Month: January 2025

  • Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi

    Yeni doğulan uşaqlara eyni adların təkrar-təkrar verilməsinin qarşısı alınmalıdır.

    Bunu Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

    O bildirib ki, Azərbaycan dilində izahlı lüğətlər hazırlanıb: “Bu lüğətlərdə 12-13 minə qədər ad öz əksini tapıb. Bir məktəbdə, sinifdə Əli, yaxud Fatimə adının 15-20 nəfərə verilməsi yaxşı hal deyil”.

    Sayalı Sadıqova uşaqlara mürəkkəb adların verilməsini də yaxşı hal hesab etmir:

    “Məsələn uşağa Zeynəb, Fatimə, Məryəm adlarının birlikdə verilməsi ilə bağlı müraciət edilmişdi. Bu adların ancaq birinin yazılması tövsiyə edilib”.
     
    ///modern.az

  • “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” – Şikayət

    Bakı şəhər Səbail rayonu Nizami küçəsi 96 ünvanında yerləşən “Haven” restoranının icarədarı Ələkbər Həbibov obyektin mülkiyyətçisini onu işlədiyi yerdən qeyri-qanuni şəkildə çıxarmaqda ittiham edir.

    Ə.Həbibov 807 kvadrat metr sahəsi olan obyektin sahibi Mahmud Kərimovun Bakı Apellyasiya Məhkəməsindən qanunsuz qərar çıxartdığını və icarə müqaviləsinin şərtlərini pozduğunu iddia edir.

    Həm də tanınmış idmançı olan şikayətçi bildirib ki, obyekt əslində Ədliyyə Nazirliyi Qeydiyyat Notariat Baş İdarəsinin keçmiş rəisi ədliyyə generalı İlqar Məmmədova məxsusdur: “Onunla aramızda centlmen razılığı əldə etdikdən sonra heç bir müqavilə olmadan ona məxsus, şəhərin mərkəzində yerləşən “Haven” restoranına 2,5 milyon manat sərmayə qoyaraq təmir etdirdim və orada fəaliyyətə başladım. Şifahi olaraq razılaşdıq ki, obyektin əsaslı təmirinə qoyduğum sərmayə müqabilində İlqar Məmmədov obyekti mənə uzunmüddətli (ən azı 10 il) icarə müqaviləsi bağlamaq şərti ilə verəcək. Lakin obyektin sahibi təmir bitdikdən sonra öz vədinə əməl etməyərək cəmi 1 illik müqavilə bağladı. Həmin müqavilə bir neçə dəfə uzadıldıqdan sonra öz hüququndan sui-istifadə edərək məndən əsassız olaraq obyekti boşaltmağımı tələb edirlər”.

    Ə.Həbibov iddia edir ki, general İlqar Məmmədov öz əlaqələrindən istifadə edərək heç bir əsas olmadan restoranın fəaliyyətinin dayandırılması və istifadəsinin qadağan edilməsi üçün qanunsuz və ədalətsiz qərar qəbul etdirib: “Bakı Apellyasiya Məhkəməsi qərarında işin hallarını qəbul olunmuş qərar şəklində təqdim edir, lakin əslində bu, iddianın təmin olunmasına dair müvəqqəti tədbir idi ki, bu da məhkəmənin mahiyyəti üzrə baxışının nəticəsini əvvəlcədən müəyyənləşdirdi. Halbuki qanuna görə, iddianın təmin olunması üçün müvəqqəti tədbirə dair məhkəmə qərarı, məhkəmə baxışının nəticəsini müəyyən etməməlidir. Hakimlər beləliklə bütün məhkəmə prosesinin taleyini həll ediblər. Həmçinin verilmiş qərarda nə mənim vaxtında ödənilmiş icarə haqlarım, nə də ki obyektə buraxılmış sərmayəm barəsində bir məlumat verilir. Qanunla icarə müqaviləsinin ləğv edilməsi və ya icarə haqqının tutulması ilə bağlı məhkəməyə müraciət etmək imkanı olduğu halda, faktiki icarədar, Ədliyyə Nazirliyinin sabiq Baş Qeydiyyat və Notariat İdarəsinin rəisi İlqar Məmmədov (obyekt onun doğma dayısı Mahmud Kərimovun adına rəsmiləşdirilib İ.Ə) öz əlaqələrindən istifadə edərək məhkəmə prosesinə müdaxilə edib və mənə qarşı qanunsuz və ədalətsiz qərar qəbul etdirib”.

