Month: August 2024

  • Naxçıvan istiqamətində Azərbaycan ordusunun mövqeləri yenidən atəşə tutulub

    Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində Azərbaycan ordusunun mövqelərini yenidən atəşə tutub.

    Median.Az-ın məlumatına görə, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 28-i saat 18:30-da Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

    Qeyd olunan istiqamətdə Azərbaycan ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.//report.az

  • AFP: Durov uşağına qarşı zorakılıqda şübhəli bilinir

    Fransa Milli Polisinin Yetkinlik Yaşına Çatmayanların Mühafizəsi İdarəsi “Telegam” sosial şəbəkəsinin təsisçisi Pavel Durova övladlarından birinə qarşı zorakılıq etdiyinə dair şübhələrə görə istintaqa başlayıb.

    Report xəbər verir ki, bu barədə mənbəyə istinadən “AFP” məlumat yayıb.

    Söhbət onun Parisdə yaşayarkən 2017-ci il təvəllüdlü azyaşlı uşaqlarından birinə qarşı tətbiq etdiyi “ciddi zorakılıq”dan gedir.

  • Anasının vatsap yazışmalarını yayıb ölümünə səbəb olacaqdı…

    Balakəndə 63 yaşlı qadının qardaşı tərəfindən bıçaqlanmasına görə açılmış cinayət işinin istintaqı zamanı maraqlı faktlar üzə çıxıb.

    “Qafqazinfo” xəbər verir ki, bu ilin martında baş verən hadisə araşdırılarkən başqa cinayətin üstü açılıb.

    Belə ki, Əli Quliyev (bütün ad-soyadlar şərtidir-red) barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə başlanılmış işin istintaqı zamanı hadisənin qısqanclıq zəminində törədildiyi müəyyən edilib. Məlum olub ki, Gülər Quliyevanın 39 yaşlı oğlu Murad anasının telefonundakı yazışmaları gizli yolla ələ keçirib. O, 12 yaşlı övladına tapşırıb ki, nənəsinin qohumları və digər şəxslərlə vatsap proqramı vasitəsilə həyata keçirdiyi yazışma və səsləri telefonla ona yönləndirsin. Uşaq da nənəsindən xəbərsiz olaraq onun telefonundakı mesajları bir müddət atasına göndərib və həmin mesajları silərək nənəsinin telefonunda iz buraxmayıb. Anasının göndərdiyi və qəbul etdiyi mesajları araşdıran Murad onun başqa kişi ilə sevgi münasibətində olduğunu öyrənib.

    Bundan sonra Murad dayısı Əliyə və digər qohumlarına anasının mesajlarını göstərib. Əli isə 63 yaşlı bacısını cəzalandırmaq qərarına gəlib və onların evinə gedərək döş qəfəsi nahiyəsinə bıçaqla ağır xəsarət yetirib. Tibbi müdaxilədən sonra qadının həyatını xilas etmək mümkün olub.

    Dayıya açılmış cinayət işinin araşdırılması zamanı qadının oğlunun da qeyri-qanuni əməli üzə çıxıb. Murada Cinayət Məcəlləsinin 156.1-ci (Şəxsi həyatın toxunulmazlığını pozma) maddəsi ilə cinayət işi açılıb.

    Zərərçəkmiş şəxs qismində tanınan qadın oğlunun əməlindən şikayətçi olduğunu, övladının onu biabır etdiyini deyib. Gülər Quliyevanın münasibətdə olduğu kişi də zərərçəkmiş şəxs qismində tanınıb. O, Gülərlə TikTokda tanış olduğunu və aralarında sevgi yarandığını, qadının oğlunun mesajları yaymasından sonra rüsvay olduğunu söyləyib.

    Təqsirləndirilən şəxs isə mesajları yaymaqda məqsədinin anasını dayısına öldürtdürmək olmadığını, bu əməlin ağır cinayətə səbəb ola biləcəyini düşünmədiyini bildirib.

    Balakən Rayon Məhkəməsinin 21 avqust tarixli hökmü ilə Murad qeyd edilən cinayət əməlində təqsirli bilinib. Ona qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 6 il islah işləri cəzası verilib. Muradın cəzasını iş yerində çəkməsi qeyd edilib.

  • Bu marşrut avtobuslarından istifadə edənlərin nəzərinə!

    Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar avqustun 29-dan Mikayıl Müşfiq küçəsində (Mətbuat prospekti ilə kəsişmədəki dairədən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin qarşısındakı dairəyədək) avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat ayıb.

