Month: Yanvar 2025

  • Türkiyədə 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsi qadağan ediləcək

    Türkiyə hakimiyyəti 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanunlar qəbul etməyi planlaşdırır.

    Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu “CNN Türk” telekanalının efirində deyib.

    Onun sözlərinə görə, sosial şəbəkələrdə uşaqlar üçün faydalı heç nə yoxdur.

    “Bu yaxınlarda Türkiyədə baş verən bəzi hadisələr bunu təsdiqləyir. Allah qoysa, biz bir sıra tənzimləyici tədbirlərin görülməsi üçün səy göstərmək istəyirik”, – nazir bildirib.

  • Sədr müşaviri: “Ailə həkimləri yoxdur, ilkin səhiyyə xidmətinə ayrılan vəsait çox aşağıdır”

    “Bizim əsas məqsəd və prinsiplərimiz müəyyənləşib”.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda ictimai dinləmədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri İsa Əliyev deyib.

    İsa Əliyev bildirib ki, ilkin səhiyyə xidməti əlçatan olmalıdır:

    “İkinci məsələ əhatəlilikdir. Kəndlərdə neyrocərrahiyyə yarada bilmərik, amma əsas baza xidmətlərini orada da yarada bilərik. İlkin səhiyyə xidmətləri ambulator və stasionarla qarşılıqlı işləməlidir. İlkin səhiyyə xidmətində çalışan tibbi personalı vətəndaşın bələdçisi olmalıdır. İnsanlar həkimlərini tanıyır, onun məsləhətlərinə qulaq asır və onu tez-tez dəyişmir. İnsanlara optimal məsafədə müəssisələr yerləşdirilməlidir.

    Biz tibb müəssisələrində doğru kombinasiyalı xidmət qurmalıyıq. Azərbaycanda bizə lazım olan kadrlar 40%, regionlarda 45-50% azdır. Tibb Universitetinin hazırladığı kadrlar bunu qarşılaya bilməyəcəklər. Bizim ailə həkimlərimiz üçün kurs keçilməlidir, bizim ailə həkimləri yoxdur. Bütün kəndlər üzrə biz araşdırmalar aparmışıq. Biz tərəfdən regionlarda 3000-dən artıq tibb məntəqəsi bina olaraq müəyyənləşdirilib və xəritələşdirilib.

    Bu gün maliyyə əsasən ixtisaslı tibbi yardıma gedir, bu dəqiqə bizdə ilkin səhiyyə xidmətinə ayrılan vəsait çox aşağıdır”.

  • Belçika bütün təyyarələr üçün hava məkanını bağlayır – SƏBƏB

    Belçika texniki nasazlığa görə hava məkanını bağlayıb.

    Bu barədə “Belga” nəşri məlumat yayıb.

    Qeyd olunur ki, ölkənin hava məkanın bağlanmasına səbəb “Skeyes” şirkətinin aviadispetçerində yaranan texniki problem olub.

  • Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

    Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.

    Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 141 il ötür.

    Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci “Rus-müsəlman” məktəbinə qoyub, buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində rus dilində davam etdirib.

    Milli istiqlal hərəkatımızın və təkcə türk ellərində deyil, bütün Şərq, İslam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edib. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə “Müsəlman gənclik təşkilatı”nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat olub.

    1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yaranıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə Milli Şuranın sədri seçilib.

    1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yayıblar. Bu, o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırıb və milli dövlətini qurduğunu tam şəkildə bəyan edib. Fətəli Xan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olunub. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin bütün Şərqdə ilk dəfə olaraq respublika qurub.

    Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkib. 1920-ci ilin 28 aprelində Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonra M.Ə.Rəsulzadə Vətəni tərk etmək məcburiyyəti ilə üzləşib. Uzun illər xaricdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Ankarada şəkər xəstəliyindən vəfat edib.

    1993-cü ilin 29 dekabrında Azərbaycan Prezidenti Heydər Əliyev “Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M.Ə.Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında” fərman imzalayıb.

    Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü ilin 22 noyabrında “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb.

    Həmçinin, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ili münasibətilə Prezident İlham Əliyev tərəfindən 2018-ci ili “Cümhuriyyət İli” elan edilib.

