Month: May 2025

  • Suriya Rusiyada əskinasların çapını dayandırır

    Suriya hakimiyyəti Rusiyada milli valyutanın çapından imtina etməyi və BƏƏ və Almaniya ilə əməkdaşlıq etməyi planlaşdırır.

    Qaynarinfo xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

    Bundan əlavə, Suriya hakimiyyəti əskinasların dizaynını dəyişmək niyyətindədir. Onlar Suriyanın keçmiş lideri Bəşər Əsədin portretini əskinaslardan silmək istəyirlər.

    “Reuters” agentliyinin məlumatına görə, artıq iki alman şirkəti Suriya hakimiyyəti ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər: dövlətə məxsus “Bundesdruckerei” və əskinas və qiymətli kağızların çapı ilə məşğul olan özəl “Giesecke+Devrient” şirkəti.

    Özəl şirkət şərh verməkdən imtina edib, Almaniya vergi orqanı isə Suriya hökumətilə valyutanın çapı ilə bağlı sövdələşməyə getmədiyini bildirib. BƏƏ isə agentliyin sorğularına cavab verməyib.

    Rusiya Suriya əskinaslarının çapına ilk dəfə 2012-ci ildə başlayıb. Əvvəllər bunu Avstriya Mərkəzi Bankının törəmə şirkəti həyata keçirirdi.

  • Riyaziyyatın sərhədləri aşılır: 200 illik problem nəhayət həll olunurmu?

    200 ildir həll edilə bilməyən beşinci dərəcəli polinom tənlikləri üçün yeni bir həll üsulu hazırlanıb. Riyaziyyatçılar bu dəfə fərqli yanaşma ilə nəticəyə yaxınlaşırlar.

    “Good Will Hunting” filmini izləyənlər xatırlayacaq: universitetin dəhlizində yazılan və heç kimin həll edə bilmədiyi riyaziyyat tənliyini yalnız təmizlikçi işləyən dahi Vil Hantinq həll edə bilir. Kino tarixində öz yerini tutan bu səhnə, illərdir həll olunması mümkünsüz görünən riyaziyyat problemlərinin güclü metaforası sayılır. Lakin bu dəfə, oxşar bir problem real həyatda alimlər tərəfindən ələ alınıb və ciddi irəliləyiş əldə olunub.

    Riyaziyyatın ən qədim problemlərindən biri: beşinci dərəcə və daha yüksək polinomlar

    Uzun illərdir riyaziyyatçılar ikinci, üçüncü və dördüncü dərəcədən polinom tənliklərinin həll yollarını bilirlər. Lakin beşinci dərəcə və daha yüksək tənliklər üçün ümumi keçərli bir həll formulu tapmaq mümkün olmayıb.

    Bu gerçəklik 1832-ci ildə fransız riyaziyyatçı Évariste Galois tərəfindən riyazi şəkildə sübut edilib. Qalua göstərmişdi ki, beşinci dərəcədən etibarən polinomlar ənənəvi cəbr üsulları ilə həll edilə bilməz. O vaxtdan bu yana, bu sahə riyaziyyatçıların özünü sınağa çəkdiyi prestijli bir mübarizə meydanına çevrilib.

    200 il sonra yeni yanaşma: Vayldberqer və Rubinənin həlli

    2025-ci ildə Yeni Cənubi Uels Universitetinin fəxri professoru Norman Vayldberqer və kompüter elmləri üzrə mütəxəssis Dr. Din Rubinə bu klassik problemi fərqli baxışla ələ alaraq yeni bir metod irəli sürüblər. Bu yanaşma, irrasionallıq anlayışlarına (kökaltı, kub kökü və s.) əsaslanmaq əvəzinə, güc silsilələri və həndəsi naxışlar üzərindən təqribi həll yolları təqdim edir.

    Vayldberqer irrasional ədədlərin sonsuz və təkrarlanmayan təbiətinin hesablamanı mümkünsüz hala gətirdiyini düşünür. Buna görə də hazırlanan metod, sonsuz terminli polinomlar (güc silsilələri) vasitəsilə, irrasionallığa toxunmadan nəticəyə çatmağı hədəfləyir.

