Month: Sentyabr 2024

  • Nişanı olacaq 31 yaşlı kişinin asılmış meyiti tapıldı

    Lənkəranda 31 yaşlı kişinin meyiti tapılıb.

    APA-nın məlumata görə, meyit rayonun Separadi kəndi ərazisində aşkarlanıb.

    Kənd sakini 1993-cü il təvəllüdlü Əhəd Sərxan oğlu Əkbərlinin meyiti yaşadığı evin həyətindəki yarımtikilidə asılmış vəziyyətdə tapılıb.

    Ə.Əkbərlinin evdə tək yaşadığı bildirilir. Məlumata görə, bu ay onun nişanı olacaqmış.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

  • Sabirabadda əvvəllər məhkum olunmuş şəxsdən narkotik aşkarlandı

    Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Seymur Kərimov saxlanılıb.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, həmin şəxsdən 5 kiloqrama yaxın marixuana və heroin aşkarlanıb.

    Qeyd edilən faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.

  • Paris-2024: Azərbaycan medal sıralamasında 31-ci pillədə qərarlaşıb

    Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında medal sıralamasında 31-ci pillədə qərarlaşıb.

    “Report”un məlumatına görə, yığmanın hesabında 1 qızıl, 1 gümüş və 1 bürünc medal var.

    Raman Saley 100 metr məsafəyə arxasıüstə üzməkdə gümüş mükafat əldə edib. Daha əvvəl isə Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (70 kq) qızıl, Sabir Zeynalov (58 kq) bürünc medala sahib çıxıb.

    Siyahıya Çin (33 qızıl, 27 gümüş, 11 bürünc) başçılıq edir. Böyük Britaniya (23 qızıl, 12 gümüş, 8 bürünc) ikinci, ABŞ (8 qızıl, 11 bürünc, 8 bürünc) üçüncüdür.

    Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.

  • Bakıda dələduzluqda ittiham olunan türkiyəli iş adamı yenidən hakim qarşısına çıxarılır

    Bakıda dələduzluqda təqsirləndirilən “Hom Paş Prestij” MTK-nın sahibi, Türkiyə vətəndaşı Hikmət Yiğitdölün barəsindəki hökmdən yenidən apellyasiya şikayəti verilib.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasovun sədrliyi ilə araşdırılacaq.

    Məhkəmənin ilkin hazırlıq iclası sentyabrın 4-nə təyin edilib.

    Qeyd edək ki, H.Yiğitdölün rəhbərlik etdiyi “Hom Paş Prestij” MTK 2008-ci ildə Bakı Şəhəri İcra Hakimiyyətinin sərəncamı ilə Xocalı prospekti, 1181-ci məhəllədə torpaq sahəsi alaraq çoxmərtəbəli bina tikintisinə başlayıb.

    İttihama görə, MTK-nın sahibi, türkiyəli iş adamı H.Yiğitdöl Bakıda 72 vətəndaşın etibarından sui-istifadə edərək bir mənzili ayrı-ayrı şəxslərə təkrar sataraq onların külli miqdarda vəsaitini dələduzluq yolu ilə ələ keçirib.

    Prosesdə ifadə verənə zərərçəkmiş Elçin Heydərov bildirib ki, 2007-ci ildə mənzil alsa da, sonradan mənzillərinin sənədlərini ala bilməyib və həmin mənzillərin başqa sahiblərinin olduğunu öyrənib.

    Sonradan ona binadan 100 min manat dəyərində qeyri-yaşayış obyekti və iki mənzil verilib. Buna görə də şikayət və tələbinin olmadığını, barışdıqlarını deyib.

    Digər zərərçəkmiş Vəli Əkbərli də ona məxsus qeyri-yaşayış obyektinin geri qaytarıldığını və şikayəti olmadığını qeyd edib.

    Bildirək ki, Hikmət Yiğitdöl Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.

    Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, bir neçə il müddətinə azadlıqdan məhrum edilib.

