Month: Sentyabr 2024

  • Məşhur NBA oyunçusu vəfat edib

    NBA-da çıxış edən sabiq basketbolçu Dikembe Mutombo dünyasını dəyişib.

    58 yaşlı Konqo əsilli ABŞ-li oyunçu beyin xərçəngi səbəbindən vəfat edib.

    1991-2009-cu illərdə Milli Basketbol Assosiasiyasında çıxış edən D. Mutombo dörd dəfə NBA-nın ən yaxşı müdafiəçisi seçilib.

  • Kamçatkada 6,3 maqnitudada zəlzələ baş verib

    Rusiyanın Kamçatka diyarında 6,3 maqnitudada zəlzələ baş verib.

    Median.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

    Məlumata görə, zəlzələnin ocağı 39,9 km dərinlikdə, episentri Petropavlovsk-Kamçatskidən 128 km aralıda yerləşib.

    Sunami təhlükəsi elan olunmayıb.

  • AYNA: Bakıdan Şəmkir, Beyləqan və Gədəbəyə onlayn bilet satışına başlanılır

    “Biletim.az” portalı vasitəsilə Bakıdan Şəmkir, Beyləqan və Gədəbəy rayonunun Novoivanovka kəndinə onlayn biletlər satışa çıxarılır.

    “Report” bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) istinadən xəbər verir.

    Məlumata görə, portala daha əvvəl mövcud olan Bakı–Kürdəmir, Bakı–Siyəzən və Bakı–İsmayıllı marşrutları üzrə də əlavə reyslər daxil edilib. Bakı-İsmayıllı marşrutları üzrə Şamaxı şəhəri aralıq məntəqəsi kimi təyin olunub.

    “Beləliklə “biletim.az” portalında 45 şəhər və rayona 74 istiqamət üzrə bilet almaq mümkündür. Onlayn bilet sistemi sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları mərhələli şəkildə əhatə edəcək. Hazırda sistemə qoşulan daşıyıcıların sayı 154, nəqliyyat vasitələrinin sayı isə 321-dir”, -deyə məlumatda qeyd edilib.

    Qeyd edək ki, portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir.

  • Neymar məşqləri bərpa edib

    Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun braziliyalı futbolçusu Neymar məşqləri bərpa edib.

    Futbolçu bu barədə şəxsi sosial şəbəkə hesabında paylaşım edib.

    Hücumçu komanda ilə birlikdə topla işləməsi ilə bağlı fotolar paylaşıb və meydana qayıtdığı üçün şad olduğunu yazıb.

    Qeyd edək ki, “Əl-Hilal”ın heyətində cəmi 5 oyunda meydana çıxan 32 yaşlı futbolçu ötən il diz bağlarından ciddi zədə alıb və artıq 11 aydan çoxdur ki, futbol oynamır.

  • Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar artıb

    Bu ilin yanvar-avqust aylarında Azərbaycanda avtomobil nəqliyyatı ilə 8 milyard 157,7 milyon ABŞ dolları dəyərində 3,8 milyon ton məhsul daşınıb.

    Median.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 4,1 % və 8,1 % çoxdur.

    O cümlədən, 8 ayda avtomobil nəqliyyatı ilə 1 milyard 321,3 milyon ABŞ dolları (10,8 % çox) dəyərində 1 milyon 459,85 min ton (9,7 % çox) yük ixrac olunub, 6 milyard 836,4 milyon ABŞ dolları (2,9 % çox) dəyərində 2 milyon 335,85 min ton (7,2 % çox) yük idxal edilib.

  • Ermənistan “Zod” yatağında qızıl hasilatını bərpa edib

    “Zod” (“Sotk”) qızıl yatağında yeraltı üsulla hasilat bərpa edilib.

    Median.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin ərazi idarəetmə və infrastruktur nazirinin müavini Ovannes Arutyunyan “Mining Armenia” konfransı çərçivəsində məlumat verib.

    2025-ci ilin ikinci yarısına qədər yatağı ildə 400 min ton layihə gücünə çatdırmaq planlaşdırılır. Hazırda illik güc 100-150 min ton təşkil edir.

    O.Arutyunyanın sözlərinə görə, hasilatın dayandırılmasının əsas səbəbi mədənin yer səthinə yaxın yerləşən ehtiyatlarının tükənməsi olub: qalan ehtiyatlar elə yerləşib ki, onun daha dərin laylarını istismar etmək sərfəlidir.