    Prezident İlham Əliyev həm də 2024-cü ildə “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb.

  • Sabah Bakıda iki dairə arasındakı küçədə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq – FOTO

    Fevralın 1-də saat 06:00-dan etibarən Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairə ilə Əhməd Rəcəbli dairəsi arasında aparılacaq təmir-tikinti işləri ilə əlaqədar sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

    Məlumata görə, hərəkətin məhdudlaşdırılması təmir-tikinti işləri bitənədək qüvvədə olacaq.

    “Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, – məlumatda deyilib.

  • UEFA əmsallar cədvəli: Azərbaycanın mövqeyi dəyişməyib

    Avropada növbəti böyük futbol günündən sonra ölkələrin UEFA əmsallar cədvəli yenilənib.

    UEFA Avropa Liqasında Liqa mərhələsinin sonuncu – VIII turunun matçları bəzi gözlənildiyi kimi, bəzi dəyişikliklərə səbəb olub.

    Belə ki, Şotlandiya və Danimarka İsveçrəni keçib, İsveç isə Kipri arxada qoyub.

    “Qarabağ”ın Yunanıstanda “Olimpiakos”a 0:3 hesabı ilə uduzması Azərbaycanın mövqeyinə təsir etməyib. Xal hesabı 19.625-ə bərabər olan ölkəmiz Avropada 28-ci pillədə qalıb.

    Cari mövsümün qazancı 2.875 xala bərabərdir. Ölkə reytinqi üçün “Zirə” və “Qarabağ”ın hər biri 1.250 xal, “Sabah” 0.250 xal, “Sumqayıt” isə 0.125 xal əldə edib.

    Cədvəldə bizdən öndə olan Bolqarıstanın aktivində 19.875 xal var, bizdən arxada olan Sloveniyanın isə 18.343 xalı var – öndəkilərdən fərqli olaraq, sonuncuların avrokuboklarda hələ iki komandası çıxışını davam etdirir.

    Qeyd edək ki, cədvələ 106.624 xalla İngiltərə başçılıq edir.

  • Ağcabədidə gənc oğlan anasının maşınını ağaca çırpıb, ölən və xəsarət alan var

    Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az “Report”a istinadla xəbər verir ki, Avşar kəndində 2007-ci il təvəllüdlü Şükür Nəcəfov sürücülük vəsiqəsi olmadan anasına məxsus “Chevrolet Cruze” markalı avtomobili ağaca çırpıb.

    Nəticədə özü hadisə yerində ölüb, avtomobildə olan sərnişin – 2008-ci il təvəllüdlü Sevər Quliyev xəsarət alıb.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • 16 yaşlı gəncin ərindən boşanan bibisi qızı ilə sevgi macərası: “Bıçağı götürüb ona zərbə vurdum”

    Lənkəran rayonunda 2007-ci il təvəllüdlü Təhməz sevgi münasibətində olduğu qohumu Laləyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

    Median.Az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə 24 dekabr 2023-cü ildə Lənkəran rayonunun kəndində baş verib.

    Təhməz həmin gün saat 10 radələrində bibisi qızı Lalənin yaşadığı evə gedib, onu sevdiyini bildirib, həmkəndlisi İntiqamla əlaqəsinin olub-olmadığını soruşub. Mübahisə zamanı qonaq otağındakı masanın üzərində olan mətbəx bıçağını götürüb və Lalənin qarın nahiyəsinə zərbə vurub.

    İstintaq orqanı tərəfindən Təhməzin barəsində Cinayət Məcəlləsinin 126.2.3 (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurma) və 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə ittiham elan edilib.

    “Laləgildə qalırdım”

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Təhməz elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, Lalə ərindən boşanıb, anasının evinə gəldikdən sonra onunla münasibəti yaranıb: “Təxminən bir il yarım aramızda sevgi münasibəti oldu. Telefonla danışdıq, görüşdük, dəfələrlə onların evində cinsi əlaqədə olduq. Məndə Lalənin çoxlu şəkilləri vardı”.

