Month: May 2025

  • Saxtakarlıqda təqsirləndirilən sabiq baş həkimin apellasiya şikayətinə baxılıb

    Bakı Apellyasiya Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında təqsirləndirilən, 2 saylı Dəmiryol Poliklinikasının sabiq baş həkimi, fəxri dəmiryolçu, tibb üzrə fəlsəfə doktoru Həmzə Həsənovun barəsində olan hökmdən verdiyi apellyasiya şikayətinə baxılıb.

    Prosesdə şikayət araşdırılıb və qərar elan olunub.

    Qərara əsasən, apellyasiya şikayəti rədd edilib və birinci məhkəmə instansiyasının hökmü qüvvədə saxlanılıb.

    İttihama görə, H.Həsənov Cinayət Məcəlləsinin 308 və 313-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı) maddələri ilə məsuliyyətə cəlb edilib.

    Araşdırmalar zamanı müəyyən olunub ki, Həmzə Həsənov vətəndaşlar barəsində elektron sistemə qəsdən həqiqətə uyğun olmayan tibbi məlumatlar daxil edib.

    Bu yolla o, həmin şəxslərin pensiya almasına nail olub və dövlət büdcəsinə külli miqdarda ziyan vurub.

    Binəqədi Rayon Məhkəməsinin hökmü ilə H.Həsənov qeyd edilən əməllərdə təqsirli bilinib. O, 2 il dövlət, yerli özünü idarəetmə orqanlarında, o cümlədən tibb fəaliyyəti ilə məşğul olan müəssisə və təşkilatlarda rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 il azadlıqdan məhrum olunub. Məhkəmə sabiq baş həkimə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək 2 il şərti cəza verib.

    Həmçinin təqsirləndirilən şəxsdən 141 min 954 manat vəsaitin tutularaq zərərçəkmiş şəxs kimi (mülki iddiaçı) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməsinə qərar verilib.
    //oxu.az

  • “Qalatasaray” Yunus Akgünün komandada qalması üçün maaşını artıracaq

    Türkiyənin “Qalatasaray” klubu Yunus Akgünün maaşını 2.7 milyon avroya yüksəltmək qərarına gəlib.

    Median.Az “SporX”ə istinadən xəbər verir ki, “Nyukasl Yunayted”, “Aston Villa” və “Benfika”nın maraqlandığı futbolçunun maaş artımı təklifini qəbul edib etməyəcəyi isə sual altındadır.

    Yunus Akgünü transfer etmək istəyən Avropa klubları futbolçu üçün “Qalatasaray”a minimum 12 milyon avro ödəniş etməli olacaqlar.

    Qeyd edək ki, Yunus Akgün bu mövsüm çıxdığı 40 oyunda 12 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.

  • İlham Əliyev elektrik közərmə lampaları ilə bağlı qadağanı TƏSDİQLƏDİ

    “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

    Dəyişikliyə əsasən, istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən elektrik közərmə lampalarının aşağıdakı tarixlərdən idxalı, istehsalı və satışı qadağandır:

    1. 60 Vt və yuxarı gücə malik olan közərmə lampaları 2026-cı il yanvarın 1-dən;

    2. 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampaları 2026-cı il iyulun 1-dən.

  • Aprel ayında 6365.7 ha ərazi minalardan təmizlənib

    Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.

    ANAMA-dan verilən məlumata görə, azad olunan ərazilərdə aprel ayı ərzində 79 tank əleyhinə mina, 302 piyada əleyhinə mina, 3047 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

    Həmçinin 6365.7 hektar ərazi minalardan təmizlənib.

    Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət həyata keçirib.

  • DTX-nin həbs etdiyi şəxslərdən zərər görənlər ifadə veriblər

    Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən istintaqı aparılan kibercinayətkarlıq etməklə dövlət və ictimai xadimlərin adından müraciətlər hazırlamaqda ittiham olunan Rafiq Zöhrabov və Sərdar Niftəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Seyidovun sədrliyi ilə keçirilən proses zərərçəkənlərin ifadələri ilə davam etdirilib.

    Cinayət işində zərərçəkən kimi tanınan Ülkər Xəlilova sərbəst ifadəsi zamanı təqsirləndirilənləri “WhatsApp” qruplarından tanıdığını deyib:

    “Mənə dedilər ki, yeni layihəmiz var, yaxşı qazanc əldə etmək mümkündür. Məhsulları alırsan, sonra geri qaytarma edəndə qazanc əldə edəcəksiniz. Mən də razılıq verdim. Məhsulları aldım, geri qaytarma edəndə həqiqətən də gördüm ki, balansıma pul daxil oldu. Daha öncə xırda məbləğləri “m10″ elektron ödəniş sistemi vasitəsilə bir neçə dəfə götürə bilsəm də, sonradan məbləğlər hesabda artdıqdan sonra çıxara bilmədim. Bunu onlara deyəndə bildirdilər ki, ikinci mərhələyə keçməlisən ki, blok açılsın. İki dəfə 1400 AZN olmaqla onların hesabına 2800 AZN və ayrı-ayrılıqlarda müxtəlif məbləğlər ödəməklə ümumi 4080 AZN ödəmişəm, bundan sonra hesabım ümumiyyətlə bloklandı”.

