Month: İyun 2025

  • Azərbaycanda zəlzələ oldu

    Lerikdə zəlzələ olub.

    Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, maqnitudası 3.6 olan zəlzələ yerli vaxtla saat 07.51-də Lənkəran stansiyasından 17 km qərbdə, Lerik rayonunda zəlzələ qeydə alınıb.

    Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 15 kilometr olub.

  • Rəqs videosuna görə İTV jurnalisti işdən çıxarıb? – FOTO / VİDEO

    Jurnalist Nəzrin Hüseynzadə məzun günündə rəqs etdiyi üçün İTV-dən işdən çıxarıldığını iddia edib.

    Jurnalist rəqs videosunu yayımlayaraq, təhsil aldığı Bakı Dövlət Universitetində problem yaşadığını bildirib:

    “Məzun günümdə heç bir quruma bağlı olmadan, sadə bir tələbə statusunda məzunlar üçün təşkil edilən bədi konsert proqramı hissəsi zamanı səhnəyə çıxaraq rəqs etdim (videonu yerləşdirirəm). Heç bir nalayiq davranış sərgiləmədən, universitetin, fakültənin və ən əsası şəxsimin reputasiyasına xələl vermədən sadəcə günün anlam və önəmini qeyd etdiyim 33 saniyəlik bir ana görə, arenanın mühafizə əməkdaşı tərəfindən “içkilisən” damğasına məruz qaldım. Rəhbərliyə şikayət etdiyim üçün son 2 ildir BDU rəhbərliyi çalışdığım qurumlara bu məsələni qabardaraq professional imicimə xələl gətirmə cəhdləri irəli sürür. Bildirmək istəyirəm ki, sözügedən davranış videodakı 33 saniyədən ibarətdir və heç bir spirtli içkidən söz gedə bilməz. Demokratik dövlətin vətəndaşı kimi məzun gününün sevincini bölüşən tələbənin səmimi görüntüsündən başqa bir hal deyil. Bu məsələni qabardaraq professional imicimə zərbə vurmağa çalışan BDU mətbuat xidmətinin rəhbəri Kəmalə xanım İTV-dəki işimdən öz ərizəmi yazaraq istefa verməyimə səbəb olub. Fikret Dolukhanovun bunu təsdiq edəcəyinə əminəm. 23 yaşlı gənc jurnalistə, məzunlarına dəstək olmaq əvəzinə karyerasına zərbə vurmağa çalışan bu şəxslərə ictimai formada etiraz edirəm!”.
    //axsam.az

  • Vasif Talıbovun oğlu daha bir vəzifəsini itirdi

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbov daha bir vəzifəsini itirib.

    Median.Az xəbər vərir ki, obundan sonra Azərbaycan Şahmat Federasiyanının (AŞF) rəhbərliyində təmsil olunmayacaq.

    S.Talıbov qurumun İcraiyyə Komitəsinə keçirilən seçkilərdə namizədliyini irəli sürməyib.

    AŞF-nin hazırda davam edən Konfransında İcraiyyə Komitəsi üzvlüyünə namizədlər siyahısında onun adı yoxdur.

    Qeyd edək ki, Seymur Talıbov 2021-ci ildən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti vəzifəsini tuturdu. Onun rəhbəri olduğu Naxçıvan Şahmat Federasiyası isə 2024-cü ildə ləğv olunub.
    //teleqraf.az

  • Araz Musayevin bıçaqlanmasına görə həbs edilənlər var – ADLAR

    Azərbaycan Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayevin mayın 28-də Türkiyədə bıçaqlanması ilə bağlı aparılan təhqiqat çərçivəsində 6 nəfər həbs edilib.

    Bu barədə Median.Az “Hürriyet” qəzetinə istinadən xəbər verir.

    Həbs edilənlərin Azər Həsənov, Eynulla Babazadə, Məhəmməd Qaitayev, Fuad Babayev, Rəşad Səlimov və Vüqar Əsədov olduqları bildirilir.

    Onlar “qəsdən adam öldürməyə cəhd” maddəsi üzrə ittiham edilərək həbs olunublar.

  • İki ildir itkin idi – Taksi sürücüsü öldürübmüş

    Xaçmazda 2 il əvvəl itkin düşən şəxsin meyiti tapılıb.

    “Qafqazinfo”nun məlumatına görə, 2023-cü ilin iyul ayının 18-də Xaçmaz rayon sakini, görmə qabiliyyəti məhdud olan 59 yaşlı Gülxar Cahangirovanın itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

    Ötən iki il ərzində itkin düşən qadının axtarışları aparılıb və bu günlərdə həmin şəxsin öldürülərək basdırıldığı məlum olub.

    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunaraq araşdırmalar aparıb və məlumata görə, gözdən əlil qadın taksi sürücüsü tərəfindən qətlə yetirilərək basdırılıb.

    Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Mehriban Əliyeva minifutbol millimizi dünya çempionu olması münasibətilə təbrik edib

    Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan milli komandasını dünya çempionu olması münasibətilə təbrik edib.

    M.Əliyeva bununla bağlı rəsmi “Instagram” hesabında paylaşım edib.

    “Azərbaycan minifutbol yığması dünya çempionatının qalibidir! Komandamıza parlaq qələbəyə görə təşəkkür edirəm! Sizinlə fəxr edirik! Milli yığmamızın bütün üzvlərinə möhkəm cansağlığı, güc, enerji və yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!” – paylaşımda bildirilib.

  • Azərbaycanda “Match TV” kanallarının yayımı dayandırılıb

    Azərbaycanda fəaliyyət göstərən Rusiya federal idman televiziya kanalı “Match TV”nin ölkəmizdəki yayımı dayandırılıb, abunəçilərinə bu barədə müvafiq bildiriş təqdim olunub.

    “Match TV” kanallarının Azərbaycanda yayım icazəsi olmayıb. Ona görə də “Media haqqında” Qanunun 32.4 və 34.5-ci maddələrinin tələblərinə uyğun olaraq kanalların yayımı dayandırılıb.

    Qeyd edək ki, “Match TV” 2015-ci ildən yayımlanan Rusiya federal idman televiziya kanalıdır.