    Bildirilib ki, məhdudiyyətlə əlaqədar 29, 31, 53 və 206 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Parlament prospekti, Abbasqulu Abbaszadə küçəsi, Mətbuat prospekti, Nazim Hikmət və Fərman Salmanov küçələri, Kənar dairəvi yol ilə təşkil ediləcək.

  • “Beluqa” İstirahət Mərkəzi 60 ayrana görə cərimələndi – Vaxtı keçibmiş…

    Lənkəran rayonunun Sütəmurdov kəndində, dəniz kənarında yerləşən “Beluqa” İstirahət Mərkəzi cərimələnib.

    Qaynarinfo-nun məlumatına görə, istirahət mərkəzinin sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin 220.1, 444.1 və 447.0.2-ci maddələri ilə protokol tətrib edilib.

    Sözügedən obyektdə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş birgə yoxlama zamanı “Beluqa” İstirahət Mərkəzində, “Köz dönər” satılan yerdə 60 ədəd 150 ml istifadə müddəti bitmiş “Milk” markalı ayran aşkar olunub.

    Mərkəzin sahibi Pərvin Manafovun iştirakı ona protokol tərtib olunub. Müvafiq qərarla sahibkar barəsində İXM-in 447.0.2-ci maddəsi ilə 1500 manat cərimə növündə inzibati tənbeh tətbiq edilib.

    Sahibkar Lənkəran Şəhər Məhkəməsinə sözügedən dövlət qurumlarının barəsində tətbiq etdiyi protokolla bağlı şikayət versə də, iddiası qəbul edilməyib.

    Sahibkar iddia edib ki, həmin ayranların istifadə müddəti cəmi bir gün keçib. Həmçinin ayranlar onun istirahət mərkəzində Orxan adlı şəxsə icarəyə verdiyi “Köz dönər” adlı obyektdə aşkarlanıb.

  • Bu balığın kiloqramını Norveçdən 24, Türkiyədən 180 manata alırıq – QİYMƏTLƏR

    Cari ilin yanvar-iyun aylarında Azərbaycana xarici ölkələrdən 34,53 ton qızılbalıq gətirilib.

    Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda balığın idxalına 485,21 min ABŞ dolları vəsait xərclənib. Bu dövrdə ən çox qızılbalıq Norveçdən alınıb. Belə ki, bu ölkədən idxal olunan qızılbalığın miqdarı 34,22 ton olub. Norveçdən alınan qızılbalığın 1 kiloqramının orta gömrük dəyəri 23,6 manat olub.

    Bununla yanaşı Danimarkadan idxal olunan qızılbalığın 1 kiloqramının orta gömrük dəyəri 44,2 manat, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığından alınan qızılbalığın bir kiloqramının orta gömrük dəyəri 29,6 manat, Türkiyədən alınan qızılbalığın bir kiloqramının orta gömrük dəyəri 179,52 manat olub.

  • Məşhur reper silah saxladığına görə həbs edildi

    Reper Lil Baby (əsl adı Dominik Cons) qanunsuz silah saxlamaqda şübhəli bilinərək Las-Veqasda həbs edilib.

    Qaynarinfo bu barədə “İndependent” qəzetinə istinadən xəbər verir.

    İfaçı avqustun 26-da səhər saat 05.00 radələrində nəzarətə götürülüb. Cons daha sonra 5000 dollar girov müqabilində azadlığa buraxılıb və musiqiçinin indi oktyabrın 1-də məhkəmə qarşısına çıxması planlaşdırılır.

    Lil Baby-nin vəkilləri 29 yaşlı reperin niyə həbs edildiyini “aktiv şəkildə araşdırdıqlarını” bildiriblər. Baxmayaraq ki, reperin Corciada silah saxlama icazəsi var. “Independent” əlavə edir ki, Corcia ştatında əldə edilmiş sənəd Nevada ştatında tanınmır. Digər təfərrüatlar məlum deyil.

    Lil Baby narkotik alverinə görə artıq iki il həbsdə yatıb. Musiqiçi 2019-cu ildə polisə tabe olmamaq və təhlükəli avtomobil idarə etdiyinə görə də həbs edilib. 2021-ci ildə sənətçi Kanye Uestlə birlikdə Parisdə narkotik ittihamı ilə həbs olunub, lakin sonra sərbəst buraxılıb.

    Lil Baby karyerasına 2017-ci ildə başlayıb. 2018-ci ilin may ayında o, “Harder Than Ever” adlı debüt studiya albomunu buraxıb. O, “Freestyle”, “Yes Indeed” və “Drip Too Hard” mahnıları ilə tanınır.

