Month: April 2025

  • Pakistanın müdafiə naziri: “Hindistanın işğalı qaçılmazdır”

    Hindistan ordusunun Pakistana müdaxiləsi qaçılmazdır.

    Median.Az xəbər verir ki, bu barədə Pakistanın müdafiə naziri Xavaca Asif Reuters agentliyinə bildirib.

     O bildirib ki, qüvvələrimizi gücləndirmişik, belə bir vəziyyətdə strateji qərarlar qəbul etmək lazımdır.

    Bir gün əvvəl Asif Kəşmirdəki terror aktı ilə bağlı beynəlxalq araşdırma aparılmasını tələb edib. Asif əlavə edib ki, istintaq Pakistanın insidentdə iştirakına dair sübutlar təqdim etməlidir. Onun sözlərinə görə, hazırda ölkəyə qarşı irəli sürülən ittihamlar boş ifadələrdir.

    Aprelin 22-də Hindistanın şimalındakı Cammu və Kəşmir bölgəsində terror aktı baş verib. Baysaran vadisində cığırla çıxan turistlərə silahlılar pulemyotlardan atəş açıb.

    Hindustan Times isə xəbər verir ki, Hindistan kəşfiyyatı Pakistanın hücumda iştirakına dair sübutlar əldə edib.

  • İlham Əliyevin sosial şəbəkə hesablarında İran Prezidentinin Azərbaycana səfərindən görüntülər paylaşılıb – VİDEO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərindən görüntülər paylaşılıb.

    Median.Az xəbər verir ki, paylaşımda deyilir:
    “Prezident İlham Əliyev Azərbaycanda rəsmi səfərdə olan İran İslam Respublikasının Prezidenti ilə görüşüb. (28.04.2025)”.

  • Ustaların pulunu oğurladı – Həbs edildi

    Bakıda “ev sahibinin qohumuyan” deyib ustaların pulunu oğurlayan şəxs həbs edilib. 

    Qaynarinfo-nun məlumatına görə, hadisə Nizami rayonu, M.Abbasov küçəsində yerləşən yeni tikilən binanın 7-ci mərtəbəsində baş verib. 

    1971-ci il təvəllüdlü Z.R. oğurluq etmək niyyəti ilə sözügedən binanın blokuna daxil olub, 7-ci mərtəbəyə qalxıb və təmir gedən evin qapısının qarşısında dayanıb. Qapı açıq olduğu üçün evdə iki ustanın işlədiyini görüb. O, ustalara ev sahibinin qohumu olduğunu və təmirə nəzarət etməyə gəldiyini deyib. 

    Təqsirləndirilən şəxs daha sonra Ramiz və Orxan adlı ustanın otaqda taxtaların üstündəki mismardan asılmış şalvarların cibindən 1150 manat pulu oğurlayaraq evi tərk edib.  Edilən şikayət əsasında Z.R. saxlanılıb. Məlum olub ki, o, oğurladığı pula özünə paltar alıb və qalan vəsaitlə restoranda yeyib-içib.

    Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. 

  • İranda güclü partlayış: ölənlərin sayı 70-ə çatdı

    ​​​​Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb.

    Bu barədə əyalət qubernatoru yanında fövqəladə hallar idarəsinin rəisi Mehrdad Həsənzadə məlumat verib.

  • Müştərini Nizami küçəsindən Nəsimi rayonuna 700 manata apardı – Həbs edildi

    Bakıda içkili müştərinin 7 manat təşkil edən gediş haqqına görə kartından 700 manatı özünə göndərən taksi sürücüsü həbs edilib.

    Median.Az “Qaynarinfo”ya istinadla xəbər verir ki, 1996-cı il təvəllüdlü taksi sürücüsü və “ayıq sürücü” kimi də xidmət göstərən Orxan H. barəsində Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə cinayət işinə məhkəmədə baxılıb.

    Məhkəmədə məlum olub ki, Şakir adlı şəxs Səbail rayonu, Nizami küçəsində yerləşən restoranların birində spirtli içki qəbul edib. Evinə getmək üçün təxminən saat 5:15-də taksi fəaliyyəti ilə məşğul olan Orxan H.-nin avtomobilinə əyləşib.

