Month: May 2025

  • General Məhərrəm Həsənov vəzifəsindən AZAD EDİLDİ – YENİ TƏYİNAT

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin rəisi, general-mayor Məhərrəm Həsənov sərəncama götürülüb.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov müfaviq əmr imzalayıb.

    Nazirin digər əmri ilə bu vəzifəyə polkovnik Elnur Məhərrəmov gətirilib.

    Qeyd edək ki, Elnur Məhərrəmov bu təyinatadək Gəncə Regional Mərkəzinin rəisi olub. Məhərrəm Həsənov isə 2022-ci ildə FHN-in Bakı Regional Mərkəzinin rəisi təyin olunmuşdu.

  • “Google” rəqiblərini qabaqlamaq üçün smartfonu ilə bağlı ənənəni pozur

    “Google” ənənəni pozur. Şirkət “Pixel 10” seriyasını payızda deyil, 27 iyun tarixində Londonda keçiriləcək xüsusi tədbirdə təqdim etməyə hazırlaşır.

    Median.Az bu barədə “Android Authority” portalına istinadla xəbər verir.

    Bu, “Google”un “Pixel” smartfonlarını ilk dəfə bu qədər erkən – yayda təqdim etməsi olacaq. Əvvəllər təqdimatlar əsasən oktyabr ayına təsadüf edirdi.

    Ekspertlər hesab edir ki, bu qərarın arxasında iki əsas səbəb dayanır:

    – “Android 16” sisteminin iyunda çıxması – əməliyyat sistemi ilə sinxron təqdimat planı;

    – Aparıcı brendlərlə rəqabəti gücləndirmək və bazarda daha erkən mövqe tutmaq istəyi.

    “Google” artıq “Pixel Superfans” istifadəçilərinə dəvət məktubları göndərib. Rəsmi təsdiq olmasa da, bütün işarələr “Pixel 10″un səhnəyə çıxacağını göstərir.

  • Azərbaycanda dəhşət: əsir kimi saxlayıb zorla işlətdi

    Azərbaycanda bir nəfəri məcburi əməyə cəlb edən şəxsə hökm oxunub.

    Lent.az xəbər verir ki, Əliyev Etibar Sozalı oğlu zərərçəkmiş şəxsə hədə-qorxu gəlməklə, zor tətbiq etməklə, zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa azadlığını məhdudlaşdırmaqla məcburi əməyə cəlb edərək istismar etdiyinə görə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

    Onun barəsində Cinayət Məcəlləsinin 144-2.1 (Məcburi əmək) maddəsi ilə cinayət işi başlanılıb və işin halları ətraflı araşdırılmış aidiyyəti üzrə məhkəməyə göndərilib.

    Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əliyev Etibar Sozalı oğlu 6 il müddətinə azadlıqdan məhrum edilib.

  • MİDA-nın yarım milyonluq tenderi baş tutmadı

    Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tenderi ləğv edilib.

    Valyuta.az xəbər verir ki, proqram təminatlarının satın alınması üçün keçirilən tenderin ləğv olunması müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması ilə bağlıdır.

    Bu tender üzrə satınalma predmetinin ehtimal olunan qiyməti 534 699,30 manatdır.

  • Ev almaq üçün ən sərfəli variantlar: Kimlər uduzmaz?

    Bakı şəhərində öz mənzilinə sahib olmaq bir çox gəncin əsas hədəflərindən biridir. Lakin artan qiymətlər, şərtlər bu arzunu reallığa çevirməyi çətinləşdirir. Son vaxtlar əmlak qiymətlərinin fantastik şəkildə artması ya ev almaq istəyənləri bu arzudan uzaqlaşdırır, ya da daha ağıllı və strateji qərarlar verməyə vadar edir. Maraqlıdır, bir gənc mənzil şəraitini yaxşılaşdırmaq istəyirsə, hansı variantlardan istifadə edə bilər?

