Month: May 2025

  • Bu ölkədə şahmat qadağan edildi

    Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatı rəsmi olaraq şahmatı qadağan edib.

    Bu oyunun İslam normalarına zidd olduğunu bəyan edilib.

    Onların fikrincə, şahmat qumar oyunudur və əfqanların dini inancı ilə uyğun gəlmir.

    “Son on bir ayda bir dənə də olsun rəsmi turnir, seminar və ya şahmatla bağlı hər hansı bir fəaliyyət olmayıb. Federasiyanın əksər rəsmi şəxsləri ölkəni tərk ediblər. Bəzi vilayətlərdə şahmat tamamilə qadağan olunub”, – deyə Əfqanıstan Şahmat Federasiyasının keçmiş icraçı direktoru Abasin Mohibi deyib.
    //qafqazinfo

  • Temperatur 4-6 dərəcə aşağı enəcək – XƏBƏRDARLIQ

    Şimal və qərb rayonlarından mayın 11-i günün ikinci yarısı başlayaraq 15-i axşamadək hava şəraitinin arabir yağıntılı olacaq.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, şimşək çaxacağı gözlənilir.

    Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. 12-si gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq.

    Yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayının aşağı axınında sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

    Havanın temperaturu mayın 13-dən başlayaraq ötən günlərlə müqayisədə tədricən 4-6° aşağı enəcək.

  • 1 manat 18 qəpiyə gələn meyvə bizə 5 manata satılır

    2025-ci ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 817,3 ton kivi idxal olunub.

    Bu idxal üçün ümumilikdə 579,66 min ABŞ dolları xərc çəkilib.

    Məlumata görə, kivi əsasən Çin Xalq Respublikasından, İran İslam Respublikasından və İtaliyadan gətirilib.

    Statistikaya əsasən, Çin Xalq Respublikasından Azərbaycana 21,39 ton kivi idxal edilib və bunun üçün 17,21 min ABŞ dolları xərc çəkilib. Beləliklə, bu ölkədən idxal olunan bir kiloqram kivinin qiyməti 0,80 dollar və ya 1 manat 36 qəpik təşkil edib.

    İran İslam Respublikasından isə 795,19 ton kivi gətirilib. Bu idxal üçün 556,63 min ABŞ dolları vəsait sərf olunub. Beləliklə, İrandan idxal edilən bir kiloqram kivinin qiyməti 0,70 dollar, yəni 1 manat 18 qəpik olub.

    İtaliyadan isə 0,73 ton (730 kiloqram) kivi idxal olunub. Bu miqdar üçün 5,82 min ABŞ dolları ödənilib. Nəticədə, İtaliyadan idxal olunan bir kiloqram kivinin qiyməti 7,97 dollar və ya 13 manat 55 qəpik təşkil edib.

    Statistik göstəricilərə nəzər salsaq, ən ucuz meyvə İran İR-dən və Çindən gətirilib. Ən baha kivi idxalı isə İtaliyadan olub. Hal-hazırda Azərbaycan bazarında kivinin qiyməti 4- 5 manat civarındadır. Bu da onu deməyə əsas verir ki, idxal olunan kivi bazarda idxal qiymətindən 3-4 dəfə baha satılır.
    //valyuta.az

  • Yaponlar indi də çamurdan ət hazırlayacaq

    Yaponiyalı tədqiqatçılar ərzaq problemi ilə mübarizə məqsədilə süni ət istehsal etmək üçün xammal kimi kanalizasiya tullantıları və soyadan istifadə ideyasını irəli sürüblər.

    Median.Az “Bakupost.az”a istinadən xəbər verir ki, konsepsiya Okayamadan olan Mitsuyuki İkeda tərəfindən təklif edilmiş və Tokionun Kanalizasiya İdarəsi tərəfindən dəstəklənmişdir.

    İnsan fəaliyyəti nəticəsində yaranan tullantıların emalı prosesi zülallarla 63%, karbohidratlarla 25%, yağlarla 3% və minerallarla 9% zəngin biokütlənin əmələ gəlməsi ilə nəticələnir ki, bu da onu tərkibinə görə mal əti ilə müqayisə etməyə imkan verir.
    Dadını yaxşılaşdırmaq üçün məhsula soya teksturalı məhsul və müxtəlif dadlandırıcı əlavələr daxil edilir. Aparılan testlərə görə, onun dadı praktiki olaraq adi ətdən fərqlənmir.
    Mütəxəssislərin fikrincə, belə ixtiraların qəbulu zamanla dəyişə bilər.Necə ki, vaxtilə suşi və ya həşəratlardan hazırlanan yeməklərə münasibət dəyişmişdi.

