Month: December 2024

  • Qışda dərslər 1 saat gec başlasın – TƏKLİF

    “Dekabr ayıdır, tezdən saat 8-ə qalır, amma hələ də ala qaranlıqdır. Küçələrdə məktəbə tələsən uşaqlar görünür. Hələ qışın sərt aylarında – yanvarda, fevralda – bu saatlar tamamilə zülmət olur. Sürüşkən yollar, soyuq hava və qaranlıq küçələr məktəblilər üçün təhlükəsiz deyil. Bununla belə, bu uşaqlar dərsə çatmaq üçün ən geci saat 7-də yuxudan oyanmağa məcburdurlar”.

    Bu fikirləri təhsil eksperti Kamran Əsədov məktəblərdə dərs saatlarının səhər saat 7:30-da, 8:00-də başlamasına münasibət bildirərkən deyib.

    Onun sözlərinə görə, səhər erkən saatlarda – alqaqaranlıqda dərsə getmək azyaşlı uşaqlara mənfi təsir göstərir:

    “Bu vəziyyət təkcə fiziki deyil, həm də psixoloji və akademik təsirlər yaradır. Erkən oyanmaq kiçik yaşlı uşaqların təbii yuxu ritminə uyğun deyil. Onlar dərsə yorğun, diqqətsiz və motivasiyasız gəlirlər. Üstəlik, qaranlıqda məktəbə gedən şagirdlərin təhlükəsizliyi də ciddi narahatlıq doğurur”.

    Ekspert deyir ki, qış aylarında dərsləri 1 saat gec başlamaq olar. K.Əsədov bu təklifini belə əsaslandırıb:

    “Bu addım uşaqların sağlamlığını və təhlükəsizliyini qoruyar; Onların yuxu rejimini tənzimləyər və dərslərdə diqqəti artırar; Həm də valideynlər üçün erkən səhər tələsikliyini bir qədər yüngülləşdirər”.

    K.Əsədovun sözlərinə görə, uşaqları sağlam və təhlükəsiz təhsil mühiti təmin etmək vacibdir:

    “Məqsədimiz yalnız dərs vermək deyil, həm də uşaqlarımıza sağlam və təhlükəsiz bir təhsil mühiti təmin etməkdir. Qış aylarında məktəb dərslərinin başlanğıc saatını dəyişmək bu istiqamətdə atılan kiçik, amma çox önəmli bir addım ola bilər. Təhsil təkcə kitablarla yox, həm də uşaqlarımızın həyat keyfiyyətini artırmaqla inkişaf edir”.

  • Bakı metrosunda iki qadının halı pisləşdi

    Bakı metrosunda olay yaşanıb.

    Median.Az milli.Az-a istinadən xəbər verir ki, hadisə metronun “28 May” stansiyasında baş verib.

    Belə ki, 25-30 yaşlarında olan qadınların anidən halı pisləşib. Stansiyada olan digər sərnişinlər onlara köməklik göstəriblər.

  • Dronla icazəsiz “Sağlam Ailə”nin reklamını çəkdi – Saxlanıldı

    Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən “Sağlam Ailə” klinikasının dronla reklamını çəkdiyi üçün saxlanılan şəxsin cəzası məlum olub.

    Qaynarinfo-nun məlumatına görə, 1986-cı ildə Türkmənistan Respublikasında anadan olmuş V.F. “Sağlam Ailə” klinikasının qarşısında, COP29 tədbiri ilə əlaqədar Bakı şəhərinə gəlmiş xarici dövlətlərin nümayəndələrinin sıx yerləşdiyi otellərin ətrafında icazəsiz dron uçuraraq, videoçəkilişlər aparıb.

    O, bu səbəbdən saxlanılıb. V.F. barəsində İnzibati Xətalar Məcəlləsinin 592-1-ci maddəsi protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

    Məhkəmənin qərarı ilə, V.F.-nın “MARK 300” markalı pilotsuz uçuş aparatı müsadirə olunub və 150 manat cərimə edilib.

  • Qəzzada ölənlərin sayı 44 min 466-ya çatıb

    İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda son 24 saatda daha 37 nəfər həyatını itirib.

    Median.Az xarici mətbuata istinadən xəbər veirr ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 423 gündür hücumları ilə bağlı məlumat verilib.

    İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi hücumlarda 37 nəfərin həyatını itirdiyi, 108 nəfərin isə yaralandığı bildirilib.

    Qeyd olunub ki, İsrailin Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı 44 min 466-ya, yaralıların sayı isə 105 min 358-ə yüksəlib.
    //azxeber.com

  • Astarada yeniyetmənin meyiti tapılıb

    Astarada axtarılan yeniyetmənin meyiti tapılıb.

