Month: January 2025

  • Dövlət satınalmaları haqqında qanunvericiliyi pozmaya görə sanksiyalar dəyişir

    Dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasına görə cinayət məsuliyyəti qanunda nəzərdə tutulan əməllər nəticəsində xeyli miqdarda (əlli min manatdan iki yüz əlli min manatadək) zərər vurulduqda yaranacaq.

    Median.Az “Report”a istinadla xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

    İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh, bu pozuntu halları Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək.

    İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə əsasən, dövlət satınalmaları haqqında inzibati qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb etmə müddəti 4 aydır. Dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 4 ay keçənədək verilə bilər.

    Bu səbəbdən, bu əməllər hüquq pozuntusu kimi inzibati xəta tərkibini yaratsa da, məsuliyyətə cəlb etmə müddəti qısa olduğundan müvafiq tədbirlərin görülməsi bəzi hallarda qeyri-mümkün olur və həmin müddət pozuntu faktlarını özündə əks etdirən sübutların araşdırılıb, onlara hüquqi qiymət verilməsi üçün kifayət etmir.

    Qanun layihəsində dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasına görə inzibati məsuliyyətə cəlb etmə müddətinin artırılması təklif edilir və layihəyə əsasən, bu sahədə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər.

  • Yarım milyona yaxın vəsaiti mənimsəyən vəzifəli xanımın MƏHKƏMƏSİ

    “Premium Bank” ASC-də filial müdiri işləmiş Nəzakət Məmmədxanova və Samirə Əliyevanın məhkəmə prosesinin növbəti baxış iclası keçirilib.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ilk olaraq Nəzakət Məmmədxanovanın vəkili Təranə Əliyeva vəsatət verərək müvəkkilinin 2 əmlakı ilə bağlı məsələni müzakirəyə çıxarmağı xahiş edib. Həmçinin bildirib ki, məhkəmə istintaqı təzələnsin.

    Dövlət ittihamçısı Vüsal Mehrəliyev əmlakların qiymətlərinə münasibət bildirib və qeyd edib ki, əmlakların inventar dəyərləri 123 min və 24 min manatdır.

    Zərərçəkmiş şəxsin nümayəndəsi məhkəmə istintaqının təzələnməsi ilə vəsatətin qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxıb.

    Sonra vəkil Təranə Əliyevanın internet resurslarında adıçəkilən ünvanlarda olan əmlakların qiymətləri ilə bağlı sənədlər təqdim edib və bildirib ki, istintaq orqanı əmlakları ucuz dəyərləndirib.

    Təqsirləndirilən şəxs Nəzakət Məmmədxanova Goradil qəsəbəsi və Hil kəndində olan əmlakları cinayəti törətməmişdən qabaq aldığını və həyat yoldaşının həbs qoyulan əmlaklarının satılıb dövlət nəfinə keçirilməsinə etiraz etmədiyini bildirib.

    Dövlət ittihamçısı təqsirləndirilən şəxsin vəkilinin hazırda əmlaklarla bağlı əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı vəsatətin təmin olunmamasını istəyib.

    Samirə Əliyevanın vəkili Nicat İmanzadə notarius vasitəsilə əmlaklara yenidən qiymətləndirmə keçirilməsini təklif edib.

    Hakimlər müşavirədən qayıtdıqdan sonra təqsirləndirilən şəxsin vəkili Təranə Əliyevanın vəsatətinə münasibət bildirərək qəbul olunmadığını elan ediblər.

    Hakim məhkəmə istintaqının yekunlaşması ilə bağlı tərəflərin fikirlərini öyrənib.

    Dövlət ittihamçısı 308-ci maddəyə münasibətlə bağlı çıxış üçün məhkəmədən vaxt istəyib.

    Məhkəmə prosesi 7 fevral tarixinə kimi təxirə salınıb.

    Xatırladaq ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla müəyyən edilib ki, “Premium Bank” ASC-də filial müdiri işləyən Nəzakət Şərəf qızı Məmmədxanova 2024-cü ilin mayın 8-dən 23-nə kimi işlədiyi 5 saylı filialın 461 min 170 manat pulunu qulluq mövqeyindən istifadə edərək mənimsəyib. Bu işdə ona həmin filialın baş xəzinədarı işləyən Samirə Novruz qızı Əliyeva kömək edib.

