Month: İyul 2024

  • Qaxda 11 aylıq körpə xəstəxanada ölüb

    Qax rayonunda 11 aylıq körpə xəstəxanada ölüb.

    “Report”un məlumatına görə, Qax rayon rayonu Qazmalar kənd sakini 2023-cü il təvəllüdlü Ahu Rahim qızı Nəzərli ağır yüksək hərarətlə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

    Xəstəxanada körpəyə lazımi tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin bildirdiyinə görə, körpədə ağciyər və ürək çatışmazlığı olub və bu səbəbdən də körpənin həyatını xilas etmək mümkün olmayıb.

  • Bakının bəzi qəsəbələrində yeni marşrutlar istifadəyə verilib

    Bu gündən Bakı şəhərində yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Hövsan qəsəbəsini (MİDA) metronun “28 May” və “Əhmədli” stansiyaları ilə əlaqələndirən 120 və 121E, həmçinin Şüvəlan və Mərdəkan qəsəbələrini Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 140 və 140E nömrəli marşrutlar sərnişinlərin istifadəsinə verilib.

    Sürətli sərnişin daşınmasını təmin edəcək 121E və 140E nömrəli ekspres marşrutlar saat 6:30-21:00 arası fəaliyyət göstərəcək və yalnız marşrut üzrə əvvəlcədən müəyyən edilmiş dayanacaq məntəqələrində dayanacaq. Bu da sərnişinlərin daha qısa vaxt ərzində təyinat məntəqəsinə çatmasına şərait yaradacaq.

    Marşrutlar üzrə müasir və ekoloji təmiz nəqliyyat vasitələri sərnişinlərə xidmət göstərəcək.

    Metronun “28 May” stansiyasını Günəşli qəsəbəsi ilə əlaqələndirən 46 nömrəli müntəzəm marşrutun istismarı isə müsabiqədə qalib gələn yeni daşıyıcı tərəfindən həyata keçiriləcək. Qeyd edilən marşrutlar üzrə müasir “Avro 6” standartına uyğun ekoloji baxımdan təmiz sıxılmış təbii qaz mühərrikli orta və böyüktutumlu avtobuslar nağdsız qaydada fəaliyyət göstərəcək.

    Bundan əlavə, M.Şərifli küçəsi (Vərəm dispanseri) – Xətai rayonu Cavanşir küçəsini əlaqələndirən 12 nömrəli müntəzəm marşrutda müasir və rahat avtobuslar istifadəyə verilib.

    Optimallaşdırma işləri çərçivəsində Şüvəlan – Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində fəaliyyət göstərən 136 nömrəli müntəzəm marşrut ləğv edilib.

    Qeyd edək ki, Azərbaycanda mobilliyin transformasiyası proqramı çərçivəsində yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb. Paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən bütün marşrut xətləri təhlil edilib və əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması üçün yeni marşrut şəbəkəsi hazırlanıb. Yeni marşrut şəbəkəsi dataəsaslı analitik alət olan Bakının “Rəqəmsal əkiz”i vasitəsilə simulyasiya edilib. Simulyasiya nəticəsində yeni şəbəkənin ictimai nəqliyyata əlçatanlığı ciddi artıracağı, eləcə də daha yüksək orta sürət göstəricilərinin olacağı müəyyən edilib.

    Yeni marşrut şəbəkəsi xidmət səviyyəsinin yüksəlməsini təmin edəcək.

  • Həyətində çətənə kolları yetişdirən Salyan sakini saxlanılıb

    Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Əli Yusifov saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, onun yaşadığı ünvana keçirilən baxış zamanı marixuana, həyətyanı sahəsində yerləşən yarımtikilidən isə kultivasiya yolu ilə yetişdirilən çəkisi 35 kiloqram olan 70 ədəd çətənə kolu aşkarlanıb.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

  • Naxçıvanda min manatdan başlayan qiymətlərlə avtomobillər satışa çıxarılır – FOTO

    Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən iyulun 9-da hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.

    İqtisadiyyat.az xəbər verir ki, siyahıda 11 nəqliyyat vasitəsi yer alıb.