    Hadisə rayonun Şahağacı kəndində baş verib. Kənd sakini 2010-cu il təvəllüdlü Namiq Şamil oğlu Həsənov ötən gecədən qohumları tərəfindən axtarılıb. Nənəsi ilə qalan Namiqin meyiti bu gün qaldığı evin həyətində asılmış vəziyyətdə tapılıb.

    Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

    ///apa

  • Türkiyə vətəndaşı azyaşlı qızını niyə qətlə yetirib? – Sumqayıtdakı qətlin yeni detalları

    Sumqayıtda Türkiyə vətəndaşı, 1984-cü il təvəllüdlü Ahmet Yeşilin azyaşlı övladı – 2022-ci ildə anadan olmuş Zeynəbi qətlə yetirməsinin detalları məlum olub.

    Demokrat.az-ın əldə etdiyi məlumata görə, qətl hadisəsi 30 mart 2024-cü ildə baş verib. Ahmet həmin gün saat 23 radələrində rəsmi nikahda olduğu arvadı Günayla arasında şəxsi münasibətlər zəminində uzun müddət davam edən mübahisə yenidən başlayıb.

    Mübahisə zamanı qızları Zeynəb dayanmadan ağladığından Günayın onlarla birlikdə yaşayan anası azyaşlını onların otağına gətirib, uşağı sakitləşdirməsini tələb edib.

    Həmin vaxt Ahmet əsəbiləşib ağlayan qızı Zeynəbdən yaxa qurtarmaq məqsədilə onu öldürmək qərarına gəlib. O, uşağı qucağına alıb evdən çıxıb, yaxınlıqda olan Xəzər dənizinin Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi sahilinə aparıb. Dizinə qədər dəniz suyuna girərək azyaşlı olması ilə əlaqədar aşkar surətdə köməksiz vəziyyətdə olan Zeynəbi suya basıb, bir neçə dəqiqə həmin vəziyyətdə saxlayaraq boğub.

    Uşağın hərəkət etmədiyini gördükdən sonra sahilə çıxıb. Lakin bu zaman Zeynəbin ayıldığını və hərəkət etməyə başladığını gördüyündən öz cinayətkar niyyətini başa çatdırmaq üçün yenidən dizinə qədər dənizə girib, Zeynəbi daha bir neçə dəqiqə suda saxlayıb. Bununla da Zeynəbin ölümünə səbəb olub.

    Hadisəni törədən Ahmetin barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ahmet ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Türkiyə Respublikasında yaşayıb, orada ailəsi və iki uşağı olub: “Sonradan təxminən 2021-ci ildə internet vasitəsilə Günay adlı qadınla tanış oldum. Bir müddət sonra sonuncu ilə ailə qurdum. Günay məndən əvvəl bir dəfə evlənərək boşanıb. Həmin evlilikdən Tofiq adlı daun sindromlu bir oğlan uşağı doğulub. Evləndikdən sonra biz bir müddət Malatyada yaşadıq, daha sonra birlikdə Sumqayıt şəhərinə qayıdaraq, Günayın valideynləri Azadə və Əjdər, habelə Günayın əvvəlki nikahdan olan övladı ilə birlikdə yaşadıq”.

    Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci ildə onların Zeynəb adlı övladı dünyaya gəlib:

    “Günayla münasibətlərimiz hər zaman yaxşı olub, ailəmə, həmçinin Günayın birinci övladına qayğı ilə yanaşmışam. Mənimlə Günay namaz qıldıqlarına görə spirtli içki qəbul etməmişik. İlk vaxtlar münasibətlərimiz yaxşı olsa da, qızım doğulduqdan sonra Günay və qayınanam Azadənin münasibəti mənə qarşı dəyişməyə başladı. Hadisədən bir müddət əvvəl Sumqayıt şəhərində yerləşən “Karvan” Ticarət Mərkəzində dönərxananı kirayə götürərək işlətdim. Araşdırılan hadisəni törədən zaman özümdə olmamışam, ağlım yerində olmadığına görə bu cür hərəkətlərə yol vermişəm”.