    Şəhərin güvənilən tikinti şirkətlərindən biri daxili kreditlə üç illik kreditlər təklif edir. Lakin evlərin iki-üç il ərzində hazır olacağını bildirirlər. Üçotaqlı mənzil üçün 48 853 manat ilkin ödəniş verməli, 36 ay ərzində 3166 manat ödəməlisiniz. Mənzilin nağd dəyəri isə 162 843 manat təşkil edir. Şirkətlərin uzunmüddətli ipoteka şərtləri də mövcuddur. Mənzillərin bir kvadratmetri 1900-2000 manatdan başlayır. Təbii ki, yerləşmə yerinə görə qiymətlər dəyişir. Şəhərin mərkəzinə doğru gəldikdə, ilkin ödəniş 60-70 minə qədər artır. Digər tikinti şirkəti isə 20-30 faiz ilkin ödənişlə kvadratmetri 1900-2290 manatdan başlayan qiymətlərlə mənzil təqdim edir. Tikinti şirkətlərinin daxili kreditlərinin orta hesabla illik faizi 10 faizdir. İlkin ödəniş 10-30 faiz arasında dəyişir. Müqavilə birbaşa tikinti şirkəti ilə imzalanır. Müddəti maksimum 20 ildir.

    MİDA, ipoteka kreditləri, bank üsulu…

    Həmçinin ev almaq istəyən gənc ailələr üçün digər üsullar da mövcuddur. Bunlardan ən sərfəlisi Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) güzəştli mənzil layihəsidir. Əsas üstünlükləri ondan ibarətdir ki, evlərin qiymətləri bazar qiymətindən aşağıdır və illik dörd faizlə 30 ilədək güzəştli ipoteka krediti imkanı verir. Mənzillər tam təmirli təqdim edilir.

    İkinci üsul dövlət ipoteka kreditləridir. Güzəştli ipoteka illik dörd faizlə 30 ilədək müddətdə, adi ipoteka isə illik 6-8 faizlə 25 il müddətinə qədər verilir. İlkin ödəniş kimi seçdiyiniz mənzilin qiymətinin ən azı 10 faizini ödəməlisiniz.

    Növbəti üsul kommersiya banklarının ipoteka kreditləridir. Dövlət ipotekası ilə müqayisədə bankların faiz dərəcələri yüksəkdir. İllik 10-15 faiz arasında dəyişir və 25 il müddətinə verilir.

    İlkin ödənişi sərfəli olan variant

    Mənzil sahibi olmaq istəyənlər üçün növbəti layihə İpoteka və Kredit Zəmanət Fondunun kirayə mənzil layihəsidir. Bu layihə Bakı, Abşeron, Sumqayıt, Masazırda təqdim olunub. “Dərnəgül” stansiyası yaxınlığında yerləşən sonuncu layihədə birotaqlı evlərin aylıq qiymətləri 954, ikiotaqlı evlərin qiyməti isə 1300 manatdan başlayır. Bu mənzillərdə kirayə müddəti bitdikdən sonra mənzil mülkiyyətə keçirilir. Bu layihəni digərlərindən fərqləndirən mühüm cəhət ilkin ödənişinin az olmasıdır. İlkin ödəniş aylıq qiymətlərin 12 mislidir.

    “Hazırda ev alanlar uduzmaz”

    Əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyir ki, daşınmaz əmlak qiymətlərində bahalaşma müşahidə olunub: “Növbəti illərdə də qiymət artan templə davam edəcək. Bu il qiymət artımına söküntü işlərinin aparılması, ipoteka kreditlərinin verilməsi təsir etdi. Amma bu qiymətlərlə də hazırda ev alan şəxslər uduzmaz”.

    Mütəxəssis deyir ki, hazırda qiymətlər infrastrukturun inkişaf etdiyi yerlərdə yüksəkdir.