    Onlardan bir ədəd “Chevrolet Niva”, VAZ 2107, “Naz Lifan LF 7160 520”, “Hyundai Accent”, “Ford Focus”, iki ədəd VAZ 21074, dörd ədəd isə VAZ 21213 markalı avtomobillərdir.

  • Yeni tələblərə cavab verməyən taksi sürücülərinin hesabları bağlanır – AÇIQLAMA

    “Bolt” və “Uber”in yeni qaydalara uyğun gəlməyən taksilərin sürücülərinin profillərini bloklamağa başladığı deyilir.

    Məsələ ilə bağlı “Bolt” taksi şirkətindən oxu.az-ın sorğusuna cavab olaraq məlumat təsdiqlənib.

    Bildirilib ki, iyulun 1-dən etibarən qüvvəyə minən yeni qaydalara uyğun gəlməyən sürücülərin profilləri bağlanır.

    Qeyd edək ki, eyni zamanda, digər taksi şirkətləri də onlarla əməkdaşlıq edən sürücülər arasında taksi fəaliyyəti üçün nəzərdə tutulan qaydalara uyğun gəlməyən sürücülərin hesabını bloklayırlar.

  • Özəl bağçalarda dövlət hesabına təhsil almaq mümkün olacaq

    “Əsas vacib olan məqamlardan biri işğaldan azad olunan ərazilərdə məktəbəqədər təhsilin əlçatanlığını təmin etməkdir. Təhsil siyasətinin digər hədəfi isə icma əsaslı təhsilin miqyasının genişləndirilməsidir”.

    Lent.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Tədqiqat, təcrübə və siyasət vasitəsilə təhsildə ayrı-seçkiliyin aradan qaldırılması” şüarı altında keçirilən VII ADA 2024 Beynəlxalq Təhsil Konfransı zamanı deyib.

    Nazir deyib ki, dövlət-özəl əməkdaşlığına əsaslanan model məktəbəqədər təhsil sahəsində artıq sentyabrdan pilot layihə olaraq başlayacaq:

    “Bu modeldə stimullaşdırıcı mexanizmləri istifadə etməyi planlaşdırırıq. Dövlət valideynə vauçer təqdim edəcək ki, o övladını özəl bağçaya göndərsin. Bu zaman dövlət infrastruktur baxımından qənaət edəcək, çünki bunu özəl sektor edəcək. Məktəbəqədər təhsilin hər bir uşaq üçün əlçatan olmasını təmin etmək olduqca mürəkkəb prosesdir”.

    Nazir deyib ki, inklüziv təhsil modelinin dəyişməsi üçün müəyyən zaman lazımdır:

    “Çünki sovet dövründən bizə miras qalan inklüziv təhsil modeli deyil. Növbəti mərhələdə nazirlik olaraq bu sahədə yeni təkliflər hazırlamışıq”.

    Nazir, həmçinin əlavə edib ki, əsaslı təmirə ehtiyacı olan məktəblərin sayı 33 faiz azalaraq 900-dən 600-ə düşüb:

    “Əlçatanlıq baxımından bizim ciddi problemimiz yoxdur. Tədrisin keyfiyyəti ilə bağlı müəyyən ciddi çağırışlar etmişik”.

  • Prezident İlham Əliyev Filippinin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 1-də Filippin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Henri Jr. Bensurtonun etimadnaməsini qəbul edib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.




  • Azərbaycan Ordusunun zabiti vəfat edib – FOTO

    Azərbaycan Ordusunun zabiti vəfat edib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Azərbaycan Ordusunun zabiti Pərviz Əliqulu oğlu Şərbətov məzuniyyətdə olarkən səhhətində qəfil yaranan narahatlığa görə Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılan zaman kəskin ürək-damar, ağciyər çatışmazlığı ilkin diaqnozu ilə vəfat edib.

    Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

  • Prezident İlham Əliyev Kanadanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 1-də Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.




  • İlham Əliyev Qırğız Respublikasının ölkəmizdə yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 1-də Qırğız Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanovun etimadnaməsini qəbul edib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.