    Ahmet bildirib ki, hadisə baş verən gün – 30 mart 2024-cü ildə, səhərdən axşama kimi işdə olub, evə qayıdan zaman marketdən uşaqlara ərzaq alıb:

    “Evə gəldikdə uşaqlarla vaxt keçirəndən sonra istirahət etmək üçün öz otağıma keçdim. Mən otaqda olanda evə Günayın valideynləri – anası Azadə ilə atası Əjdər gəldilər. Bundan sonra otaqda olsam da, qızım Zeynəbin ağladığını, ancaq Günayın uşağı qucağına alaraq sakitləşdirmədiyini eşitdim. Halbuki bundan əvvəlki zamanlarda, Zeynəb belə ağladıqda Gunay onu qucağına alıb, ana südü verməklə sakitləşdirə bilib. Bununla belə, Gunay Zeynəbi sakitləşdirmək əvəzinə, anası ilə yüksək səslə barəmdə danışdı. Bu zaman mən yorğun olduğum üçün otaqdan çıxmadım. Az sonra Günay uşaq bezi götürmək üçün otağa daxil oldu. Mənim həmin vaxt telefonla danışdığımı görüb, kiminlə danışdığımı soruşdu. Günayın bu sualına görə ona əsəbiləşdim. Bu zaman Zeynəb ağlamağa davam etsə də, Günay yenə də onu sakitləşdirmək üçün heç nə etmədən hamam otağına keçdi”.

    Azyaşlı uşağının qatili deyib ki, daha sonra Azadə Zeynəbi onun olduğu otağa gətirib və “atası deyilsən, al uşağı susdur”, – deyib:

    “Daim Zeynəb ağladıqda yalnız anası onu sakitləşdirməyi bacarsa da, o bunu etmədi. Bununla belə həmin vaxt Zeynəbi sakitləşdirməyə çalışdım. Zeynəbi sakitləşdirmək üçün qucağıma götürdüm, dəsmalı üstünə saldım, mağazaya apardım və yalnız ona yeməsi üçün uşaq ərzaqları aldıqdan sonra Zeynəb sakitləşdi. Bununla belə marketdən çıxandan sonra Zeynəb yenidən ağlamağa başladı. Bu zaman mən əsəbi oldum. Zeynəbin sanki məndən kömək istədiyi ağlıma gəldiyi üçün bütün fikrimi onu sakitləşdirməyə yönəltdim. Heç nə düşünmədən Zeynəbi dəniz kənarına apardım. Orada da, mən dizimə qədər suya girərək Zeynəbi əlimdə suya batırdım. Təxminən 4 dəqiqə həmin vəziyyətdə saxladıqdan sonra sudan çıxardaraq sahilə qaytardım. Lakin bu zaman Zeynəbin nəfəs aldığını gördüm, yenidən dənizə girərək Zeynəbi təkrarən tam olaraq suya soxaraq, təkrarən 3-4 dəqiqə gözlədim. Sonra isə əlimdən suya buraxıb sahilə qayıdaraq oradan uzaqlaşdım. Mən əvvəllər heç vaxt qızımı incitməmişəm. Ailədə gərginliyə görə son zamanlar əsəblərim pozuldu. Uşağı dənizə aparmaqda məqsədim Günayın uşaqla maraqlanmadığı üçün ondan intiqam almaq olub. Mən hadisə törədərkən ağlım başımda olmayıb. Törətdiyim əməldən peşmanam. Mən özümü qatil hesab etmirəm. Hesab edirəm ki, mən həqiqətən, qatil olsaydım, Günay və onun anası həyatda olmazdılar. Onları öldürüb, cəzamı çəkəndən sonra qızımla birlikdə yaşayardım”.

    İş üzrə zərərçəkmiş Zeynəbin hüquqi varisi qismində ifadə verən anası Günayın sözlərinə görə, 2022-ci ildə doğulmuş mərhum Zeynəb onunla Ahmetin övladı olub:

    “Sonuncu ilə ailə qurduqdan sonra, münasibətlərimiz normal olsa da, Ahmet bu hadisədən bir ay əvvəldən dəyişdi. Məni evdə danışdırmadı, mənimlə ünsiyyəti olmadı. Hadisə günü də, yəni martın 30-da Ahmet işdən evə gəldi və öz otağına keçdi. Ahmet otağa keçdi, siqaret çəkərək telefonla qadınlarla danışdı. Mən otağa keçdikdə isə məni kobud danışdırdı. Həmin gün Ahmetin bu hərəkətlərindən qəzəbləndim, Ahmetə heç nə demədən özüm üçün bərkdən deyinməyə başladım. Ona – “səni istəmirəm, mənə belə həyat lazım deyil”, – dedim. Bu zaman evdə kənar heç kim olmasa da, bir qədər sonra oraya anam Azadə, az sonra isə atam Əjdər gəldi. Anam məndən hirsli olmağımın səbəbini soruşdu. Mən də dərdimi anam Azadə ilə bölüşdüm. Həmin vaxt anam Ahmetə heç nə bildirmədən mənə – “öz məsələnizdir, öz aranızda həll edərsiniz”, – dedi. Bu zaman mən danışa-danışa Ahmetin olduğu otağa girdim, yatmaq üçün uşaqları rahatladım. Ahmet isə heç mənə məhəl də qoymadı. Həmin vaxt çox əsəbiləşdiyim üçün səhhətim pisləşdi və divanda uzandım. Anamdan da mənə su gətirməsini istədim. Həmin vaxt südəmər qızım Zeynəb ana südü içdi, qucağımdan yerə düşdü”.

    Günayın ifadəsinə görə, bundan sonra Zeynəb onun ilk nikahından olan daun sindromlu oğlu Tofiqin əlindən telefonu almaq istəyib, Tofiq telefonu vermədikdə isə Zeynəbə gedərək həmin vaxt öz otağında olan atasından telefonunu istəməsini deyib: “Zeynəb isə Ahmetin yanına getməyərək ağlamağa başladı. Az sonra anam Tofiqi yatızdırmağa apardı. Mən özüm isə əsəbi halda qalxaraq hamam otağına keçdim. Bu zaman Zeynəb ağlamağa davam etdiyi üçün anam Azadə gələrək Zeynəbi qucağına götürdü. Lakin Zeynəb anamın qucağında dayanmayaraq yerə düşdü. Bundan sonra anam Zeynəbi otağına apararaq, Zeynəbin atasını istədiyini dedi. Bu danışılanları mən hamamdan eşitdim. Az sonra Zeynəb sakitləşdi. Mən hamamdan çıxdım. Elə bu vaxt, yəni saat 23 radələrində Ahmet öz əynini geyinərək otaqdan çıxdı. Bu zaman Zeynəb Ahmetin qucağında olub. Ahmet Zeynəbin üstünə dəsmal ataraq evdən çıxıb. Anam Azadə bunu görərək ondan haraya getdiyini soruşdu. Ahmet bir azdan gələcəyini deyərək qucağında olan Zeynəblə birlikdə getdi. Zeynəbi sakitləşdirərək qaytaracağını düşünsək də, Ahmet qayıtmadı. Bir qədər sonra Ahmetə zəng etməyə çalışsaq da, telefon bağlı olub. Biz qohumlarımın evinə zəng edərək Ahmeti tapa bilmədiyimiz üçün səhəri günü, tezdən Ahmetin iş yerinə gedərək saat 12-yə kimi anam ilə birlikdə orada gözləsək də, Ahmeti tapa bilmədiyimiz üçün evə qayıtdıq. Avtobusdan düşüb evə piyada gedərkən yolda polis əməkdaşının orada olanlara telefonda nəsə göstərdiyini gördük. Onlara yaxınlaşanda polis əməkdaşı telefonda olan şəkli bizə də göstərdi, şəklə baxanda Zeynəbin dənizin kənarında yerdə uzanıqlı halda olduğunu gördüm”.

    Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ahmet 20 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

  • Müəllimin şagirdi döyməsi iddiasına cavab: “KSQ-nin nəticələri valideyni qane etməyib” – FOTO

    “307 saylı orta məktəbin 6e sinfində oxuyan oğlum fizika müəllimi tərəfindən zorakılığa məruz qalıb. Sinif rəhbəri isə onu məktəbdən qovacağı ilə hədələyir”.

    Bunu Bakupost.az-a şagirdin anası, 346 saylı məktəbdə müəllim işləyən Məlahət Nağıyeva bildirib.

    Onun sözlərinə görə, fizika müəllimi Günay Şamilova təbiət fənni dərsi zaman şagirdə fiziki şiddət göstərib:

    “Günay Şamilova uşaq dərslə bağlı sual verəndə onun başına bərkdən vurub və: “Yekəbaş, sən niyə bunu bilmirsən?” – deyib. Uşaq deyir ki, əli ilə elə bərk vurdu ki, şappıltısına bütün uşaqlar güldülər”.

    Valideynin sözlərinə görə, oktyabrın 30-da isə sinif yoldaşı oğlunun boğazından yapışaraq başını lövhəyə çırpıb, daha sonra isə yıxıb və təpikləyib:

    “Uşaq dedi, az qala, nəfəsim kəsilmişdi. Sıxmaqdan boğazında cırmaq izləri qalmışdı. Səhəri gün direktorun yanına apardım. Sinif rəhbərinə dedim. Direktor dedi ki, başqa sinfə keçirək, ya da alınmırsa, uşağı məktəbdən çıxarın. Uşağın döyülməsi ilə bağlı heç bir tədbir görmədi.

    Sinif rəhbəri Vüsalə Əliyevanın oğlu başda olmaqla yeddi nəfər idman zalının geyim otağında uşağı döyüb. Arxadan uşağın alt geyimini çəkiblər. O da onlardan birini itələyib ki, sən nə edirsən? Sonra yeddi nəfər birləşib onu döyüb.

    Sinif rəhbəri isə valideynlərə şikayət yazdırmaq istəyib ki, uşağı məktəbdən çıxartdırsın. Bəzi valideynlər razılaşmayıblar. Deyiblər ki, biz onları tanımırıq, niyə yazaq? Hətta bir valideyn mənə yazdı ki, bizə ərizəni məcbur yazdırdılar. Vüsalə müəllimə uşağa deyib ki, ya səni sinifdən çıxaracağam, ya da özüm çıxacağam”.

    Məlahət Nağıyeva oğlunun artıq 10 gündür dərsə getmədiyini deyib. Onun sözlərinə görə, tez-tez məktəbdə uşağı aşağılayır, fiziki təzyiq göstərirlər:

    “Uşaq psixoloji sarsıntı, stres keçirir. Hər dəfə məktəbə gedəndə eyni şeyləri yaşamaqdan yorulub”.

    Məsələ ilə bağlı 307 saylı məktəbdən bildirilib ki, döyüldüyü iddia olunan VI sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) davranış qaydalarını mütəmadi olaraq pozur, dərs prosesi zamanı aqressiv davranışlar göstərir, eyni zamanda, digər şagirdlərə təzyiq edir:

    “Şagirdlə məktəb rəhbərliyi, məktəbin psixoloqu tərəfindən profilaktik söhbət aparılıb, müvafiq tövsiyələr verilib. Şagirdin valideyni dəfələrlə məktəbə dəvət edilərək, övladının uyğunsuz davranışı ilə bağlı ona məlumat verilməsinə və xəbərdarlıq olunmasına baxmayaraq, müsbət nəticə əldə edilməyib.

    Müəllimin VI sinif şagirdinə fiziki təzyiq göstərməsi ilə bağlı valideynin iddiaları əsassızdır. Müəllimə qarşı əsassız ittihamı KSQ-də (kiçik summativ qiymətləndirmə – red.) obyektiv qiymətləndirmə nəticələrinin valideyni qane etməməsindən qaynaqlanır”.


  • “Qarabağ” klubuna iki qol vuran futbolçu Fransada qarət olunub

    Gürcüstan millisinin və Fransanın “Lion” komandasının futbolçusu Jorj Mikautadze qarət olunub.

    Hadisə Liqa 1-in XIII turunun “Nitsa” ilə oyunundan (4:1) sonra baş verib.

    Evinin qarşısında 24 yaşlı hücumçuya yaxınlaşan iki naməlum şəxs onun bahalı saatını və pulunu alıb. İddiaya görə, cinayətkarlardan birinin üzərində silah olub. Hadisə nəticəsində futbolçu xəsarət almayıb. İnsidentlə bağlı araşdırma aparılır.

    Qeyd edək ki, Jorj Mikautadze noyabrın 28-də UEFA Avropa Liqasının Liqa mərhələsində Bakıda “Qarabağ”a qarşı keçirilmiş V tur oyununda (4:1) Ağdam təmsilçisinin qapısına 2 qol vurmuşdu.

  • В Ичеришехер начнется ремонт жилых домов

    На территории Ичеришехер начнется ремонт находящихся на балансе государственного жилого фонда домов и кровель.

    Как сообщает Median.Az со ссылкой на единый интернет-портал государственных закупок, жилищно-коммунальная и ремонтная служба Государственного историко-архитектурного заповедника “Ичеришехер” при Кабинете министров Азербайджана уже начала подготовку к этим работам.

    По предварительным оценкам, выполнение указанных работ обойдется в 105 886 манатов.

  • İçərişəhərdə yerləşən bəzi mənzillər təmir olunacaq

    İçərişəhər ərazisində bir sıra mənzillərin təmiri işləri həyata keçiriləcək.

    Bu barədə dövlət satınalmalarının vahid internet portalından məlumat verilib.

    Belə ki, İçərişəhər ərazisinin Dövlət Mənzil Fonduna məxsus mənzillərin və dam örtüyünün təmir işləri aparılacaq.

    Məlumata görə, artıq bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-Kommunal və Təmir Xidməti hazırlıqlara başlayıb.

    Qurum sözügedən işlərin icrasının 105 886 AZN-ə başa gələcəyini proqnozlaşdırıb.