Month: April 2025

  • Rusiya üç moldovalı diplomatı ölkədən çıxarır

    Rusiya Moldovanın üç diplomatını ölkədən çıxarır.

    Median.Az RBC-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilir ki, rəsmi Kişinyovun Rusiya səfirliyinin üç əməkdaşının persona non-qrata elan edilməsi ilə bağlı qərarı ilə əlaqədar Moldovanın Moskvadakı səfiri XİN-ə çağırılıb. Səfirə kəskin etiraz bildirilib.

    XİN bəyan edib ki, Rusiya diplomatik missiyasını Moldovanın daxili işlərinə qarışmaqda ittiham etmək cəhdlərinin heç bir əsası yoxdur.

    Qeyd edək ki, bir neçə gün bundan öncə Moldova üç rusiyalı diplomatı arzuolunmaz şəxs elan edib.

  • Azərbaycan Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev işdən çıxarıldı

    Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev tutduğu vəzifədən azad edilib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli bu barədə əmr imzalayıb.

    Mədəniyyət Nazirliyi faktı təsdiq edib.

    Qeyd edək ki, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev 6 may 2008-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin əmrinə əsasən, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrı) direktoru vəzifəsinə təyin olunub.

  • Suqovuşanda beynəlxalq kanoe yarışı keçiriləcək

    Azərbaycanda təşkil olunacaq “Prezident Kuboku-2025” beynəlxalq reqatası Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilib.

    Bu barədə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası məlumat yayıb.

    Avropa Kanoe Assosiasiyasının rəsmi internet səhifəsində reqata haqqında geniş məqalə dərc olunub. Yazıda iştirakçı komandaların Bakıya gəlişi, açılış mərasimi, yarış və bağlanış günləri haqqında məlumat verilib.

    Təsdiqlənmiş təqvimə əsasən, iştirakçı komandalar bu il aprelin 28-də Bakıya gələcəklər. Bir gün sonra Mingəçevirdə “Prezident Kuboku-2025” beynəlxalq reqatasının rəsmi açılış mərasimi və parad təşkil olunacaq. Aprelin 30-da Suqovuşan su anbarında bir nəfərlik kayak və kanoe üzrə 200 metr məsafəyə yarışlar keçiriləcək. Reqata mayın 1-2-də Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Mayın 2-də final görüşləri keçiriləcək.

    Qeyd edək ki, “Prezident Kuboku-2023” və “Prezident Kuboku-2024” beynəlxalq reqataları da Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilmişdi.

  • “Bazarstore”un qida məhsulunu üzərindəki qiymətdən baha satdığı aşkarlanıb

    Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən “Bazarstore” MMC barəsində inzibati xəta protokolu tərtib edib.

    Median.Az xəbər verir ki, bu barədə “Report”a agentlikdən məlumat verilib.

    Bildirilib ki, şirkət qida məhsulunu üzərində göstərilmiş qiymətdən baha satıb və İnzibati Xətalar Məcəlləsinin 447.0.1.-ci bəndinə (Malın hesabına dair istehlakçıların az miqdarda aldadılması) uyğun olaraq xəta törədib.

  • Ramil Qasımov Akademik Opera və Balet Teatrının direktor müavini vəzifəsinə təyin edilib

    Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktor müavini vəzifəsinə iki təyinat olub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Gəncə Dövlət Filarmoniyasının direktoru Ramil Adıgözəl oğlu Qasımov vəzifəsindən azad olunub.

    O, nazirin başqa əmri ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktor müavini vəzifəsinə təyin edilib.

    Nazir Adil Kərimlinin bir başqa əmri ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktor müavini Hüseyn Akif oğlu Hüseynov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktor müavini vəzifəsinə təyinat alıb.

    Hər iki təyinatı Mədəniyyət Nazirliyindən “Report”a təsdiq ediblər.

  • Azərbaycanda bələdiyyə torpaqları SATIŞA ÇIXARILACAQ

    İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) mayın 7-də növbəti dəfə torpaq hərracı keçirəcək.

    Bu barədə ƏMDX məlumat yayıb.

