Month: December 2024

  • Ümummilli lider Heydər Əliyevin anım günüdür

    Bu gün bütün türk dünyasının fəxri, dünyaşöhrətli müdrik şəxsiyyət və görkəmli dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin anım günüdür.

    Heydər Əliyevin vəfat etməsindən 21 il ötür.

    Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub.

    1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olub, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməyib.

    Heydər Əliyev 1941-44-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləyib.

    1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib.

    1949-50-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqraddakı (indiki Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan sonra, 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilib.

    1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti – red.) tarix fakültəsinin qiyabi şöbəsini bitirib.

    1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə DTK-nın sədr müavini təyin edilib.

    1966-cı ildə Moskvada DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbinin rəhbər heyətin təkmilləşdirilməsi kurslarını müvəffəqiyyətlə bitirib.

    1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilib və həmin ildə də ona general-mayor rütbəsi verilib.

    Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.

    Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olub. 1974-79-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Şurasının sədr müavini vəzifəsini tutub.

    1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib.

    Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib.

    Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

    1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana yola düşüb, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilib.

    1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilib və müvafiq qanunvericiliyə əsasən, həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Bu vəzifədə o, 1993-cü ilə kimi çalışıb.

    Heydər Əliyev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilib.

    1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürüb və ölkənin ozamankı rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olub.

    Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.

    1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.

    O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkidə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

    2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkisində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb.

    2003-cü il dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend klinikasında vəfat edib və dekabrın 15-də Bakıda, Fəxri xiyabanda dəfn olunub.

    Heydər Əliyev beş dəfə keçmiş SSRİ-nin “Lenin”, “Qırmızı Ulduz” ordenləri və çoxsaylı medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına, həmçinin müxtəlif ölkələrin ali mükafatlarına, nüfuzlu ali məktəblərin fəxri adlarına layiq görülüb.

    Qeyd edək ki, Prezident İlham Əliyevin 2022-ci ilin 29 sentyabrında imzaladığı sərəncamla Azərbaycanda 2023-cü il “Heydər Əliyev İli” elan edilib.

  • Meksika körfəzində delfinlərin bədənində narkotik tapıldı

    Meksika körfəzində yaşayan delfinlərin bədənində narkotik tapılıb.

    Qayanarinfo bu barədə “ABC News”a istinadən xəbər verir. 

    KİV-in məlumatına görə, elmi ictimaiyyət Meksika körfəzində onlarla delfində fentanil və digər dərmanların tapıldığını göstərən araşdırma zamanı əldə edilən yeni məlumatlardan təşvişə düşüb. Mütəxəssislər xəbərdarlıq edir ki, bu fakt okeanların ekoloji vəziyyəti üçün ciddi nəticələrə səbəb ola bilər.

    Tədqiqat 2020-ci ilin sentyabrında dəniz bioloqları qrupu suda həyat əlaməti olmayan bir delfin aşkar etdikdən sonra başlayıb. Alimlər heyvanı daha çox araşdırma üçün götürmək qərarına gəliblər. 

    Daha sonra aspirant Makayla Quinn hormonlar üzərində işləmək üçün delfinlərdən toxuma nümunələri tələb etdikdə, həmin delfindən yağ nümunəsi çıxarıb və kimyəvi maddələrin varlığını müəyyən edib.

    Alimlər qeyd ediblər ki, delfinlər üçün dərman mənbəyi təkcə gəmiyə atılan qeyri-qanuni maddələr deyil, həm də kənd təsərrüfatının axıntıları və çirkab suları ilə əlaqəli çirklənmə ola bilər.

  • Sosial şəbəkələr çökdü

    “WhatsApp” və digər sosial şəbəkələrin işində problemlər yaranıb.

    Qaynarinfo xəbər verir ki, “WhatsApp” vasitəsilə mesaj göndərmək, paylaşımları izləmək mümkün deyil.

    Həmçinin, “Meta”ya daxil olan digər şəbəkələrin – “İnstagram” “Facebook” işində problem yaranıb.

