Month: March 2025

  • Prezident İlham Əliyev Valentina Matviyenkonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

    Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

  • Sumqayıtda liposaksiya əməliyyatı etdirən 34 yaşlı qadın ölüb

    Fevralın 27-də paytaxtda yerləşən özəl klinikalardan birində liposaksiya əməliyyatı etdirən 34 yaşlı qadın bu gün ölüb.

    Hadisə Sumqayıtda baş verib.
    18-ci məhəllə sakini 1991-ci il təvəllüdlü Mirzəyevə Pərvanə Afiəddin qızının halı pisləşərək öz evində ölüb.
    Mərhumun ailəsinin iddiasına görə, P. Mirzəyeva əməliyyat səbəbindən dünyasını dəyişib.
    Fakt araşdırılır.
     
    ///APA

  • 2025-ci ilin valyuta qalibləri: dollar ilk beşlikdə yoxdur

    Donald Trampın ikinci prezidentlik dönəmi dünya valyutalarına əhəmiyyətli təsir göstərib.

    Valyuta.Az “Reuters”ə istinadla xəbər verir ki, bu il dollar Kanada dolları istisna olmaqla inkişaf etmiş bazarların bütün digər valyutalarına qarşı zəifləyib. Bunun əsas səbəbi tariflərə dair qeyri-müəyyənliyin ABŞ iqtisadiyyatına mənfi təsir göstərə biləcəyi narahatlığıdır.

    “Ümumiyyətlə, tariflər dollar üçün müsbət amil hesab olunur”, – deyə “Barclays”ın valyuta strategiyası üzrə mütəxəssisi Lefteris Farmakis bildirib. “Lakin onlar yaxın ticarət tərəfdaşlarına tətbiq edildikdə, ABŞ-yə olan inamı zəiflədə bilər.”

    ABŞ-də resessiya risklərinin artması və investorların avro, İsveç kronu və yapon yenini almaq üçün ayrıca səbəblər görməsi də dolların zəifləməsinə təsir edir.

    1. Avronun yüksəlişi

    Almaniyanın müdafiə və infrastruktur xərclərini artırmaq planı avronun dəyərini kəskin yüksəldib. Ötən həftə avro dollar qarşısında 2009-cu ildən bəri ən böyük həftəlik artımını qeydə alıb və 2022-ci ildən bu yana ən yaxşı rüblük göstəricisini nümayiş etdirərək 5% bahalaşıb.

    Hazırda 1,09 dollar səviyyəsində olan avro, ABŞ-də 5 noyabr seçkilərindən sonra ən yüksək nöqtəyə çatıb. “Bank of America” (“BofA”) 2025-ci ilin sonuna qədər avronun 1,15 dollara yüksələcəyini proqnozlaşdırır.

    Avro həmçinin funt sterlinq və İsveçrə frankına qarşı da möhkəmlənib. “Societe Generale” bankının korporativ araşdırmalar şöbəsinin rəhbəri Kennet Bruks bildirib ki, Avropa Mərkəzi Bankı (ECB) faiz dərəcələrini aşağı salma dövrünün sonuna yaxınlaşır və Avropanın müdafiə xərclərini artırması avronun perspektivlərini əhəmiyyətli dərəcədə dəyişib. Bununla belə, ABŞ-nin tarif siyasəti avronun yüksəlişi üçün hələ də risk olaraq qalır.

    2. Yenin güclənməsi

    Bu il yapon yeni dollar qarşısında 6% dəyər qazanaraq əsas yüksələn valyutalardan biri olub. Buna səbəb Yaponiyada faiz dərəcələrinin artması və qeyri-müəyyən iqtisadi şəraitdə investorların yenə “təhlükəsiz liman” kimi müraciət etməsidir.

    “Əgər ABŞ-də iqtisadi yavaşlama riskindən qorunmaq istəyirsinizsə, Yaponiyaya yönəlməlisiniz, çünki bu, ABŞ-nin xəzinə istiqrazlarının gəlirliyinin azalması riskini də ehtiva edir”, – deyə “Barclays”ın Farmakis qeyd edib.

    Yen, ABŞ və Yaponiya arasındakı faiz dərəcələri fərqinə son dərəcə həssasdır. Eyni zamanda, Yaponiyada şirkətlərin işçi həmkarlar ittifaqlarının maaş artımı tələblərini qəbul etməsi Mərkəzi Bankı faiz artırmağa sövq edə bilər. Bu da yenin dörd illik geriləmədən sonra cəlbediciliyini artırır. Spekulyantlar indiyə qədər yendə ən böyük artım mövqelərindən birini tutublar.

    3. ABŞ-nin “dost olmayan” qonşuları

    Kanada və Meksika, ABŞ-nin iki ən böyük ticarət tərəfdaşı olmasına baxmayaraq, onların valyutalarına olan təzyiq hələ tam aradan qalxmayıb.