    “Yeni tikililər bazar qiymətindən xeyli yüksəkdir”

    Mənzil axtarışında olanlar düşünürlər ki, köhnə tikililərdən mənzil almaq daha sərfəlidir. Mütəxəssis bildirir ki, hazırda yeni tikililərin alıcısı daha çoxdur: “Yeni tikili daha müasir olduğu üçün onun alıcısı çoxdur. Köhnə tikililərdən mənzil almaq istəyənlər daha çox plana düşəcək ərazilərdən almağa çalışır. Çünki plana düşən ərazilərdən alınan əmlakla sonra onun yerində yenidən ərsəyə gələn mənzilin qiymətləri arasında ən az 25-30 faiz fərq olur”.

    Həmsöhbətimiz bildirir ki, dövlət ipotekası ilə ev almaq daha sərfəli hesab olunur: “Dövlət ipotekası şərtlərinə hər kəs cavab vermir. Amma daxili kreditlə ev almaq daha rahatdır. İlkin ödənişi çox etdikdə, bəzən endirim almaq imkanınız da olur. Amma ipotekanın üstünlüyü odur ki, köhnə tikililərdən də ev almaq mümkündür. Daxili kreditlərə 2026-cı ildən müraciət etməyi daha sərfəli hesab edirəm. Çünki hazırda bazarda çox mənzil təqdim edilmir və rəqabət də azdır. 2026-cı ildə satışa çıxarılacaq mənzillərin sayında artım olması gözlənilir. Rəqabət çox olduqda, endirimlə mənzil sahibi olmaq şansı artır”.

    Ev tikmək sərfəli deyil?

    Bəziləri torpaq sahəsi alıb fərdi ev tikməyi daha sərfəli hesab edir. Əmlak eksperti vurğulayır ki, hazırda bu üsul o qədər də sərfəli deyil: “Əslində, bu gün torpaq alıb ev tikmək sərfəli deyil. Köhnədən ərsəyə gələn əmlakı almaq və üzərində müəyyən tikinti işləri etmək daha sərfəlidir. Tikinti materialları da bahalaşdığından ev tikmək baha başa gəlir”.

    Ev alarkən diqqət edilməli məqamlar…

    Mütəxəssis vurğulayır ki, Bakıda mənzil almaq istəyən alıcılar həm yeni tikililərdə, həm də köhnə evlərdə bir sıra vacib məqamlara diqqət yetirməlidirlər. Çünki müəyyən risklər mövcuddur və alıcıların hüquqlarını qorumaq üçün əvvəlcədən məlumatlı olmaq önəmlidir: “Köhnə mənzillərdə əsas risk aşınmadır, binanın fiziki olaraq köhnəlməsidir. Aşınmış tikililərdə yaşayış üçün təhlükəsizlik və əlavə təmir xərcləri alıcının üzərinə düşə bilər. Belə mənzillər alınmazdan öncə texniki baxış və ekspertiza tələb olunur. Yeni tikililərdə isə daha fərqli, lakin bir o qədər də vacib problemlər ortaya çıxır. Ən çox rast gəlinən hallardan biri müqavilədə göstərilən ümumi sahə ilə çıxarışda qeyd olunan faktiki sahə arasındakı fərqdir. Tikinti şirkətləri bəzən çöl divarlarını da ümumi sahəyə daxil edərək müqavilə bağlayır. Bu isə qanunvericiliyə ziddir. Məsələn, müqavilədə 100 kvadratmetr olaraq göstərilən mənzil, çıxarışda 82-85 kvadratmetr ola bilər. Bu da 15-17% arası sahə itkisi deməkdir”. (“Kaspi” qəzeti)

  • Bazarda qiymətlər tavanda: Alça 15, şaftalı 17, tut isə 10 manata… (VİDEO)

    Yay meyvələrinin çoxu artıq piştaxtaları bəzəməyə başlayıb

    Bazarda ən bahalı meyvələrdən biri yapon əzgilidir. Onun kiloqramı 20 manata satılır.

    Bundan əlavə, yerli məhsul olan kaktus meyvəsinin kiloqramı isə 50 manata satılır.

