Month: March 2025

  • General-leytenant təqaüdə göndərildi

    Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi general-leytenant Etibar İsmayılov vəzifədən azad edilib.

    Median.Az Ajans.az-a istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq Əmr imzalayıb.

    Əmrə əsasən, 58 yaşlı general-leytenant təqaüdə göndərilib.

  • Azərbaycanda 4 şirkət ləğv edildi

    Azərbaycanda bir neçə şirkətin maliyyə vəziyyətlərinə görə ləğv olunub, bəziləri isə kapitalının azalmasını açıqlayıb.

    “STATUS GROUP CO” və “STATUS SUPPLY AND TRADE” Məhdud Məsuliyyətli Cəmiyyətləri öz nizamnamə kapitalını 20 manatdan 10 manata qədər azaldıqlarını elan ediblər. Bu dəyişikliklər hər iki şirkətin maliyyə vəziyyətindəki dəyişiklikləri və əməliyyatlarını əks etdirir.

    Bundan başqa, “XAZAR CABLE AND TECHNOLOGIES” şirkəti ləğv edildiyini açıqlayıb. Kreditorlar, hər hansı bir tələb olduqda, iki ay ərzində aşağıdakı ünvana müraciət edə bilərlər: AZ1073 Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, ev 88, mənzil 50.

    Eyni şəkildə, “Salyan-Servis” Məhdud Məsuliyyətli Cəmiyyəti də ləğv olunduğunu bildirib. Kreditorlar tələblərini iki ay ərzində Salyan şəhəri, Alçalı küçəsi, ev 1, mənzil 1 ünvanına bildirə bilərlər.//Teleqraf.az

  • Azərbaycanla daha bir ölkə arasında viza rejimi ləğv olunur

    “Mən qarşımda xarici işlər nazirini görürəm, biz dərhal diplomatik və xidməti pasport sahibləri üçün viza tələbinin tətbiqi kimi təəccüblü bir vəziyyətə son qoyacağıq”.

    Bu sözləri Azərbaycan və Şimali Makedoniya prezidentlərinin mətbuata bəyanatı zamanı Qordana Silyanovska-Davkova deyib.

    “Zənnimcə, bu, nə Şimali Makedoniyanı, nə də Azərbaycanı qane edən vəziyyət deyil və bu addımın atılması iki xalq arasında yaxınlaşmaya xidmət edəcəkdir. Ümid edirəm ki, biz Azərbaycanın mədəniyyətini də tanımağa davam edəcəyik. Bundan əlavə, elm sahəsində də universitetlərimiz arasında əməkdaşlığın qurulmasına nail ola bilərik”, – bildirib.

  • Saray körpüsünün istifadəyə veriləcəyi tarix açıqlandı

    Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur-Abşeron kanalı üzərində yerləşən yeni körpüdə tikinti işləri yekunlaşmaq üzrədir.

    Median.Az xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, körpünün martın sonu – aprelin əvvəli istifadəyə verilməsi planlaşdırılır.

    Qeyd edək ki, artıq piyadalar körpü üzərindən hərəkət edirlər.

    Xatırladaq ki, 1970-ci ildə inşa edilən körpü qəzalı vəziyyətdə olduğu üçün ötən ilin dekabrında sökülüb. Yeni körpünün tikintisi üçün 9 milyon 960 min manat vəsait ayrılıb.

  • ABŞ olimpiya iştirakçısının tutulmasına görə 10 milyon dollar mükafat təyin etdi

    ABŞ-da keçmiş olimpiyaçının saxlanılması üçün 10 milyon dollar mükafat təklif olunur

    ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) 2002-ci il Qış Olimpiya Oyunlarında iştirak etmiş Rayan Ceyms Vedinqin tutulmasına görə 10 milyon dollar mükafat təyin edib.

    Bu barədə “People” nəşri məlumat yayıb.

    Vedinq Kanadanın snoubord üzrə olimpiya yığmasının üzvü olub. O, transmilli narkotik ticarəti şəbəkəsinə rəhbərlik etməkdə ittiham edilir.

    İstintaqın məlumatına görə, Vedinqin şəbəkəsi Kolumbiyadan kokain qaçaqmalçılığı ilə məşğul olub. Bundan əlavə, keçmiş idmançı narkotik alveri ilə əlaqəli bir sıra qətllərin təşkilində günahlandırılır.