  • Sabah yüksək dağlıq ərazilərdə qar yağacaq – PROQNOZ

    Oktyabrın ilk günündə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Qeyd edilib ki, gecəyə doğru bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 11-16° isti, gündüz 23-26° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 50-55 % olacaq.

    Azərbaycanın rayonlarında hava şəraiti, əsasən yağmursuz keçəcək, lakin gündüz əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 9-14° isti, gündüz 22-27° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.

  • Bakı-Qəbələ-Bakı marşrutu üzrə hərəkət edən qatarların dövriyyəsi dəyişəcək

    “Azərbaycan Dəmir Yolları” (ADY) QSC qış mövsümünə keçidlə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə hərəkət edən qatarların dövriyyəsinə dəyişiklik edib.

    Median.Az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

    Oktyabrın 5-dən başlayaraq qatarlar hər şənbə günü Bakıdan-Qəbələyə, hər bazar günü isə Qəbələdən Bakıya yola düşəcək.

    Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytdan (www.ady.az), “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək mümkündür.

    Bizim Telegram kanalımıza abunə olun

  • Ağdam şəhərinə ilk köç gələn ilin payızında planlaşdırılır

    Ağdam şəhərinə ilk köç gələn ilin payızında planlaşdırılır.

    Bunu “Report”a açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

    O qeyd edib ki, azad edilən ərazilərə köçürülən vətəndaşlar üçün dövlət hər cür şərait yaradıb:

    “Bu işlər Böyük Qayıdışa dair birinci Dövlət Proqramı çərçivəsində plana uyğun qaydada davam edir. Məşğulluq və infrastruktur məsələlərini düzgün ardıcıllıqla planlaşdıraraq bunu edirik”.

    O qeyd edib ki, hazırda Ağdam rayonunun üç kəndində quruculuq işləri davam edir:

    “Prezident İlham Əliyev sonuncu dəfə Ağdama səfər etmişdi. Orada hazırda üç kənddə – Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa-quruculuq işləri davam edir. Baş Qərvənd kəndində də slovakiyalı mütəxəsisslərlə birgə kəndin bərpası üzrə işlər gedir.

    Ağdam rayonunda digər kəndlər üzrə layihələndirmə işləri aparılır. Şəhərin özündə beş məhəllənın salınması nəzərdə tutulur. Hazırda 2-ci məhəllədə 66 bina inşa olunur. Ağdam şəhərinə gəən ilin payızında ilk köç planlaşdırılır. Bundan sonra paralel olaraq, tikinti işləri yekunlaşdıqdan sonra digər məhəllələrə də köç başlayacaq”

  • MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə: Namiq Poladov məni sürgün edib

    Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

    “Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadənin vəsatəti əsasında şahid qismində çağırılan Maliyyə və Büdcə İdarəsinin sabiq şöbə rəisi Rafail Xələfov yenidən dindirilib.

    Rafael Xələfov suallara cavab olaraq bildirib ki, hazırda barəsində olan cinayət işinin istintaqı davam edir və dəymiş ziyandan daha 800 min manat dövlət büdcəsinə ödəniş edib.

    Vəkil Rəşad Mirmehdizadənin suallarına Rafael Xələfov cavab verməyib. Bildirib ki, istintaqdakı ilkin ifadəsindən başqa sonra verdikləri ifadələri təsdiqləyir:

    “İlkin tutulanda fikirli idim, sonradan verdiyim ifadələri təsdiqləyirəm. Hazırda çox şeyi xatırlamıram, orda nə demişəmsə elədir”.

    Vəkil Rəşad Mirmehdizadə deyib ki, Rafael Xələfovun ibtidai istintaqda ilkin ifadəsi həm Nizami Məmmədovun, həm də yoxlayıcıların verdikləri ifadələrlə üst-üstə düşür:

    “İstər Nizami Məmmədov, istərsə də digər yoxlayıcılar hər biri sonuna qədər ifadələrində qalıb. Rəqəmlər ortadır. Lakin Rafael Xələfov sonradan ifadələrini dəyişib. Bundan sonra o digər təqsirləndirilən şəxslərlə ziddiyyətlər yaşayıb. İstintaq dövründə bir çox şəxslə üzləşməsi olub”.

    Rafael Xələfov isə vəkilin dediklərinə münasibət bildirməyib və istintaqdakı sondakı ifadələrini təsdiqləyib:

    “Hamımız bir yerdə işləmişik, pulları bir yerdə mənimsəmişik. Bu barədə danışmaq istəmirəm”.