    “ING” bankının hesablamalarına görə, hazırda bazarda Kanada dollarına 2%-lik risk daxildir ki, bu da fevralın əvvəlində 22 ilin ən aşağı səviyyəsini gördüyü vaxt müşahidə edilən 4%-lik riskdən azdır.

    Meksikanın pesosu ötən ay dollar qarşısında üç ilin ən aşağı səviyyəsinə düşdükdən sonra 5% bahalaşıb və hazırda 20,10 peso/dollar səviyyəsinə yaxınlaşıb ki, bu da ABŞ seçkilərindən əvvəlki göstəriciyə yaxındır.

    Trampın Kanada və Meksikadan idxal olunan əksər məhsullara tətbiq edilən 25%-lik tarifləri dayandırması müsbət haldır. Lakin ümumi polad və alüminium tariflərinin çərşənbə günü qüvvəyə minməsi Kanadanın cavab tədbirləri görməsinə və Kanada Bankının növbəti faiz endirimini nəzərdən keçirməsinə səbəb olub.

    Bütün bunlar fonunda Kanada dollarının dəyişkənliyinin yüksək olaraq qalması gözlənilir.

    4. Çin yuanının möhkəmlənməsi

    Çinin yuanı Trampın siyasətindən ən çox zərər görən valyutalardan biri kimi qiymətləndirilirdi. Xüsusilə, Pekinin tariflərin təsirini azaltmaq üçün əvvəlki kimi yuanın məzənnəsini süni şəkildə aşağı salacağı ehtimal edilirdi.

    Çin, həqiqətən də, ən çox tariflərə məruz qalan ölkələrdən biri olub. Lakin yuan bu il möhkəmlənərək 7,25 yuan/dollar səviyyəsində ticarət olunub.

    “BofA” bildirib ki, Çin hakimiyyətinin yuanın dollar qarşısında zəifləməsinə imkan verməməsinin əsas səbəbi digər Asiya ölkələrinin valyutalarının yuanla müqayisədə daha çox möhkəmlənməsidir ki, bu da Çin ixracatçılarının rəqabət qabiliyyətini qoruyur.

    “Çin əsas ticarət tərəfdaşları qarşısında yuanda nisbi dəyər itkisinə nail olub, baxmayaraq ki, dollar qarşısında cüzi artım müşahidə edilir”, – deyə bank qeyd edib.

    5. İsveç kronunun sürpriz güclənməsi

    Dollar qarşısında əhəmiyyətli dərəcədə güclənən və diqqətdən kənarda qalan valyutalardan biri də İsveç kronudur.

    O, bu il 9% bahalaşaraq dollar qarşısında 10 kron səviyyəsinə yüksəlib. Bu, 2023-cü ilin sonlarından bəri ən yüksək göstəricidir və avronun möhkəmlənməsinə baxmayaraq, kron öz mövqeyini qoruyub.

    Analitiklər bildirirlər ki, Avropa fond bazarlarının güclənməsi, Ukrayna-Rusiya münaqişəsində atəşkəs ümidləri və İsveç iqtisadiyyatının yaxşılaşması bu tendensiyanı dəstəkləyir.

    Bundan əlavə, İsveç kronunun Avropa səhmlərinə həssaslığı və ölkənin müdafiə sənayesindəki payının böyük olması onun güclənməsinə əlavə stimul verib. “Societe Generale” qeyd edir ki, İsveç ümumi daxili məhsul baxımından Avropada müdafiə sektoruna ən çox töhfə verən ölkələrdən biridir.

  • Salyanda milyon yarımlıq abadlıq işləri görüləcək

    Salyan şəhərində abadlıq və təmir işləri həyata keçiriləcək.

    Valyuta.Az xəbər verir bu barədə məlumat Salyan Rayon İcra Hakimiyyətinin elan etdiyi tenderin mətnində öz əksini tapıb.

    Məlumata əsasən, Salyan şəhərində abadlıq işləri və çoxmənzilli binalarda təmir işləri həyata keçiriləcək.

    Satınalma predmetinin ehtimal olunan qiyməti 1.482.081,00 AZN olan tender üçün təkliflərin son təqdim olunma tarixi 24 aprel 2025-ci il saat 15:00 təyin edilib.

  • Məhkəmədə hakimə itini tərifləyən şəxsin şikayəti təmin olunmadı

    Bakıda küçədə itini ağızlıqsız gəzdirdiyi üçün İnzibati Xətalar Məcəlləsinin 290.1.4.-cü maddəsi ilə 200 məbləğində cərimə edilən şəxs məhkəməyə şikayət verib.