    Satıcılardan biri deyir ki, bu meyvəni almaq üçün xaricdən gələnlər də var:

    “Bu meyvə Astara, Lənkərandan gətirilir. Şəkər xəstələri gündə 3 dəfə – səhər, günorta və axşam bu meyvəni yesələr, dərman və iynəyə ehtiyacları qalmayacaq”.

    Bazarda digər meyvələrin qiymətləri isə belədir: gilasın kiloqramı 6-18, çiyələk 8-9, alça 15, şaftalı 17, tut isə 10 manata təklif edilir.

    Ətraflı Baku TV-nin süjetində:

  • Hindistan təyyarəsinin vurulduğunu təsdiqlədi

    “Önəmli olan təyyarənin niyə vurulmasıdır”.

    Hindistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Anil Çauhan ilk dəfə Pakistanın Hindistan təyyarəsini vurduğunu təsdiqləyib.

    Onun sözlərinə görə, vurulan Hindistan təyyarəsinin idarəetməsində taktiki səhvlər olub:

    “Yaxşı tərəfi odur ki, etdiyimiz taktiki səhvi anlaya bildik, düzəldə bildik, iki gün sonra onu yenidən həyata keçirə bildik və bütün təyyarələrimizi yenidən uzaqmənzilli hədəfləri vurmaq üçün uçura bildik”.

    Xatırladaq ki, tərəflər arasında toqquşmalar aprelin 22-də Cammu və Kəşmirin Pahalqam rayonunda 26 nəfərin ölümü ilə nəticələnən terror aktından sonra başlayıb.

  • Gürcüstanda “xarici agentlər” barədə daha bir qanun qüvvəyə mindi

    Gürcüstanda “Xarici agentlərin qeydiyyata alınması barədə Akt” bu gündən qüvvəyə minib.

    “Qafqazinfo” xəbər verir ki, sözügedən qanun ABŞ-də qüvvədə olan “FARA” (Foreign Agents Registration Act) qanununun analoqu hesab olunur.

    Gürcüstan parlamenti həmin qanunu cari il aprelin 1-də üçüncü və yekun oxunuşda qəbul etmişdi. “Xarici agentlərin qeydiyyata alınması barədə Akt” ötən il qəbul edilən “Xarici təsirin şəffaflığı barədə” Qanundan fərqli olaraq 5 il müddətinə həbs cəzasını nəzərdə tutur və həm təşkilat, həm də fiziki şəxslərə şamil edilir.

    Daha dəqiq desək, “Xarici agentlərin qeydiyyata alınması barədə Akt” Gürcüstan Ədliyyə Nazirliyinin reyestrində qeydiyyata düşməkdən yayınan və xaricdən maliyyə yardımı alan hüquqi və fiziki şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutur. Belə ki, qanuna əsasən, fiziki şəxs, yaxud təşkilatın Gürcüstanda fəaliyyəti xaricdən maliyyələşərsə və xarici dövlətin maraqlarına xidmət edərsə, “xarici agent” hesab ediləcək. Qanun əsas olaraq, kütləvi informasiya vasitələrinə şamil olunacaq və onun icrasına ölkənin Korrupsiya əleyhinə Bürosu nəzarət edəcək.

    Qanunun təşəbbüskarları, hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının nümayəndələrinin sözlərinə görə, ötən il qəbul edilən qanun lazımi qaydada yerinə yetirilməyib. Qeyd olunub ki, yeni qanun isə ölkədə sabitliyi pozmağa çalışan xarici dairələrdən maliyyələşən təşkilatlarla mübarizəni gücləndirmək məqsədi daşıyır.

    Onu da xatırladaq ki, Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” Qanun 2024-cü il avqustun 1-də qüvvəyə minib. Qanun xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının və KİV-lərin xüsusi reyestrdə qeydiyyata alınmasını və illik bəyannamələrin doldurulmasını nəzərdə tutur. Layihənin parlamentdə müzakirəyə çıxarılması, daha sonra isə qəbulu ölkədə kütləvi etiraz aksiyalarına və etirazçılarla polis arasında qarşıdurmalara səbəb olmuşdu.

