Month: Noyabr 2024

  • Azərbaycanın Yüksək Liqasında daha iki görüş baş tutub

    Azərbaycanın futzal üzrə Yüksək Liqasının V turunda daha iki görüş baş tutub.

    “Baku Fire” “Neftçi”ni 8:5 hesabı ilə məğlub edib.

    “Yasamal” – “Şuşa” görüşündə isə böyükhesablı qələbə qeydə alınıb. “Şuşa” klubu 9:2 hesablı qələbəyə sevinib. Hər iki görüş “Olimpik Star”da baş tutub.

    Qeyd edək ki, V turun bu gün keçirilən U-19 – “Araz-Naxçıvan” matçı Naxçıvan təmsilçisinin 11:0 hesablı üstünlüyü ilə bitib.

  • Tbilisidə etiraz aksiyasında ölkə parlamentinin yerləşdiyi binanın pəncərələri sındırılıb

    Tbilisidə hakimiyyət əleyhinə növbəti etiraz aksiyasında ölkə parlamentinin yerləşdiyi binanın pəncərələri sındırılıb.

    Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

    “Mitinq başlayandan dərhal sonra aksiya iştirakçılarının bəzilərinin hərəkətləri zorakılığa çevrilib, ”, – məlumatda deyilir.

    Eyni zamanda, bəzi mitinq iştirakçıları pirotexniki vasitələr, daşlar və müxtəlif ağır əşyalardan istifadə ediblər.

    “Bir daha aksiyanın hər bir iştirakçısını öz etirazlarını qanuni, dinc formada bildirməyə və qanunsuz hərəkətlərə əl atmamağa çağırırıq”, – DİN əlavə edib.

  • Metronun “Həzi Aslanov” stansiyasında işlər nə vaxt yekunlaşacaq?

    Bu gündən metronun “Həzi Aslanov” stansiyasında qatarların dönmə kamerasının əsaslı təmiri və yenidən qurulması ilə əlaqədar Bakı metropoliteninin “yaşıl” və “qırmızı” xətlərində qatarların hərəkət qrafikinə dəyişiklik edilib.

    Bəs, görəsən, metronun “Həzi Aslanov” stansiyasında başlanan təmir və yenidən qurma işləri nə zaman yekunlaşacaq?

    Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlama verib.

    “Hazırda başlanacaq işlər dalan hissəsində olacaq. Təkcə dalan hissəsinin təmir işləri 1 il yarım, 2 il vaxt alacaq. Ümumilikdə metronun “Həzi Aslanov” stansiyasında təmir və yenidən qurma işlərinin nə zaman bitməsi ilə bağlı nəsə demək mümkün deyil. Stansiyanın özündə təhlillər aparılaraq, ekspertiza keçirilib, müvafiq rəylər alındıqdan sonra aparılan müayinələrdə söküntü prosesi başlayanda əskiklərin nə qədər olduğuna baxılır və qiymətləndirmə tərtib olunur. Məhz bundan sonra işlərin təxminən nə vaxt yekunlaşması barədə nəsə demək olar”, o deyib.

    Xatırladaq ki, “Həzi Aslanov”da aparılacaq təmir işləri ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən 11, 43, 51 və 57 nömrəli müntəzəm avtobus marşrutlarının iş saatları uzadılır. Bu gündən həmin avtobuslar səhər saat 6-dan gecəyarısınadək sərnişinlərə xidmət göstərməyə başlayıb.

  • Rusiya aviasiyası 2016-cı ildən bəri ilk dəfə Hələbə zərbə endirdi

    Rusiya və Suriyanın qırıcıları Hələb və ətrafında “Həyat Təhrir əş-Şam” üsyançı qrupunun mövqelərinə hücum edib.

    Qaynarinfo “Report”a istinadən istinadən xəbər verir ki, Rusiya hərbçiləri Hələb və İdlib vilayətlərində döyüşçülərə zərbələr endirdiklərini təsdiqləyiblər.