    Katalan ədədlərindən hiper-Katalanlara…

    Bu yanaşmanın təməlində Katalan ədədləri dayanır. Katalan ədədləri, çoxbucaqlının neçə fərqli şəkildə üçbucaqlara bölünə biləcəyini göstərən xüsusi bir sıra olaraq tanınır. Bu ardıcıllığın ikinci dərəcəli polinomlarla əlaqəsi uzun zamandır bilinir.

    Ancaq Vayldberqer və Rubinə bu anlayışı genişləndirərək, dörd- və beşbucaqlılar kimi daha kompleks fiqurları da daxil edən “hiper-Katalan” ədədlər seriyasını təqdim ediblər. Bu yeni ardıcıllıq, çoxbucaqlıların üz saylarına əsaslanan mərhələli silsilələr yaradaraq, polinomlar üçün özünəməxsus həndəsi naxışlar formalaşdırır.

    Bu sayısal naxışlardan yola çıxaraq tədqiqatçılar “Jeot” (“The Geode”) adlandırdıqları yeni bir ədədlər toplusunu da kəşf ediblər. Bu dəst, Katalan ədədlərinin arxasındakı sirli nizamın daha geniş bir təfsirini ifadə edir.

    Yeni metod, klassik cəbrin köklərə əsaslanan həll prinsiplərindən uzaqlaşıb, həndəsi naxışlara və silsilə hesablamalara əsaslanan alternativ bir həll paradiqması təqdim edir. Əgər bu yanaşma daha da inkişaf etdirilərsə, cəbrin əsas anlayışlarının yenidən tərif olunmasına yol aça bilər.

    “Bunun bizə nə faydası olacaq?”

    Bəlkə də ən çox verilən, lakin ən az başa düşülən sual budur. Qısamüddətli perspektivdə bu inkişaf gündəlik həyatınızda dərhal nəzərəçarpacaq bir dəyişiklik yaratmaya bilər. Amma mühəndislikdən süni intellektə, 3D qrafik dizaynından kosmos tədqiqatlarına qədər bir çox sahədə bu cür tənliklər mütəmadi olaraq qarşımıza çıxır.

    Məsələn, gələcəkdə oynayacağınız yeni nəsil bir video oyunu, daha realist süni intellekt tətbiqi və ya fərqli memarlıq quruluşları bu riyazi üsullarla həll edilmiş problemlərin nəticəsi ola bilər. Kosmik tədqiqatlarda, mürəkkəb hesablamalarda və ya kompüter qrafikasında bu metodların təmin etdiyi üstünlüklər zamanla həyatımıza əhəmiyyətli təsirlər göstərə bilər.

    Yeni Cənubi Uels Universitetində inkişaf etdirilən bu yanaşma, riyaziyyatın təməl prinsiplərini sarsıtmadan, mümkün olmayan kimi görünən problemlərə fərqli bir pəncərə açır. Bəlkə də “Good Will Hunting” filmindəki o məşhur tənlik kimi, bu dəfə reallıqda bu cür problemlərin başqa yolla da olsa həlli mümkün olacaq.
    //qaynar.az

  • Bank kartlarından oğurlanan pullara görə istintaq təxirəsalınmadan aparılacaq

    Əhalinin bank kartı hesablarından pul vəsaitlərinin talanması halları ilə bağlı istintaq hərəkəti təxirəsalınmadan aparılacaq.

    Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinatyət-Prosessual Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

    Qeyd edilib ki, son dövrlərdə müasir informasiya texnologiyalarından istifadə olunmaqla əhalinin bank kartı hesablarından pul vəsaitlərinin talanması hallarında bu cinayətlərin təqibinin operativliyinin təmin etmək məqsədilə Cinayət-Prosessual Məcəlləsinin 446 və 447-ci maddələrinə müvafiq dəyişikliklər təklif edilir.

    Belə ki, maliyyə əməliyyatları, bank hesablarının vəziyyəti və vergilərin ödənilməsi barədə məlumatlar daxil olmaqla, şəxsi, ailə, dövlət, kommersiya və ya peşə sirrini təşkil edən məlumatların ələ keçirilməsi növündə istintaq hərəkəti, müstəntiqin əsaslandırılmış vəsatəti ilə razı olan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında yalnız məhkəmənin qərarı əsasında həyata keçirilir.

