Month: Yanvar 2025

  • Paytaxtın əsas prospektlərindən birində təmir işləri aparılır, hərəkətə məhdudiyyət qoyulub

    Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yolda təmir işləri aparıldığından yol ötürücüsünün üzərindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

    Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

    “Nizami rayonu, Babək prospektində (“Baku Medical Plaza”nın yaxınlığında) aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır. Bu səbəbdən yol ötürücüsünün üzərindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub”, – deyə məlumatda qeyd olunub.

  • Azərbaycanda zəlzələ olub

    İsmayıllı rayonunda 3 maqnitudalı zəlzələ olub.

    Bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu bildirib.

    “Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, “İsmayıllı” stansiyasından 22 km şimalda, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb”, – deyə məlumatda qeyd olunub.

    Yerli vaxtla saat 5:18-də qeydə alınmış yeraltı təkanların ocağı 9 km dərinlikdə yerləşib.

  • Yeni Zelandiyada dağa hüquqi şəxs statusu verildi: İnsanlar kimi imtiyazları olacaq

    Yeni Zelandiyada yerli Maori xalqı üçün müqəddəs sayılan və əcdadı hesab edilən Taranaki dağına yeni qanunla hüquqi şəxs statusu verilib.

    Bu barədə Median.Az “Haber Global”a istinadən xəbər verir.

    Məlumata görə, bununla da Taranaki bir insanın sahib olduğu bütün hüquq və vəzifələrə sahib olacaq.

    Parlamentin yekdilliklə təsdiq etdiyi qanunla Taranaki dağının zirvəsinə yerli xalqın istifadə etdiyi ifadələrdən olan “Taranaki Maunqa” adının verilməsi qərara alınıb.

    Qeyd edilib ki, qanun həmçinin 19-cu əsrdə ingilislərin ölkəni müstəmləkəyə çevirməsindən sonra dağın maorilərdən oğurlandığını qəbul edir.

    Qanuna görə, Taranaki ətrafdakı təpələri və torpaqları ilə bütün fiziki və metafizik elementləri ilə canlı və bölünməz bir bütöv olaraq görülür.

    Yeni Zelandiyanın mədəniyyət, incəsənət və tarixi irs naziri Pol Qoldsmit parlamentdə çıxışı zamanı dağın üstünlüklərindən danışıb.

    “Dağ uzun zamandır şərəfli bir əcdad, fiziki, mədəni və mənəvi qida mənbəyi və son istirahət yeri olub”, – deyə o bildirib.

    “Bu gün Taranaki ədalətsizlik, cəhalət və nifrət buxovlarından azad oldu”, – deyə “Te Pati Maori” Partiyasının həmsədri Debbi Nqareva-Pakker qanunun parlamentdən keçməsindən sonra qeyd edib.

    Bildirək ki, qarla örtülmüş sönmüş vulkanik dağ olan və 2 518 metr hündürlüyündəki Taranaki turizm, yürüş idmanı və qar idmanı üçün məşhur yerlərdəndir.

    Qeyd edək ki, Yeni Zelandiyada daha əvvəl də çaylardan biri və müqəddəs sayılan torpaq parçası ilə bağlı oxşar qərar alınmışdı.

  • Antalyada 50-dən çox hotel bağlanıb

    Türkiyənin Bolu vilayətində hoteldə 78 nəfərin ölümü ilə nəticələnən yanğın ilə bağlı aparılan yoxlamalardan sonra Antalya şəhərində ən azı 50 otel bağlanıb.

    Bu barədə “NTV” məlumat yayıb.

    Qeyd olunur ki, həmçinin İstanbulda da qaydaları pozan bütün hotellər bazar ertəsi, fevralın 3-nə qədər bağlanacaq.

    Xatırladaq ki, yanvarın 21-də Türkiyənin Bolu vilayətində məşhur Kartalkaya dağ-xizək kurortunda yerləşən “Grand Kartal” hotelində dəhşətli yanğın baş verib. Yanğın zamanı 12 mərtəbəli binada 237 qonaq olub, o cümlədən məktəb tətilində istirahətə gələn uşaqlı ailələr.

  • Ronaldu Messi ilə münasibətlərindən danışdı

    “Real”ın sabiq hücumçusu Kriştianu Ronaldu “Barselona”nın sabiq hücumçusu Lionel Messi ilə münasibətləri ilə bağlı sualı cavablandırıb.