    Zərərçəkən həmçinin onu da bildirib ki, həmin şəxslər onunla Böyük Britaniya indeksli nömrə ilə əlaqə saxlayırmışlar.

    Təqsirləndirilənlərin vəkilləri müdafiə etdikləri şəxslərin özlərinin də naməlum hakerlər tərəfindən zərər gördüklərini məhkəmənin diqqətinə çatdırıblar.

    Digər zərərçəkən Elvar Məmmədzadə ifadəsində qeyd edib ki, o da həmin şəxslərin yaratdığı qrupla sosial şəbəkələr vasitəsilə tanış olub:

    “Mənimlə ilk dəfə onlar əlaqə saxlayaraq təşkil etdikləri layihənin əhəmiyyətini izah etdilər. Ora qoyduğum pulların dəyərindən daha çox məbləğlər geri qaytarılmalıydı. Onlara bir neçə dəfə ayrı-ayrılıqda məbləğlər atdım. Az miqdarda ödənişlər etdilər, böyük məbləğlərə gəlincə hesab blok olundu. Daha sonra məndən digər mərhələlərə keçmək üçün əlavə vəsait istədilər. Ümümilikdə 7600 AZN köçürüldükdən sonra hesabım birdəfəlik blok oldu. Bunun səbəbini soruşduqda texniki problem olduğunu desələr də, sonra yoxa çıxdılar”.

    Növbəti zərərçəkən Cəbrayıl Nərimanov sözugedən onlayn maliyyə sistemi ilə “Telegram” vasitəsilə tanış olduğunu deyib:

    “Mən bu günə qədər belə şeylərlə məşğul olmamışam. Videoçarx görmüşdüm, bəyənmişdim. Bundan sonra mənə link atıb bu oyun barədə danışdılar. Dedilər ki, 2 AZN-dən başlayır yatırımlar. Ümumi 5 mərhələdən ibarət olduğunu dedilər. Xırda məbləğlərdən sonra birdən-birə 980 AZN ödətdirdilər. Daha sonra 2800 AZN istədilər, bu pul isə olmadı məndə. Ümumilikdə 1480 AZN köçürmüşəm onlara”.

    Növbəti proses mayın 22-nə təyin edilib.

    DTX-nin yaydığı məlumatda bildirilir ki, kibercinayət yolu ilə Azərbaycan Respublikası Prezidentinin, digər dövlət və ictimai xadimlərin adından süni intellekt proqramları – “deepfake” texnologiyaları vasitəsilə saxta videomüraciətlərin hazırlanması, bu yolla müxtəlif sosial şəbəkələrdə Dövlət Neft Şirkəti, “Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən iri məbləğlərdə qazanc vədi verən saxta elanlar yaymaqla vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi faktları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 272.2.1, 272.2.2, 273-2-ci və 178.3.1 maddələri ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə kompleks araşdırmalar aparılaraq kibercinayətlərin törədildiyi ölkələr müəyyən edilib, həmin dövlətlərin aidiyyəti orqanları ilə operativ prosessual əməkdaşlıq çərçivəsində beynəlxalq kibercinayətkar şəbəkə ifşa olunub, qeyd olunan cinayət əməllərinin qarşısı alınıb. Müəyyənləşdirilib ki, kibercinayətkarların yaratdıqları saytlara istinadən internetin Azərbaycan seqmentinin istifadəçilərinə təqdim edilən çoxsaylı saxta elanlarda vətəndaşlar müxtəlif investisiya layihələrinə pul vəsaiti yatırmağa dəvət edilib, köçürülmüş vəsaitlərin müntəzəm olaraq əhəmiyyətli dərəcədə artması görüntüsü yaradılıb, vəd edilmiş investisiya qazancının zərərçəkmiş şəxslərin bank kartlarına köçürülməsi adı altında, habelə kibercinayət yolu ilə sonuncuların kart məlumatları əldə edilərək həmin kartlardakı pul vəsaitləri ələ keçirilib. Azərbaycanın və digər ölkələrin vətəndaşlarının külli miqdarda pul vəsaitlərini analoji cinayət əməlləri ilə ələ keçirmiş beynəlxalq kibercinayətkar qruplaşmanın üzvləri Ukrayna ərazisində yerli hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb edilib, transmilli mütəşəkkil dəstənin cinayət əməllərinin törədilməsində iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşları – 1998-ci il təvəllüdlü Rafiq Mahir oğlu Zöhrabov və 1979-cu il təvəllüdlü Sərdar Əlixan oğlu Niftalıyev Azərbaycanda cinayət məsuliyyətinə cəlb olunub, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə araşdırmalar və beynəlxalq hüquqi əməkdaşlıqdan irəli gələn cinayət-prosessual tədbirlər davam etdirilir.
    //oxu.az

  • “Xatirələr” kafesində 25 illik konyakı içib dava saldı – Həbs olundu

    Bakıda kafedə dava-dalaş salan şəxs həbs edilib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə aprelin 28-i gecə saatlarında Binəqədi rayonu Məsud Davudoğlu küçəsində yerləşən “Xatirələr” kafesində baş verib.