    Təqsirləndirilən şəxs qeyd edib ki, 2021-2022-ci illərdə Laləgildə də qalıb: “Bibim evdə olmayanda Lalə ilə cinsi əlaqədə olmuşam. Mənim Laləgildə qalmağımı yaşadığımız kənddə çox adam bilirdi. Masallı rayonuna və Bakı şəhərinə işləməyə gedib-gəldikdən sonra gecə vaxtı əmimgilə gedəndə İntiqamı Laləgilin evlərinin qarşısında gördüm. Ondan burada nə gəzdiyini soruşdum, Lalənin çağırdığını dedi. Amma nə üçün çağırdığını söyləmədi. Heç mən də İntiqamın ora nə üçün gəldiyi ilə maraqlanmadım. Düşündüm, bəlkə nəsə işləri var, İntiqamı bibim çağırıb.

    Lalə ilə İntiqam arasında münasibətin olması ağlıma gəlmədi. Həmin günün səhəri Laləgilə getdim, anası evdə deyildi. Lalənin telefonunda İntiqamın nömrəsini gördüm. Nömrənin nə üçün onda olmasını soruşdum, anasının İntiqama zəng vurduğunu dedi.

    Bundan 7-8 ay sonra İntiqamı yenidən Laləgilin evlərinin yanında gördüm. Yenə səbəbini soruşdum. Lalə İntiqamla əlaqəsinin olmasını etiraf etdi”.

    “Etiraf etdi, vurdum”

    Təhməz deyib ki, 24 dekabr 2023-cü ildə saat 10 radələrində Laləgilə gedib: “Söhbət zamanı İntiqamla əlaqəsi olduğunu, onunla yaxınlıq etdiyini bildirdi. Mən də əsəbiləşərək Lalənin yanında olan bıçağı götürüb ona bir zərbə vurdum. Lalə zərbədən yıxılmaq istəyəndə onu yıxılmağa qoymadım, tutdum. Bıçağın dərin batdığını fikirləşdim. Özünü pis hiss edirsə, xəstəxanaya aparmağımı, təcili tibbi yardım çağırmağımı təklif etdim. Lalə isə hər şeyin qaydasında olduğunu dedi, xəstəxanaya getmək istəmədi. Həmçinin xahiş etdi ki, gedim, anası gələndə məni görməsin.

    Onun sözünə qulaq asmadım, qaldım. Bint, spirt alıb gətirdim, yarasını bağladım. Lalənin anası gələndən sonra nənəmgilə getdim”.

    “Ailə qurmaq fikrim vardı”

    Təqsirləndirilən şəxs qeyd edib ki, Lalə onunla danışdığı vaxt onu əsəbiləşdirib: “Özümü saxlaya bilməyib bıçağı götürdüm və vurdum.

    Mən İntiqamla Laləni bir yerdə görməmişəm. Lakin onların sözlərinin uyğun gəlmədiyini hiss edəndə şübhəmə əmin oldum. Onların əlaqəsini sübut etdim. Çünki Lalənin telefonunda İntiqamın nömrəsini aşkarlamışdım.

    Mənim Lalə ilə ailə qurmaq fikrim vardı. Fikrimi bıçaqla vurmamışdan əvvəl və bıçaqla vurduğum gün də ona demişdim. O da mənə hərbi xidmətə gedib-gəldikdən sonra evlənəcəyimizi dedi.

    Əməlimdən peşmanam. Lalədən məni bağışlamasını xahiş etdim, amma məni bağışlamadı. İntiqam yalan danışır, onun Lalə ilə əlaqəsi olub”.

    “Anama deməyə qorxdum”

    İş üzrə zərərçəkmiş qismində ifadə verən Lalənin sözlərinə görə, Təhməzin onu sevdiyini eşidib: “Ancaq yaxınlaşaraq məni sevdiyini deməyib. Təhməz də, mən də eyni kənddə yaşayırıq. O bizə gəlib-gedirdi. Həmin vaxtlar anam da evdə olurdu. Mən tək olanda Təhməz bizə gəlməyib. Mənim telefonum olmayıb.

    Təhməzgilin evləri bizə yaxındır. O məni ev bıçağı ilə vurdu. Həmin vaxt 2021-ci il təvəllüdlü oğlum Cavid də yanımda idi.

