Month: May 2025

  • İlham Əliyevin Albaniyaya səfəri başa çatdı

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasına işgüzar səfəri mayın 16-da başa çatıb.


    Median.Az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

  • “Dedim, qoy məni elə öldü bilsinlər” – 9 ay sonra tapılan Kənan

    Xəbər verdiyimiz kimi, ötən il dənizdə boğularaq öldüyü xəbəri yayılmış Bakı sakini Kənan Qurbanlı 9 aydan sonra sağ tapılıb.

    Median.Az xəbər verir ki, o, “Xəzər Xəbər”ə başına gələn hadisə, indiyə kimi harada olduğu və digər məsələlər barədə açıqlama verib.
    Kənan Qurbanlı ötən ilin avqust ayının 19-da ailəsi ilə birgə dənizə çimməyə gedib. Çimərlik geyimində dənizə girən Kənan anidən gözdən itib. Valideynləri ilə yanaşı, hər kəs onun dənizdə boğulduğunu düşünüb.
    Həmin vaxtdan dənizdə Kənanın nəşinin axtarışları davam edirdi. Ancaq tapılmırdı ki, tapılmırdı.
    İndi baş verənlər isə onun öldüyünü düşünən ailəsi üçün əsl sürpriz olub. Çünki Kənan düz 9 aydan sonra dünən sağ-salamat evlərinə qayıdıb. O, 9 aydır ki, gizlənməyinin səbəblərini izah edib və həmin gün əslində suda boğulduğunu, onu tanımadığı bir nəfərin xilas etdiyini iddia edir.
    Kənan bildirir ki, gizlənmək üçün Sumqayıtı seçib. O, bələdiyə işçilərinin ona paltar verdiyini deyir. Bir neçə gün parkda yatdıqdan sonra əsl sənəti skripka ifa etmək olan Kənan inşaatda özünə iş də tapıb.
    Kənan nəhayət 9 aydan sonra evinə qayıtmağa qərar verib.
    Kənan artıq hər şeyin yaxşı olduğunu, baş verənlərin geridə qaldığını bildirir.
    Mövzu ilə bağlı daha ətraflı süjetdə:

  • “Son zəng” geyimi ilə bağlı məktəbələrə təlimat verildi

    Agentlik tərəfindən təhsil müəssisələrinə göndərilmiş təlimatda tədbirdə iştirak edəcək şagirdlərin xarici görkəminin və geyiminin oxuduğu təhsil müəssisəsinin nizam-intizam qaydalarına uyğun və səliqəli olmasının təmin edilməsi öz əksini tapıb.

    Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
    Bildirilib ki, şagirdlərin məktəbli formalarında olmaları tövsiyə edilir.

  • Hakerlər kriptovalyuta nəhəngindən 20 milyon dollar fidyə tələb etdi

    Kriptovalyuta birjası “Coinbase” hakerlərin müştəri məlumatlarını ələ keçirmək məqsədilə ABŞ xaricindəki dəstək heyətinə rüşvət verdiyini və əldə edilən məlumatların ictimaiyyətə açıqlanmaması qarşılığında 20 milyon dollar fidyə tələb etdiklərini açıqlayıb.

    Valyuta.az xəbər verir ki, şirkət hadisə ilə bağlı ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) rəsmi bildiriş göndərib.

    Bildirilişdə 11 may tarixində naməlum bir şəxsdən “Coinbase” sənədlərini ələ keçirdiyini iddia edən bir elektron məktubun alındığı qeyd olunub.

    Həmin məktubda məlumatların ictimaiyyətə açıqlanmaması üçün pul tələb olunduğu və bu məlumatların “Coinbase”in daxili sistemlərindən məlumat toplaya bilmələri üçün ABŞ xaricində dəstək rollarında çalışan bir neçə podratçıya və ya işçiyə ödəniş edilməklə əldə edildiyi ifadə olunub.