    Təqsirləndirilən şəxs müştərini Nizami küçəsindən Nəsimi rayonu, A.Məhərrəmov küçəsinə aparıb. Zərərçəkmiş şəxs üzərində nağd pul olmadığı üçün mobil telefondakı tətbiq vasitəsilə kartdan karta köçürməklə ödəniş etmək istəyib. Spirtli içkinin təsiri altında olduğu və gözü yaxşı görmədiyi üçün telefonunu taksi sürücüsünə verib və bank tətbiqindən öz kartına 7 manat ödəniş etməsini xahiş edib. Sonra isə ödəniş əməliyyatına baxmadan həmin şəxslə sağollaşaraq mənzilinə qalxıb.

    Bir gün sonra əməliyyat tarixçəsinə baxarkən kartdan başqa bir karta 700 manat pul köçürüldüyünü aşkar edib. Məlum olub ki, özünü Orxan kimi təqdim edən taksi sürücüsü 7 manat əvəzinə 700 manatı başqa bir kart hesabına köçürüb. Bu əməliyyat zamanı 7 manat komissiya haqqı da tutulub. O, Orxanla əlaqə saxlayaraq pulu geri qaytarmasını tələb etsə də, sonuncu pulu xərclədiyini bildirərək bundan imtina edib.

    Şakir polisə şikayət edib və sürücü saxlanılıb. Məhkəmənin qərarı ilə, Orxana 2 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

  • Ermənistanın İstintaq Komitəsi: Müddətli xidmət əsgəri, ehtimal ki, intihar edib

    Erməni sərhədçinin ölümü ilə bağlı cinayət işi “döyüş növbətçiliyi zamanı intihara sövq etmə” maddəsi ilə açılıb.

    Bu barədə erməni KİV-ləri Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Kim Avdalyana istinadən xəbər verir.

    Hadisə 25 aprel tarixində baş verib. Mətbuatda əvvəlcə sərhəd qoşunlarında xidmət edən müddətli xidmət əsgərinin Sünikdə minaya düşərək həlak olması barədə məlumat yayılıb. Daha sonra Milli Təhlükəsizlik Xidməti hərbi qulluqçunun ona təhkim edilmiş avtomatdan aldığı ölümcül yaradan həlak olduğunu bildirib.

    ///Report

  • Gəncədə iki nəfər BIÇAQLANDI: Biri ÖLDÜ

    Gəncədə iki nəfər bıçaqlanıb, biri ölüb.

    Hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.

    Bıçaqlanan şəxslər 1994-cü il təvəllüdlü Osman Nağıyev və 1995-ci il təvəllüdlü Eyyub Talıbovdur. Məlumata görə, Eyyub Talıbovun həyatını xilas etmək mümkün olmayıb.

    Digər yaralının isə vəziyyəti ağır olaraq qalır.

  • Pakistan hərbçiləri Hindistanla əlaqəli 17 döyüşçünü məhv ediblər

    Pakistanın Xeybər-Paxtunxva əyalətinin Şimali Vəziristan bölgəsində təhlükəsizlik qüvvələri 17 döyüşçünü zərərsizləşdirib.

    Bu barədə Pakistan Silahlı Qüvvələrinin Mətbuat Xidməti məlumat yayıb.

    Məlumata görə, döyüşçülər Əfqanıstan sərhədi yaxınlığında məhv ediliblər.

    Pakistan rəsmilərinin versiyasına görə, onlar Hindistanla əlaqəli olublar.

  • Yasamalda yol qəzası oldu

    Yasamal rayonu, Kənar Dairəvi yolda yol-nəqliyyat hadisəsi baş verib.

    Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, qəza səbəbindən Bakı-Sumqayıt şosesi istiqamətində nəqliyyat sıxlığı yaranıb.

    Sıxlığın aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən işlər görülür.

  • Prezident Pezeşkian: “İran və Azərbaycan Şərqi Qərbə, Şimalı Cənuba birləşdirən dördyol ola bilər”

    “Biz sülh, təhlükəsizlik və rifah dolu bir region yarada bilərik”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda söyləyib.

    Prezident İlham Əliyevə bütün sahələrdə əməkdaşlığa hazır olduqlarını bildirdiklərini deyən Prezident Məsud Pezeşkian qeyd edib: “İran və Azərbaycan Şərqi Qərbə, Şimalı Cənuba birləşdirən dördyol ola bilər. Biz elə bir coğrafi mövqedə yerləşirik ki, bu kommunikasiyanı yarada bilərik”.