    Məcəlləyə təklif edilən dəyişikliyə əsasən bu istintaq hərəkətinin təxirəsalınmadan aparılması zəruri olduğu hallarda, müstəntiq tərəfindən belə zərurətin əsaslandırıldığı vəsatətə məhkəməyə daxil olduqdan sonra 24 saat müddətində baxılacaq.

    Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
    //qaynar.az

  • Bunu edən tibb işçiləri cərimələnəcək

    Tibb işçisinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz peşə vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına yüngül zərər vurulmasına görə cərimə tətbiq ediləcək.

    Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

    Layihəyə əsasən, tibb işçisinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz peşə vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına yüngül zərər vurulmasına səbəb olduqda fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min manatdan doqquz min manatadək məbləğdə cərimə ediləcək.

    Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
    //qaynar.az

  • Bu generallar üçün vəzifədə olma ilə bağlı yaş məhdudiyyəti ləğv edilir

    Azərbaycanda bir sıra generallar üçün vəzifədə olmanın son yaş həddi müəyyən edilməyəcək.

    Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara təklif edilən dəyişiklikdə öz əksini tapıb.

    Layihəyə əsasən, ordu generalı ilə yanaşı müvafiq icra hakimiyyəti orqanının və Azərbaycanın Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumlar istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin edilən rəhbəri və müavini üçün yaş həddi müəyyən edilməyəcək.

    Sənəddə bildirilib ki, həqiqi hərbi xidmətdə və ya ehtiyatda olmağın son yaş həddini keçmiş həmin şəxslər vəzifədən azad edildikdə yaşa görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar.

    Qanun layihəsi həqiqi hərbi xidmətdə olmağın son yaş həddi müəyyən edilməyən şəxslərin dairəsinin genişləndirilməsini nəzərdə tutur.

    Beləliklə, təklif olunan dəyişikliyə görə, ordu generalı ilə yanaşı Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin edilən müvafiq dövlət orqanlarının rəhbəri və müavini üçün də son yaş həddi müəyyən edilməyəcək.

    Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq III oxunuşda təsdiq edilib.
    //qaynar.az

  • Azərbaycanda koronavirusla bağlı vəziyyət necədir?

    Pandemiyanın dünya gündəmindən çıxmağa başladığı bir vaxtda koronavirusun bəzi ölkələrdə yenidən yayılması barədə xəbərlər narahatlıqları artırıb. Belə ki, Sinqapur və Honqkonqda COVID-19-un yeni dalğası müşahidə olunur.

    Rəsmi məlumatlara görə, Sinqapurda cəmi bir həftə ərzində 25 mindən çox yeni yoluxma halı qeydə alınıb. Yoluxmaların bu cür artmasına səbəb kimi KP.1 və KP.2 adlı yeni altştamların yayılması göstərilir.

    Honqkonqda da oxşar vəziyyət yaşanır, səhiyyə qurumları əhalini ehtiyatlı olmağa və qoruyucu tədbirlərə əməl etməyə çağırır.

    Mütəxəssislərin sözlərinə görə, yeni ştamlar daha yoluxucudur, lakin əvvəlki variantlarla müqayisədə daha yüngül simptomlarla müşayiət olunur.

    Azərbaycanda koronavirusla bağlı vəziyyət

    Modern.az Azərbaycanda koronavirusla bağlı vəziyyəti öyrənmək üçün Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazovla əlaqə saxlayıb.

    O bildirib ki, hazırda ölkədə yeni koronavirus infeksiyasına yoluxmaya tək-tək hallarda rast gəlinir.

    “İlin əvvəlindən bu günə qədər epidemik vəziyyət stabil olaraq qalır. Xəstəlik əksər hallarda yüngül və fəsadsız keçir. Hospitalizasiya olunan şəxslərin sayının azlığı da ümumi vəziyyətin qənaətbəxş olduğunu göstərir”, – infeksionist deyib.

    Təyyar Eyvazovun sözlərinə görə, infeksiyadan qorunmaq üçün tədbirlər, hava-damcı yolu ilə yayılan digər infeksiyalara qarşı görülən standart qorunma üsulları ilə eynidir.