    Təhməz gedəndən bir az sonra anam evə gəldi. Təhməzin məni bıçaqladığını anama oğlum dedi. Özüm anama deməyə qorxdum. Yaramı Təhməz özü bağladığı üçün qan axmadı.

    Təhməzin mənim şəkillərimi hansı məqsədlə çəkdiyini bilməmişəm. Hətta şəkilin birini o mənim özümə çəkdirmişdi. Təhməzi bağışlamamışam, onunla barışmaq istəməmişəm. Ondan şikayətçiyəm”.

    “Sevgi münasibətim olmayıb”

    Zərərçəkmiş şəxs qeyd edib ki, hadisədən sonra Təhməz onun yanında təxminən 4 saat müddət ərzində qalsa da, onu xəstəxanaya aparmayıb:

    “Bu müddət ərzində mənim yaramı sarıyıb, amma yalan danışır, yaramı bağladığı bint evimizdə idi. Yaramı bağladıqdan sonra onunla nənəmgilə getməmişik. Çünki nənəmgillə danışmırdıq.

    Təhməzlə aramızda sevgi münasibəti olmayıb, onunla cinsi əlaqədə olmamışam. Sevgi barədə danışmamışıq, mütəmadi telefon əlaqəsi saxlamamışıq, mesajlaşmamışıq. Təhməz məni vurandan sonra yerə yıxmaq istədi, lakin mən yıxılmadım. O mənə xəstəxanaya aparmağı təklif etmədi. Əksinə özüm ona məni xəstəxanaya aparmasını istədim. Lakin Təhməz imtina elədi. Təcili yardıma anam zəng vurdu.

    Təhməz məni bıçaqlayandan sonra 4 saat bizdə qalıb hadisə barədə kiməsə məlumat verməyə qoymadı. Kiməsə məlumat verməyi lazım bilmədiyini dedi.

    Xəstəxanada cərrahiyyə əməliyyatı edildikdən sonra bir həftə stasionarda yatdım, sonra evə buraxıldım. Təhməz mənə ailə qurmaq istədiyini də deməyib”.

    Zərərçəkmişin ifadəsinə görə, oğlu Cavid onların yanına sonradan gəlməyib, Təhməzin onu bıçaqla vurduğunu görüb, qışqıraraq ağlamağa başlayıb.

    Lalə bildirib ki, əri Rusiya Federasiyasında evləndiyi üçün ondan boşanıb: “Ərim mənimlə ailə qurduqdan sonra Rusiyaya getdi. O, uşağı ilə danışır, arada aliment ödəyir”.

    Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Təhməzin ittiham olunduğu Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddəsi həmin məcəllənin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib.

    Təhməz 3 il müddətinə azadlıqdan məhrum edilib.

  • Sabah bəzi ərazilərdə qaz kəsiləcək

    Sumqayıt şəhəri, Bakı küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud mənbəyə birləşdirilməsi və Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə 31.01.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

    Median.Az xəbər verir ki, bununla bağlı “Azəriqaz” İB məlumat yayıb.

    Bildirilib ki, təmir-quraşdırma işləri görülən müddətdə Sumqayıt şəhərinin (Stansiya Sumqayıt, Baxçaşəhər, Akasiya MTK-lar, 39, 41, 41a, 44, 76-cı məhəllələr , 3, 4, 8, 9, 10, 11, 12, 17-ci mikrorayonlar və 18-ci mikrorayonun bir hissəsi), həmçinin Suraxanı rayonunun (Məşədi Əzizbəyov, Göl, Vahid Xəlilov və 14 iyul küçələri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Bakı-Quba yolunda “KIA Sportage” aşıb, beş nəfər xəsarət alıb

    Bakı-Quba yolunda “KIA Sportage” idarəetmədən çıxaraq aşıb, beş nəfər xəsarət alıb.

    Bu sözləri report-un Sumqayıt-Abşeron bürosuna Baş DYP İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev deyib.

    E.Hacıyev bildirib ki, hadisə saat 20:05 radələrində yolun 140-cı kilometrliyində qeydə alınıb.

    Nəqliyyat vasitəsində ümumilikdə altı nəfər olub.
    Xəsarət alanlar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.