  • Beşinci övladı ölü doğuldu – VİDEO

    Kürdəmirdə 32 yaşlı hamilə qadının uşağı ana bətnində ölüb.

    Median.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, rayonun Çöl-Ərəb kənd sakini Rüfanə Bayramova mayın 29-da Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə ağrıları ilə bağlı müraciət edib. Yaxınlarının bildirdiklərinə görə, həkimlər ona qorxulu bir şey olmadığını deyiblər. O, evə aparılıb.

    Ötən gün isə qadının halı qəfildən pisləşib və yenidən Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə çatdırılıb. Həkimlər qadının vəziyyətinin ağır olduğunu bildirərək onu əməliyyata götürüblər. Sonra həkim-cərrah qadının yaxınlarına bildirib ki, uşaq tələf olub.

    Qadının yaxınlarının sözlərinə görə, hadisəyə səbəb axşam növbətçi həkimin olmamasıdır:

    “Daha öncə 4 övladı olub. Bütün hamiləlikləri tam normal keçib. Uşaqlar da sağlam dünyaya gəliblər. Nəyə görə beşinci uşaq belə olur? Burada ancaq həkim səhlənkarlığı olub”.

    Hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, 1993-cü il təvəllüdlü hamilə yalançı doğum sancıları diaqnozu ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:

    “Pasiyentə stasionar yatış tövsiyə edilsə də, o imtina edib. Bu barədə şöbənin qəbul və imtina jurnalında qeydlər də aparılıb. Daha sonra ötən gün saat 13:00 radələrində hamilə qadın ciftin dəqiqləşməmiş vaxtından əvvəl ayrılması diaqnozu ilə yenidən Doğum şöbəsinə hospitalizasiya olunub. Dərhal həkimlər konsilium keçirib və hamilə təcili əməliyyat blokuna alınaraq qeysəriyyə kəsiyi əməliyyatının icrasına başlanılıb. Əməliyyat nəticəsində ana bətnindən ölü döl xaric edilib. Pasiyent əməliyyatdan sonra reanimasiya şöbəsinə köçürülüb. Hazırda vəziyyəti stabil qiymətləndirilir.

    Daha ətraflı videomaterialda:

  • Xüsusi məktəbdə müəllim azyaşlıya şiddət göstərib? – Açıqlama (FOTO)

    “Bakının Nizami rayonunda yerləşən 3 nömrəli xüsusi təhsil məktəbinin müəllimi övladıma şiddət göstərib”.

    Bu şikayətlə “Qafqazinfo”ya adıçəkilən məktəbin 2-ci sinfində təhsil alan C.E.-nin anası müraciət edib.

    O bildirib ki, övladında ötən ildən etibarən qorxu, narahatlıq halları artıb: “Autizm spektorlu uşaqlara daha da həssas davranmaq lazımdır. O özünə çox qapanıqdır. Belə halların artdığını görüb həkimə getdik. Müayinədən sonra həkim bizdən soruşdu ki, “bu uşağa evdə hər hansı təzyiq olur?”

    Ancaq biz övladımıza çox həssas yanaşırıq. Bundan sonrakı müayinələrdə də həkim övladımızın vəziyyətinin geriyə doğru getdiyini bildirdi. Bu məqamda artıq məktəbdən şübhələndik. Ümumi nəzarət etmək və başına hər hansı bir hadisə gəlməməsi üçün “smart saat”dan istifadəyə başladıq. Bu saat vasitəsilə övladımın harada olduğunu müəyyən etmək olurdu. Dərsdə olarkən təsadüfən zəng etdiyimiz zaman müəllimin bir neçə dəfə telefonla oynadığını, uşaqlara isə sakit qalmaqları üçün qışqırdığını eşidirdik”.