    35 yaşlı C.Kərimov sərxoş vəziyyətdə kafedə ictimai asayişi pozub. O, əsaslı səbəb olmadan məkanı dağıtmağa, özünü yerə çırpmağa başlayıb, ətrafdakı şəxslərin çağırışlarına baxmayaraq, sakitləşməyib. Oradakı 25 illik konyakı içdiyini bildirən C.Kərimov nalayiq ifadələr işlədərək hərəkətlərinə davam edib. Kafeyə dəvət edilən polisin köməyi ilə o saxlanılıb. Lakin əməllərinə davam edib, özünü polis maşınından atmağa cəhd göstərib, başını divara çırpıb.

    Polis şöbəsinin müvəqqəti saxlanma yerinə aparılan C. Kərimov səhər saat 10 radələrində ayılıb. Saxlanılan şəxs barəsində Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsində protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.

    Məhkəmənin qərarı ilə C.Kərimov 30 sutka inzibati həbs olunub.

  • İstanbulda 1 May aksiyaları zamanı qarşıdurma: Saxlanılanlar var

    Türkiyənin İstanbul şəhərində 1 May Beynəlxalq Əmək Günü münasibətilə keçirilən tədbirlər çərçivəsində bəzi yerlərdə icazəsiz aksiya keçirmək istəyənlərlə polis əməkdaşları arasında qarşıdurma baş verib, saxlanılanlar var.

    Median.Az bu barədə “Haber Global”a istinadla xəbər verir.

    Bildirilir ki, Beşiktaş və Şişli rayonlarında 1 May mitinqi üçün Taksim meydanına doğru qanunsuz yürüş etməyə cəhd göstərən qruplara polis müdaxilə edib.

    Hadisə zamanı nümayişçilər müxtəlif şüarlar səsləndirərək polis tərəfindən qabaqlayıcı tədbir kimi qurulan baryerləri aşmağa cəhd ediblər. Polis qüvvələri yürüşə icazə verməyərək aksiya iştirakçılarını ərazidən uzaqlaşmağa çağırıb.

    Digər tərəfdən, Mecidiyeköy ərazisində toplanan bir qrup da Taksimə doğru hərəkət etməyə çalışıb və baryerləri keçmək istəyib.

    Hər iki rayonda xəbərdarlıqlara baxmayaraq ərazidən getməkdən imtina edən şəxslər polis tərəfindən saxlanılıblar.

  • Məhkəmədə Davit İşxanyanın Şuşanın işğalına dəstəyini əks etdirən video nümayiş olunub

    Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Davit İşxanyanın Şuşanın işğalının qarşısını almaq istəyən Azərbaycan hərbçilərinin yolunu bağlaması barədə videomaterial nümayiş olunub.

    Ermənilər tərəfindən hazırlanmış videomaterialda deyilir ki, Azərbaycan hərbçilərinin Şuşanın işğalının qarşısını almaq məqsədilə Xocavənd istiqamətində irəliləməsini dayandırmaq üçün D.İşxanyan və onun dəstəsi Monte Melkonyanın əmri ilə yolu bağlayıblar.

    Videokadrlarda bildirilir ki, 1992-ci il mayın 15-də dəstə komandiri Armen Avokyan döyüş zamanı ölüb, onun yerinə Davit İşxanyan təyin olunub.

    Təqsirləndirilən şəxs D.İşxanyan videomaterilada yer alan faktların düzgün olmadığını, bu vidematerialın təbliğat məqsədi ilə çəkildiyini iddia edib. O deyib ki, bu film 2020-ci ilin əvvəllərində Azərbaycanın vaxtilə işğalda olan ərazilərində qondarma rejimin “parlament və prezident seçkiləri” ərəfəsində çəkilib:

    “Bunun məqsədi təbliğat idi. Mən həmin vaxt əsayla gəzirdim. İstəsəydim belə, fiziki cəhətdən orada iştirak edə bilməzdim”.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

  • Адалят Аббасов освобожден от занимаемой должности

    Руководитель сектора съемок службы пресс-секретаря Президента Азербайджана Адалят Аббасов освобожден от занимаемой должности.

    Как сообщает teleqraf.az, несколько сотрудников указанной службы также были уволены.

    Отметим, что А.Аббасов с 1993 года работал в съемочной группе пресс-службы главы государства.

    Он также является основателем и куратором MUZ TV.

  • Ədalət Abbasov vəzifəsindən azad edildi

    Azərbaycan Prezidentinin Mətbuat katibi xidmətinin çəkiliş sektorunun müdiri Ədalət Abbasov vəzifəsindən azad olunub.

    Median.Az Teleqraf.az-a istinadən xəbər verir ki, sözügedən xidmətin bir neçə əməkdaşı da işdən çıxarılıb.

    Qeyd edək ki, Ə.Abbasov 1993-cü ildən Prezidentin Mətbuat Xidmətinin çəkiliş qrupunda çalışırdı.

    Onun, həmçinin MUZ TV-nin təsisçisi və kuratoru olduğu bildirilir.