Month: July 2024

  • Qubada bir nəfər göldə batıb

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Quba rayonu, İkinci Nügədi kəndində göldə 1 nəfərin batması barədə məlumat daxil olub.

    Bu barədə FHN-dən bildirilib.

    Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

    Əlavə məlumat veriləcək.

  • Fransa millisi 60 il əvvəlki antirekordunu təkrarlayıb

    Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında Portuqliya ilə əsas və əlavə vaxtı 0:0 hesabı ilə bitən görüşün penaltilər seriyasında qələbə qazanan Fransa yığması 60 il əvvəlki antirekordunu təkrarlayıb.

    “Report” “Opta”ya istinadən xəbər verir ki, komanda bir yarışda ardıcıl 6-cı dəfə rəqiblərinə oyundan qol vura bilməyib. Fransa yığması yalnız 2 avtoqol və 1 penalti hesabına növbəti mərhələlərə adlayıb.

    Bu da 60 il əvvəlki nəticənin təkrarı kimi tarixə düşüb.

    Qeyd edək ki, Fransa yığması yarımfinalda İspaniya ilə qarşılaşacaq.

  • Təcridxanada olan qardaşına narkotik vasitə aparan şəxs saxlanılıb

    Təcridxanada olan qardaşına narkotik vasitə aparan şəxs saxlanılıb.

    Bu barədə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən məlumat verilib.

    Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.

    Həbs olunmuş şəxs Fuad Feyruz oğlu Ağayevlə görüşə gəlmiş qardaşının üzərinə baxış keçirilən zaman şalvarının yan cibində gizlədilmiş bükülüdə 0,190 qram marixuana aşkar olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • AVRO-2024-də ən çox oyundankənar vəziyyətə düşən futbolçu bəlli olub

    Portuqaliya milli komandasının kapitanı Kriştianu Ronaldu AVRO-2024-də hamıdan daha çox ofsayda düşüb.

    Məlumata görə, ulduz forvard səkkiz dəfə ofsayd vəziyyətində olub.

    Oyundan kənar vəziyyətlərə görə ikinci yeri hazırda Niklas Füllkruq (Almaniya), Andraz Şporar (Sloveniya) və Barnabas Varqa (Macarıstan) bölüşürlər – hərəyə dörd dəfə.

    Qeyd edək ki, Ronaldu 2003-cü ildən Portuqaliya millisində çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 212 matçda iştirak edib, 130 qol vurub, 47 məhsuldar ötürmə edib.

    Mənbə: Championat.com

  • Türkiyənin vitse-prezidentinin Azərbaycana səfəri başa çatıb

    Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə iştirak edən Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazın iyulun 6-da Azərbaycana səfəri başa çatıb.

    AZƏRTAC xəbər verir ki, TDT-yə üzv ölkələrin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Türkiyənin vitse-prezidenti Cevdet Yılmazı hava limanında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər yola salıblar.

  • Polis özünü dənizə atan şəxsi xilas etdi

    Bakıda 31 yaşlı kişi özünü dənizə ataraq intihara cəhd edib.

    Hadisə Dənizkənarı Milli Parkda qeydə alınıb.

    Belə ki, Ağdam rayon sakini C.Uğurlu hələ ki bilinməyən səbəbdən intihar etmək istəyib.

    Ərazidə xidmət aparan polis əməkdaşlarının vaxtında müdaxiləsi vətəndaşın həyatını xilas edib. Polislər C.Uğurlunun ardınca suya atılıb, onu çıxarıblar.

    Vətəndaş xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

    (qafqazinfo)

  • Sabahın hava proqnozu açıqlandı

    Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 35-40 % olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 22-26° isti, gündüz 35-39° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.

  • TDT-nin Baş katibi Azərbaycana təşəkkür edib

    “Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyinin hesabına iki milyon ABŞ dolları məbləğində vəsait köçürdüyünə görə Azərbaycana təşəkkür edirəm”.

    “Report” xəbər verir ki, bunu TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev təşkilatın dövlət başçılarının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.

    O bildirib ki, TDT ölkələri bu gün mühüm sənədlərə imza atacaqlar:

    “Qardaş Azərbaycanı COP29-a ev sahibliyi etməsi münasibətilə ürəkdən təbrik edirəm”.

  • Vahid Əhmədovun prokuror oğlu işdən azad edildi

    Qaradağ rayon prokuroru Zəfər Əhmədov vəzifəsindən azad edilib.

    “Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı baş prokuror Kamran Əliyev əmr imzalayıb.

    Əmrə əsasən, Zəfər Əhmədov iyul ayının 2-də sərəncama götürülüb.

    Qeyd edək ki, Z.Əhmədov Milli Məclisin deputatı Vahid Əhmədovun oğludur.

  • Özbəkistan prezidenti: “Azərbaycanda keçiriləcək COP29 ciddi tarixi hadisə olacaq”

    “Türk dünyası iqlim dəyişikliyi ilə bağlı mübarizədə beynəlxalq əməkdaşlığa töhfə verir”.

    “Report”un xəbərinə görə, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının iyulun 6-da Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.

    O bildirib ki, bu il Azərbaycanda keçiriləcək COP29 ciddi tarixi hadisə olacaq:

    “Biz bu məsələdə Azərbaycana dəstək verməyə hazırıq”.