    Qaynarinfo-nun məlumatına görə, Z.B. adlı şəxs Nərimanov rayonunda iti ilə gəzərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Buna səbəb onun cilovlu itini ağızlıqsız gəzdirməsi olub.

    Z.B. cərimənin haqsız olduğunu düşünərək, Nərimanov Rayon Məhkəməsinə şikayət verib. Hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən məhkəmədə həmin şəxs cərimələnməsinə səbəb olan Labrador cinsindən itini tərifləməyə başlayıb. O, əvvəlcə boyu yarım metrdən çox olan itinə ağızlıq taxmağın tələb olunmadığını, bu cinsdən olan itlərin dünyanın ən təhlükəsiz və aqressiyası olmayan it cinsinə aid ediliyini deyib. Onun sözlərinə görə, Labrador cinsli itlər təbiətlə ünsiyyətdən zövq almaq istəyən, ağıllı və itaətkar, şəvqətli, əsl dost, həddindən artıq ürəyi yumşaq, aqressiyası və ya kobudluğu olmayan cinsdir, təbiətcə xeyirxahdır:

    “Labrador özünəməxsus keyfiyyətlərinə görə yoldaş, bələdçi, xilaskar kimi istifadə edilə bilən, partlayıcı maddələr və narkotik maddələr axtaran bir ov itidir. İngiltərə itlər cinsinə aid olan bu it ingiltərəlilər tərəfindən ova gedərkən yoldaş olması məqsədi ilə saxlanılan bir cinsdir, əsla insanlarla işi olmayan, yalnızca ov edərkən quşlara reaksiya verən, özünə şikar kimi yalnız çöl quşlarını görən bir it cinsi kimi tanınır”.

    Sonda Z.B. Labradorun yalnız iş keyfiyyətləri sayəsində deyil, həm də şəhər şəraitində rahat saxlama, mükəmməl qeyri-aqressiv xarakter və digər ev heyvanları ilə yaxşı ünsiyyət qurma bacarığı sayəsində bu cins itlərə ağızlıq taxmağa ehtiyac olmadığını bildirib və şikayət ərizəsinin təmin olunmasını məhkəmədən xahiş edib.

    Hakim isə itlərin cilovsuz, iri itlərin isə həmçinin ağızlıqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə görə 200 manat məbləğində cərimə edildiyini xatırladıb və şikayətini təmin etməyib.

  • ABŞ-da yumurta böhranı: Azərbaycan məhsul ixracına başlayır

    “Azərbaycan ABŞ-a yumurta ixrac edəcək”.

    Bu barədə Qaynarinfo-ya açıqlamasında Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının idarə heyətinin sədri Mürvət Həsənov deyib.

    Onun sözlərinə görə, ABŞ-a 80 maşın yumurta göndəriləcək:

    “Yumurta martın 17-də Amerikaya yola salınmalı idi. Lakin Qida Təhlükəsizliyi Agentliyi sənəd verməlidir. Həmin sənədi bu gün almalıyıq. Yumurta maşınlara yüklənib. Bununla bağlı Amerkadan federal sertifikat almışıq, yumurta yoxlamadan keçib. İlkin vaxtda 15 maşın yumurta yüklənib. Ümumilikdə, 80 maşın yumurta göndəriləcək”.

    Mürvət Həsənov bildirib ki, hər bir maşına 350-360 minə yaxın yumurta yüklənib.

    Qeyd edək ki, ABŞ-da bir müddətdir yumurta böhranı yaranıb. Vaşinqton digər ölkələrdən məhsul ixracına başlayıb.

  • Restoranda siqaret çəkdi – Həbs edildi

    Bakıda restoranda siqaret çəkən müştəri həbs olunub.

    Qaynarinfo-nun məlumatına görə, hadisə Səbail rayonu ərazisində yerləşən “Əsmət” restoranında baş verib.

    Belə ki, 1980-ci ildə Bakı şəhərində anadan olmuş N.H. sözügedən retoranda tanışları ilə oturaraq yeyib-içdikdən sonra siqaret çəkməyə başlayıb. Restoranda ofisant ona siqaret çəkməməyi tövsiyyə edib. Lakin N.H. ofisantın iradını qulaqardı edərək, siqaret çəkməyə davam edib.

    Hadisə yerinə polis əməkdaşları çağırılıb. O, bundan sonra ofsianta rus dilində “kim işverənlik edib?” deyib.

    N.H. saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib olunub və iş məhkəməyə göndərilib.

    Məhkəmənin qərarı ilə N.H. barəsində 30 gün müddətə inzibati həbs tətbiq olunub.

  • Hava xəbərdarlığı: Yağış, qar yağacaq, temperatur 15 dərəcə enəcək

    Ölkə ərazisində hava şəraiti dəyişəcək.

    Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində müşahidə olunan mülayim hava şəraitindən sonra martın 18-dən 19-na keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi, fasilələrlə yağıntılı olacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 10-15 dərəcə enəcəyi gözlənilir.

    Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimal olunur.

    Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.

    Ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti martın 24-dək davam edəcək.

  • Türkanda zibil problemi: Tullantılar yaşayış evlərinin yaxınlığında boşaldılır – VİDEO

    Türkan qəsəbəsinin sakinləri yaşayış evlərinin yaxınlığında zibillik yaradılmasından şikayətçidir.

    Sakinlər Qaynarinfo-ya bildirib ki, zibil maşınları tullantıları Türkan qəsəbəsinin yeni yaşayış massivinin yaxınlığına boşaldır.

    “Nəticədə, ərazi zibil poliqonuna çevrilib. Ətrafı üfunət iyi bürüyüb. İy hətta evlərə gəlir. Otura bilmirik”, deyə sakinlər bildirib.

    Onların sözlərinə görə, problem bir müddətdir ki, mövcuddur. Rəsmi qurumlara müraciət edilsə də, nəticəsi yoxdur.

    “Nə Xəzər Rayon İcra Hakimiyyəti, nə də Türkan bələdiyyəsi tədbir görür. Dəfələrlər müraciət etmişik, amma nəticəsi yoxdur. Ərazini xəstəlik mənbəyinə çeviriblər. Yaşayış yerinin yaxınlığında da zibillik olar? Ümumiyyətlə, tullantılar niyə məhz bura boşaldılır, məlum deyil”, deyə şikayətçilər əlavə edib.

    Onlar ərazidən çəkilmiş görüntüləri də redaksiyamıza yollayıb. Həmin görüntüləri təqdim edirik.

  • Qızılın qiyməti rekord vurur: Bahalaşmaya səbəb nədir?

    “Bu gün bazarda qızılın qiymətini artıran faktorlar daha çoxdur. Qızılın qiyməti iqtisadi faktorlardan daha çox müharibələr, dünyada baş verən gərginliklər, siyasi sanksiyalarla bağlıdır”.

    Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.

    Ekspertin fikirincə, bazarlarda qızılın yüksək qalacağına dair əminlik var. İqtisadçı bildirib ki, qızılın qiymətinin bahalaşmasının səbəbləri müxtəlifdir:

    “Son iki ildir ki, bu sahədə bahalaşma davam edir. Azərbaycanın özü də qızıl ehtiyatlarını artırıb. Əgər 2023-cü ilin sonunda 12% qaldırılmışdısa, 2024-cü ildə 20,6%-ə qaldırılıb. İl ərzində 44 ton qızıl alınıb. Qızıla niyə maraq artır? Təkliflər çoxalır və buna görə qızılın qiyməti qalxır”.

    Xalid Kərimli xatırladıb ki, qızılın qiymətinin artması pandemiya dövründə başlayıb:

    “Ölkə iqtisadiyyatlarına ciddi çağırış yarandı. Əhali işləmirdi, iqtisadiyyat da pis vəziyyətə düşdü. Ardınca Rusiya-Ukrayna müharibəsi və onun gətirdiyi qeyri-müəyyənliklər, III Dünya müharibəsi riski, müharibələrin genişlənməsi, Qərbin Rusiyaya sanksiyaları, Rusiyanın dollar və avro rezevlərinin dondurulması və s… Bu da dövlətlərdə sual yaratdı. Düşündülər ki, sabah bu günlər onları da gözləyə bilər və sərvətləri dondurula bilər. Başladılar ehtiyatlanmağa ki, hər şeyi pulda saxlamaq olmaz”.

    Ekspert hesab edir ki, infliyasiyanın aşağı düşməsi faiz dərəcələrini aşağı salıb:

    “İnfliyasiya rəqəmləri zəiflədikcə faizləri daha da aşağı salacaqlar. Qızıl faiz vermir. Faiz dərəcələrinin aşağı düşməsi qızıla sahiblənməyə marağı artırır. Əsas məsələ, Amerikanın tarif siyasəti də başqa səbəbdir. Səhər tətbiq olunur, axşam geri götürülür və s. Bazarlar qeyri-müəyyənlikləri xoşlamır. Düşünürlər ki, onlar Avropa və Çinlə münasibətləri korlayacaqlar. Qızıl da qeyri-müəyyənlik zamanı bahalaşan aktivdir. Qızıl təhlükəsiz, sığorta aktiv hesab olunur. Qeyri müəyyənliyin artması qızılın qiymətini dəstəkləyici, yəni artıran faktordur”.

    Qeyd edək ki, əmtəə bazarlarında qızıl bahalaşmaqda davam edib. Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,33% artaraq 3 001,1 ABŞ dollarına bərabər olub.