Month: February 2025

  • Avtobus zolağındakı bu beton arakəsmələr düzəlməsə qəzalar baş verə bilər – FOTO

    Karl Marks dairəsi, Ayna Sultanovaya tərəfdəki avtobus zolağında ciddi bir problem yaranıb.

    Median.Az-ın məlumatına görə, bir müddət əvvəl burada baş verən qəza nəticəsində evakuator maşını aparıb, lakin yolda qalan beton parçaları hələ də düzəldilməyib.
    Bu vəziyyət avtomobillərin sıxlıq təşkil etdiyi saatlarda avtobusların hərəkətini ciddi şəkildə çətinləşdirir.

    Avtobus sürücüləri bu ərazidə yaşanan sıxlığı və gözlənilməz vəziyyətləri təhlükəli hesab edirlər. Onlar müvafiq qurumların bu məsələyə diqqət yetirmədiyindən narahatdırlar. Belə davam edərsə, bu yolun bu hissəsinin istifadəsi daha da çətinləşəcək.

  • Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı Nyu-Yorkda məlumat kampaniyası keçirilir

    Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı Birləşmiş Millətlər Təşkilatının binası qarşısında və bütün Nyu-Yorkda məlumat kampaniyası keçirilir.

    Apa xəbər verir ki, bu barədə Azərbaycanın BMT-dəki nümayəndəliyi “X” hesabında paylaşım edib.

  • Bu hərbi qulluqçuların maaşı ilə bağlı dəyişiklik

    Nazirlər Kabineti “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

    Median.Az xəbər verir ki, qərara əsasən, “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin hərbi qulluqçularının (Xidmətin rəhbərliyinə aid olan hərbi qulluqçular istisna olmaqla) aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” və “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada təsdiq olunub.
    Maliyyə Nazirliyinə tapşırılsın ki, bu qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.
    Bu Qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir

  • Zelenski təsdiqlədi: Bu tarixdə ABŞ-a gedir

    Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ səfərinə hazırlandığını təsdiqləyib.

    Median.Az xəbər verir ki, Zelenski səfərin fevralın 28-nə planlaşdırıldığını bildirib.

    Zelenski səfərin formatı ilə bağlı hazırlıq görüldüyünü qeyd edib.

  • Biləsuvarda “Kalaşnikov” avtomatı aşkarlanıb

    Biləsuvar rayonunda “Kalaşnikov” avtomatı aşkarlanıb.

    “Report”un Muğan bürosu xəbər verir ki, Biləsuvar rayonunun Yuxarı Ağalıkənd kəndinin ərazisində bağlamanın içərisində silah-sursat tapılması barədə polisə məlumat daxil olub.

    Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd AKM-74 markalı avtomat, 59 ədəd patron darağı və 2 003 ədəd patron aşkarlanaraq götürülüb.

    Fakt üzrə araşdırma aparılır.

  • Ramazan ayının başlaması ilə bağlı verilən fətvanın VAXTI AÇIQLANDI

    Sabah Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Ramazan ayının başlaması ilə bağlı fətva veriləcək.

    Median.Az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, ilahiyyatçı-alim Fuad Nurullayev deyib.

    “Sabah Qafqaz Müsəlmanları İdarəsində Ramazan ayının başlaması münasibəti ilə tədbir keçiriləcək, elə tədbirdə də fətva veriləcək”, – F. Nurullayev bildirib.

  • Bakının bəzi yollarında sürət həddi ENDİRİLDİ

    Bakının bəzi yollarında sürət həddi endirilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

    Bildirilib ki, mövcud hava şəraiti ilə əlaqədar Zığ dairəsi – Hava limanı yolunda bəzi zolaqlar üzrə ümumilikdə sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti, əsas yolda 10 km/saat, Mərdəkan şosesi və Buzovna-Zuğulba yolunda isə 20 km/saat endirilib.

    Bununla yanaşı, bütün tablolarda “buzlu yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

  • DİM-in saytı kiberhücuma məruz qaldı: Şagirdlər NARAHATDIRLAR

    “Hazırda imtahanlara qeydiyyatla bağlı əsaslı bir narahatlıq yoxdur. Bu vaxta qədər 80 mindən artıq ərizə artıq təsdiq olunub”.

    Median.Az xəbər verir ki, bunu Teleqraf-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə deyib.

    Bir neçə gündür dövlət informasiya ehtiyatlarına kütləvi DDOS hücumları müşahidə olunur. Həmçinin Dövlət İmtahan Mərkəzinin rəsmi saytında daxil olarkən bu problem müşahidə olunur. Yaranmış vəziyyət DİM saytında qeydiyyatdan keçməli olan şagirdlərdə ciddi narahatlığa səbəb olub.

    Mətbuat katibi isə bildirib ki, qeydiyyat prosesi 20 fevraldan başlanıb və martın 5-nə qədər davam edəcək.

    “Proses elektrondur, 24 saat ərzində işlək olur. Yəni iştirakçılara qeydiyyatdan keçmələri üçün kifayət qədər vaxt verilib”.

  • Rusiya Trampın Qəzza planına qarşı çıxıb

    “Fələstinlilərin Qəzza zolağından region ölkələrinə köçürülməsi Fələstin-İsrail probleminin altına bomba qoymaq deməkdir”.

    Median.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu xarici işlər naziri Sergey Lavrov Qətərə səfərinin yekunlarına dair mətbuat konfransında deyib.

    O, rəsmi Moskvanın fələstinlilərin Qəzza zolağından regionun digər ölkələrinə köçürülməsi ideyasını dəstəkləmədiyini vurğulayıb.

    Xatırladaq ki, D.Tramp Qəzza bölgəsində yaşayan fələstinlilərin Misir və İordaniyaya köçürülməsini təklif edib. O, bu fikri İordaniya Kralı II Abdullahla telefon danışığı zamanı irəli sürüb. D.Tramp qeyd edib ki, Qəzza artıq xarabalığa çevrilib, orada salamat bina qalmayıb.

  • Əlverişsiz hava şəraiti ilə bağlı yol polisindən hərəkət iştirakçılarına MÜRACİƏT

    Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) davam edən əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

    İdarədən bildirilib ki, ötən həftədən yağan qarın yollarda yaratdığı çətinliklər hələ də aradan qalxmayıb.

    “Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə bu gün axşamdan başlayaraq, fevralın 27-dək ölkə ərazisində havanın küləkli olacağı, fasilələrlə sulu qar və qar yağacağı gözlənilir.

    Verilən hava proqnozu ilə əlaqədar bir daha sürücülərə müraciət edərək onları zəruri ehtiyat tədbirləri görməyə, yolların sürüşkənliyini nəzərə almağa, sürət həddini minimuma endirməyə, ara məsafəsini normadan artıq saxlamağa, qış mövsümü üçün hazırlıqsız olan avtomobillərdən mümkün qədər istifadə etməməyə çağırır.

    Əlverişsiz hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə alaraq, piyadaları da yollarda daha məsuliyyətli olmağa çağırırıq”, – məlumatda deyilir.