    Agentliyin mənbələrinin bildirdiyinə görə, Rusiya növbəti 72 saat ərzində əlavə yardım göndərməklə Dəməşqə hərbi dəstəyini gücləndirəcəyinə söz verib.

    Qeyd edək ki, Rusiya 2015-ci ildən Suriyadakı vətəndaş müharibəsində Bəşər Əsəd rejimini dəstəkləyir. Rusiya və İran hərbi dəstəyi sayəsində Hələb 2016-cı ildə hökumət qüvvələrinin nəzarətinə qaytarılıb.

  • Nazir: Növbəti tədris ilində Qarabağ Universitetinə 1 500-ə qədər tələbənin qəbulu planlaşdırılır

    Növbəti tədris ilində Qarabağ Universitetinə 1 500-ə qədər tələbənin qəbulu planlaşdırılır.

    Bunu “Report”un Qarabağ bürosuna açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
    “Ola bilər ki, bu rəqəm dəyişə də bilər. Əsasən mövcud fakültələr üzərindən yeni ixtisaslar yaradılacaq. Mövcud fakültələrdə müəllimlik ixtisaslarında yeni sahələr – kimya, biologiya, fizika və coğrafiya müəllimliyi olacaq. Bundan əlavə, mühəndislik ixtisaslarının da sayı artacaq. Tibb fakültəsinin də açılmasını planlaşdırırıq”, – nazir bildirib.

    E.Əmrullayev qeyd edib ki, Universitetin iki yeni korpusunun tikintisində ilkin işlər aparılıb.

    Nazir vurğulayıb ki, növbəti ildən Türkdilli dövlətlərdən və İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdən tələbələrin Qarabağ Universitetinə təhsil alması planlaşdırılır. O, növbəti ildə də Qarabağ Universitetində təhsilin dövlət sifarişli olacağını əlavə edib.

  • Ağdərə-Kəlbəcər yolunda aşan avtomobildə dörd nəfər ölüb, bir nəfər yaralanıb – YENİLƏNİB

    Ağdərə-Kəlbəcər yolunda baş verən ağır yol-nəqliyyat hadisəsində ölənlərin və xəsarət alan şəxsin kimliyi məlum olub.

    “Report”un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, yolsuzluq avtomobilinin aşması nəticəsində Kərimov Asəf Raquf oğlu, Məmmədov Samir Mətləb oğlu, Həsənov Mütalib Telman oğlu, Alxanov Sərdar İmran oğlu aldıqları xəsarətdən hadisə yerində ölüblər.
    Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Zülfüqarov İlkin Qurban oğlu isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırma başlanılıb.

    ***

    Ağdərə-Kəlbəcər yolunda ölümlə nəticələnən ağır yol-
    nəqliyyat hadisəsi baş verib
    .
     
    Reportun Qarabağ bürosunun əldə etdiyi məlumata görə, qəza yolsuzluq avtomobilinin aşması nəticəsində baş verib.

    Qəza nəticəsində 3 nəfərin öldüyü, 1 nəfərin yaralanması bildirilir.

    Faktla bağlı araşdırma başlanılıb.

  • “Ailəm dağıldı, reytinq xətrinə qarşı tərəfi danışdırdılar

    “İllər əvvəl ailəm dağıldı. Mən bu barədə çox danışmadım. Amma reytinq xətrinə qarşı tərəfi danışdırdılar. Hər halda ayrılan insanlar biri-biri haqda yaxşı söz danışmayacaqlar”.

    Bu sözləri Əməkdar artist Lalə Məmmədova “Elgizlə izlə” verilişində deyib. Müğənni sənət adamlarının daha çox yaradıcılığı diqqətdə saxlanılmalı olduğunu bildirib.

