Azərbaycanın Baş naziri Əli Əsədov Qazaxıstanın Baş naziri Oljas Bektenovun dəvəti ilə Almatı şəhərində işgüzar səfərdədir.
Ə.Əsədov səfər çərçivəsində “Digital Almaty 2025” beynəlxalq rəqəmsal forumunda iştirak edir.
Month: Yanvar 2025
-
Yol polisindən hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
Bu barədə BDYPİ-dən məlumat verilib.Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, respublika əhəmiyyətli avtomobil yollarının da keçdiyi bir sıra bölgələrdə duman səbəbindən görünüş məsafəsi 50-200 metrədək məhdudlaşıb.
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu avtomagistrallarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərdən dumanlı havada sürət həddini, ara məsafəsini yol və hava şəraitinə uyğun seçməyi, nəqliyyat vasitələrinin, ələlxüsus onların xarici işıq cihazlarının, şüşə silgəclərinin sazlığından əmin olmağı, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi xahiş edir.
-
Ağcabədidə gənc oğlan anasının maşınını ağaca çırpıb, ölən və xəsarət alan var
Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Median.Az “Report”a istinadla xəbər verir ki, Avşar kəndində 2007-ci il təvəllüdlü Şükür Nəcəfov sürücülük vəsiqəsi olmadan anasına məxsus “Chevrolet Cruze” markalı avtomobili ağaca çırpıb.
Nəticədə özü hadisə yerində ölüb, avtomobildə olan sərnişin – 2008-ci il təvəllüdlü Sevər Quliyev xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb.
-
Vaşinqtonda təyyarə qəzasında həlak olanlardan 40-nın cəsədi aşkar edildi
ABŞ Fövqəladə Hallar Xidmətinin əməkdaşları Vaşinqtonda sərnişin təyyarəsi ilə hərbi helikopterin toqquşması nəticəsində həlak olanlardan 40-nın cəsədini aşkar ediblər.
Bu barədə CBS telekanalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər yayıb.Bildirilib ki, bəzi cəsədlər sahilə axınla çıxıb, digərləri isə suyun altında tapılıb.
O da qeyd olunub ki, hazırda dalğıclar üçün əlçatmaz olan təyyarənin quyruq hissəsində də cəsədlər qala bilər.
Xatırladaq ki, yanvarın 29-da “American Airlines” aviaşirkətinə məxsus ABŞ sərnişin təyyarəsi və ABŞ Quru Qoşunlarının “Black Hawk” helikopteri Ronald Reyqan adına Vaşinqton hava limanı yaxınlığında toqquşub. Təyyarə Kanzas ştatından uçub, göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olub. Helikopterdə ən azı üç hərbçi olub. Toqquşmadan sonra təyyarə və helikopter Potomak çayına düşüb. Qəzadan sağ qalan olmayıb.
-
Xaçmazda evdə siqaret çəkən kişi yanaraq ölüb
Xaçmazda yanğın zamanı xəsarət alan kişi ölüb.
Median.Az “Report”a istinadla xəbər verir ki, ötən gün Susayqışlaq kənd sakini, 1969-cu il təvəllüdlü Əvəz Vəlizadə yaşadığı evdə yataq otağında uzanarkən çəkdiyi siqaret kötüklərini yerə atması səbəbindən yanğın baş verib.
Yanğın zamanı yanıq xəsarətləri alan kişi xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
-
UEFA əmsallar cədvəli: Azərbaycanın mövqeyi dəyişməyib
Avropada növbəti böyük futbol günündən sonra ölkələrin UEFA əmsallar cədvəli yenilənib.
UEFA Avropa Liqasında Liqa mərhələsinin sonuncu – VIII turunun matçları bəzi gözlənildiyi kimi, bəzi dəyişikliklərə səbəb olub.Belə ki, Şotlandiya və Danimarka İsveçrəni keçib, İsveç isə Kipri arxada qoyub.