    Məktubda qeyd olunub ki, bəzi işçilərin vəzifələrinin xaricində məlumatlara çıxış əldə etdikləri halları “Coinbase”in təhlükəsizlik nəzarət sistemi əvvəlki aylarda aşkarlayıb.

    Hadisə aşkarlandıqdan sonra əlaqəli işçilərin dərhal vəzifələrindən azad edildiyi, fırıldaqçılıq əleyhinə nəzarət mexanizmlərinin gücləndirildiyi və əldə edilən məlumatların sui-istifadəsinin qarşısını almaq üçün potensial təsirlənmiş müştərilərə xəbərdarlıq edildiyi bildirilib.

    Hadisənin şifrələrə və ya vəsaitlərə çıxışı əhatə etmədiyi, ələ keçirilən məlumatlar arasında ad, ünvan, telefon nömrəsi və e-poçt kimi şəxsi məlumatların olduğu qeyd edilib.

    Fidyə olaraq tələb edilən 20 milyon dolların ödənilmədiyi və istintaqın hüquq-mühafizə orqanları ilə əməkdaşlıq şəklində davam etdirildiyi vurğulanıb.

    Həmçinin bildirilib ki, bu hadisə nəticəsində təhdid edən tərəfə daha əvvəl pul göndərmiş müştərilər varsa, onlara könüllü şəkildə geri ödəniş edilməsinin planlaşdırıldığı açıqlanıb.

    Bildirişdə hadisə ilə əlaqədar aparılan təhlükəsizlik tədbirləri və könüllü müştəri ödənişləri üçün 180 milyon ilə 400 milyon dollar arasında xərc proqnozlaşdırıldığı qeyd olunub.

  • Naxçıvanda əhalinin sayı 1 ildə 2 min 204 nəfər artıb

    Naxçıvan Muxtar Respublikasında (MR) əhalinin sayı artıb.

    Bu barədə Naxçıvan MR Dövlət Statistika Komitəsi məlumat yayıb.

    Bildirilib ki, 1 aprel 2025-ci il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətən 2 min 204 nəfər və ya 0,5 faiz artaraq 471 min 265 nəfər olub.

  • İşə qəbul zamanı bu 6 ifadəni işlətmək olmaz – Rekruiterdən vacib məsləhətlər

    Hər bir insan həyatının müəyyən mərhələsində iş müsahibəsindən keçir. Bu proses çox zaman stres və həyəcanla müşayiət olunur.

    Valyuta.az xəbər verir ki, recruiter Meqan Snouboll Parade.com-a müxtəlif sahələrdə müştərilərlə iş təcrübəsinə əsaslanaraq müsahibə zamanı heç bir halda səsləndirilməməli olan 6 ifadəni açıqlayıb.

    O bildirib ki, bəzi söz və ifadələrdən qaçmaq namizədin diqqətli və peşəkar görünməsinə yardımçı olur. Mütəxəssis həmçinin bu cür ifadələrə alternativ olaraq hansı cümlələrin işlədilə biləcəyini də izah edib.

    1. “Düşünürəm ki, tərcümeyi-halım özü hər şeyi izah edir”

    Rekruiterin fikrincə, təkcə CV müsahibə zamanı sizi tam şəkildə təqdim etmək üçün kifayət deyil:

    “CV – kitabın arxa üzündəki qısa mətn kimidir. Müsahibənin məqsədi isə əlavə məlumatlar əldə edib, ən uyğun namizədi müəyyənləşdirməkdir. Siz bu sənəddəki əsas məqamları konkret nümunə və hekayələrlə izah etməlisiniz”.

    Əvəzində belə deyə bilərsiniz: “Bu vəzifədəki təcrübəmi vurğulamaq istərdim…” və daha sonra konkret bir məqamı açıqlayıb, müvafiq nümunə gətirin.