    Şikayətçi əlavə edib ki, geridə qalan illər ərzində obyektin sahiblərinə bir milyon manatdan çox icarə haqqı ödəyib: “Həmin obyektdə göstərdiyi sahibkarlıq fəaliyyətindən dövlət büdcəsinə 400 000 manata yaxın vergi də ödəmişəm. İcarə müqaviləsi yalnız tərəflərin qarşılıqlı razılığı əsasında və ya məhkəmə qərarı ilə ləğv edilə bilər. Lakin Bakı Apellyasiya Məhkəməsi bu vacib məsələni nəzərə almır və qərarın “müvəqqəti xarakter daşıdığına” istinad edir. Digər tərəfdən, hakimlər Elnur Həsənov, Təranə Mahmudova və Ziya Şirinov verdikləri qərarla mahiyyəti üzrə işin nəticəsini faktiki olaraq həll ediblər ki, bu da qanunsuzdur və məhkəmə təcrübəsinə ziddir. Hakimlər mənimlə yanaşı, orada çalışan 35 əməkdaşı işsiz qoymaqla onların ailəsinə zərər vurublar”.

    Şikayətçi məsələyə ədalətli münasibətin göstəriləcəyinə ümid etdiyini vurğulayıb.
    Qeyd edək ki, Ə.Həbibov tanınmış heykəltaraş, SSRİ Dövlət Mükafatı laureatı və Azərbaycanın Xalq Rəssamı İbrahim Zeynalovun nəvəsidir.
    Bakı Apellyasiya Məhkəməsindən sorğumuza cavab olaraq bildirilib ki, sahibkarın şikayətində qeyd etdiyi məsələlərlə bağlı araşdırma aparılıb: “Baxılmış müvəqqəti təminat tədbiri ilə bağlı yayınlanmış məqalələrdə yer alan fikirlərlə bağlı bildiririk ki, baxılan iş üzrə tərəflər arasında bağlanmış icarə müqaviləsində müqavilənin 19.10.2024-cü il tarixinə qədər qüvvədə olacağı, icarə haqqının ardıcıl 20 gün ödənilməməsi halında müqaviləyə “İcarə verən”in təşəbbüsü ilə birtərəfli qaydada xitam veriləcəyi, müqavilənin ləğv edilməsinin tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçiriləcəyi razılaşdırılmış, icarəyə verən (mülkiyyətçi) icarəyə götürənin icarə haqqı borcunu vaxtında ödəməməsini əsas gətirərək məhz icarə müqaviləsində nəzərdə tutulan qaydada müqaviləni birtərəfli qaydada ləğv etdiyi barədə iradə ifadəsini bəyan etməklə müqavilə münasibətlərini sonlandırılıb.
    Apellyasiya instansiyası məhkəməsi də tərəflər arasında bağlanmış icarə müqaviləsinin icarəyə verənin (mülkiyyətçinin) birtərəfli iradə ifadəsi əsasında ləğv olunduğunu nəzərə alaraq müvafiq qərardad qəbul edib. Nəzərə alınmalıdır ki, qanunvericiliyə görə, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab olunmur”.
    //Qafqazinfo.az

  • Bakıda 32 yaşlı kişi özünü asdı

    Bakıda intihar hadisəsi olub.

    Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Pirşağı qəsəbəsində baş verib.

    Qəsəbə sakini 32 yaşlı Süleymanov Adil Mehman oğlu yaşadığı evdə özünü asıb. Onun hansı səbəbdən intihar etməsi hələlik bəlli deyil.

    Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.

  • “Qalatasaray”da ciddi itki

    Türkiyə Kubokunda “Başakşehir”ə qarşı oyun zamanı zədələnən Qabriel Saranın vəziyyətinə aydınlıq gəlib.

    Median.Az xəbər verir ki, futbolçunun sağ diz yan bağlarında orta dərəcədə gərginlik və qanaxma aşkar edilib. Oyunçunun müalicəsinə başlanılıb.

    25 yaşlı yarımmüdafiyəçinin 2 həftə meydanlardan uzaq qalacağı gözlənilir. (Offsideplus.az)

  • Bakıda daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

    Bakının 145 və 147 nömrəli şəhərətrafı müntəzəm avtobus marşrutları sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində müsabiqəyə çıxarılır.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

    Bildirilib ki, müsabiqə üçün sənədlər fevralın 8-i saat 17:00-dək Agenlikdə (Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: elsevar.gadimov@ayna.gov.az) qəbul ediləcək.

    Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

    İddiaçıların təkliflərinə komissiya tərəfindən 145 nömrəli şəhərətrafı (Mehdiabad qəsəbəsi – “Ulduz” metrostansiyası) və 147 nömrəli şəhərətrafı (Məmmədli qəsəbəsi – “Azadlıq prospekti” metrostansiyası) avtobus marşrutları üzrə iki Lotda martın 4-də baxılacaq.

