Month: December 2024

  • Ağdərə-Kəlbəcər yolunda baş verən qəzada yaralanan şəxsin vəziyyəti açıqlandı

    Noyabrın 30-da Tərtər rayonu Suqovuşan qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxsin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

    Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

    “Tərtər rayonu Suqovuşan qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 1992-ci il təvəllüdlü (kişi cinsli) şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

    Ona döş qəfəsində çoxsaylı qabırğaların sınığı və sol körpücük akromial oynağın travmatik çıxığı diaqnozu təyin edilib. Pasiyentə zəruri tibbi yardımlar göstərilib və Cərrahiyyə şöbəsinə yerləşdirilib.

    Hazırda pasiyentin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir”, – deyə məlumatda qeyd olunub.

    Xatırladaq ki, sözügedən yol-nəqliyyat hadisəsi zamanı dörd nəfər ölüb. Hadisəyə səbəb avtomobilin aşması olub.

  • İlham Əliyev iki ölkənin prezidentlərinə təbrik məktubu ünvanladı

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana təbrik məktubu göndərib.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

    Birləşmiş Ərəb Əmirlikləri Sizin rəhbərliyiniz altında böyük uğurlara imza ataraq dünyanın inkişaf etmiş və böyük nailiyyətlər qazanmış ölkələrindən birinə çevrilmişdir.

    Qardaşlıq, qarşılıqlı hörmət, etimad və dəstək üzərində qurulmuş Azərbaycan-BƏƏ dövlətlərarası münasibətləri hazırda dinamik və hərtərəfli inkişaf etməkdədir. Fəal siyasi dialoqumuz bütün sahələrdə əməkdaşlığımızı daha da genişləndirmək üçün yaxşı zəmin yaradır. Cari il ərzində Sizin Azərbaycana həyata keçirdiyiniz iki səfər qardaşlıq münasibətlərimizin yüksək səviyyəsindən xəbər verir.

    Son dövrdə ölkələrimiz arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, əməkdaşlığımızın inkişafında yeni istiqamətlər müəyyən edilmişdir. Enerji sektorunda, xüsusilə də yaşıl enerji sahəsində atdığımız önəmli addımlar məmnunluq doğurur. Bu xüsusda ölkənizin “Masdar” şirkətinin bərpaolunan enerji sahəsində Azərbaycandakı səmərəli fəaliyyətini ayrıca vurğulamaq istərdim.

    Eyni zamanda Azərbaycanın COP29 sədrliyi ilə BƏƏ-nin COP28 sədrliyi arasında təşəkkül tapmış uğurlu əməkdaşlıq münasibətlərini təqdir edir, ölkələrimizin bundan sonra da iqlim fəaliyyətinin irəli aparılması istiqamətində birgə çalışacağına inamımı ifadə edirəm.

    Əminəm ki, Azərbaycan-BƏƏ dostluğunun və etibarlı tərəfdaşlığının möhkəmləndirilməsi, əməkdaşlığımızın həm ikitərəfli, həm də çoxtərəfli əsaslarda genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

    Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, Birləşmiş Ərəb Əmirliklərinin qardaş xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

    Bundan başqa, dövlətimizin başçısı Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitə də təbrik məktubu göndərib:

    “Laos Xalq Demokratik Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

    Biz Azərbaycan-Laos dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk. Cari ilin oktyabrında Sizinlə Kazanda səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşümüzü ən xoş təəssüratlarla xatırlayıram.

    İnanıram ki, xalqlarımızın maraqlarına uyğun olaraq və mövcud imkanlardan istifadə edərək birgə səylərimizlə dostluq əlaqələrimizin inkişafına, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı səmərəli əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq.

    Fürsətdən istifadə edərək Sizi Azərbaycana səfərə dəvət edirəm.

    Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram”.

  • Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alındı

    Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

    Median.Az xəbər verir ki, noyabr ayının 27-də saat 17:30-da Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 79 kiloqram 450 qram narkotik vasitə (78 kq 400 qram marixuana, 1 kq 50 qram tiryək), 1000 ədəd narkotik tərkibli metadon M-40 və 30 ədəd Tamol-X 225 mg-Tramadol həbləri aşkar olunaraq götürülüb.

    Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.