  • Sağalmağa gəlsə də, 1 neçə saat sonra ölü tapıldı – Direktorla işçilər həbs edildi

    Abşeron rayonunun Novxanı qəsəbəsində fəaliyyət göstərən “Uğur Yolu” Reabiltasiya Mərkəzinin direktoru və iki işçisi cinayət məsuliyyətinə cəlb edilib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, direktor Şamil Minyayev və işçiləri Elman Mehdiyev ilə Turxan Allahverdiyev mərkəzə məcburi müalicəyə gətirilmiş gəncin ölümünə görə ittiham olunublar.

    Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    “Uğur yolu” narkotik və digər asılılıqlardan reabilitasiya mərkəzi kimi fəaliyyət göstərir. Mərkəzdə 12 addım proqramı ilə müalicə tətbiq olunur.

    Son illərdə Bakı və Abşeronda bu cür reabilitasiya mərkəzlərinin sayı artıb. Bir müddət əvvəl elə Novxanı qəsəbəsində fəaliyyət göstərmiş başqa reabilitasiya mərkəzində xəstələrə işgəncə verilməsi və bir nəfərin ölümü ilə nəticələnən hadisə baş vermişdi. Həmin mərkəzin direktoru və əməkdaşlarına 8 ilə kimi həbs cəzası verilib.

    Bu ittihamın mahiyyətinə gəlincə…

    Ötən il reabilitasiya mərkəzində özünü hovuza atan gəncin ölməsi ilə bağlı məlumat vermişdik. İstintaqla müəyyən olunub ki, hovuzdan çıxarıldıqdan sonra vəfat edən 27 yaşlı Roma Fataxov elə həmin gün məcburi reabilitasiyaya cəlb edilibmiş. İstintaq materiallarında yazır ki, Romanın yaxınları mərkəzə müraciət edərək onun məcburi müalicəyə cəlb edilməsini istəyiblər. Roma özü isə ailəsindən ayrı evdə yaşadığı üçün bundan xəbərsiz olub. Ailə üzvləri ilə əməkdaşlar arasında razılaşma belə olub ki, Roma evdən çıxan kimi tutulub mərkəzinə gətirilsin.

    Qanun pozuntusu da elə buradan başlayıb. Direktor Minyayev və işçiləri narkotik asılılığından əziyyət çəkən gəncə özlərini polis əməkdaşları kimi təqdim edərək onu avtomobilə mindiriblər. Roma mərkəzə çatdıqdan sonra nə baş verdiyini anlayıb. O, yüksək səslə qışqıraraq müqavimət göstərib. Üstündən bir neçə dəqiqə keçdikdən sonra Roma mərkəzin içi su ilə dolu hovuzunda halsız vəziyyətdə aşkar edilib. Dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

    Həkim rəyinə əsasən, zərərçəkmiş şəxsin ölümünə səbəb tənəffüs yollarının su ilə tutulması nəticəsində əmələ gəlmiş mexaniki asfiksiya səbəb olub.

    Hadisəyə görə, Şamil Minyayevə Cinayət Məcəlləsinin 309-cu (vəzifə səlahiyyətlərini aşma), digərlərinə isə 32.5, 309.2-ci (vəzifə saxtakarlığına cəhd) maddəsi ilə ittiham verilib.

    Amma müttəhimlər heç biri özlərini təqsirli bilməyiblər. Onlar Romanın boyundan dayaz olan hovuzda (hovuzun dərinliyi 1 metr 70 sm, zərərçəkmişin boyunun uzunluğu 1 metr 80 sm olub-red) boğulmasını narkotikin təsiri altında ola biləcəyi ilə əlaqələndiriblər. Həmçinin özlərini polis əməkdaşı kimi təqdim etmələri ilə bağlı deyilənləri də inkar ediblər.

    Romanın yaxınları isə təqsirləndirilən şəxslərdən ikisindən-Şamil və Turxandan şikayətçi olublar. Üçüncü şəxsi tanımadıqlarını deyiblər.

    Hakim Fəhmin Hümbətovun sədrlik etdiyi məhkəmə tərkibi tərəfləri dinlədikdən, dəlil və sübutları tədqiq etdikdən sonra belə qənaətə gəlib ki, təqsirləndirilən şəxslər hər biri verilmiş ittihama münasibətdə günahkardırlar.