    2. “Əvvəlki iş yerimi tərk etdim, çünki orada toksik mühit var idi”

    Əgər bu həqiqətən də işdən çıxma səbəbinizdirsə belə, bunu açıq şəkildə dilə gətirmək doğru deyil. Müsahibə zamanı məhdud zaman ərzində siz özünüzü müsbət tərəfdən tanıtmağa çalışmalısınız. Rekruiterin hadisəni düzgün anlamaması halları baş verə bilər və bu, sizə qarşı mənfi təəssürat yarada bilər.

    Bunun əvəzinə belə ifadə istifadə edə bilərsiniz: “Mən daha çox əməkdaşlıq əsaslı və inkişaf yönümlü komandada uğur qazanıram…” və sizin üçün ideal iş mühiti necə olmalıdır, onu təsvir edin.

    3. “Bu proqram və ya proqram təminatı ilə təcrübəm yoxdur”

    Əgər müsahibə zamanı sizdən müəyyən proqramdan istifadə təcrübəniz soruşularsa və bu sahədə təcrübəniz yoxdursa, bu bacarığın sizdə olmadığını sadəcə bildirmək düzgün deyil. Belə cavab sizin digər bacarıqlarınızı kölgədə qoya bilər.

    Bunun əvəzinə belə cavab vermək tövsiyə olunur: “Bu proqram təminatı ilə birbaşa təcrübəm olmasa da, əvvəlki işimdə eyni funksiyanı yerinə yetirən (filan proqram) ilə çalışmışam…”

    4. “Bir addım geri atmaq istəyirəm”

    Bu ifadə ilə siz yeni vəzifənin əvvəlki işinizdən daha aşağı səviyyədə olduğunu başa düşdüyünüzü göstərmək istəyə bilərsiniz. Amma bu cür yanaşma qarşı tərəfdə yanlış təəssürat yarada bilər – sanki bu vəzifə sizin üçün uzunmüddətli və maraqlı olmayacaq.

    Daha məqsədəuyğun cavab belə ola bilər: “Bu vəzifə mənim üçün maraqlıdır, çünki…” və bu rolu niyə seçdiyinizi əsaslandırın.

    5. “Şirkət haqqında mənə daha çox məlumat verə bilərsinizmi?”

    Baxmayaraq ki, bu sual ilk baxışdan normal görünür, Snouboll bu sualdan qaçmağı məsləhət görür. Müsahibəyə hazırlaşmaq və şirkət haqqında əvvəlcədən məlumat toplamaq çox vacibdir.

    Daha yaxşı alternativ: “Müsahibəyə hazırlaşarkən (şirkət) haqqında ətraflı öyrəndim və xüsusilə (filan məqam) marağımı çəkdi. Sizin bu sahədə təcrübəniz necə olub?”

    Bu yanaşma sizin şirkətə marağınızı və hazırlığınızı göstərir.

    6. “Əgər sualınız olsa, çəkinmədən mənimlə əlaqə saxlayın”

    Bu ifadə, sanki siz qarşı tərəfə təşəbbüsü ötürürsünüz. Halbuki siz bu vəzifəyə iddialı olan tərəfsiniz və söhbəti sizin maraqlarınız çərçivəsində tamamlamaq daha doğrudur.

    Snoubollun tövsiyəsi: “Sonda fürsətdən istifadə edib qeyd etmək istəyirəm ki, bu vəzifəyə gətirəcəyim təcrübə və yanaşma şirkət üçün dəyərli ola bilər” – kimi bir xülasə verərək özünüzü yenidən ön plana çıxarın.

    Bəs nəyi gizlətmək olar?

    Məşğulluq üzrə ekspert Qay Torntonun fikrincə, CV-də yalan danışmaq olmaz, lakin bəzi hallarda reallığı yumşaltmaq mümkündür. Məsələn, uzun iş fasilələri bəzi şirkətlər tərəfindən mənfi qarşılandığı üçün bu müddətdə freelance fəaliyyət, kurslar və ya peşəkar inkişaf kimi səbəblər göstərilə bilər.

