Month: Sentyabr 2024

  • Gəncədə sirkə turşusu içən qadın xəstəxanada öldü

    Gəncədə zəhərlənmə hadisəsi baş verib.

    APA-nın məlumatına görə, hadisə şəhərin F. Bayramov küçəsində qeydə alınıb.

    Belə ki, 1941-ci il təvəllüdlü M. Babayeva evdə sirkə turşusu içərək zəhərlənib.

    Yaşlı qadın xəstəxanaya yerləşdirilib, lakin həkimlərin səylərinə baxmayaraq, M. Babayevanın həyatını xilas etmək mümkün olmayıb.

    Qadının hansı səbəbdən sirkə turşusu içdiyi məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • İranın 100 milyard dollara ehtiyacı var

    İranda iqtisadi artımı 4 faizdən 8 faizə çatdırmaq üçün hökumətin 100 milyard dollardan çox xarici investisiyaya ehtiyacı var.

    Median.Az fars.alarabia.net-ə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian dövlət televiziyasına müsahibəsində məlumat verib.

    Pezeşkian ölkənin iqtisadi problemlərinin həllinin xarici əlaqələrdən asılı olacağını vurğulayıb.

    İran Prezidenti Məsud Pezeşkianın təklifi ilə bu il Milli İnkişaf Fondunun neft gəlirlərindəki payı 20 faiz azaldılaraq 350 min milyard tümənə endirilir. Bu vəsait dövlət borclarının ödənilməsinə sərf ediləcək.

  • İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcərdə su elektrik stansiyasının açılışında

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda Tərtər çayı üzərində yerləşən “Azərenerji” ASC-nin 22,5 MVt gücündə olan “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Azərbaycanda yeddinci sinif şagirdi vəfat etdi

    Azərbaycanda yeddinci sinif şagirdi vəfat edib.

    Bu barədə sosial şəbəkələrdə məlumat verilib.

    Bildirilib ki, 264 nömrəli məktəb-liseyin 7-ci sinif şagirdi Amin Əlizadə uzun sürən xəstəlikdən sonra vəfat edib.

  • Kamçatkada qəzaya uğrayan helikopterdə həlak olanların hamısının cəsədi tapılıb

    Kamçatkada qəzaya uğrayan helikopterdə həlak olanların hamısının cəsədi tapılıb.

    Median.Az bu barədə TASS-a istinadən xəbər verir.

    “Mi-8T” helikopteri Vaçkajets vulkanı – Nikolayevka kəndi marşrutu ilə uçub. Onun axtarışı avqustun 31-də, təyin olunmuş vaxtda əlaqə yarada bilmədikdən sonra başlayıb. Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, təyyarədə 22 nəfər – 19 turist və üç ekipaj üzvü olub.

    Kamçatka diyarı hökuməti “Mi-8T” helikopterinin qəzaya uğramasının nəticələrinin aradan qaldırılması üçün qərargah yaradıb. Qərargahda psixoloji yardım və qohumlara ödənişlə məşğul olacaq sosial bölmə var.

    Bu gündən etibarən həlak olanların cəsədlərinin Petropavlovsk-Kamçatskiyə aparılacağı gözlənilir.

    Vilayətin qubernatoru Vladimir Solodov “Telegram” kanalına bildirib ki, sentyabrın 3-də “Mi-8T” helikopterinin qəzaya uğraması nəticəsində həlak olanlar üçün matəm günü elan edilib.

    Helikopter qəzası Rusiyanın müxtəlif bölgələrindən, o cümlədən Kamçatka, Moskva, Perm diyarı, Buryatiya, Udmurtiya, Lipetsk və Amur vilayətlərindən 18 nəfərin ölümünə səbəb olub. Solodov hadisəni “hamımız üçün dəhşətli faciə” adlandırıb.

    “Sentyabrın 3-nü Kamçatkada matəm günü elan edirəm, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm”, – deyə vilayət başçısı bildirib. O əlavə edib ki, helikopterin qəzaya uğramasının səbəblərini müəyyən etmək üçün Beynəlxalq Aviasiya Komitəsinin mütəxəssisləri tezliklə Kamçatkaya gələcəklər.

    Xatırladaq ki, “Mi-8” avqustun 31-də radarlardan itib. Onun təpəyə çırpılaraq qəzaya uğradığı bildirilib.

  • Türkiyə Misirə pilotsuz uçuş aparatları tədarük edəcək

    Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin sentyabrın 4-də Ankaraya gözlənilən səfəri zamanı Misirə pilotsuz uçuş aparatlarının tədarükü barədə müqavilənin imzalanması planlaşdırılır.

    Median.Az bu barədə Milliyet.com-a istinadən xəbər verir.

    Əs-Sisinin Türkiyəyə ilk rəsmi səfəri çərçivəsində iki ölkə arasında ikitərəfli ticarət dövriyyəsinin illik 10 milyard dollardan 15 milyard dollara qədər artırılması perspektivlərini müzakirə etmək üçün yüksək səviyyəli strateji əməkdaşlıq şurasının iclası keçiriləcək. Əs-Sisinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlar proqramında əsas məsələ Fələstin-İsrail münaqişəsinin həlli olacaq. Tərəflər həmçinin Şərqi Aralıq dənizi, Liviya və digər regional məsələlərdə vəziyyəti ətraflı müzakirə edəcəklər.