    Bu barədə “laSexta” məlumat verib.

    “Messi ilə münasibətim heç vaxt pis olmayıb”, – Ronaldu bildirib.

    Xatırladaq ki, Ronaldu 2009-2018-ci illərdə “Kral Klubu”nda çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 438 matçda iştirak edib, 450 qol vurub və 131 məhsuldar ötürmə edib. Öz növbəsində, Messi 2005-2021-ci illərdə “Barselona” komandasında çıxış edib. Bu müddət ərzində o, bütün yarışlarda 778 oyun keçirib, 672 qol vurub və 303 məhsuldar ötürmə edib.

  • Rusiyada uşaqlarla bağlı maraqlı təklif: Valideynin icazəsi olmadan öz adlarını dəyişə biləcəklər?

    Rusiya Dövlət Duması uşaqlara valideynlərinin icazəsi olmadan adlarını dəyişmək hüququnun verilməsini təklif edib.

    Median.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya Dövlət Dumasının sədr müavini Vladislav Davankov məktəblərdə uşaqlara qarşı bullinq hallarının qarşısını almaq məqsədilə belə bir təkliflə Əmək Nazirliyinə müraciət edib.

    Onun sözlərinə görə, Rusiyada valideynlər övladları üçün getdikcə daha qeyri-adi adlar seçirlər. Bu isə uşaqları bullinqə məruz qoyur. Məsələn, Lüsifer, Donatella, Avropa, Şəkər, Kit, İnvoker, Mirana, Lunara və s. kimi adlar seçildikdə, uşaqlar tez-tez zorakılıq və ya sosial təcrid ilə üzləşirlər.

    Qeyd edilir ki, uşaqların adlarını dəyişdirmək üçün yalnız təhsil qurumunun bullinq faktını təsdiqləməsi kifayət edəcək.

    Həmçinin vurğulanır ki, uşağa yalnız Rusiyada yayılmış ənənəvi adlar siyahısından yeni ad verilə bilər.

  • Uşaqlarda zəhərlənməni necə müəyyən etmək olar? – Həkimə müraciəti zəruri edən SİMPTOMLAR

    Uşaqlarda zəhərlənmə hər bir valideynə tanış olan hadisədir. Lakin bu geniş yayılmış problem uşağın sağlamlığı üçün təcili tibbi yardım tələb edən ciddi nəticələrə səbəb ola bilər.

    Bu barədə rusiyalı uşaq qastroenteroloqu Yekaterina Kuzmina danışıb.

    O bildirib ki, qida zəhərlənməsi mədə-bağırsaq traktına infeksion agentin düşməsi nəticəsində yaranan kəskin infeksion xəstəlikdir, yəni kəskin bağırsaq infeksiyasıdır (KBİ).

    “KBİ müxtəlif bakteriyalar, viruslar və ya ibtidai parazitlər tərəfindən törədilir. Onlar çirkli su, istifadə müddəti bitmiş qida, kifayət qədər termik emal edilməmiş qidalar vasitəsilə, həmçinin bağırsaq infeksiyası daşıyıcısı ilə təmasda orqanizmə keçə bilər. Qida zəhərlənməsinin əsas əlamətləri arasında intoksikasiya, qarın ağrıları, duru nəcis, qusma, temperaturun yüksəlməsi, süstlük, zəiflik və qidadan imtina var. Bunun nəticəsində uşaqda eksikoz – orqanizmdə maye çatışmazlığı inkişaf edə bilər ki, bu da ürək-damar, sinir və sidik-ifrazat sistemlərinin fəaliyyətinə təhlükə yaradır”, – deyə Yekaterina Kuzmina xəbərdarlıq edib.

    Uşaqda maye çatışmazlığı zamanı dəri və selikli qişaların quruluğu, seyrək sidik ifrazı, göz yaşsız ağlama, süstlük, şüurun pozulması, görmənin itməsi və qıcolmalar müşahidə olunur. Bu əlamətlər təcili tibbi yardım çağırılmasını tələb edir.

    Həkim həmçinin bildirib ki, bağırsaq infeksiyasının əlamətləri altında cərrahi patologiya da gizlənə bilər. Buna görə də, uşaqda zəhərlənmə əlamətləri yarandıqda vaxtında tibbi yardıma müraciət etmək çox vacibdir.