  • Saxta diplomlu “həkim”lərin sayı niyə artır? – “Prosesə üç dövlət qurumu nəzarət edir”

    Son günlər həkim səhlənkarlığı ucbatından ölüm və xəsarət halları artıb. Maraqlıdır ki, tərkibində cinayət əməli daşıyan vəziyyət hələ də aktualdır.

    Bunun bir səbəbi də son günlər müxtəlif kurslarda oxuyub sertifikat və ya saxta diplom alan “həkim”lərlə bağlıdır. Dəfələrlə müşahidə edilib ki, həmin şəxslər heç bir ali tibbi təhsil almadan müxtəlif klinikalarda həkim kimi fəaliyyət göstərirlər. Sual yaranır ki, hər özünə “həkiməm” deyən şəxs klinikalarla necə əməkdaşlıq edir? Onların bu formada fəaliyyət göstərməsi nə qədər qanunidir? Həmçinin, bu kimi qanun pozuntularına yol verən neçə klinika və həkim cərimələnib?

    Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli Oxu.Az-a açıqlamasında bildirib ki, mülkiyyət formasından, yəni istər dövlət, istərsə də özəl sektor tabeçilik formasından asılı olmayaraq (ya Səhiyyə Nazirliyinə, ya da TƏBİB-ə tabe olan), tibb müəssisələrində işə qəbulun bir proseduru var:

    “Bunun üçün şəxsin tibb sahəsində fəaliyyət göstərən mütəxəssis olduğunu və ixtisasını təsdiq edən diplomu olmalıdır. Azərbaycan müstəqillik əldə etdikdən sonrakı dövrdə biz artıq ikipilləli təhsil sisteminə keçdiyimizə görə ümumi tibbi praktikanı təsdiq edən diplom və rezidentura təhsilini təsdiq edən diplom olmalıdır. O da həkimin konkret hansı sahənin ixtisası ilə mütəxəssis olduğunu təsdiq edir.

    Azərbaycanda özəl tibbi fəaliyyətlə məşğul olmaq üçün universiteti və rezidenturanı bitirdikdən sonrakı beş il ərzində yenidən həkimlər və orta tibb işçiləri imtahana cəlb olunurlar. Buna da sertifikasiya imtahanı deyilir və hər bir həkimə və tibb bacısına sertifikat verilir. Deməli, ümumiləşdirərək, tibbi fəaliyyətlə məşğul olan həkimlərin, birincisi, tibb fəaliyyəti ilə məşğul olmağı təsdiq edən diplomu, ikincisi, ixtisasını təsdiq edən diplomu, üçüncüsü isə praktiki fəaliyyətlə məşğul olmasına icazə verən sertifikatı olmalıdır. Bu üç sənədi olmayan tibb işçisi tibb müəssisəsində ixtisaslı həkim kimi fəaliyyət göstərə bilməz”.

    Deputat əlavə edib ki, bu prosesdə qayda-qanuna nəzarət etmək üçün dövlət müəssisələrində ümumi reyestrdə həkimlərin elektron formada həm şəxsi kabinet şəklində sənədləri, həm də ümumi portalda əmək müqaviləsinin elektron forması olur:

    “Əmək müfəttişliyi və digər yoxlayıcı qurumlar da asanlıqla elektron formada bu proseslə tanış ola bilərlər. Özəl sektorda isə dediyimiz kimi, həmin qaydada bu məsələlər öz həllini tapmalıdır. Əgər bu sahədə kənaraçıxmalar olarsa, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi və İqtisadiyyat Nazirliyi bu proseslərə nəzarət edir”.

    Qeyd edək ki, qanun pozuntularına yol verdiyi üçün cərimələnən klinika və həkimlərin statistikası ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi və TƏBİB-ə sorğu ünvanlamışıq. Nəticəsi barədə məlumat verəcəyik.

    Bizim Facebook səhifəm

  • Bakıda onlarla binanı işıqsız qoyan şəxs ələ keçdi – VİDEO

    Paytaxtın Nizami rayonunda silsilə oğurluqlar qeydə alınıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, elektrikşəbəkə müəssisələrindən birinin nümayəndəsi polisə müraciət edərək ayrı-ayrı ünvanlarda binaların girişlərində quraşdırılmış enerji paylayıcı qutularından müxtəlif markalı elektrik avadanlıqlarının oğurlanması barədə şikayətini bildirib.

    Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə talama cinayətlərini törətmiş əvvəllər dəfələrlə məhkum olunan 63 yaşlı Qulam Qulyev saxlanılıb. Onun oğurladığı avadanlıqların bir hissəsi tapılaraq maddi sübut kimi götürülüb.