    Vedinq 2024-cü ildə Meksikada həbs edilsə də, hazırda onun harada olduğu məlum deyil. O, ABŞ federal həbsxanasında ömürlük azadlıqdan məhrumetmə cəzası ilə üzləşə bilər.

    Məhkəmə materiallarına əsasən, Vedinqin şəriki Endryu Klark olub. İstintaq onların narkotik partiyasını oğurladığı iddia edilən iki nəfərin öldürülməsinə sifariş verdiyini ehtimal edir.

  • “50 qəpik” avtoyumanın kassaları yarıldı: Qəpiklər oğurlandı

    Bakıda “50 qəpik” avtoyuma məntəqəsinin kassalarını qırıb, pullarını oğurlayan usta həbs edilib.

    Hadisə Xətai rayonu, G.Mehmandarov küçəsində yerləşən “Venesiya” şadlıq sarayının yaxınlığındakı “50 qəpik” avtoyuma məntəqəsində baş verib.

    1992-ci ildə Bakı şəhərində anadan olan və avtomobil ustası işləyən E.R. son vaxtlar imkanı olmadığı üçün avtomobilini yuduzdurduğu “50 qəpik” avtoyuma məntəqəsində oğurluq etmək qərarına gəlib.

    O, idarə etdiyi “Subaru” markalı avtomobillə avtoyuma məntəqəsinə gedib. Ətrafda heç kimin olmadığını müəyyən etdikdən sonra avtoyuma aparatına yaxınlaşıb və maşınında olan təkər açarı ilə aparatın kassasını qıraraq oradan 83 manat dəyərində qəpikləri oğurlayıb. Eyni yerdən ikici dəfə də 95 manat dəyərində qəpik aparıb.

    Məhkəmənin qərarı ilə E.R. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, 2 ay müddətinə həbs edilib.

  • Neftin qiyməti ticarət müharibəsi və ABŞ-da resessiya qorxusu fonunda düşür

    Neftin qiymətləri ikinci gün ardıcıl olaraq enməyə davam edir. Bunun əsas səbəbi ABŞ-da mümkün resessiya, gömrük rüsumlarının qlobal iqtisadi inkişafa təsiri və OPEC+ ölkələrinin hasilatı artırmaq planlarıdır.

    Qaynarinfo xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

    Brent markalı neft fyuçersləri 6 sent və ya 0,1% ucuzlaşaraq bir barel üçün 69,22 dollar olub. ABŞ-ın West Texas Intermediate (WTI) markalı nefti isə 13 sent və ya 0,2% dəyər itirərək 65,90 dollar səviyyəsinə düşüb.

    ABŞ Prezidenti Donald Trampın proteksionist siyasəti qlobal bazarlarda narahatlıq yaradıb. O, əvvəlcə ABŞ-ın əsas neft tədarükçüləri olan Kanada və Meksikaya gömrük rüsumları tətbiq edib, lakin sonra onları təxirə salıb. Tramp eyni zamanda Çindən idxal edilən mallara rüsumları artırıb. Buna cavab olaraq, Çin və Kanada da öz gömrük rüsumlarını tətbiq edib.

    Həftəsonu Tramp iqtisadiyyat üçün keçid dövrünün mümkün olduğunu bildirsə də, ABŞ-da resessiya ehtimalına dair konkret proqnoz verməkdən yayınıb. Onun gömrük siyasətinə dair açıqlamaları bazarlarda kəskin satış dalğasına səbəb olub.

    ABŞ-ın əsas fond indeksləri bazar ertəsi ciddi itkilərlə üzləşib. S&P 500 indeksi 18 dekabrdan bəri ən böyük birgünlük düşüşü yaşayıb, Nasdaq isə 4,0% dəyər itirib, bu da sentyabr 2022-dən bəri ən böyük faiz itkisi olub.

    Xatırladaq ki, neft qiymətlərinin azalmasının əsas səbəbləri ABŞ-ın idxal rüsumlarının qlobal iqtisadi artıma və yanacağa olan tələbatın azalmasına təsiri, eləcə də OPEC+ ölkələrinin hasilatı artırmaq planlarıdır.

  • Azərbaycanlı tələbə dünyanın ən nüfuzlu universitetinə qəbul oldu

    Balayeva ABŞ-nin Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olub.

    Bu barədə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) məlumat yayıb.

    Bildirilib ki, o, MIT-in “Maliyyə” ixtisası üzrə magistr səviyyəsində təqaüdlə təhsil almaq hüququ qazanıb:

    “Nəzrin Balayeva UNEC-ə 660 balla daxil olub və 99,03 ortalama ilə universiteti bitirib. O, beynəlxalq nüfuzlu Chartered Financial Analyst (CFA) level 1 sertifikasiyanı (ilk 10%-də) qazanan ən gənc tələbə olub. UNEC-də bütün semestrlərdə TOP-15 təqaüdünü qazanıb”.

    Qeyd olunub ki, N. Balayeva “SOFAZ Stock Pitch Competition”, “Azerbaijan Business Case Competition (ABCC)” və “Enactus World Cup” yarışmalarının qalibidir:

    “Bir çox nüfuzlu xarici və yerli şirkətlərdə təcrübəsi olan Nəzrin Balayeva hazırda “Moonwake Investment” şirkətində biznes analitik kimi çalışır”.
    Qeyd edək ki, MIT hazırda və son illər ərzində dünya universitetlərin reytinq siyahısına başçılıq edir.

  • Dünyanın ilk tam avtomatlaşdırılmış süni intellekt agenti “Manus” təqdim edildi

    Çinli proqram mühəndisləri qrupu “dünyanın ilk tamamilə avtomatlaşdırılmış süni intellekt (Al) agenti”ni hazırlayıb.

    Qaynarinfo xəbər verir ki, “Manus” adlanan bu Al agenti insan rəhbərliyi olmadan mürəkkəb tapşırıqları müstəqil şəkildə yerinə yetirə bilir.

    “ChatGPT”, “Google Gemini” və ya “Grok” kimi mövcud süni intellekt çat-botları istifadəçi girişi tələb etdiyi halda, “Manus” proaktiv qərarlar qəbul edir və tapşırıqları öz təşəbbüsü ilə tamamlayır. Bu isə o deməkdir ki, “Manus” mütləq bir əmr gözləmədən fəaliyyət göstərə bilər.

    Məsələn, bir istifadəçi “Mənə mənzil tap” dedikdə “Manus” araşdırma apararaq cinayət səviyyəsi, iqlim şəraiti və bazar tendensiyaları kimi müxtəlif amilləri qiymətləndirir və fərdi təkliflər təqdim edir.

    “Manus” vahid bir Al modeli deyil, əksinə, bir neçə ixtisaslaşmış alt agenti idarə edən mərkəzi sistem kimi fəaliyyət göstərir. Bu quruluş sayəsində mürəkkəb və çoxpilləli iş proseslərini asanlıqla yerinə yetirə bilir.

    Bundan əlavə, Al agenti asinxron rejimdə işləyir. Yəni tapşırıqları arxa planda icra edə bilir və nəticələr hazır olduqda istifadəçini məlumatlandırır. Bu xüsusiyyət, “Manus”un insan nəzarəti olmadan işləməsinə imkan yaradır.

    Süni intellekt sahəsində yeni mərhələ

    Bu inkişaf süni intellekt sahəsində əhəmiyyətli bir irəliləyiş hesab olunur. Çünki hazırda mövcud olan bir çox Al sistemi tapşırıqları yerinə yetirmək üçün əsasən insan müdaxiləsinə ehtiyac duyur.

    “Manus” isə tam müstəqil süni intellektə keçidin ilk nümunəsi kimi qiymətləndirilir və bu texnologiyanın gələcəyi ilə bağlı həm həyəcan doğuran, həm də narahatlıq yaradan suallar meydana çıxarır.

    “Manus”un “DeepSeek” adlı süni intellekt modelinin 2023-cü ildə təqdim edilməsindən cəmi bir il sonra inkişaf etdirilməsi də diqqət çəkir. “Forbes” jurnalının bildirdiyinə görə, bu texnologiya Çin üçün süni intellekt sahəsində “Sputnik anı” olaraq qəbul edilir.