    Hökmə əsasən, mərkəzin direktoru Şamil Minyayev 4 il, Turxan Allahverdiyev 3 il azadlıqdan məhrum edilib. Elman Mehdiyevə isə şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

  • Azərbaycanda əhalinin yerləşməsi ilə bağlı statistika – İnsanlar niyə şəhəri seçir?

    “Azərbaycanın 15 iqtisadi rayonu var. Bunların arasında ən çox yüklü olan iki iqtisadi rayondur. Əhalinin əksəriyyəti Bakı və onun ətrafı, Sumqayıt və Abşeronda məskunlaşıb”.

    Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Akif Nəsirli şəhər əhalisinin çoxalması ilə bağlı statistikadan danışarkən deyib.

    Ekspertin sözlərinə görə, bu problemi aradan qaldırmaq istiqamətində müəyyən addımlar atılmalıdır:

    “Soruşmaq laızmdır ki, dövlət büdcəsinin 95%-i yalnız iki iqtisadi rayonda formalaşır? Bu gün Azərbaycan iqtisadiyyatı raxit uşağa oxşayır. Başı yekə, bədəni isə balaca. Bunun təbii səbəbləri var. Bakı və onun ətrafında qaz və neft çıxır. Nəticədə ölkə iqtisadiyyatının bu bölgədə şişməsinə gətirib çıxardır. Məsələ burasındadır ki, qeyri-neft sektorunu da biz Bakı, Abşeron, Sumqayıtda şəbəkələşdirməkdə davam edirik”.

    Ekspertin fikirincə, Azərbaycanda fəaliyyət göstərmək istəyən özəl sektorlar bütün ölkə üzrə yayılmalıdır:

    “Onlar stimullaşdırılmalıdır ki, böyük müəssisələr Bakıda deyil, rayonlarda qurulsun. Bölgələrdə əhalinin əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olur. Həmin əhalini istiqamətləndirmək lazımdır. Texniki bitkilərin becərilməsinə üstünlük verilməlidir ki, kənd yerlərində emal zavodunu tikmək mümkün olsun. Dünyada belə yazılmamış qayda var, hər 18- 20 min kənd təsərrüfatı ilə məşğul olan əhaliyə böyük emal zavodu düşür. Burada həm əhalinin məşğuliyyətini istiqamətləndirmək, həm də zavodların rayonlarda yerləşməsini təmin etmək lazımdır. 100 min əhalisi olan rayona 3-4 iri emal zavodu düşməlidir ki, orada camaat özünə məşğuliyyət tapa bilsin”.

    Akif Nəsirli hesab edir ki, bu problemin həlli iqtisadi disbalansın aradan qaldırılması və ya faiz dərəcəsinin aşağı salınmasından keçir:

    “Bundan sonra dövlət büdcəsinin 50%-i Bakı və onun ətrafında formalaşacaq. Qalan 50%-in bölgədə formalaşmasına çalışmaq lazımdır. Bu zaman ölkənin əsas problemi, məsələn, işsizlik aradan qalxır, Bakının yükü azalır, ölkədən valyuta axının qarşısı alınır. Kənd təsərrüfatı ilə məşğul olan əhali texniki bitkilər əkəcəksə deməli ərzaq məhsullarını xaricdən almayacayıq, yerli istehsalı istifadə edəcəyik. Ona görə də ölkədən valyuta axını azalacaq”.

    “Baku Research Institut”nun son 100 ildə Azərbaycanda demoqrafiyanın necə dəyişməsi ilə bağlı hazırladığı araşdırma hesabatda deyilir ki, kəndlərdə yaşayan əhalinin sayı azalıb. Statistikaya görə, 2023-cü ildə Azərbaycan əhalisinin 54.5 faizi, yəni yarıdan çoxu şəhərlərdə məskunlaşıb.

  • Elmirin qızı Amerikada ərə getdi – FOTO

    Keçmiş “Dəyirman” qrupunun üzvlərindən olan Elmir Teymurun qızı Amerikada ailə qurub.

    Axşam.az xəbər verir ki, ifaçı qızı Mariyanın nikah şəkillərini sosial şəbəkə hesabında paylaşıb.

    Elmir fotolara “Ailəmiz böyüyür, təbrik edirəm. İndi qayınata rolunda” şərhini yazıb.

    İfaçının xanımı Diana da fotolar yayımlayaraq cütlüyü təbrik edib.

    Mariya Denis adlı bəylə nikah masasına oturub.

    Qeyd edək ki, Elmir 2018-ci ildə “Greencard” qazanaraq Amerikaya köçüb.