  • İmişlidə traktor AŞDI: Sürücü ÖLDÜ

    İmişlidə traktorun aşması nəticəsində sürücü ölüb

    APA-nın məlumatına görə, hadisə rayonun Oruclu kəndində baş verib.

    Oruclu kənd sakini, 1970-ci il təvəllüdlü Fərahim Əmir oğlu Əmirov idarə etdiyi traktoru aşırıb.

    Nəticədə o aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Öskürəyin müalicəsində uşaqları öldürə bilən səhv açıqlandı

    Uşaqlarda öskürəyi müalicə edərkən mukolitik (bəlğəm gətirici) və öskürək əleyhinə dərmanların birlikdə qəbulu məqsədəuyğun deyil.

    Median.Az gazeta.ru-ya istinadən xəbər verir ki, bunu rusiyalı otolarinqoloqu Daria Tsap bildirib. O, qeyd edib ki, belə hallar boğulma ilə nəticələnə bilər.

    Öskürək üçün vasitələr, o cümlədən şərbətlər iki yerə – antitüsiv və mukolitiklərə bölünür. Birincilər beyin qabığındakı öskürək mərkəzinə və öskürək reseptorlarına təsir edərək öskürək istəyini azaldır. Mukolitiklər isə bəlğəm istehsalını stimullaşdırır və onların tezliklə orqanizmdən çıxarılmasını təmin edərək bronxları təmizləyir.

    “Nəzərə almaq lazımdır ki, öskürək əleyhinə və mukolitikləri birləşdirmək mümkün deyil. Bu zaman bəlğəm mayeləşəcək, lakin öskürək refleksinin bloklanması səbəbindən uşaq onu öskürə bilməyəcək. Nəticədə bronxlarda maye yığılmağa başlayacaq. Bundan əlavə, altı yaşdan kiçik uşaqlara mukolitiklər verilməməlidir. LOR orqanlarının və tənəffüs yollarının quruluşuna görə selik mayeləşdikdə uşaq öz bəlğəmi ilə boğula bilər”, – deyə həkim bildirib.

    Onun sözlərinə görə, valideynlər arasında məşhur bir fikir var ki, quru öskürək əvvəlcə yaş öskürəyə çevrilməlidir və yalnız bundan sonra bəlğəmin çıxarılması başlamalıdır.

    “Bu müalicə rejimi həmişə özünü doğrultmur. Xüsusilə 12 yaşdan yuxarı uşaqlar və yeniyetmələrdə. Əsasən viruslar səbəbiylə quru öskürəyin olma ehtimalı daha yüksəkdir. Bu vəziyyətdə, öskürəyin başlanğıcında dərhal qarşısını almaq və onu yaş vəziyyətə gətirməmək daha yaxşıdır”, – mütəxəssis izah edib.

  • Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunun Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşa olunan 4-cü tuneldə və bu yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə tanış olublar.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcərdəki Xudavəng monastır kompleksində olublar

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda Xudavəng monastır kompleksində olublar.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcərdə su elektrik stansiyasının açılışında

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda Tərtər çayı üzərində yerləşən “Azərenerji” ASC-nin 22,5 MVt gücündə olan “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Belqorodun atəşə tutulması nəticəsində yaralananların sayı artıb

    Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod şəhəri və ətraf əraziləri atəşə tutması nəticəsində yaralanan mülki əhalinin sayı 11 nəfərə çatıb.

    Median.Az xəbər verir ki, bu barədə regionun rəhbəri Vyaçeslav Qladkov özünün “Telegram” kanalında məlumat verib.

    “10 zərərçəkmiş Belqoroddakı tibb müəssisələrinə aparılıb, bir nəfərə yerindəcə tibbi yardım göstərilib və sonrakı müalicə ambulator şəraitdə aparılacaq” , – o qeyd edib.

    Bundan əvvəl region rəhbəri Ukrayna Silahlı Qüvvələrinin növbəti dəfə Belqorod və ətraf ərazilərə zərbələr endirdiyini bildirərək, səkkiz dinc sakinin yaralandığını bildirmişdi.