və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tariflər yenilənib.

    Bəs Azərbaycan Dəmir Yollarında necə, gediş haqlarında artım olacaqmı?

    Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda dəmir yolu nəqliyyatı ilə sərnişin daşımaları üçün gediş haqlarında hər hansı dəyişiklik nəzərdə tutulmayıb.

    Qeyd edək ki, bu gündən etibarən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ictimai nəqliyyat və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tariflər yenilənib. Sosialyönümlülük baxımından ən optimal variant seçilməklə aşağıda qeyd olunan tariflərin tətbiqi məqsədəuyğun hesab edilib:

    – Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi məsafədən asılı olmayaraq 50 qəpik;

    – Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 50 qəpik;

    – Müntəzəm şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tarifin yuxarı həddi bir kilometr üçün 3,7 qəpik.

    Eyni zamanda ölkədaxili müntəzəm şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri yenilənib. Lakin Bakı-Naxçıvan / Naxçıvan-Bakı istiqamətləri üzrə hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətinin tarifində dəyişiklik edilməyib.