    “Bilirəm ki, həyat bumeranqdır. Həmin o müsahibəni alanların hamısı indi evlidirlər. Mən onlara pislik arzulamıram, amma yenə də deyirəm ki, həyat bumeranqdır. Günün birində bu hadisə onların başına gələrsə, o zaman anlayacaqlar. Məni övladlarımın atasının bu sənətə nə aidiyyatı var? Sənət adamı olsaydı, başqa məsələ. Düzdür, sənət adamı əlçatmaz olmalıdır. Amma elə bir dövrə gəlmişik ki, ailəmizi dolandırmaq üçün hər tədbirə getməliyik. Sənət adamının yaradıcılığı öndə olmalıdır. Anlayıram ki, şəxsi həyat hər kəsə maraqlıdır. Kimi araşdırsanız, hər kəsin yaralı bir yeri var. Ona toxunsaq, nə qazanacağıq? Sənət adamı səhnəyə sizə pozitiv ötürmək üçün çıxır. Onun xətrinə dəymək nəyə lazımdır?”.//Axşam.az 

  • Bakıda “Porsche” qəzaya düşdü, digər maşın yandı

    Bakının Xəzər rayonunda “Porsche” və “Fiat” markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

    Qaynarinfo FHN-ə istinadən xəbər verir ki, yanğın nəticəsində “Fiat” markalı minik avtomobilinin yanar hissələri yanıb.

    Yaxınlıqdakı qaz xətti və ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • 44 yaşlı musiqiçi evində ölü tapıldı – FOTO

    Amerikalı musiqiçi Robert Bryar vəfat edib.
     
    Median.Az xəbər verir ki, 44 yaşlı musiqiçi evində ölü tapılıb. Onun ölüm səbəbi hələlik bəlli deyil.

    Qeyd edək ki, Robert “My Chemical Romance”in keçmiş nağaraçısı olub.

  • Yüzlərlə sahibkarı işsiz qoyaraq, narazılıq yaradan kimlərdir?

    Təqribən, 3 ay əvvəl Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının yeraltı keçidlərindəki mağazaların fəaliyyəti dayandırılıb. Sahibkarlar iddia edirlər ki, ticarət köşklərinin hansı səbəbdən bağlanması ilə əlaqədar onlara heç bir məlumat verməyiblər. Bununla da, onlarca sahibkar son ümid yeri kimi baxdıqları mağazalardan əldə etdikləri cüzi qazancdan məhrum olublar.

    Üstündən xeyli müddət keçməsinə baxmayaraq, həmin ticarət köşklərinin taleyi qaranlıq olaraq qalır. Üstəlik, müvafiq qurumların mağazaların bağlanmasının səbəbləri barədə heç bir açıqlama yaymaması da sahibkarların narahatlığını getdikcə artırır.

    “Klassik-Aİ” MMM-nin həmtəsisçisi və baş direktoru İlham İsmayılovun imzası ilə redaksiyamıza ünvanlanmış məktub da məhz bu barədədir. Məktubda qeyd olunur: “1998-ci ildən “Klassik-Aİ” MMM-in Bakı Metropoliteninin “20 Yanvar” stansiyası yeraltı keçidində fəaliyyət göstərən ticarət köşklərinin işi 29 avqust 2024-cü il tarixində dayandırılmışdır. Bununla bağlı etdiyimiz çoxsaylı müraciətlərə cavab olaraq köşklərin fəaliyyətinin dayandırılması səbəbi paytaxtda keçirilən COP29 tədbiri ilə əlaqələndirilmişdir. Artıq COP29-un başa çatmasına baxmayaraq, hələ də mağazaların fəaliyyətinin bərpa edilməsi ilə bağlı heç bir məlumat ala bilmirik”.