    Bunlara aşağıdakılar daxildir:
    • Əllərin tez-tez sabun və ya dezinfeksiyaedici vasitələrlə yuyulması;
    • Qapalı və izdihamlı məkanlarda maskadan istifadə edilməsi;
    • Sosial məsafənin qorunması;
    • Xəstəlik əlamətləri olan şəxslərlə təmasdan çəkinmək;
    • Qapalı məkanların mütəmadi olaraq havalandırılması.

    Bu sadə, lakin təsirli tədbirlər həm koronavirusdan, həm də digər yoluxucu tənəffüs yolu infeksiyalarından qorunmağa kömək edir.

  • Bakının bu ərazisində bulvar salınacaq – VİDEO

    Bülbülə gölündə təmizlik və quruculuq işləri davam etdirilir.

    Uzun illər ətrafdakı qəsəbələrin tullantı və çirkab sularının axıdıldığı Bülbülə gölü tezliklə təmiz, abad, göz oxşayan istirahət məkanına çevriləcək. Bakı Abadlıq Xidməti ərazidə əsaslı və planlı təmir işlərinə başlayıb. Gölün ətrafındakı qamışlıq tamamilə qurudulub, tullantılar təmizlənib. Bu isə havadakı üfunəti məhv edərək natəmizliyin və həşəratların kökünü kəsib.

    Gölə axıdılan çirkab suların qarşısını kəsmək üçün gölün ətrafında minlik magistral xətt çəkilib. Yaxın zamanda su həmin magistralla xüsusi su təmizləyici qurğuya töküləcək.

    Bu, Suraxanı rayonunda ilk su təmizləyici qurğu olacaq. Fasiləsiz işləyən qurğu çirkli suyu təmizləyib gölə vuracaq. Yerdə qalan çirkab isə Hövsan anbarına yığılacaq, sonra da maşınlarla başqa yerə daşınacaq.

    Növbəti mərhələdə sahil boyunca asfalt salınacaq. Nəzərdə tutulub ki, yeni bulvarda restoranlar, kafelər fəaliyyət göstərsin, dairəvi velosiped yolu da çəkilsin. Bulvarda uşaqlar üçün meydança, yaşıllıqlar, istirahət yerləri olacaq. Yaz-yay aylarında göldə katamaran da işləyəcək. Layihəyə görə, Bülbülə gölünün üzərindən körpü də salınacaq. Qısa zamanda Bülbülə bulvarı insanların əsl istirahət yerinə çevriləcək.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

  • Сборная Азербайджана по художественной гимнастике завоевала серебро на Кубке Европы

    Сборная Азербайджана по художественной гимнастике в групповых упражнениях заняла второе место на Кубке Европы, проходящем в болгарском Бургасе.

    Команда в составе Ляман Алимурадовой, Дарьи Сорокиной, Елизаветы Лузан, Гюллю Агаларзаде, Камилы Алиевой и Софии Мамедовой завоевала серебряную медаль в упражнении с тремя мячами и двумя обручами, получив от судей 25,150 балла.

    В упражнении с пятью лентами сборная стала четвертой. Азербайджанская команда также вышла в финал многоборья, который состоится 17 мая.
    //report

  • Azərbaycanın bədii gimnastika komandası Avropa Kubokunda gümüş medal qazanıb

    Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bolqarıstanın Burqas şəhərində keçirilən Avropa Kubokunda gümüş medal qazanıb.

    Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan, Güllü Ağalarzadə, Kamilə Əliyeva və Sofiya Məmmədovadan ibarət komanda 3 top və 2 halqa ilə mübarizədə ikinci olub.

    Onların çıxışı 25,150 xalla qiymətləndirilib.

    Yığma 5 lentlə kompozisiyanın icrasında dördüncü olub. Komanda həmçinin çoxnövçülük üzrə mayın 17-də keçiriləcək finala vəsiqə qazanıb.
    //report

  • Azərbaycanın FIFA referisi təyinat alıb

    Azərbaycanın FIFA referisi Kamal Umudlu UEFA-dan növbəti təyinat alıb.

    Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

    K.Umudlu 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsinin oyunlarında ehtiyat hakim olacaq.

    Qeyd edək ki, Avropa çempionatı mayın 19-dan iyunun 1-dək 8 komandanın iştirakı ilə Albaniyada təşkil ediləcək.