  • Samuxda yanğın: Yeddi nəfərlik ailə evsiz qaldı

    Samux rayonunun Köbər kəndində gecə saat 4 radələrində baş verən yanğın qısa müddətdə evi tamamilə yararsız hala salıb. Hadisə nəticəsində 7 nəfərlik ailə evsiz qalıb.

    Yanğını söndürməyə çalışarkən ev sahibi Abid Qasımov xəsarət alıb.

    “Uşaq çıxıb dedi ki, ay nənə, evimiz alışıb yandı. Yuxudan durub mətbəxə getdim, gördüm ki, alov artıq göyə qalxıb. Nə qədər su tökdük, nə qədər çalışdıq, ancaq söndürmək mümkün olmadı. 50 ildə çəkdiyim əziyyət 40 dəqiqəyə yoxa çıxdı” , – deyə Abid Qasımov çarəsizliyini ifadə edib.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 180 kvadratmetr olan kürsülü, birmərtəbəli dördotaqlı evin yanar konstruksiyaları tamamilə yanıb. Yanğının yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb. Yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    Hadisənin başvermə səbəbləri araşdırılır.

    Ətraflı Baku TV-nin süjetində:

  • İrəvandan Bakıya təyyarə uçub – Göyərtədə kimlər olub?

    Ötən gün axşam saatlarında İrəvanın “Zvartnots” hava limanından qalxan təyyarə Bakıya enib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dekabrın 11-də saat 17:00-da İrəvandan Bakıya “Enter Air” aviaşirkətinin təyyarəsi uçub.
    “Hava gəmisi”nin göyərtəsində NATO Müdafiə Kollecinin kursantlarının olduğu güman edilir.

    Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi kollecin rəhbəri general-leytenant Maks Nilsenin rəhbərlik etdiyi nümayəndə heyətinin dekabrın 10-11-də Ermənistanda səfərdə olduğunu bildirmişdi. O, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Xarici İşlər Nazirliyi və Təhlükəsizlik Şurasının nümayəndələri ilə görüşlər keçirilib.

    Qeyd olunur ki, “Enter Air”in çarter reysi bir gün əvvəl – dekabrın 9-da kollecin yerləşdiyi Romadan İrəvana gəlib.

  • Tbilisidə yenidən aksiya keçirilir

    Gürcüstanın paytaxtı Tbilisidə parlament binası yaxınlığında hökumət əleyhinə növbəti aksiya keçirilir.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

    Bildirilib ki, yüzlərlə adam Tbilisinin əsas prospekti Rustaveliyə toplaşıb. Prospektdə nəqliyyatın hərəkəti kəsilib.
     
    Xatırladaq ki, Tbilisidə etirazlar noyabrın 28-də Baş nazir İrakli Kobaxidzenin Gürcüstanın 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə danışıqları dayandırmasından sonra yenidən başlayıb

  • Özbəkistan Mərkəzi Bankının rəhbəri vəzifəsindən azad edilib

    Özbəkistan Senatı Prezident Şavkat Mirziyoyevin təqdimatı əsasında Mamarizo Nurmuratovu Mərkəzi Bankının rəhbəri vəzifəsindən azad edib.

    M.Nurmuratov Mərkəzi Banka 2017-2024-cü illərdə rəhbərlik edib. 2000-2004-cü illərdə Özbəkistanın maliyyə naziri olub, 2004-2006-cı illərdə isə Səmərqənd vilayətinə rəhbərlik edib.

    Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Əsədov bildirib ki, Şavkat Mirziyoyev prezidentin iqtisadi sahələrin inkişafı, investisiya və xarici ticarət siyasətinin həyata keçirilməsi üzrə müşavirinin birinci müavini Timur İşmetovun Mərkəzi Bankın İdarə Heyətinin sədri vəzifəsinə namizədliyini Senata təqdim edib.
     
    ///report

  • Vəzifəli şəxslər 1 milyonu aralarında belə bölüblər

    Cinayət yolu ilə pul qazanmaq məqsədilə yaradılmış 299 sayda şirkətin rəhbərlərindən biri-axtarışda olan musiqiçi həbs edilib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 37 yaşlı Yasin Əhmədov adına rəsmiləşdirilmiş şirkətlər vasitəsilə xüsuilə külli miqdarda dövlət vəsaitinin yeyintisində iştirakda ittiham edilir.