“Qarabağ”ın Yunanıstanda “Olimpiakos”a 0:3 hesabı ilə uduzması Azərbaycanın mövqeyinə təsir etməyib. Xal hesabı 19.625-ə bərabər olan ölkəmiz Avropada 28-ci pillədə qalıb.
Cari mövsümün qazancı 2.875 xala bərabərdir. Ölkə reytinqi üçün “Zirə” və “Qarabağ”ın hər biri 1.250 xal, “Sabah” 0.250 xal, “Sumqayıt” isə 0.125 xal əldə edib.
Cədvəldə bizdən öndə olan Bolqarıstanın aktivində 19.875 xal var, bizdən arxada olan Sloveniyanın isə 18.343 xalı var – öndəkilərdən fərqli olaraq, sonuncuların avrokuboklarda hələ iki komandası çıxışını davam etdirir.
Qeyd edək ki, cədvələ 106.624 xalla İngiltərə başçılıq edir.
-
Plastik cərrahlara verilən vaxt başa çatır – SON GÜNDÜR
Bu gün plastik cərrahların sənədlərini Səhiyyə Nazirliyinə təqdim etmələri üçün son gündür.
Praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanuna uyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) yanvarın 31-dək Səhiyyə Nazirliyinə şəxsən təqdim etməli idilər.Sənədlər tələb olunan qaydada və tarixədək təqdim edilmədiyi təqdirdə, bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaq.
Xatırladaq ki, vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının müəyyənləşdirilməsi məqsədilə səhiyyə nazirinin müvafiq əmri ilə Səhiyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.
-
“Baku Bus”ın sürücüsü sükan arxasında infarkt keçirdi: Qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ (VİDEO)
Maştağa qəsəbəsində “Baku Bus” MMC-yə məxsus marşrut avtobusunun qəzaya düşməsinin anbaan görüntüləri yayılıb.
Videoqeydiyyatçı ilə qeyd alınan görüntülərdə boş avtobusun sürətlə irəlilədiyi görünür. Sonrakı kadrlarda isə onun qarşıdakı obyektə çırpılaraq dayandığı aydın olur.Xatırladaq ki, hadisəyə səbəb sürücünün sükan arxasında infarkt keçirməsi olub.
Görüntüləri təqdim edirik:
-
Faytonçu Nazim xəstəxanaya yerləşdirildi
Müğənni Nazim Pişyari (Faytonçu) xəstəxanaya yerləşdirilib.
Median.Az Axşam.az-a istinadla xəbər verir ki, sənətçi işemik insult keçirib. Küçədə yıxılan Nazim qapalı kəllə beyin travması da alıb.
O, hazırda özəl xəstəxanalardan birində müalicə alır.
N.Pişyarinin yaxınları ilə əlaqə saxlamaq mümkün olmayıb.
-
Azərbaycanın Yunanıstadaki səfirliyin keçmiş 1-ci katibi saxlanılıb, 500 AZN cərimələndi
Azərbaycanın Yunanıstandakı səfirliyinin birinci katibi vəzifəsində işləmiş Rəhman Şahhüseynli saxlanılıb.
Median.Az report-a istinadən xəbər verir ki, sabiq birinci katib xırda xuliqanlıqda, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yetirməməkdə və polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda şübhəli bilinib.
R. Şahhüseynli Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunub.
Barəsində 3 maddə üzrə protokollar tərtib olunub və baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilib. Protokolda polis onun 2 ay müddətinə həbs edilməsini istəyib.
Sumqayıt Şəhər Məhkəməsində Rəhman Şahhüseynli barəsində xırda xuliqanlıqla bağlı bəraət verilib, digər iki əmələ görə isə 500 manat cərimə edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Faktı Rəhman Şahhüseynlinin vəkili Könül Cəfərli təsdiqləyib.
Qeyd edək ki, Yunanıstan səfirliyinin birinci katibi olan Rəhman Şahhüseynli 2024-cü ilin sentyabrında geri çağırılıb və “diplomatik xidmət orqanlarının əməkdaşına uyğun olmayan əməllər törətdiyi” üçün diplomatik fəaliyyətinə xitam verilib.









