Month: January 2025

  • Prezident təyyarə qəzasında həlak olan ekipajın ailə üzvləri və sağ qalan bələdçilərlə görüşüb

    Yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşüb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Məktəblərdə bu tarixlərdə bir həftə dərs olmayacaq

    Məktəblilərin qış tətilinin vaxtı bilinib.

    Ümumi təhsil müəssisələrində 5 gün (27-31 yanvar) qış tətili olacaq.

    Qış tətilindən sonrakı günlər şənbə və bazara düşdüyünə görə ümumi təhsil müəssisələrində ilk dərs günü fevralın 3-nə təsadüf edir.

    Qeyd edək ki, hər il bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

  • Zaqatalaya 10 sm qar yağdı

    Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, bəzi yerlərdə arabir yağış yağır.  

    Belə ki, düşən yağıntının miqdarı Balakəndə 3, Mingəçevir, Tovuz, Ceyrançöl, Oğuz, Gəncə, Qəbələ, Naftalan, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Şəmkir, Cəfərxan, Neftçala, Şabran, Lənkəran, Cəlilabad, Ağdam, Xocalı, Xankəndi,  Lerikdə 2, Bakıda və Abşeron yarımadasında 1 mm-dir.

    Dağlıq ərazilərdə qar yağır. Yağan qarın hündürlüyü Əlibəydə (Zaqatala) 10,  Quba, Qax (Sarıbaş), Şahbuzda 5,  Daşkəsən, Gədəbəydə 2 sm, Göygöl, Xınalıq, Altıağac, Şəki, Xaltan, Qusar, Qobustan, Sədərək, Naxçıvanda 1 sm-dir.

    Bəzi yerlərdə şimal-qərb küləyi güclənib, küləyin sürəti narıncı xəbərdarlığa uyğun olaraq Goranboyda 23 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Bakıda və Abşeron yarımadasında, eyni zamanda Mingəçevir, Tərtərdə 18 m/s, Neftçala, Gəncədə 20 m/s, Şahdağda 19 m/s, Şirvanda 16 m/s-yə çatıb.
    Balakən, Qax (Sarıbaş), Quba, Qusar, Xaltan, Qrız, Daşkəsən, Göygöl, Göyçay, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 200 metrədək məhdudlaşıb.

    Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 5, dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.

  • Xəzər sahillərində 18-ci əsrə aid gəmi tapıldı

    Arxeoloqlar Xəzər dənizi sahillərində 18-19-cu əsrlərdə batmış gəmi aşkar ediblər.

    Gəmi Xəzər dənizinin İran sahillərində tapılıb.

    Gəminin Rusiya imperasiyasına məxsus olduğu ehtimal edilir. 

    Ehtimal olunur ki, bu, Rusiya gəmisidir: gəminin hissələri şam və qara şam ağacından hazırlanıb. Bu faktlar onun Volqaboyu və Qafqazda tikildiyini göstərir.

    Taxta nümunələri gəminin 1762-1808-ci illər arasında tikildiyini, daha sonra gənc ağaclarla təmir edildiyini göstərir.

    Gəminin tədqiqi iranlı alimlərlə birlikdə italyan alimləri tərəfindən aparılıb, araşdırmanın nəticələri “Journal of Maritime Archeology”də dərc olunub./modern.az

  • Həkimin cərrahi əməliyyat zamanı canlı yayım açması qanunidir?

    Son vaxtlar sosial şəbəkələrində əməliyyat zamanı canlı yayım edən və ya əməliyyatla bağlı görüntüləri paylaşan həkimlərə tez-tez rast gəlirik. Xüsusilə bu görüntülər “TikTok” platformasında daha geniş yayılıb. Bu hallar ictimaiyyətdə birmənalı qarşılanmır.

    Bəziləri həkimlərin əməliyyat videolarını paylaşmağını peşələrinə zidd hesab edir və yaxud belə həssas görüntülərin paylaşılmasını doğru hesab etmir.

    Tibb eksperti, professor Adil Qeybulla Bizim.Media-ya açıqlamasında məsələylə bağlı öz mövqeyini bildirib.

    O hesab edir ki, burada həm mənəvi, həm də hüquqi məsuliyyət var.

    Xəstənin icazəsi, şəxsi razılığı olmadan onunla bağlı tibbi prosedurun ictimailəşdirilməsi qadağandır, hüquqi pozuntudur.

    Adil Qeybulla bu paylaşımları həkim reklamı hesab etsə də, bunun tərəfdarı olmadığını deyib:

    “Fikrimcə, həkim reklamları qadağan olunmalıdır. Sosial şəbəkələrdə, televiziyalarda həkimləri kiminsə reklam etməsi böyük bir biyabırçılıqdır. Bunlar korporativ maraqlara xidmət edir. Belə hallar təbabətin mənəvi göstəriciləri ilə ziddir”.

    Bəs, sözügedən məsələnin psixoloji tərəfləri nədir?

    Psixoloq Vüsalə Əmiraslanovanın sözlərinə görə həkimlərin əksəriyyəti əməliyyatları reytinq xətrinə paylaşırlar:

    “Əlbəttə, bu, psixologiyası zəif olan, psixoloji profilaktikası olmayan insanlara mənfi təsir göstərir. Əməliyyat prosesinin paylaşılması etik baxımdan da düzgün deyil. Həmçinin qarşı tərəfdə həyəcan, təşviş pozuntusu, qorxular yarada bilir. Hətta əməliyyata hazırlaşan insanlar, belə  görüntülərdən sonra fikrindən dönə bilir. Tövsiyyəm budur ki, həkimlər bu prosesi xəstəni göstərmədən yox, danışaraq bildirsələr daha yaxşı olar”.