    Əgər siz bu işi müvəqqəti həll yolu kimi görürsünüzsə, bunu açıq şəkildə deməmək daha məqsədəuyğundur. Torntonun sözlərinə görə:
    “Əgər bu işi sadəcə müəyyən bir müddət üçün düşünürsünüzsə belə, bunu işəgötürənə deməyə ehtiyac yoxdur”.

  • Saxta Twitter işçisinin Harvard süni intellekt startapının təsisçisi olduğu ortaya çıxıb

    2022-ci ildə İlon Maskın Twitter-i (indi X olaraq tanınır) almasının ertəsi günü, şirkətin baş qərargahının qarşısında qutularla dayanan iki nəfər jurnalistlərin diqqətini çəkdi. Onlardan biri özünü yaxınlarda işdən çıxarılmış Twitter mühəndisi “Rahul Ligma” kimi təqdim etdi.

    Əslində onun adı Rahul Sonwalkar-dır və bu zarafat sürətlə viral oldu.

    Həqiqət isə budur ki, Sonwalkar X-də (Twitter-də) heç vaxt işləmir, lakin texnologiya sahəsində kifayət qədər təcrübəlidir. O, Uber-də mühəndis kimi bir neçə il çalışıb. Hətta o dövrdə Y Combinator proqramında iştirak edib, loqistika sahəsində startup qurub, lakin sonradan yönünü dəyişdirib.

    İndi 27 yaşında olan Sonwalkar diqqəti daha ciddi işinə – təxminən iki il əvvəl təsis etdiyi Julius adlı süni intellekt əsaslı data analitik startup-una yönəltmək istəyir.

    Julius aləti böyük həcmdə məlumatları təhlil edib vizuallaşdırmaq və təbii dil sorğuları vasitəsilə proqnozlaşdırıcı modellər qurmaq imkanı verir. Hazırda 2 milyondan çox qeydiyyatdan keçmiş istifadəçisi var.

    “Data elmini hər kəs üçün əlçatan etmək istəyirdim,” Sonwalkar TechCrunch-a bildirib.

    Juliusun bəzi funksiyaları ChatGPT, Anthropic-in Claude və Google-un Gemini alətləri ilə bənzər olsa da, Harvard Biznes Məktəbinin (HBS) köməkçi professoru İavor Bojinov bu aləti o qədər bəyəndi ki, Julius-u xüsusi olaraq HBS-nin yeni tədris kursu – “Liderlər üçün Data Elmi və Süni İntellekt” üçün uyğunlaşdırmağa nail oldu.

    Bojinov TechCrunch-a bildirib: “Biz ChatGPT də daxil olmaqla bir neçə platformanı müqayisə etdik və Julius ən yaxşı nəticə göstərdi.”

    HBS kimi ildə təxminən 1000 gələcək biznes lideri yetişdirən bir təhsil müəssisəsinin Julius-u seçməsi startup üçün böyük uğurdur. Julius hazırda 12 nəfərlik komandaya malikdir.

    TechCrunch-a məlum olan məlumata görə, Sonwalkar Bessemer Venture Partners-in Talia Goldberg rəhbərliyində toxum mərhələsi investisiya turu da bağlayıb. Lakin Sonwalkar bu barədə detalları paylaşmaq istəməyib.

    Bessemer isə şərh verməyib.

    Bəs Sonwalkar “Rahul Ligma” obrazı ilə etdiyi zarafatlar Julius-un ilk günlərində ona qapılar açmağa kömək etdimi?

    “Başlanğıcda bir az köməyi oldu, amma son vaxtlar elə çox təsiri yoxdur,” o bildirib.
    //tech.az

  • Bu institut xidməti maşın alır – 1-i 185 min manata

    “Azkommunalayihə” Kommunal Layihələndirmə İnstitutu “Toyota”-Bakı Mərkəzi” şirkəti ilə satınalma müqaviləsi bağlayacaq.