    Valideynin iddiasına görə, müəllim dərs zamanı uşağa şiddət göstərib və o bunu “smart saat”la müşahidə edib: “Bundan sonra dərhal direktorun qəbulunda olduq, evə çatmadan müəllim Rəna Heydərova bizə ağlayaraq zəng etdi. O xahiş etdi ki, şikayəti geri çəkim, yoxsa direktor onu işdən çıxaracaq. Bu hadisədən sonra o qədər yalvardı ki, onu nəzərə aldıq. Ancaq bundan sonra öyrəndik ki, dərsdə övladımın qolundakı saatı çıxarırlar. Sonra müəllimlər uşağın oxumamasından şikayətlənərək onun əlavə hazırlığa gəlməsini dedilər. Biz əlavə ödəniş etməklə uşağı hazırlığa qoyduq. Lakin heç bir faydasını görmədiyimiz üçün dayandırdıq”.

    O, həmçinin qeyd edib ki, geridə qalan təhsil ili ərzində uşağın bədənində bir neçə dəfə xəsarət izləri aşkar ediblər: “Son hadisələrdən sonra düşünməzdik ki, belə iş görsünlər… Uşağın bədənindəki izləri Rəna müəllimdən soruşduq. O isə bildirdi ki, guya başqa sinifdən uşaqla dalaşıb. Qardaşım bu məsələni maraqlanmaq üçün məktəbə zəng etdi. Ancaq məktəb direktoru Nüşabə Məmmədova ona qışqıraraq təhqir edib.

    Xüsusi qayğıya ehtiyacı olan və nitq qabiliyyəti olmayan bir uşağa qarşı olunan bu vəhşiliklə bağlı aidiyyəti qurumlara müraciət etmişik”.


    Məsələ ilə bağlı 3 nömrəli xüsusi təhsil məktəbindən sorğumuza cavab olaraq bildirildi ki, II sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) müəllim tərəfindən təzyiqə məruz qalması barədə irəli sürülən iddialar həqiqəti əks etdirmir: “Qeyd olunan şagird davranış qaydalarını mütəmadi olaraq pozur, dərs prosesi zamanı aqressiv davranışlar edir, eyni zamanda digər şagirdlərə təzyiq göstərir. Ümumilikdə şagirdin hərəkətləri tədris prosesinin pozulmasına səbəb olur.

    Şagirdin valideyni dəfələrlə məktəbə dəvət edilərək övladının uyğunsuz davranışı ilə bağlı xəbərdarlıq olunmasına baxmayaraq, müsbət nəticə əldə edilməyib.

    Tədris prosesini davamlı olaraq pozduğu, davranış pozuntusu nümayiş etdirdiyi, digər şagirdlərə təzyiq göstərdiyi üçün övladının evdə təhsilə keçirilməsi valideynə tövsiyə olunub. Lakin buna baxmayaraq valideyn məktəbə gələrək müəllimi təhqir edir, ona hədə-qorxu gəlir, açıq ictimai hörmətsizlik nümayiş etdirir. Valideyn müəllimi ölümlə təhdid etdiyinə görə aidiyyəti üzrə hüquq-mühafizə orqanlarının müvafiq nümayəndələrinə də məlumat verilib”.

    Bakı Şəhər Təhsil İdarəsindən (BŞTİ) isə sözügedən problemlə bağlı araşdırma aparılacağı açıqlandı: “Bu kimi hallarda bütün təhsilalanların hüquqlarının və müəllim nüfuzunun qorunması əsas amil kimi diqqət mərkəzində saxlanılır”.

    İddiaları araşdırmaq üçün Daxili İşlər Nazirliyi (DİN) ilə də əlaqə saxladıq. Qurumun Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirdi ki, Nizami rayonunda yerləşən xüsusi təyinatlı təhsil müəssisələrindən birində təhsil alan şagirdin zorakılıq halı ilə üzləşməsi barədə onun valideyninin şikayəti polisə daxil olub: “Müraciətlə bağlı ekspertizalar təyin edilib. İş üzrə Nizami RPİ-nin 25-ci PŞ-də təhqiqat araşdırması davam etdirilir”.