  • Bu qaydaları Nazirlər Kabineti təsdiqləyəcək

    Azərbaycanda üzərinə həbs qoyulan əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və yaxud idarəetməyə verilməsi qaydalarını Nazirlər Kabineti təsdiqləyəcək.

    Bu, Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

    Sənəd parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

    Qeyd olunub ki, dəyişikliklər mülki iddianın və xüsusi müsadirənin təmin edilməsi üçün görülən tədbirlərin səmərəliliyini artırmaqla yanaşı, eyni zamanda üzərinə həbs qoyulmuş əmlakın dəyərinin itirilməsinin qarşısını almağa, son nəticədə əmlak mülkiyyətçisinin mülkiyyət hüquqlarının qorunmasına xidmət edir.

    Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi ilə əlaqədar tədbirlər mülkiyyət hüququnun məzmunu ilə bağlı olduğundan Mülki Məcəlləsinə müvafiq dəyişiklik təklif olunur.

    Qanun layihəsinin Nazirlər Kabineti tərəfindən müvafiq qaydaların müəyyən edildiyi gündən qüvvəyə minməsi nəzərdə tutulur.

  • Bakıda məşhur klinikanın fəaliyyəti dayandırılacaq

    Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin yoxlayıcı-mütəxəssisləri tərəfindən yanvarın 22-də Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küç., məhəlllə 507-511 ünvanda yerləşən “Laser Beauty Estetik Klinikası” MMC–yə məxsus özəl tibb müəssisəsində planlı yoxlamaya başlanılıb və proses 23 yanvarda davam etdirilib.

    Median.Az Mərkəzə istinadən xəbər verir ki, yoxlama zamanı lisenziyanın şərtlərinə riayət olunması, özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssisləri sertifikasiyaya cəlb edilməsi, lisenziyada nəzərdə tutulan işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilirməsinin qanunauyğunluğu araşdırılıb.

    Yoxlama nəticəsində məlum olub ki, tibbi qeydiyyat sənədləri Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilən forma və qaydalar üzrə aparılmır. Müəssisədə istifadə edilən tibbi avadanlıqların normativ-texniki tələblərə uyğunluğu barədə təsdiqedici sənədlər yoxlamaya natamam təqdim edilib. Dərman vasitələrinin saxlandığı soyuducularda termometr aşkar edilməyib həmçinin, “temperatur qeydiyyat vərəqəsi” də aparılmır. İonlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisənin “radioloji-gigiyenik pasport sənədi” yoxlamaya təqdim olunmayıb.

    Müəssisəyə baxış keçirilən zaman stomatoloji otaqda sanitar-epidemioloji tələblərə dair qaydalara riayət etmədən, “cərrahi-stomatoloji”, “rentgenoloji”, “diş texniki” işlərinin həyata keçirilməsi üçün şəraitin yaradılması faktı aşkar edilib. Bundan əlavə, aradan qaldırılması vacib olan çoxsaylı digər nöqsanlar aşkar olunub.

    Həmçinin, müəssisədə ixtisasa uyğun vəzifəyə təyin edilməməsi faktı müəyyənləşib. Bununla yanaşı, müəssisədə çoxlu sayda (30 nəfərdən çox) sertifikasiyadan keçmədən praktik özəl tibbi fəaliyyəti ilə məşğul olma faktları aşkarlanıb.

    Müəssisədə lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi də müəyyən olunub.

    Xüsusi ilə qeyd edək ki, yoxlama zamanı baş həkim Rəna Soltanova, klinikanın rəhbəri Yeganə Cəfərova tərəfindən AEM-in yoxlayıcı-mütəxəssislərinə qarşı qeyri-etik davranış nümayiş etdirilib (qışqırıb, telefonu AEM-in mütəxəssislərinin üzərinə çırpıb və yuxarı instansiyalar şikayət edərək, işdən çıxartdırmaqla hədələyiblər) və müqavimət göstərilib. Yoxlamanın nəticəsində tərtib edilən aktı və inzibati xəta haqqında protokolu imzalamaqdan imtina ediblər.

    Baş verənlərlə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokol tərtib edilib.  Mövcud qanunvericiliyə əsasən klinikanın fəaliyyətinin dayandırılması istiqamətində zəruri tədbirlər görülür.