    Məlumata görə, hərraclar ƏMDX-nın Sumqayıt, Bərdə, Xaçmaz, Beyləqan və Şəkidə yerləşən ərazi şöbələrində olacaq. Hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 11 torpaq sahəsi çıxarılacaq.

    Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.

    İqtisadiyyat Nazirliyi
    Daşınar və daşınmaz əmlaklarının satışı üzrə hərrac

  • Azərbaycan Dövlət Mahnı Teatrına yeni direktor TƏYİN EDİLDİ

    Azərbaycan Dövlət Mahnı Teatrına yeni direktor təyin edilib.

    Bu vəzifəyə Ülviyyə Firudin qızı Bəbirova təyinat alıb.

  • Bakıda 67 yaşlı kişi küçədə yıxıldı: Başı səkiyə dəyərək öldü

    Bakıda bədbəxt hadisə ölümlə nəticələnib.

    Median.Az Teleqraf.az-a istinadən xəbər verir ki, hadisə aprelin 3-də Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində qeydə alınıb.

    Orada yaşayan 1958-ci il təvəllüdlü Ələddin Hüseynov ehtiyatsızlıqdan yıxılıb və başı səkiyə dəyib. O, hadisə yerində vəfat edib.

    Faktla bağlı araşdırma aparılır.

  • Respublika Endokrinoloji Mərkəzin daha iki həkimi istintaqa cəlb edildi

    Respublika Endokrinoloji Mərkəzində baş verən qanunazid əməllərlə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlanılmış cinayət işinin istintaqı davam etdirilir.

    Median.Az “Trend”ə istinadən xəbər verir ki, Mərkəzin daha iki əməkdaşı – həkim endokrinoloqlar – Nüşabə Hüseynova və Nərmin Fərziyeva istintaqa cəlb olunublar. Onlar davam edən cinayət işi üzrə ifadə veriblər.

    Xatırladaq ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Respublika Endokrinoloji Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirilib.

    Qeyd edilən Mərkəzin vəzifəli şəxsləri tərəfindən öz həqiqi təsir imkanlarından istifadə edilərək digər vəzifəli şəxslərin qərarına qanunsuz təsir etməklə şəkərli diabet xəstəliyindən əziyyət çəkən şəxslərin qeydiyyata alınması, onların müxtəlif dərman vasitələri ilə təmin edilməsi və bu kimi başqa məqsədlərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti almalarına və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən edilib.

    Toplanmış ilkin sübutlar əsasında Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddələri ilə cinayət işi başlanıb.

    Hazırda cinayət əməllərinin törədilməsində təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri tədbirlər davam etdirilir.

    Qeyd edək ki, istintaqa cəlb olunanlar arasında Mərkəzin direktoru Nərmin İsmayılova, inzibati işlər üzrə direktor müavini Vəfa Kərimova, baş həkim Ülviyə Əhmədova və digər şəxslər var.

  • David Manukyan: “İşğal edilmiş ərazilərdəki erməni zabitlər xaricə hərbi təhsilə göndərilirdilər”

    Aprelin 4-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs – Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu olmuş, general-mayor ali hərbi rütbəsində xidmət etmiş, həmin ölkənin vətəndaşı David Manukyan dövlət ittihamçısının suallarını cavablandıran zaman Azərbaycanın vaxtilə işğal olunmuş ərazilərində hərbi xidmətdə olarkən Ermənistan Respublikası tərəfindən Rusiyadakı Frunze adına Hərbi Akademiyaya təhsil almağa göndərildiyini bildirib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, o, Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərində hərbi xidmətdə olan bir sıra zabitlərin hərbi təhsil üçün bəzi ölkələrə göndərilməsindən danışıb və deyib: “Hərbçilər Rusiyaya, ABŞ-a, Almaniyaya, Yunanıstana oxumağa göndərilirdilər. Bunlar Ermənistan Müdafiə Nazirliyi tərəfindən həyata keçirilirdi. Hərbçilər xarici ölkələrdə kurslarda təhsil alarkən onların maaşı da Ermənistanın Müdafiə Nazirliyi tərəfindən ödənilirdi”.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.