  • Dünyada bu ilin ən populyar avtomobili AÇIQLANDI

    Dünya bestselleri Toyota Corolla 2025-ci ildə dünyada ən çox satılan modellərin reytinqinə başçılıq edib.

    Bu barədə Focus2Move avtomobil portalı məlumat yayıb.

    2025-ci ilin birinci rübündə 244 000-dən çox Toyota Corolla satılıb. İkinci yerdə məşhur Yapon avtomobil istehsalçısının daha bir modeli – kompakt tam ötürücülü avtomobil Toyota RAV4 gəlir.

    Həmçinin ilk üçlükdə gözlənildiyi kimi, Fordun yetmiş ildən artıqdır istehsal etdiyi əfsanəvi Amerika pikap Ford F-Series olub.

    2025-ci ildə dünyanın ən populyar 10 avtomobili:

    Toyota Corolla – 244 751 (-13,5 faiz)

    Toyota RAV4 – 242 190 (-0,6 faiz)

    Ford F-Series – 225 501 (+24 faiz)

    Tesla Model Y – 191 193 (-33,6 faiz)

    Honda CR-V – 180 452 (-0,3 faiz)

    Chevrolet Silverado – 150 164 (-8 faiz)

    Hyundai Tucson – 148 511 (+1 faiz)

    Tesla Model 3 – 139 901 (+24,2 faiz)

    Toyota Hilux – 136 420 (+0,5 faiz)

    Toyota Camry – 136 233 (+0,5 faiz)
    //valyuta.az

  • Azərbaycanda bu siqaretlər bahalaşır – MƏBLƏĞ

    Siqaret istifadəçilərini yaxın günlərdə qiymət artımı gözləyir.

    Median.Az Teleqraf-a istinadən xəbər verir ki, satış şəbəkələrinə artıq “Sobranie” markalı siqaretlərin qiymətinin qaldırılması ilə bağlı təlimat göndərilib.

    Artım ilkin mərhələdə yalnız “Sobranie” məhsullarına aid olacaq və təxminən 30 qəpik təşkil edəcək.

    Marketlərdə qiymət dəyişikliyi üçün hazırlıqlar başlayıb.

    Qiymət dəyişikliyinin digər siqaret markalarına şamil olunacağı ilə bağlı hər hansı məlumat yoxdur. Rəsmi açıqlama verilməsə də, gözləntilər odur ki, qiymət artımı qarşıdakı günlərdə qüvvəyə minə bilər.

  • Nadir brilyant hərraca çıxarılacaq

    “Sotheby’s” hərrac evi 20 milyon dollara satılması gözlənilən 10 karatlıq brilyant təqdim edib.

    Bu barədə ntdtv.ru məlumat verib.

    Qeyd olunur ki, qiymətli daş “Aralıq dənizinin mavi brilyantı” (Mediterranean Blue) adlandırılıb. Almaz Cənubi Afrika Respublikasında tapılıb.

    Cari hərrac mayın 13-də keçiriləcək.

    Xatırladaq ki, doqquz il əvvəl Cenevrədə “Christie’s” auksionunda daha bir mavi brilyant rekord qiymətə satılmışdı. Həmin vaxt qiymətli daş 68 milyon 700 min dollara satılıb.

  • Əcnəbilər ƏDV-ni geri ala bilərlərmi?

    Xarici ölkə vətəndaşı Azərbaycanda xəstəxanaya müraciət edib. Tibbi xidmətin dəyəri ödənilərkən o, ƏDV-nin qaytarılması hüququndan istifadə edə bilərmi?

    Valyuta.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinin 165.3-cü maddəsində edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2025-ci il tarixdən etibarən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallarla yanaşı, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərdən alınmış tibbi xidmətlərə görə də nağdsız ödənişlər üzrə ödənilmiş ƏDV məbləği Azərbaycan Prezidentinin 2016-cı il 12 iyul tarixli 985 nömrəli Fərmanı ilə təsdiq edilmiş müvafiq Qaydaya uyğun olaraq, geri qaytarılır.