    Valyuta.az xəbər verir ki, İnstitut şirkətdən 1 ədəd minik avtomobili almaq istəyir. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 185 300 manatdır.

    “Azkommunalayihə” Kommunal Layihələndirmə İnstitutu Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərir.

  • Pulsuz fayl çevricilər kibertəhlükə riski daşıya bilər

    Onlayn pulsuz fayl çevricilər istifadəçilərin tez-tez müraciət etdiyi rəqəmsal alətlər sırasındadır.

    PDF-dən Word-ə, MP4-dən MP3-ə və ya JPG-dən PNG-yə çevirmə kimi əməliyyatlar üçün istifadə edilən bu servislər bəzən kibertəhlükəsizlik risklərini də özü ilə gətirir. ESET şirkəti bu tip platformaların zərərli proqram yayılması, dələduzluq və məlumat oğurluğu məqsədilə istifadə oluna biləcəyinə diqqət çəkir.

    Fayl çevirmə ehtiyacı xüsusilə təhsil, iş və məzmun istehsalı kimi sahələrdə geniş yayılıb. PDF sənədlərinin redaktə edilə bilən formata çevrilməsi ən çox üstünlük verilən əməliyyatlardan biridir. Lakin bu xidmətləri təqdim edən pulsuz platformaların hər zaman etibarlı olması təmin edilmir.

    Kibertəhlükəsizlik üzrə mütəxəssislər bildirirlər ki, məşhur axtarış sistemlərində ön sıralarda yer alan bəzi fayl çevirmə saytları vasitəsilə cihazlara gizli şəkildə zərərli proqramlar yerləşdirilə bilər. Bu saytlar vasitəsilə casus proqramlar yüklənə, istifadəçilərin çevrimdaxili fəaliyyəti izlənə və fişinq hücumları ilə şəxsi məlumatlar ələ keçirilə bilər. Xüsusilə maliyyə və şəxsi məlumatlar saxlanılan həssas sənədlərin sızdırılması da bu təhdidlər sırasındadır.

    ESET-dən təhlükəsiz fayl çevirmə ilə bağlı tövsiyələr:

    * Etibarlı mənbələrdən istifadə edin: Yalnız HTTPS protokolu ilə qorunan, istifadəçi rəyləri müsbət olan saytlar seçilməlidir.

    * Antivirus proqramınızı yeniləyin: Real vaxt rejimində qoruma təmin edən proqramlar şübhəli fəaliyyətləri aşkar edə bilər.

    * Oflayn proqramlara üstünlük verin: “Adobe Acrobat”, “VLC Media Player”, “Microsoft Office” kimi tanınmış proqramlar daha təhlükəsiz seçimlər təqdim edir.

    * Fayl növünə diqqət yetirin: Çevrilmiş faylın uzantısının və ölçüsünün gözlənilən formada olub-olmadığını yoxlayın.

    * Proqram yükləmə təkliflərinə qarşı ehtiyatlı olun: Çevirmə əməliyyatı üçün əlavə proqram yükləməyi tələb edən saytlardan uzaq durmaq tövsiyə olunur.
    //valyuta.az

  • Azərbaycana ət məhsullarının gətirilməsinə qadağa qoyuldu – Bu ölkələrdən

    Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Əlcəzair Xalq Demokratik Respublikasının Uarqla, Ləğuat, Becaya əyalətlərində, Türkiyə Respublikasının Hakkari vilayətində dabaq xəstəliyi qeydə alınıb.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Bildirilib ki, Respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən cütdırnaqlı heyvanların (iri və xırdabuynuzlu heyvanlar, donuz, dəvə və s.), habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”inə uyğun olaraq AQTA tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub.

    “Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub”,- deyə məlumatda qeyd edilib.