  • 11 ayda 9 milyon manatlıq dərman istehsal edilib

    Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 8 milyon 717,1 min manatlıq dərman istehsal edilib. 

    Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,7% və ya 619,6 min manat çoxdur. 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 8 milyon 97,5 min manatlıq dərman istehsal edilmişdi.

    Bununla yanaşı, bu dövrdə Azərbaycanda 3,6 milyon ədəd tibbi maska istehsal edilib ki, bu da, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 44%, yaxud da 1,1 milyon ədəd çoxdur.

  • Ağdamda ağır xəstə özünü öldürdü

    Ağdamda intihar hadisəsi olub.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə rayonun Zəngişalı kəndində baş verib.

    58 yaşlı Mehdiağa Əliqara oğlu İsmayılov yaşadığı evin həyətyanı sahəsində yerləşən talvardan özünü asıb. Məlumata əsasən, mərhum xərçəng xəstəsi olub.

    Faktla bağlı araşdırma aparılır.

  • Pakistanda bombalı hücum: Çox sayda ölü və yaralı var

    Pakistanda törədilən partlayış nəticəsində azı 5 nəfər ölüb, 32 nəfər yaralanıb.

    Bu barədə “Türiye Gazetesi” məlumat yayıb.

    Məlumata görə, yaralılardan 5-nin vəziyyətinin ağırdır.

    Hadisə Pakistanın Bəlucistan əyalətinin Turbat şəhərində baş verib.

    Polis və təhlükəsizlik qurumları partlayışla bağlı araşdırma başladıb.

  • 2024-cü ilin ən populyar mahnısı (VİDEO)

    “Spotify” musiqi platforması 2024-cü ilin yekunlarına əsasən, ilin ən populyar mahnısını elan edib. Həmin mahnı, dünyaca məşhur Amerika müğənnisi Billi Eliş tərəfindən ifa olunan “Birds of a Feather” adlı hitdir.

    Qaynarinfo xəbər verir ki, məlumata görə, bu mahnı iyul 2024-cü ildə Billi Eilişin “Hit Me Hard and Soft” albomunda yayımlanıb və qısa zamanda musiqi platformalarında liderlik qazanıb. “Spotify” məlumatına əsasən, “Birds of a Feather” 1,781 milyard dinlənmə ilə platformanın ən populyar musiqisi seçilib.

    İkinci yerdə Sabrina Karpenterin “Espresso” adlı mahnısı qərarlaşıb və bu mahnı 1,774 milyard dinlənmə ilə diqqət çəkib.

    Billi Eilişin “Birds of a Feather” mahnısı həmçinin “Billboard Hot 100″də və Böyük Britaniya sinql cədvəlində ikinci yerə yüksəlib. Bununla yanaşı, mahnı “Grammy” mükafatında “İlin mahnısı”, “İlin yazısı” və “Ən yaxşı solo pop ifası” nominasiyalarına namizəd göstərilib.

    Billi Eiliş XXI əsrin musiqi fenomenlərindən biri hesab olunur. O, gənc yaşda, musiqi sahəsində uzun illər fəaliyyətdə olan sənətçilərin belə çatmadığı zirvələrə nail olub. Karyerası ərzində Billi Eiliş 9 “Grammy”, 3 “MTV Video Music Awards”, 2 “Brit Awards” və “American Music Awards” mükafatlarının sahibi olub.

    Billi Eiliş eyni zamanda “Qızıl Qlobus” və “Oskar” mükafatlarını da qazanıb. Bu mükafatlar arasında “007: Ölümə vaxt yoxdur” və “Barbi” filmlərinin saundtrekləri üçün yazılmış mahnılar yer alır. O, həmçinin heyvanların hüquqlarını müdafiə edir və Ukraynaya dəstək verən çıxışları ilə də tanınır.

  • Tarix müəyyən edildi: Dəməşq Beynəlxalq Hava Limanı açılır

    Dəməşq hava limanı bir neçə gündən sonra beynəlxalq uçuşları həyata keçirməyə başlayacaq.

    Median.Az-ın “Reuters” agentliyinə istinadla verdiyi məlumata görə, bu barədə Suriyanın Mülki Aviasiya İdarəsinin rəhbəri Əhməd əs-Səlibi məlumat verib.

    “Biz 2025-ci il yanvarın 7-dən etibarən Dəməşq Beynəlxalq Hava Limanında beynəlxalq uçuşların qəbuluna başlayacağımızı elan edirik”, – deyə o qeyd edib.

    Qeyd edək ki, dekabrın 22-dən Dəməşq Beynəlxalq Hava Limanı təyyarələrin qəbulu və göndərilməsi fəaliyyətini yalnız mülki aviasiya üzrə məsul dövlət orqanından xüsusi icazələri əsasında davam etdirir.

    Xatırladaq ki, dekabrın 8-də Suriyanın silahlı müxalifəti Dəməşqin ələ keçirildiyini və əvvəlki hökumətin süqutunu elan edib. Suriya prezidenti Bəşər Əsəd ölkədən qaçaraq, Rusiyada siyasi sığınacaq alıb. Respublikanın müvəqqəti baş naziri Məhəmməd əl-Bəşir 2025-ci ilin martına qədər fəaliyyət göstərəcək müvəqqəti hökumətin formalaşdırıldığını elan edib.