    İ.İsmayılov yazır ki, hüquqi təmsilçisi olduğu “Klassik-Aİ” MMM şirkəti Bakı şəhəri, Həsən bəy Zərdabi, Rövşən Cəfərov küçələri və Moskva prospektinin kəsişməsində, 20 Yanvar dairəsindəki yeraltı piyada keçidində yerləşən ümumi sahəsi 489 kvadratmetr olan qeyri-yaşayış sahəsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (indiki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidməti) ilə bağlanmış müqavilə əsasında icarəyə götürərək burada sahibkarlıq (mağazaların təşkli) fəaliyyətini həyata keçirib. Bununla da, şirkət sahibkarlıq sahəsində fəaliyyət göstərmək istəyən çoxsaylı vətəndaş üçün iş imkanı yaradıb

    Sahibkarın sözlərinə görə, ötən müddətdə burada qanunvericilikdə nəzərdə tutulmuş bütün tələblərə uyğun olaraq təmizliyə, eləcə də təhlükəsizlik tədbirlərinə tam riayət olunub. Dövlət Vergi Xidmətinin razılığı əsasında kassa aparatları və POS-terminallarla təmin olunmuş sahibkarlar vergiləri vaxtlı-vaxtında ödəyiblər. Eyni zamanda, həmin keçiddən istifadə edən insanların gediş-gəlişinə mane olmamaq üçün müvafiq tədbirlər də görülüb. Bu yaxınlarda isə qarşılıqlı razılaşmaya əsasən ərazi üzrə müvafiq icra strukturu olan Mənzil-Kommunal Təsərrüfatı Birliyi ilə xidmətlərin göstərilməsi üçün yeni müqavilə bağlanıb.
     
    Elə ərazidə xırda ticarətlə məşğul olan sahibkarlar da 25 il ərzində çalışdıqları mağazaların fəaliyyətinin heç bir səbəb göstərilmədən dayandırılması ucbatından ciddi maliyyə böhranı keçirdiklərini bildirirlər. Onlar, hətta mağazaların bağlı qalması səbəbindən kassa aparatlarının və POS-terminalların fəaliyyətsizliyi barədə Vergilər Nazirliyinə məlumat da veriblər.

    Yeri gəlmişkən, ötən müddətdə “Klassik-Aİ” MMM-nin rəhbərliyi, eləcə də mağaza sahibləri müvafiq qurumlara etdikləri çoxsaylı müraciətlərə lazımi cavab ala bilməyiblər. Paytaxtda keçirilən beynəlxalq tədbirin sona çatmasına baxmayaraq, aidiyyəti qurumlardan, hələlik, heç bir səs-səmir çıxmır. Vaxt uzandıqca isə sahibkarların narazılıqları da artır.
     
    Elə biz də müvafiq qurumların məsələ ilə bağlı fikirlərini öyrənməyə çalışdıq. İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidmətindən sorğumuza cavab olaraq bildirilir: 
     
    “Bakı şəhəri, Yasamal rayonu, “20 Yanvar” metrostansiyasının keçidində yerləşən, Yasamal Rayon MKTB-nin balansında olan 489 kv.m. qeyri-yaşayış sahəsi (ticarət cərgəsi) 14.04.2009-cu il tarixindən “Klassik-Aİ” MMM-ə keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən icarəyə verilmiş və müqavilənin müddətinin uzadılması barədə müəssisənin müraciəti əsasında Əmlak Məsələləri Dövlət Xidməti ilə “Klassik-Aİ” MMM arasında 02.08.2022-ci il tarixli icarə müqaviləsi bağlanılıb. İcarə müqaviləsinin müddəti 27.07.2024-cü il tarixində bitib.
     
    Sorğuda qeyd edilən ticarət obyektinin bağlanılması səbəbi barədə Əmlak Məsələləri Dövlət Xidmətində məlumat yoxdur”.
     
    Digər qurumlardan isə məsələ ilə bağlı konkret bir fikir öyrənə bilmədik. Bununla belə, güman edirik ki, aidiyyəti dövlət təşkilatları yaxın günlərdə məsələyə əncam çəkərək işsiz qalmış sahibkarları sevindirəcəklər.