    “Bağırsaq infeksiyalarının profilaktikası qida hazırlayarkən gigiyena qaydalarına riayət etməkdən, tərəvəz və meyvələri yaxşıca yumaqdan, həmçinin şəxsi gigiyenaya riayət etməkdən – yeməkdən əvvəl, tualetdən sonra və heyvanlarla təmasdan sonra əlləri yumaqdan ibarətdir”, – deyə həkim sözlərini yekunlaşdırıb.
    //oxu.az

  • Ölümdən sonra həyat varmı? – Ürəyi dayanmış xəstənin ayılandan sonra danışdıqları heyrətə gətirdi

    Klinik ölüm halında şüur mövcudluğunu davam etdirə bilər.

    Bu barədə Niderlandın Neyroelm İnstitutunun ölümə yaxın təcrübələri araşdıran alimləri bəyan ediblər. Onların tədqiqatlarının nəticələri “Nature Neuroscience” jurnalında dərc edilib.

    Tədqiqatda bildirilib ki, ürək dayanması keçirən 70 klinik hadisənin təhlili zamanı şüur və onun bioloji proseslərlə əlaqəsi haqqında mövcud elmi təsəvvürləri şübhə altına alan bir sıra fenomenlər aşkarlanıb.

    Alimlərin sözlərinə görə, bu hadisələrin ən parlaq nümunələrindən biri 2022-ci ildə qeydə alınıb. Hadisə Stanford Tibb Mərkəzində kardioloq Lloyd W.Rudy tərəfindən təsvir edilib. Belə ki, beyin damarlarında anevrizması olan xəstə ürək dayanmasından sonra rəsmən ölü elan edilib, lakin 34 dəqiqədən sonra heç bir tibbi müdaxilə olmadan həyat əlamətləri göstərib.

    Tədqiqatçılar qeyd ediblər ki, reanimasiyadan 72 saat sonra bu xəstə klinik ölüm zamanı əməliyyat otağında baş verən hadisələrin təfərrüatını dəqiqliklə təsvir edib. O, cərrahların hərəkətlərinin dəqiq vaxtını 2%-dən az xəta ilə göstərib, tibb bacısının monitorlar söndürülmüş vəziyyətdə yazdığı elektron məktubun mətnini təkrarlayıb və həmçinin xəstənin huşunu itirməsindən sonra anestezioloqların defibrilyatorun dəyişdirilməsi ilə bağlı söhbətini təsvir edib.

    Tədqiqatın rəhbəri Dr. Marten van der Linden vurğulayıb ki, bu cür məlumatları yalnız qalıq beyin aktivliyi ilə izah etmək mümkün deyil.

    Tədqiqat zamanı iştirakçıların 89%-i, EEQ (elektroensefaloqrafiya) aktivliyi olmayan vəziyyətdə əldə etdikləri məlumatları dəqiqliklə təkrarlaya biliblər. 63% hallarda onların təsvirləri əməliyyat otağının videoyazıları ilə üst-üstə düşüb.

    Gələcəkdə alimlər klinik ölüm zamanı şüurun saxlanması proseslərini başa düşmək üçün yeni nəsil kvant sensorlarından istifadə etməyi planlaşdırırlar.
    //oxu.az

  • “The Squid Game”in son mövsümü nə vaxt yayımlanacaq?

    “Netflix” şirkəti “The Squid Game” (“Kalmar oyunu”) serialının son mövsümünün premyera tarixini açıqlayıb.

    Median.Az “Daily Afisha”ya istinadən xəbər verir ki, Koreya hitinin yeni epizodları iyunun 27-dən “Netflix” platformasında yayımlanacaq.

    Qeyd edək ki, serialın ikinci mövsümü premyera həftəsində baxış rekordu qırıb. O, 68 milyon baxış toplayıb.

  • İspaniyada silah fabrikində partlayış: Yaralananlar var

    İspaniyanın Mursiya əyalətində “Rheinmetall” hərbi sursat fabrikində baş verən partlayış nəticəsində altı nəfər yaralanıb.

    Bu barədə “Cadena Ser” radiosu fövqəladə hallar xidmətinə istinadən məlumat yayıb.

    Qeyd olunur ki, Mursiya şəhərinin kənarında yerləşən zavodda rezervuar partlayıb. Bundan sonra yanğın başlayıb və alov zavodun yaxınlığındakı meşəni bürüyüb.

    Həkimlər altı zərərçəkənə yardım göstərib, onlardan beşi xəstəxanaya yerləşdirilib. Yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir.