Month: March 2025

  • Tanınmış hüquq müdafiəçisi itkin düşəndən bir neçə saat sonra TAPILDI

    1990-2000-ci illərdə Azərbaycan Respublikası Əsgər Anaları Komitəsinin sədr müavini olmuş, tanınmış azərbaycanlı hüquq müdafiəçisi Taisiya Qordeyeva itkin düşəndən bir neçə saat sonra tapılıb.

    Bu barədə Oxu.Az-a məlumat daxil olub.

    Xatırladaq ki, ailə üzvləri ötən gün Taisiya Mixaylovna Qordeyevanın (1947-ci il təvəllüdlü) Əhməd Rəcəbli küçəsi, 184 ünvanında yerləşən “Omid” mağazasından çıxaraq evinə qayıtmaması ilə əlaqədar paylaşım etmişdi.

  • Daşkəsəndə qanunsuz ov edən şəxslər saxlanılıblar

    Daşkəsəndə qanunsuz ov ilə məşğul olan şəxslər saxlanılıblar.

    Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon ərazisində ov edən A.Musayev, B.Kamalov və E.Abbasov saxlanılıblar.

    Həmin şəxslərdən qanunsuz ovladıqları üç ədəd çöl donuzu və bir ədəd ov tüfəngi aşkarlanıb.

    Faktlar üzrə araşdırmalar aparılır.

  • ChatGPT-nin həftəlik aktiv istifadəçi sayı rekord həddə çatdı

    OpenAI-nin ChatGPT modeli 2024-cü ilin ikinci yarısında sabit artım tempinə qayıdıb. Andreessen Horowitz (a16z) vençur şirkətinin yeni hesabatına görə, əgər 2023-cü ildə həftəlik aktiv istifadəçi sayı 100 milyondan 200 milyona çatmaq üçün 9 ay lazım idisə, sonrakı artım cəmi 6 ay ərzində baş verib.

    Qaynarinfo xəbər verir ki, ChatGPT-nin 2022-ci ilin noyabrında istifadəyə verilməsindən sonra o, cəmi 2 ay ərzində 100 milyon aylıq aktiv istifadəçiyə çataraq tarixin ən sürətli yayılan tətbiqi oldu. 2023-cü ilin noyabrında həftəlik aktiv istifadəçi sayı 100 milyon, 2024-cü ilin dekabrında isə 300 milyon oldu. 2025-ci ilin fevralında isə bu rəqəm artıq 400 milyona çatıb.

    a16z-nin hesabatına əsasən, ilkin artım tətbiqin yeniliyi ilə bağlı idisə, son istifadəçi artımı yeni modellərin və funksiyaların təqdim edilməsi ilə əlaqələndirilir. Xüsusilə GPT-4o modelinin aprel-may 2024-cü ildə istifadəyə verilməsi ChatGPT-nin istifadə göstəricilərini kəskin artırıb. GPT-4o-nun multimodal imkanları tətbiqə yeni istifadəçilər cəlb edib.

    Mobil cihazlarda da ChatGPT sürətli artım nümayiş etdirir – son bir ildə istifadəçi sayı hər ay 5-15% artıb. 400 milyon həftəlik aktiv istifadəçidən 175 milyonu məhz mobil versiyanı istifadə edir.

    ChatGPT-yə rəqib olan DeepSeek kimi alternativlər də bazarda yer qazanır. DeepSeek 2025-ci ilin fevralında mobil tətbiqlər arasında ikinci yerə yüksələrək, ChatGPT-nin auditoriyasının 15%-ni ələ keçirib. Buna baxmayaraq, ChatGPT həm veb, həm də mobil seqmentdə lider mövqeyini qoruyur.

  • Sumqayıtda 22 minlik “Prius” dələduzluğu

    Xaricdən “Prius” markalı avtomobil gətirəcəyi adı ilə dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

    Qaynarinfo xəbər verir ki, S.R. Sumqayıt Şəhər Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə mühakimə olunub. O, bu maddə üzrə təqsirli bilinərək 11 ay müddətinə azadlığı məhdudlaşdırılması cəzasına məhkum edilib.

    İş materiallarından aydın olur ki, S.R. “Prius” gətirəcəyini vəd etdiyi vətəndaşdan 22 500 manat pul alıb. Sonradan onun 18 000 manatını gerib qaytarıb. Yerdə qalan pulu qaytarmadığına görə zərərçəkmiş hüquq-mühafizə orqanlarına müraciət edib.
    Hadisə Sumqayıt şəhərində baş verib.

  • Ramazanın 8-ci gününün duası – İmsak və iftar vaxtı

    Sabah Ramazan ayının 8-ci günüdür.

    Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah üçün imsak saat 05:38, iftar isə saat 18:54-ə təyin olunub.

    Ramazan ayının 8-ci gününün duası:

    “Allahummərzuqni fihi rəhmətəl-əytami və it-amət- təami. Və ifşa əs-səlami və söhbətəl-kiram. Bitəvlikə ya məlcəəl-amilin”.

    Tərcüməsi:

    “İlahi, bu gün yetimlərə qarşı mehriban olmağı, ehtiyacı olanlara yemək verməyi, camaatla ucadan salamlaşmağı və kəramətli şəxslərlə dostluğu mənə nəsib et. Fəzl və bəxşişinə and verirəm, ey arzu edənlərin pənahı!”

    İftar duası:

    “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

    Tərcüməsi:

    “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

    Allah orucunuzu qəbul etsin!

  • Bu ərazilərdə qaz olmayacaq

    “Mozdok-Qazıməmməd” yüksək təzyiqli magistral qaz kəmərindən ayrılan “Qaz İxrac” İdarəsinə məxsus “Xızı QPS qolu”nda baş vermiş qəza ilə bağlı 07.03.2025-ci il tarixdə saat 19:04-dən etibarən “Xızı” ölçü qovşağından qaz təchizatı dayandırılıb.

    Bununla bağlı “Azəriqaz” İB məlumat yayıb.

    Bildirilib ki, Xızı şəhəri daxil olmaqla rayonunun Tıxlı, Xələnc, Fındığan və Baxışlı kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranıb. Təmir-bərpa işləri davam edir. 08.03.2025-ci il saat 10:00-dək qaz təchizatının bərpası planlaşdırılır.

  • Bakıda tanınmış hüquq müdafiəçisi itkin düşüb, axtarış elan olunub

    Azərbaycan Respublikası Əsgər Anaları Komitəsinin sədr müavini, 1990-2000-ci illərin tanınmış azərbaycanlı hüquq müdafiəçisi, Taisiya Qordeyevanın itkin düşməsi ilə əlaqədar axtarış elan edilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirib ki, itkin düşmə kimi axtarışa elan edilən qadının tapılaraq aidiyyəti üzrə təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

    Qeyd edək ki, Taisiya Mixaylovna Qordeyeva (1947-ci il təvəllüdlü) ötən gün Əhməd Rəcəbli küçəsi, 184 ünvanında yerləşən “Omid” mağazasından çıxaraq evinə qayıtmaması ilə əlaqədar ailə üzvləri paylaşım edib. Onun demensiyadan əziyyət çəkdiyi bildirilir. Taisiya Qordeyevanı görən və ya onun harada olması barədə hər hansı məlumatı olan hər kəsdən Daxili İşlər Nazirliyinin 102 və ya (050) 322-42-25 nömrəli telefonlarına zəng etmələri xahiş olunur.

  • Martın 10-da hansı günün dərsləri keçiriləcək?

    Martın 10-da təhsil müəssisələrində həftənin 4-cü gününə aid dərslər tədris olunacaq.

    Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, 10 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirilib.

    Bu səbəbdən də martın 10-da təhsil müəssisələrində həftənin 4-cü gününə aid dərslər tədris ediləcək.

  • Azərbaycan mədəniyyəti bu dəfə “Netflix”də – VİDEO

    Gözlənilən an gəldi! “Netflix” “Drive to Survive” serialının 7-ci mövsümünü təqdim etdi. Azərbaycan mədəniyyəti, gözlənilməz Bakı yarışının təfərrüatı ilə birgə növbəti dəfə qlobal yayım platformasında daha geniş planda yer aldı.

    Dramatik anlar, pərdəarxası rəqabətlər və yüksək adrenalin yaşadan “Drive to Survive” təkcə avtoidmandan bəhs edən sənədli film deyil, “Formula-1” dünyasının ən nüfuzlu komanda və pilotlarının həyəcan dolu həyatına bir səyahətdir. İlk dəfə olaraq serial trekdən kənara çıxaraq paytaxtımızın füsunkar mənzərələrini, rəngarəng mədəni irsimizdən görüntülərini daha yaxından yayımlayır.

    “Netflix” komandası çəkilişi Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin texniki dəstəyi ilə həyata keçirib.

    Bu mövsümdə 2024 “Formula-1” mövsümünün gərgin mübarizələri, Maks Ferstappenin çempionluq uğrunda əzmkarlığı, “Red Bull”un üstünlüyü və komandalar arasındakı gərgin rəqabət tamaşaçılara təqdim olunur. Hər mövsümdə olduğu kimi, bu dəfə də serial trekdə və trekdən kənarda baş verən hadisələri, sürpriz transferləri və dramatik məqamları tamaşaçılara çatdırır.

    “Drive to Survive” serialı ənənəsinə sadiq qalmaqla yeni mövsümün başlanğıcında, azarkeşlərin intizarını bir az da yüksəldərək, 14-16 mart tarixlərində baş tutacaq Avstraliya Qran-prisindən öncə ekranlara gəlir.

    Siz də bu həyəcanı qaçırmayın! “Netflix”də “Drive to Survive” yeni mövsümünü izləyin, möhtəşəm sürət yarışının pərdəarxası tərəflərindən xəbardar olun!

  • Azərbaycanda idman müəlliminin tələbəsinə zorakılıq etdiyi iddia olunur: Döyüb xəstəxanalıq etdilər

    Şəmkir rayonunda idman müəllimi kimi fəaliyyət göstərən Orxan Məmmədovun 14 yaşlı tələbəsinə zorakılıq edərkən tutulduğu və döyülərək xəstəxanalıq olduğu iddia olunur.

    Bu barədə oxu.az-a məlumat daxil olub.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, müvafiq ekspertiza təyin olunub.

    “O.Məmmədova müxtəlif bədən xəsarətləri yetirməkdə şübhəli bilinən 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Ekspertizanın və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”, – deyə məlumatda bildirilib.