    Maliyyə Monitorinqi Mərkəzinin izləmələri ilə şirkətlərin şübhəli əməliyyatlar apardığı üzə çıxıb. Məlum olub ki, Yasin Əhmədov və əlbir olduğu digər şəxslərin adına olan şirkətlər ölkə xarici və daxildəki müəyyən hesablara milyonlarla pul köçürüb. Pullar xaricə guya hansısa xidməti avadanlıqların alınması üçün köçürülsə də, heç bir alış-veriş aparılmayıb. Yeganə məqsəd cinayət yolu ilə qazanılmış pulları leqallaşdırmaq olub.

    Cinayətdə adı hallanan Yasin bu prosesə qoşulana kimi incəsənətlə məşğul olub, ona sözügedən iş üzrə nisbətən kiçik fiqur da demək olar. Elə toy danışığı zamanı müştərilərdən biri ona belə bir işə qoşulmağı təklif edib. Musiqiçi ilə razılaşma belə olub ki, adına şirkətlər yaradılacaq, o, əziyyət çəkmədən hər mədaxil nəticəsində pul qazanacaq. Yasini bu işə cəlb edən daha böyük “baş”lar var. Onlar da istintaqa cəlb edilib, həbsdədirlər.

    Hazırkı təqsirləndirilən şəxsi ona görə nisbətən kiçik fiqur adlandırırıq ki, onun qazancı hər köçürülən məbləğdən cəmi 200-300 manat olub. Məsələn, dövlət qurumlarının birindən 20 min manat pul köçürülübsə, oradan Yasinə 200-300 manat çatıb. O, istintaq müddətində özünü qismən təqsirli bilib.

    Y.Əhmədov barəsində bu ilin iyulunda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində 179.4-cü (mənimsəmə-xüsuilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Həmin vaxt Yasin istintaqdan gizlənib, bu səbəbdən axtarışa verilib. O, bir neçə gün əvvəl tutulub, barəsində 2025-ci ilin yanvarın sonuna kimi həbs qətimkan tədbiri seçilib.

    İstintaq cinayət məqsədilə istifadə edilən şirkətlərin hansı vəzifəli şəxslərlə iş gördüyünü üzə çıxarıb.

    Süni şəkildə tenderlərdə qalib gələn şirkətlərə pul köçürüb mənimsəmə edən həmin şəxslərin adları istintaq materiallarında yer alıb:

    – “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədrinin köməkçisi Abdullayev Samir Ramiz oğlu;

    – “Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanası”nın baş həkimi Xudiyev Azər Mənaf oğlu;

    – “Bakı şəhər Baş Səhiyyə İdarəsinin Təcili Yardım Avtobaza”sının direktoru Məmmədov Yaqub Şəmsi oğlu;

    – “Abşeron Regional Elektrik Şəbəkəsi” MMC-nin direktoru Vəliyev Elman İsrafil oğlu;

    – “Xızı rayon Şorabad bələdiyyəsi”nin sədri İsmayılov Fazil Şükür oğlu;

    – “Dəmiryolservis” MMC-nin sabiq direktoru Lütfəlibəyov Əli Əşrəf Orxan oğlu;

    – “5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin sabiq baş mühəndisi Sadıqov İsmayıl Lətif oğlu;

    – “Bakı Xareoqrafiya Akademiyası”nın sabiq baş mühasibi Əzimov Sahib Şakir oğlu.

    Adları keçən şəxslər xidmət göstərilməsi üçün 299 şirkətə dəyərindən artıq dövlət vəsaiti köçürüblər. Ümumilikdə qurumlardan 5 milyondan artıq pul köçürülüb, onun 1 milyondan bir qədər çox hissəsi sahibkarlarla köçürmə edən vəzifəlilər arasında bölüşdürülüb.

