Month: May 2025

  • Rəcəb Tayyib Ərdoğan: “Ankara, Bakı və İslamabad arasında həmrəylik seçim məsələsi deyil”

    “Türkiyə, Azərbaycan və Pakistan Avrasiyanın təhlükəsizlik, iqtisadiyyat, enerji və ərzaq sahələrində çoxsaylı çağırışların mövcud olduğu strateji əhəmiyyətli hissələrində yerləşir. Burada baş verənlərin fonunda ölkələrimiz arasında həmrəylik və atılan birgə addımlar seçim məsələsi deyil, zəruri ehtiyacdır”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə Zirvə görüşündə ifadə edib.

    Türkiyə Prezidenti bildirib ki, üç ölkənin Xarici İşlər nazirliklərinə Ankara, Bakı və İslamabad arasında gələcək əməkdaşlıq üçün struktur bazanın formalaşdırılması istiqamətində addımlar atmaq tapşırılıb.

    “Ölkələrimiz arasında ticarət, investisiya, nəqliyyat, enerji, hərbi-sənaye kompleksi və terrorizmlə mübarizə sahələrində birgə dialoq gündəliyinə dair çərçivələr hazırlanacaq”, – deyə Ərdoğan vurğulayıb.

    Rəcəb Tayyib Ərdoğan Türkiyə, Azərbaycan və Pakistan liderlərinin üçtərəfli Zirvə görüşlərinin mütəmadi keçiriləcəyini bildirib.

    “Bundan başqa, nazirlər səviyyəsində görüşlər də planlaşdırılır”, – deyə o qeyd edib.

    Türkiyə lideri nəqliyyat sektorunu üçtərəfli əməkdaşlığın strateji sahələrindən biri adlandırıb, həmçinin Ankara, Bakı və İslamabad arasında dialoqun üç ölkənin xalqlarına fayda verəcəyinə əminliyini ifadə edib.

  • Dünyada temperatur 1,5 dərəcədən çox yüksələcək – Xəbərdarlıq

    Ümumdünya Meteorologiya Təşkilatının (WMO) bu gün yayımladığı hesabata əsasən, yaxın 5 il ərzində (2025–2029) qlobal səviyyədə istiləşmənin təhlükəli həddə çatacağı və Paris İqlim Sazişində müəyyən edilmiş 1,5°C-lik hədəfin müvəqqəti də olsa aşılacağı barədə ciddi xəbərdarlıq edilib.

    Median.Az “The Guardian” nəşrinə istinadən xəbə verir ki, WMO ekspertləri bildirirlər ki, sənaye öncəsi dövrlə müqayisədə orta illik temperaturun ən azı bir dəfə 1,5°C-dən artıq olma ehtimalı 86 faizdir. Bu isə son illər qlobal istiləşmənin sürətlə artdığını və iqlim dəyişikliyinin artıq gözlənilən gələcək yox, indiki reallıq olduğunu göstərir.
    Eyni zamanda hesabatda qeyd olunur ki, bu dövrdə beş illik ortalama temperaturun 1,5°C həddini keçmə ehtimalı 70 faizdir. Hətta ilk dəfə olaraq bir ilin 2°C-dən çox istiliklə keçməsi ehtimalı da 1 faiz olaraq göstərilir.

    Ən kritik bölgələrdən biri kimi Arktik göstərilir. Burada istilik artımının qlobal ortalama ilə müqayisədə 3,5 dəfə daha sürətli olacağı vurğulanır. Eyni zamanda Amazon meşələri daha çox quraqlıq riski ilə üzləşəcək və bu da onların karbon udma qabiliyyətini zəiflədəcək. Cənubi Asiya və Şimali Avropa bölgələrində isə yağıntıların artması və daşqın təhlükəsinin yüksəlməsi gözlənilir.

    WMO rəsmiləri dünya liderlərini fosil yanacaqlardan istifadənin azaldılması, emissiyaların sürətlə kəsilməsi və təmiz enerji keçidinin sürətləndirilməsi üçün təcili tədbirlər görməyə çağırır. Ekspertlərə görə, əgər bu tədbirlər həyata keçirilməzsə, insan sağlamlığı, kənd təsərrüfatı, iqtisadiyyat və ekosistemlər üzərində dağıdıcı nəticələr qaçınılmaz olacaq.
    //sfera.az

  • Sumqayıtda 23 yaşlı qadın evdə doğuş etdi – körpəsi öldü

    Sumqayıtda 23 yaşlı qadın evdə doğuş edib, körpəsi ölüb.