    Rəşad Mirmehdizadə daha sonra Bayram Bayramova suallar ünvanlayıb. Ondan alınan məbləğlə bağlı Rafail Xələfovla arasındakı epizodda çox ziddiyyətli məqamların olduğunu deyib.

    Bayram Bayramov bildirib ki, Rafael Xələfovla birlikdə 2021-ci ildə onun maliyyə xidmətinin rəisi olduğu korpusda yoxlama aparmağa gəliblər. Onun sözlərinə görə, həmin dövrdə bilinən və bilinməyən vəsaitlər olub:

    “Yoxlamaya gələnlər bilinən vəsaitlərlə bağlı 30 faiz, bilinməyən vəsaitlərlə bağlı isə 60 faiz alıblar. “N” saylı korpusda 2021-ci ilin təftişi zamanı İsmayılın maşınında Həsən Paşayevlə Rafael Xələfova 1 milyon 263 min manat təftiş pulu vermişəm. Ancaq o daha aşağı olan başqa məbləğ aldığını deyir”.

    Rafael Xələfov bildirib ki, həmin məsələ ilə bağlı bundan əvvəl dindirmə zamanı ətraflı ifadə verib: “Boş-boş suallara cavab vermək istəmirəm. Pulu Həsənə verdi, mənə verdi fərqi yoxdur. Ümumilikdə Bayram həmin gün 950 min manat pul verib”.

    Təqsirləndirilən Cəlal Kazımov qeyd edib ki, 143 milyonluq cinayət işində tək 4 nəfərlə bağlı 7 milyon 555 min 216 manat çatışmazlıq var, bu pullar Rafael Xələfovdadır.

    Rafael Xələfov deyib ki, həmin məsələ ilə bağlı istintaqda hər şeyi deyib. Bu məbləği birinci dəfədir ki, burada eşitdiyini deyib.

    Daha sonra Rafael Xələfov 4 milyon 600 min manatın Namiq Poladova verilməsi ilə bağlı suallara belə cavab verib: “Namiq Poladov məni sürgün etmişdi. Amma mən bu barədə bir söz deyə bilmərəm. Bilirəm ki, məndən söz almaq istəyirlər”.

    Sonra vəkil Rəşad Mirmehdizadə 143 milyon məbləğin şişirdildiyini deyib:

    “Məhkəmədə dindirilən şəxslər də bunu təsdiq etdi ki, Maliyyə Nazirliyinin Müdafiə Nazirliyinə nəzarət edən şöbəsi 2017-2021-ci illərdə büdcənin xərclənməsi ilə bağlı heç bir qanun pozuntusunun olmadığını təsdiq ediblər, hər il yoxlamalar aparıblar, yeyinti aşkar etməyiblər. Büdcəni ayıran Maliyyə Nazirliyinin xəzinədarlıq şöbəsi hara baxırdı, əgər yeyinti varsa, nə məqsədlə bu qədər pul ayırırdılar. Bu məbləğ hansı sənədlər əsasında təsdiqlənib, sübutlar yoxdur. Bəzi məbləğlərə ittiham tərəfi də qiymət verə bilmir”.

    Vəkil qeyd edib ki, hüquqlarını müdafiə etdiyi şəxsə əlavə olaraq 4,6 milyon manatla bağlı ittiham veriblər:

    “Namiq Poladov gəlib 4,6 milyon pulu almağına aydınlıq verməli idi, o vəsatətimdə təmin olunmadı. Rafael Xələfov ilkin ifadəsində bütün məsələlərlə bağlı düzgün ifadə versə də sonradan fikirli olmuşam deyib ifadəsini dəyişib. Halbuki ilkin ifadəsi ilə həm Nizami Məmmədovun, həm də yoxlayıcıların, həm də hərbi hissələrin maliyyə xidmət rəislərinin ifadələri üst-üstə düşür. Biz ilkin ifadəmizdə nəyi necə demişiksə bütün istintaq və məhkəmə boyu onun üstündə də dururuq”.

    Digər təqsirləndirilən Cəlal Kazımovda 143 milyonluq ittihamla razılaşmadığını bildirib “Bu məbləğin mənimsənilməsi qeyri-mümkündür. Xəzinədarlıqdan çıxarılan məbləğlər şişirdilmiş rəqəmlərdi. Hərbi hissələrdə hərbçilərə verilən nağd ödənişlərin hamısı qalıb bizim boynumuzda, halbuki bu hal demək olar bütün hərbi hissələrdə olub. Rafael Xələfov da aldığı məbləğləri inkar edir”.

    Məhkəmə prosesi oktyabrın 11-də davam edəcək.

    Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

    Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

    Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

    Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.