    Məsələn, qurumlardan biri iki il ərzində mal-materiallar alınması üçün şirkətlərə dəyərindən 160 min manat artıq pul köçürüb.

    Korrupsiya cinayətlərində əsas məqsəd dövlətə dəymiş ziyanın ödənilməsidir. Bu əsasla adları çəkilən vəzifəlilərin hamısına vurduqları ziyan tam ödətdirilib. Həmçinin cinayət məsuliyyətindən azad olunmaları üçün vurduqları ziyanın 25-50 faizi miqdarında dövlət büdcəsinə ödəniş də edilib. Bu səbəbdən qanunun müddəasına əsasən, onlar barəsindəki xüsusilə külli miqdarda mənimsəmə cinayətinə bəraətverici əsaslar olmadan xitam verilib.

    Musiqiçi şirkət rəhbərinə gəlincə, o, əməlinə görə hələ mühakimə ediləcək.

  • Əsəd Suriyadan necə qaçıb? – Detallar açıqlandı

    Suriya prezidenti Bəşər Əsəd Rusiya kəşfiyyatçılarının köməyi ilə ölkədən qaça bilib.

    Bu barədə “Bloomberg” vəziyyətlə tanış olan mənbələrə istinadən yazıb.

    Qəzetin yazdığına görə, Rusiya kəşfiyyatı Əsəd və ailəsini Suriyadakı Rusiya aviabazasından keçirib. Əsədin gedişi zamanı onun təyyarəsinin transponderi söndürülüb ki, izləmək mümkün olmasın.

    “Bloomberg”in üç mənbəsi qeyd edib ki, Rusiya kəşfiyyatı Əsədi silahlı üsyançılara qarşı mübarizədə uduzacağına inandırıb. Ona dərhal razılaşarsa, təhlükəsiz şəkildə ölkədən çıxış təklif ediblər.

    Qeyd edək ki, dekabrın 8-də Suriya dövlət televiziyası Suriya lideri Bəşər Əsəd rejiminin süqutunu elan edib. Telekanal “böyük Suriya inqilabının qələbəsi və Əsədin cinayətkar rejiminin devrildiyini” elan edib. Kreml Əsədin Rusiyadan sığınacaq aldığını təsdiqləyib.
    //qaynar.az

  • “Bayramqabağı düyü yenidən bahalaşacaq” (AÇIQLAMA)

    “Azərbaycanın düyü ilə təminatı çox aşağı səviyyədədir”.

    Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Vahid Məhərrəmli 2024-cü ildə uzun düyünün qiymətinin kəskin bahalaşması ilə bağlı statistikaya aydınlıq gətirərkən deyib.

    O bildirib ki, Azərbaycan 87% düyüyə olan təlabatını idxalın hesabına ödəyir:

    “87-90% idxaldan asılıyıq. Dünya bazarında düyünün qiymətində artımlar müşahidə olunsa da son vaxtlar qiymətlər aşağı düşür. Əslində noyabr ayında qiymətlər enməli idi. Ona görə ki, oktyabr ayında dünya bazarında düyünün qiyməti ucuzlaşmışdı. BMT-in Kənd təsərrüfatı və ərzaq təşkilatı dünya üzrə qiymətləri araşdırır. Onların hesabatına görə, oktyabr və noyabr aylarında bütün npv düyülərin qiymətində enmə var. Təəssüflər olsun Azərbaycanda düyü idxalı monopoliyada olduğu üçün bu sahə ilə məşğul olanlar çalışırlar ki, qiyməti maraqlarına uyğun tənzimləsinlər”.

    Vahid Məhərrəmli bayramqabağı düyünün qiymətində yenidən artım olacağını düşünür:

    “Hamı düyü almağa məcbur olacaq. Ona görə də qiyməti artıracaqlar”.

    Qeyd edək ki, Dövlət Statistika Komitəsinin 2024-cü ildə hansı ərzaq məhsullarının bahalaşması ilə bağlı siyahını açıqlayıb. Cari ilin noyabr ayında əvvəlki aya nisbətən qida məhsullarından daha çox bahalaşma uzun düyünün qiymətlərində müşahidə olunub.