    Sumqayıt şəhər sakini, 2002-ci il təvəllüdlü Səlimova Sevil yaşadığı evdə həkim nəzarəti olmadan doğuş edib.
    İlkin məlumata görə, 30 həftəlik hamilə qadın ev şəraitində baş verən doğuş zamanı ölü körpə dünyaya gətirib.
    Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən isə bildirilib ki, ötən gün saat 05:23-də Ceyranbatan qəsəbəsindən təcili tibbi yardım xidmətinə çağırış daxil olub:
    “Çağırış əsasında saat 05:35-də ünvana təcili tibbi yardım briqadası cəlb edilib. Hadisə yerində 23 yaşlı qadının vaxtından əvvəl doğuş keçirdiyi müəyyən edilib. Təcili tibbi yardım briqadası hadisə yerinə çatdıqda dölün həyat əlamətləri müşahidə edilməyib və ölü doğuş halı qeydə alınıb. Müvafiq qaydalara uyğun olaraq, həkimə qədər ölüm faktı qeydə alınıb.”
    Hadisə ilə bağlı müvafiq araşdırmalara başlanılıb.
     
    ///Report

  • Azərbaycanda məktəbli qəfil öldü

    Naftalanda məktəbli müəmmalı şəkildə ölüb.

    Hadisə Naftalanın Qaşaltı Qaraqoyunlu kəndində qeydə alınıb.
    Kənd sakini, 2010-cu il təvəllüdlü Şamil Mustafazadə yaşadığı evdə qəfil ölüb.
    9-cü sinifdə oxuyan Şamilin meyitini ailə üzvləri tapıb.
    Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.
     
    ///Lent.az

  • Müstəqillik Günü Azərbaycan Ordusunda təntənə ilə qeyd olundu

    28 May – Müstəqillik Günü münasibətilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. 
    Bildirilib ki, şəxsi heyətin, ictimaiyyət və Azərbaycan Respublikasının xarici ölkələrdə akkreditə olunmuş hərbi attaşelik aparatlarının nümayəndələrinin iştirak etdiyi tədbirlərdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrlərin müşayiəti ilə Dövlət Himni səsləndirilib.
    Müstəqillik Günü münasibətilə hərbi qulluqçular üçün ictimai-siyasi hazırlıq dərsləri, “dəyirmi masa”lar, konfranslar, həmçinin müxtəlif mədəni-kütləvi vətənpərvərlik tədbirləri təşkil olundu.

    Müdafiə nazirinin 28 May – Müstəqillik Günü münasibətilə təbrikləri şəxsi heyətə çatdırıldıqdan sonra, tədbirlərdə çıxış edənlər 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal Bəyannaməsinin qəbul edilməsindən, Müsəlman Şərqində ilk parlament respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından danışıblar.

     
    Qeyd olunub ki, müasir Azərbaycan Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində dövlət müstəqilliyi möhkəmlənib, ölkəmizin beynəlxalq mövqeyi güclənib. Bu gün onun müdrik siyasətini uğurla davam etdirən Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa edilərək bütün sahələrdə inkişaf etdiyi xüsusi vurğulanıb.
     
    Müstəqillik Günü münasibətilə, həmçinin şəxsi heyət üçün ekskursiyalar, kitab, foto və rəsm sərgiləri təşkil edilib, sənədli və bədii filmlər nümayiş olunub, eləcə də muzeylər və digər tarixi yerlər, şəhidlərimizin məzarları ziyarət edilib.

  • Türkiyə Prezidenti Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.

    Türkiyə Prezidenti bunu Azərbaycan, Türkiyə və Pakistan Zirvə görüşündə deyib.
    Onun sözlərinə görə, Azərbaycan, Türkiyə və Pakistan iqtisadi və strateji əlaqləri genişləndirir.
    “Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra bölgədə ciddi inkişaf qeydə alınıb və regionun qalıcı sülhə sahib olacağına inanırıq. Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edirəm”, – o qeyd edib.

  • Ərdoğan: Füzulidən sonra Laçında hava limanının açılması böyük addımdır

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçında beynəlxalq hava limanının açılmasının Azərbaycan üçün xeyirli olmasını diləyib.

    Türkiyə Prezidenti jurnalistlərə açıqlamasında deyib:
    “Yeni açılan Laçın Beynəlxalq Hava Limanın Azərbaycan üçün xeyirli olmasını diləyirəm. Füzulidən sonra Laçında hava limanının açılması böyük addımdır. Belə möhtəşəm bir işə şahid olmaq çox gözəldir”.

  • Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşü keçirilir

    Laçında Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Zirvə görüşü keçirilir.

  • Laçında İlham Əliyevlə Ərdoğan arasında təkbətək görüş başlayıb

    Laçında Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş başlayıb.

  • Lənkəranda marketdə partlayış olub, satıcı xəsarət alıb

    Lənkəran rayonunda marketdə partlayış olub.

    Hadisə rayonun Şovu kəndində baş verib.

    Belə ki, işə gələn Mahir Cəbrayılov marketə daxil olaraq işığı yandırıb, bu zaman partlayış olub. Nəticədə M.Cəbrayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Marketə ciddi ziyan dəyib. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

    İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.

    Faktla bağlı araşdırma aparılır.

    ///report