    Qeyd edək ki, Ərdoğan 12 ildən sonra ilk dəfə 2024-cü ilin fevralında münasibətlərin normallaşması prosesi çərçivəsində Misirə səfər edib. 2013-cü ildə hər iki ölkə Misir prezidenti Məhəmməd Mursinin devrilməsindən və Ankaranın buna mənfi reaksiyasından sonra öz səfirlərini geri çağırmışdı. 2021-ci ilin martında Türkiyə Xarici İşlər Nazirliyi Misirlə diplomatik səviyyədə əlaqələrin bərpa olunduğunu elan edib. 2023-cü ilin iyulunda hər iki ölkə Ankara və Qahirəyə səfirlər təyin etməklə diplomatik münasibətləri tam bərpa edib.

  • Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin TƏFƏRRÜATI AÇIQLANDI (YENİLƏNİB)

    F.Əliyarov adına Astara şəhər 6 nömrəli tam orta məktəbinin direktoru Ülviyyə Bayramova məktəbin gözətçisi Halik Əli oğlu Nəcəfov tərəfindən bıçaqlanıb.

    Astara rayonun “Gənc Alimlər” təşkilatından Bizim.media-ya verilən məlumatda hadisənin təfərrüatı açıqlanıb.

    Məlumata görə, direktor, bir neçə ay öncə, öz katibəsinin montaj edilmiş görüntülərini yayıb:

    “Material, saxta olsa belə, qadının nüfuzunun sarsılmasına səbəb olub və bıçaqlanma faktına gətirib çıxaran əsas amil də məhz bu olub. Şantaj hadisəsindən sonra katibə Validə Məmmədova ağır psixoloji-sarsıntı keçirib, səhhəti pozulub və 16 aprel 2024-cü ildə Ülviyyə Bayramovanın tələbini qəbul edərək, işdən çıxmağa məcbur qalıb”.

    “Gənc Alimlər” təşkilatından verilən digər məlumata görə, tərəflər arasında mübahisə məhkəməyə qədər uzanıb. Avqustun 27-də isə Astara Rayon Məhkəməsi Ülviyyə Bayramovanın xeyrinə qərar çıxarıb. Nəticədə, katibənin həyat yoldaşı, məktəbin gözətçisi işləyən Halik Əli oğlu Nəcəfov, affekt vəziyyətinə düşüb və 2024-cü il sentyabrın 1-də məktəbdə olarkən, direktor Ülviyyə Bayramovaya münaqişə zəminində bıçaqla xəsarət yetirib.

    Direktor Astara Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardımdan alandan sonra Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hələ ki onun sağlıq durumu barədə dəqiq məlumat verilmir.

    * * * * *

    Astara şəhərində bıçaqlanma hadisəsi baş verib.

    “Qafqazinfo” xəbər verir ki, Astara şəhər 6 nömrəli məktəbin gözətçisi məktəbin direktoru Ülviyyə Bayramovanı bıçaqlayıb.

    Müxtəlif dərəcəli xəsarətlər alan direktor xəstəxanaya yerləşdirilib. Onun həyatına təhlükə olmadığı, bıçağın daxili orqanları ciddi zədələmədiyi bildirilib.

    Bildirilir ki, Ülviyyə Bayramovanı bıçaqlayan gözətçi məktəbin kargüzarı Validə Məmmədovanın həyat yoldaşıdır. Bir müddət əvvəl Validə Məmmədova sosial mediada və kütləvi informasiya vasitələrində Ülviyyə Bayramovanı rüşvət və korrupsiyada ittiham etmişdi.

    Bundan sonra prokurorluq tərəfindən məktəbdə araşdırma aparılıb və iddialar təsdiqini tapmayıb. Ülviyyə Bayramova isə məktəbin kargüzarını xüsusi ittiham qaydasında məhkəməyə verib. Məhkəmənin hökmü ilə V.Məmmədova böhtan əməlində təqsirli bilinərək cəzalandırılıb.

    Cinayət əməlini törətməkdə şübhəli bilinən 40 yaşlı Halik Nəcəfov polis əməkdaşları tərəfindən saxlanılıb.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

  • İlham Əliyev Vyetnam prezidentinə məktub göndərdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti To Lama təbrik məktubu ünvanlayıb.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda dost Vyetnam xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

    Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq əlaqələrinin xoş ənənələri mövcuddur. Dövlətlərarası münasibətlərimizin yüksələn xətt üzrə inkişaf edərək hazırkı səviyyəyə çatması məmnunluq doğurur. Beynəlxalq təşkilatlar çərçivəsində uğurlu birgə fəaliyyətimiz və qarşılıqlı dəstəyimiz də bizi sevindirir.

    Siyasi münasibətlərimizin yüksək səviyyəsi və fəal dialoqumuz bütün sahələrdə, xüsusilə də iqtisadi-ticari, mədəni-humanitar, təhsil və digər sahələrdə səmərəli əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı zəmin yaradır.

    İnanıram ki, sağlam təməllər üzərində qurulmuş, qarşılıqlı inam və etimada əsaslanan Azərbaycan-Vyetnam dostluq əlaqələrinin daha da inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

    Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Vyetnam xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.