Month: April 2025

  • Yayda bahalaşma olacaq? – Hər kəsi düşündürən məsələyə aydınlıq gətirildi

    2025-ci il ərzində Azərbaycan iqtisadiyyatı artım tempini qoruyub saxlayacaq.
     
    Bu barədə Millət vəkili Vüqar Bayramov BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, yaz və yay aylarında bu artım tempini müşahidə edəcəyik:

    “Yay aylarında mövsümü olaraq kənd təsərrüfatı məhsullarının qiyməti aşağı düşür. Ona görə də, mövsümü dövrdə qiymətlərin yenidən stabilləşməsi müşahidə ediləcək”.

    Eyd edək ki, iqtisadiyyata böyük təsir edən idxal inflyasiyasıdır. Deputat bildirir ki, bu səbəbdən də növbəti dövrlərdə də, idxal etdiyimiz ərzaqların qiymətləri həmin ölkədəki vəziyyətdən asılı olacaq:

    “Əgər idxal etdiyimiz (məhsulu gətirdiyimiz) ölkədə qiymətlər artmazsa, o zaman bizdə də artım olmayacaq. Əgər qiymət artımı müşahidə olunarsa, sözsüz ki, bu yerli istehlak bazarına təsir edəcək”. 

    V.Bayramov onu da vurğulayıb ki, ümumilikdə isə inflyasiyanın tənzimlənən səviyyədə olacağı gözlənilir:

    “Çünki yerli istehsalın artırılması ilə bağlı dərinləşdirilmiş işlər həyata keçirilir. Ərzaq ehtiyatları formalaşır. Nazirlər Kabineti bir müddət öncə bununla bağlı qaydalar da təsdiq etdi”.

  • Bakı ilə birgə irimiqyaslı layihəyə başlamışıq – Tokayev

    Qazaxıstan Özbəkistan və Azərbaycanla birgə irimiqyaslı enerji layihəsinin həyata keçirilməsinə başlayıb. Bu layihəyə əsasən Xəzər dənizinin dibi ilə kabel xətti çəkiləcək və Avropa bazarlarına yaşıl enerji ixrac olunacaq.
     
    Median.Az xəbər verir ki, bu sözləri Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Səmərqənddə keçirilən “Mərkəzi Asiya-Avropa Birliyi” Samitində çıxış edərkən deyib.
     
    O bildirib ki, bu layihə həm Mərkəzi Asiya, həm də Avropa üçün çox əhəmiyyətlidir.
     
    Prezident qeyd edib ki, Avropa Birliyinin iqtisadiyyatı üçün zəruri olan 34 növ məhsulun 19-u Qazaxıstanda istehsal olunur.
     
    “Uran, titan, mis, volfram, kobalt, litium kimi məhsulların Avropaya göndərilməsi üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan istifadə olunur. Bu marşrutla yükdaşımanın həcmi 62 faiz artaraq 4,5 milyon tona çatıb və 2027-ci ildə 10 milyon tona çatacaq. “Global Gateway” strategiyası Mərkəzi Asiya ölkələri, Qərb ilə Şərq arasında birləşdirici funksiyaya malikdir. Bundan səmərəli istifadə hər iki region üçün əhəmiyyətlidir”, – deyə Tokayev bildirib.

  • Qəzada ölən Vətən müharibəsi qazisi imiş

    Vətən müharibəsi qazisi Samir Rzayev yol qəzasında dünyasını dəyişib.
     
    Median.Az-ın məlumatına görə, hadisə ötən gün Goranboyun Bəşirli kəndinin yaxınlığında qeydə alınıb. Belə ki hərəkətdə olan “VAZ 21014 “markalı minik maşını yoldan çıxaraq aşıb.
     
    Qəza zamanı xəsarət alan 1995-ci il təvəllüdlü Samir Rzayevin həyatını xəstəxanada xilas etmək mümkün olmayıb.
     
    Digər yaralı – 1987-ci il təvəllüdlü Seymur Tağıyevin müalicəsi xəstəxanada davam etirilir.
     
    Qazi doğulduğu Gəncə şəhərində son mənzilə yola salınıb.
     
    Qeyd edək ki, qəzada həlak olan Samir Rzayev 44 günlük Vətən müharibəsinin iştirakçısı olub.

  • Bu supermarket məhsulu üzərindəki qiymətdən baha satırmış

    Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən “Grand-Mart” MMC- yə qarşı inzibati xəta protokolu tərtib edib.

    Median.Az xəbər verir ki, bu barədə agentlikdən bildirilib.

    Məlumata görə, supermarket istehlakçıya qida məhsulunu üzərində göstərilmiş qiymətdən baha satıb. Bununla da “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununu pozub.

    Qeyd edək ki, “Grand-Mart” MMC Azərbaycan pərakəndə bazarında 20 ilə yaxındır fəaliyyət göstərir. Supermarketlər şəbəkəsinin hazırda 30-dan yuxarı filialı var.//sfera.az

  • Meteohəssas insanlar üçün sabahın PROQNOZU

    Aprelin 5-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.
     
    Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə,  Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • Bakıda ər boşanmaq istəyən arvadının qulağını kəsdi

    Bakının Sabunçu rayonunda ər arvadının üzünə bıçaqla xəsarət yetirib, qulağını kəsib.

    Median.Az “Teleqraf”a istinadla xəbər verir ki, hadisə aprelin 4-də Bilgəh qəsəbəsində baş verib.

    1995-ci il təvəllüdlü Zəhra Ramiz qızı Bayramova yaşadığı evdə həyat yoldaşı ilə mübahisə edib. Mübahisəyə səbəb isə qadının boşanmaq istəyi olub. Bundan hiddətlənən onun əri Z.Bayramovanın əvvəlcə qulağını kəsib, daha sonra onun üzünə bıçaqla xəsarətlər yetirib. Ər qadının kəsilmiş qulağını onun cibinə qoyub.

    Z.Bayramova Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Həkimlər qadının vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

    Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cu Polis Bölməsində araşdırma aparılır.

  • Azərbaycan XİN Ermənistanı ərazisinə yerləşdirdiyi minalarla bağlı dəqiq məlumatı verməyə çağırıb

    Biz bir daha Ermənistan tərəfini beynəlxalq insan hüquqları və humanitar hüquq çərçivəsində üzərinə götürdüyü öhdəliklərə əməl etməyə və işğal zamanı Azərbaycan ərazisinə kütləvi şəkildə yerləşdirilən minalarla bağlı dəqiq məlumat verməyə çağırırıq.

    Report xəbər verir ki, bu fikir, Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) “X”dəki paylaşımında yer alıb.

  • Bu ölkə Ukraynanı terrorçu dövlət adlandırıb

    Median.Az xəbər verir ki, bu barədə RİA Novosti məlumat verib

    O, Burkina Faso, Mali və Nigerin BMT Təhlükəsizlik Şurasına Kiyevin  terrorizmi dəstəklədiyinə görə məsuliyyətə cəlb olunmasını tələb edən birgə müraciətini təsdiqləyib. 

    O bildirib ki, terrorun qurbanına çevrilmiş Sahel ölkəsi olaraq biz Kiyevə etibar edə bilmərik, Malidən olan həmkarım tamamilə haqlıdır.

  • Səltuk Düzyol: “TANAP istismara veriləndən Türkiyə və Avropaya 77,6 milyard kubmetr qaz tədarük edilib”

    Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) kommersiya fəaliyyətinə başladığı gündən Türkiyə və Avropaya ümumilikdə 77,6 milyard kubmetr qaz tədarük edilib.
    Report xəbər verir ki, bu barədə “TANAP A.Ş.” konsorsiumunun baş direktoru Saltuk Düzyol Cənub Qaz Dəhlizi və Yaşıl Enerji üzrə Məşvərət şuraları çərçivəsində Bakıda keçirilən nazirlərin görüşləri zamanı bildirib.
    O vurğulayıb ki, TANAP Cənub Qaz Dəhlizinin mühüm halqasıdır, sistemin ən uzun (3 500 km) və diametrinə görə ən geniş hissəsidir.
    “TANAP 2018-ci il iyunun 30-dan, boru kəməri kommersiya istismarına verildiyi gündən etibarlı və təhlükəsiz şəkildə işləyir. 30 iyun 2020-ci ildə illik tədarük həcmi 5,7 milyard kubmetr olmaqla pilot istismara başlanılıb. Bu günə qədər Türkiyəyə 32,2 milyard kubmetr qaz tədarük edilib ki, bunun da 6 milyardı çevik qrafik əsasında və nominasiyalar çərçivəsində reallaşıb”, – S.Düzyol söyləyib.
    Onun sözlərinə görə, Trans-Adriatik Boru Kəmərinin (TAP) istifadəyə verilməsi ilə, 2020-ci il dekabrın 31-də Avropaya qazın kommersiya tədarükünə başlanılıb.
    “Avropaya ixracın pilot mərhələsi 2022-ci il yanvarın 1-dən başlayıb. O vaxtdan bəri TAP vasitəsilə hər il 10,5 milyard kubmetr qaz tədarük edilib. Avropaya tədarükün ümumi həcmi 45,38 milyard kubmetrə çatıb ki, bunun da 4,4 milyardı çevik qrafik əsasında və nominasiyalar çərçivəsində reallaşıb”, – S. Düzyol vurğulayıb.

  • General Azər İbrahimov Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olundu

    Müdafiə Nazirliyində mühüm kadr dəyişikliyi baş verib.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, general-mayor Azər İbrahimov nazirliyin Baş Təchizat İdarəsinin rəisi təyin olunub.

    O, bu təyinata qədər Dövlət Sərhəd Xidməti rəisinin müşaviri olub.