  • Bakıda bu dəmir yollarının əsaslı təmirinə başlanıldı

    Yanvarın 23-dən Azərbaycan Dəmir Yolları QSC tərəfindən Keşlə 2-ci blokpost – Əhmədli sahəsində istismar müddəti bitmiş dəmir yollarının əsaslı təmirinə başlanılıb.

    Bu barədə QSC-dən məlumat verilib.
    Bildirilib ki, 825 poqonometr yolun təmiri üzrə işlərin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulur.

    Qeyd edək ki, bu yol yüklərin daşınması baxımından strateji əhəmiyyətli yollardan biridir.

  • AZAL təyyarəsi ilə bağlı Qazaxıstandan açıqlama – Təcili

    AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırmanın ilkin nəticələri gələn həftə açıqlanacaq.

    Bu sözləri Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev deyib.
    “Aktau yaxınlığında qəzaya uğrayan AZAL reysinin qara qutuları Braziliyada tam deşifrə edilib və Qazaxıstana qaytarılıb”, – Bozumbayev bildirib.

    Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
    //axar.az

  • Bakıda əməliyyat: qadın saxlanıldı

    Qaradağ rayonu ərazisində yerləşən evlərin birindən 8300 dolların oğurlanması barədə polisə məlumat daxil olub.

    Bi barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 47 yaşlı F.Eyyubov, 34 yaşlı G.Əliyeva və 28 yaşlı E.Bağırov müəyyən olunaraq saxlanılıb.
    Araşdırma aparılır.

  • Azərbaycanda pensiya və müavinətlər nə vaxt veriləcək? – RƏSMİ CAVAB

    Çoxsaylı müraciətlərinizə əsasən bildiririk ki, ölkə üzrə aylıq sosial ödənişlər, o cümlədən pensiyalar müvafiq ayın son günü ödənilməli olduğu halda müəyyən edilmiş qrafikə əsasən daha tez müddətlərdə ödənilir. Əvvəlki aylarda olduğu kimi cari və növbəti ayların pensiyaları da ay yekunlaşmadan bank kartlarına köçürüləcək.

    Bu barədə Baku.ws-in sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

    “Qeyd olunanları nəzərə alaraq, hazırda müəyyən edilmiş qrafikə görə Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda pensiyalar hər ayın 8-15-i aralığında, respublikanın digər bölgələrində, o cümlədən güzəştli şərtlərlə pensiya ödənişləri isə 20-28-i aralığında ödənilir.

    Onu da diqqətə çatdırmaq istərdik ki, sosial ödənişlərin bank kartlarına köçürüləcəyi konkret tarixlər barədə vətəndaşlara əvvəlcədən məlumat verilir.

    Bildirmək istərdik ki, təcrübədə cari ayın pensiya ödənişlərinin növbəti aya keçməsinə, yəni hər hansı gecikmə halına rast gəlinməmişdir”, – məlumatda deyilir.

  • Bu ərazilərdə yağış yağıb

    Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, hava şəraiti ölkə ərazisinin bəzi yerlərində arabir yağıntılı olub

    Belə ki, düşən yağıntının miqdarı Şamaxıda 4, Qobustan, Altıağac, İsmayıllıda 3, Şəki, Oğuz,  Şahbuz, Gəncə, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Neftçala, Qəbələdə 2 mm-dir.

    Göyçay, Yevlax, Lerik, Şəmkir, Oğuz, Şamaxı, Qax, Şəki, Qobustanda duman müşahidə olunub.
    Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR və dağlıq rayonlarda 7 dərəcəyədək şaxta qeydə alınıb.

  • Həbs olunan tiktokerlər azadlığa buraxıldılar

    Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik qeyri-etik paylaşımlar etdiklərinə görə həbs olunan tiktokerlərdən artıq azadlığa buraxılanlar var.

    Median.Az Oxu.az-a istinadən xəbər verir ki, “Sako” ləqəbli Sadiq İsmayılov və “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanzadə həbs müddətləri bitdiyi üçün sərbəst buraxılıblar.

    Xatırladaq ki, Rövşən Süleymanzadədən narkotik vasitə olan marixuana aşkarlandığı üçün 45 sutka inzibati qaydada həbs edilmişdi. Sadiq İsmayılov da eyni ittihamla 60 sutka inzibati qaydada həbs olunmuşdu.