    Buna əsasən, xarici ölkə vətəndaşı olan əcnəbi şəxsin Azərbaycan Respublikasının ərazisində tibb müəssisələrindən alınmış tibbi xidmətlərə görə nağdsız ödənişlər üzrə ödənilmiş ƏDV məbləği həmin şəxs ölkə ərazisini tərk edərkən adıçəkilən Qaydanın tələblərinə müvafiq surətdə “taxfree” rejimində geri qaytarılır.

    Əsas: Vergi Məcəlləsinin 165.3-cü maddəsi

  • Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

    Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.

    Bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən bildirilib.

    “Bu atəşkəsin regionda gərginliyin azaldılmasına, eləcə də davamlı sülh və sabitliyin bərqərar olmasına töhfə verəcəyinə ümidvarıq. Tərəfləri mövcud məsələlərin həlli istiqamətində və qarşılıqlı etimadın yaradılmasına yönəlmiş məhsuldar dialoqa çağırırıq”, – bəyanatda vurğulanıb.

  • Liftlərdə güzgü niyə olur? – Cavab düşündüyünüz qədər sadə deyil!

    Gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilmiş liftlər müxtəlif ölçü və dizaynlarda qarşımıza çıxır. Bəziləri şüşə divarlarla xarici mənzərəni izləməyə imkan versə də, əksəriyyəti dörd divarı (və ya ən azı birini) əhatə edən güzgülərlə təchiz olunmuş qapalı məkanlar şəklində qurulur. Bəs bu güzgülər sadəcə dekorativ məqsədləmi istifadə olunur? Görünür, cavab bundan xeyli artıqdır.

    Qapalı məkan qorxusuna qarşı psixoloji təsir

    Qaynarinfo xəbər verir ki, liftlərin dar və qapalı quruluşu bəzi insanlar üçün klostrofobik hisslər yarada bilər. Mexanizmin görünməməsi, zəif hava dövranı və hərəkətin idarəsinin istifadəçidə olmaması bu narahatlığı artırır. İngiltərənin lift istehsalçısı “Gartec”ə görə, güzgülər bu hissi yüngülləşdirməkdə mühüm rol oynayır. Kabini vizual olaraq daha geniş və işıqlı göstərən güzgülər istifadəçilərə daha az qapanmışlıq hissi verir, bu da xüsusilə klostrofobiyası olan şəxslər üçün rahatlaşdırıcı təsir göstərir.

    Təhlükəsizlik baxımından strateji əhəmiyyət

    Güzgülər yalnız konfor yox, təhlükəsizlik üçün də vacib detal sayılır. Onlar kabinin bütün hissəsini görməyə imkan verdiyi üçün arxada kimin olduğunu müşahidə etmək olur. Bu da istifadəçiyə özünü daha təhlükəsiz hiss etməyə kömək edir. Hər hansı oğurluq və ya təhdid halında güzgü vizual xəbərdarlıq rolunu oynayır.

    Əlçatanlıq üçün vacib yardımçı

    “Stannah Lifts” şirkətinin məlumatına görə, güzgülər əlil arabası istifadəçiləri üçün də əvəzsiz funksiyaya malikdir. Arxasını görə bilmə imkanı sayəsində istifadəçi kabin daxilində daha rahat hərəkət edə bilir. Bu, əlillər üçün müstəqil hərəkəti asanlaşdırır və onlara daha çox nəzarət hissi verir.

    Diqqəti yayındıraraq konforu artırır

    “Simplex Elevators” kimi mütəxəssislərə görə, güzgülər istifadəçinin liftdə keçirdiyi qısa müddəti daha rahat və keçici edir. Güzgüdəki əksi izləmək insanın diqqətini yayındıraraq zamanın daha tez keçdiyi təəssüratını yaradır. Eyni zamanda, yerə baxmaqdan çəkinən və ya yad biriylə göz kontaktından qaçanlar üçün alternativ fokus nöqtəsi kimi də xidmət edir.

    Nəticə olaraq, lift kabinlərindəki güzgülər sadəcə şıq bir dizayn elementi deyil; həm konforu artıran, həm təhlükəsizliyi təmin edən, həm də hər kəs üçün istifadə təcrübəsini yaxşılaşdıran çoxşaxəli bir həll formasıdır. Kiçik bir dizayn detalı kimi görünsə də, həm fərdi, həm də ictimai ehtiyaclara cavab verir.