    Bəzi mütəxəssislər hesab edirlər ki, “Manus”un təqdim edilməsi ABŞ-ın süni intellekt sahəsində mütləq lider olduğu fikrinə meydan oxuyur. Çin bu sahədə ABŞ-ı yaxaladığı, hətta müəyyən sahələrdə onu ötüb keçdiyi ehtimal edilir.

    “Manus” yalnız texnoloji bir uğur deyil, eyni zamanda real həyat tətbiqlərinə də malik ola bilər. Məsələn, işə qəbul proseslərində “Manus” namizəd CV-lərini müstəqil şəkildə analiz edə, əmək bazarındakı tendensiyaları müqayisə edə və ən uyğun namizədləri seçmək üçün detallı hesabatlar təqdim edə bilər.

    Digər bir mümkün tətbiq sahəsi proqram təminatının hazırlanmasıdır. “Manus” kimi agentlər sıfırdan peşəkar bir veb sayt yarada, sosial mediadan məlumat toplaya, saytı onlayn rejimdə yayımlaya və texniki problemləri müstəqil şəkildə həll edə bilərlər.

    Dünya bu inkişafa necə reaksiya verəcək?

    Digər yayğın süni intellekt tətbiqlərindən fərqli olaraq, “Manus” yalnız iş səmərəliliyini artırmaqla kifayətlənmir, eyni zamanda insan işçiləri əvəz edə biləcək qədər inkişaf edib. Bu isə işçi qüvvəsi üçün ciddi təhlükə yaradır və onun istifadəsi ilə bağlı etik və hüquqi məsələləri gündəmə gətirir.

    Məsələn, böyük miqyaslı işsizlik riski ilə yanaşı, müstəqil fəaliyyət göstərən bir Al agenti bahalı bir səhvə yol verdikdə, məsuliyyət kimin üzərinə düşəcək? Dünyadakı tənzimləyici qurumlar tam müstəqil süni intellekt sistemlərinə nəzarət etmək üçün yetərli imkanlara sahibdirmi?

    Silikon Vadisinin aparıcı texnologiya şirkətləri indiyədək süni intellektin tədricən inkişaf edəcəyini və mərhələli şəkildə tətbiq olunacağını düşünürdü. Lakin “Manus” tam avtomatlaşdırılmış sistem kimi oyunun qaydalarını dəyişir və Çinin süni intellekt dəstəkli sənayelərdə böyük üstünlük qazana biləcəyi narahatlığını artırır.

    Dünyanın bu yeniliyə necə reaksiya verəcəyi hələ ki məlum deyil. Lakin süni intellektin tam müstəqil işləyə biləcəyi bir dövrə qədəm qoyduğumuz artıq danılmaz bir həqiqətdir.

  • Tıxacdan bezən sürücüləri sevindirəcək xəbər – VİDEO

    Böyükşor-Pirşağı avtomobil yolu Heydər Əliyev prospekti ilə birbaşa əlaqələndirilə bilər. Bununla bağlı təklif 2025-30-cu illəri əhatə edən dövlət proqamında öz əksini tapıb.

    Başqa sözlə, yolun Ziya Bünyadov prospekti ilə birləşən hissəsində sıxlıq tarixə qovuşa, nəqliyyat vasitələrinin həmin ərazidə intensiv hərəkəti təmin edilə bilər.

    Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov “Xəzər Xəbər”ə deyib ki, yeni layihə icra olunarsa, Heydər Əliyev prospekti ilə hərəkət edənlər, rahatlıqla Böyükşor-Pirşağı avtomobil yolundakı qovşağa daxil olaraq bir çox istiqamətə hərəkət edə bilərlər.

    Ərşad Hüseynov həmçinin bildirir ki, əslində, Böyükşor-Pirşağı yolunun potensialı böyükdür. Ekspert təklif edir ki, həmin yolu təkcə Heydər Əliyev prospekti ilə deyil, Babək və 8 Noyabr prospektləri ilə də əlaqələndirmək olar.

    Nəticədə, bu layihələr icra edilsə, şimal-cənub istiqamətində nəqliyyat axını yaxşılaşacaq. O yolda həmçinin yeni ictimai nəqliyyat xətlərinin yaradılması da zəruri olacaq.