    Araşdırmalar zamanı Q.Qulyevin Xətai və Sabunçu rayonlarında da binaların həyətlərində analoji hadisələr törətdiyi müəyyən edilib.

    Saxlanılan şəxsin həmin əməlləri təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.

    Faktlarla bağlı araşdırmalar davam etdirilir.

    Qeyd edək ki, Q.Qulyevin əməlləri nəticəsində paytaxt ərazisində onlarla bina işıqsız qalıb.

  • Bakıda süpürgəçi parkda ÖLDÜ

    Bakıda təmizlik işçisi parkda ölüb.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu Şahlar Allahverdiyev küçəsində yerləşən parkda qeydə alınıb.

    Mənzil Kommunal Təsərrüfat Bölməsində süpürgəçi işləyən 65 yaşlı Kifayət Təvəkkül qızı Bayramova dünyasını dəyişib.

    Onun parkda qəfil infarkt keçirərək öldüyü deyilir.

    Araşdırma aparılır.

  • Bakıda üçüncü sinif şagirdi qızlara qarşı qeyri-etik hərəkətlər etdi: İşə polis qarışdı

    Bakı şəhəri Sərhəddin Yolçuyev adına 207 nömrəli tam orta məktəbin 3B sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) dərs zamanı şagird və müəllimlərə qarşı qeyri-etik ifadələr işlədərək tədris prosesinin pozulmasına səbəb olub.

    Median.Az xəbər verir ki, bu barədə “Unikal”a valideynlər şikayət edib.

    Bildiriblər ki, sözügedən 9 yaşlı şagird sinif yoldaşları olan qızlara qarşı qeyri-etik hərəkətlər edir, digər şagirdləri isə döyürdü. Şikayətlə bağlı həmin şagirdin valideynləri məktəbə çağırılsa da, heç bir tədbir görülmürdü.

    Məsələ ilə bağlı 207 nömrəli məktəbdən cavab olaraq bildirilib ki, aidiyyəti qurumlarla birgə müvafiq tədbirlərin görülməsi yönündə işlər aparılır:

    “Məktəbə 22.11.2024-cü il tarixindən özəl ümumi təhsil müəssisəsindən yerdəyişmə etmiş III sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) davranış qaydalarını mütəmadi olaraq pozur, müəllim və şagirdlərə qarşı qeyri-etik ifadələr işlədir, dərs prosesi zamanı aqressiv davranışlar göstərir, eyni zamanda, digər şagirdlərə təzyiq edir.

    Ümumilikdə şagirdin hərəkətləri tədris prosesinin pozulmasına səbəb olur. Sinfin digər valideynləri şagirdin tədris prosesini ciddi şəkildə pozduğuna görə şikayətlənirlər. Onlar bununla bağlı məktəb rəhbərliyinə rəsmi müraciət ünvanlayıblar. Şagirdlə məktəb rəhbərliyi və məktəbin psixoloqu tərəfindən profilaktik söhbət aparılıb, müvafiq tövsiyələr verilib. Şagirdin valideyni dəfələrlə məktəbə dəvət edilərək övladının uyğunsuz davranışı ilə bağlı ona xəbərdarlıq olunmasına baxmayaraq, müsbət nəticə əldə edilməyib.

    Məktəbin psixoloqu şagirddə davranış pozuntusu olması ilə bağlı rəy verib. Şagirdin davranışları ilə bağlı hüquq-mühafizə orqanlarının müvafiq nümayəndələrinə məlumat verilib. Valideynə şagirdin xüsusi təhsilə cəlb olunması üçün 1 saylı psixoloji-tibbi-pedaqoji komissiyaya müraciət etməsi tövsiyə olunub. Məktəb rəhbərliyi tərəfindən məsələ nəzarətə götürülüb, aidiyyəti qurumlarla birgə müvafiq tədbirlərin görülməsi yönündə işlər aparılır”.

  • Doqquz tiktoker həbs olundu – ADLAR

    Əxlaqsızlığın təbliğinə qarşı polis tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu tədbirlər çərçivəsində cinayət məsuliyyətinə cəlb edilən tiktokerlərin adları bəlli olub.

    Bunlar Elvin Füzuli oğlu Abdullazadə, Məhərrəm İlqar oğlu Həsənov, Zahid Şəmsəddin oğlu Alısoy, Alim Rasim oğlu Qasımzadə, Ceyhun Şakir oğlu Nəbiyev, Murad Bəxtiyar oğlu Məmmədov, Günay Ağməmməd qızı Əliyeva, Hakan Adəm oğlu Husifov, Quanna Zahir qızı Quliyevadır.

    Adıçəkilən şəxslərin hər biri barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.