Month: June 2025

  • Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? – SƏBƏB

    Zahirən, şarj cihazı sadə bir aksesuar kimi görünə bilər və brend ilə ucuz analoq arasındakı fərq əhəmiyyətsiz sayılır. Lakin bu komponentə qənaət ciddi nəticələrə – həm smartfonun sıradan çıxmasına, həm də təhlükəsizlik risklərinə səbəb ola bilər.

    Lent.az bu səbəbləri sizə təqdim edir:

    Ucuz şarj cihazlarının əsas təhlükələri:

    1. Sabit olmayan gərginlik və cərəyan gücü

    Ucuz adapterlər, xüsusilə tanınmamış istehsalçılardan və ya şübhəli saytlardan alınanlar, keyfiyyətsiz və saxta detallar ilə hazırlanır və təhlükəsizlik standartlarını kobud şəkildə pozurlar. Brend şarj cihazları isə dəqiq nəzarətçi (kontroller) ilə təchiz olunub – bu, telefonla daimi məlumat mübadiləsi apararaq modelə uyğun düzgün parametrləri (məsələn, 5V/2A və ya sürətli şarj üçün 9V/1.67A) təmin edir.

    Ucuz adapterlərdə bu “ağıl” ya yoxdur, ya da çox primitivdir. Nəticədə onlar:

    Normanı aşan gərginlik sıçrayışları

    Telefonun qəbul edə biləcəyindən yüksək cərəyan verə bilər.

    Bu isə telefonun enerji idarəetmə çiplərinə və litium-ion batareyasına həddindən artıq yüklənmə verir.

    2. Batareyanın tez sıradan çıxması

    Gərginlik sıçrayışları və həddindən artıq yüklənmə:

    Batareyanın daha tez boşalmasına

    Qızmasına

    Avtonom iş vaxtının nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olur.

    3. Ciddi zədələr və bahalı təmir

    Ən pis halda:

    Qısaqapanma və ya gərginlik sıçrayışı nəticəsində telefonun enerji idarəetmə mikrosxemləri yanır.

    Şarj portu sıradan çıxır.

    Təmiri çətin və bahalı olur.

    Ucuz adapterlərdə başqa nə təhlükə var?

    Güclü qızma riski. Keyfiyyətsiz transformator və naqillər yüksək müqavimətə malikdir. Onlar qızmağa çox meyllidir, xüsusən də planşet və güclü telefonlar yükləndikdə. Bu qızma telefona da ötürülür və nəticədə:

    Batareya,

    Prosessor,

    Yaddaş və ekran zədələnir,

    Qurğunun ümumi ömrü azalır.

    Yanğın təhlükəsi

    Nadir də olsa, ucuz adapter:

    Plastik korpusun alışmasına,

    Naqil izolyasiyasının əriməsinə,

    Hətta yanğına səbəb ola bilər.

    4. Müdafiə sisteminin yoxluğu

    Keyfiyyətli şarj cihazları:

    Qısaqapanma,

    Aşırı cərəyan,

    Qızma,

    Gərginlik artımı əleyhinə çoxsəviyyəli müdafiə sistemlərinə malikdir.

    Ucuz variantlarda isə:

    Ya ümumiyyətlə yoxdur,

    Ya da təqlid edilən, qeyri-effektiv komponentlərdən ibarətdir. Bu, təkcə cihazın sıradan çıxmasına yox, bütün ev elektrik sisteminə zərər verə bilər. Ucuz şarj cihazları – qənaət vasitəsi yox, risk mənbəyidir.

    Smartfonunuzun və təhlükəsizliyinizi qorumaq üçün:

    Yalnız orijinal və sertifikatlı adapterlərdən istifadə edin. Naməlum brendlərdən və şübhəli satış platformalarından uzaq durun. Sonda ucuz adapterlə qənaət etdiyiniz az miqdar, çox baha başa gələ bilər.

  • Beşdən çox uşağı olan qadınların sayı açıqlandı – Rayonlar üzrə rəqəmlər

    Ölkəmizdə müəyyən kateqoriyaya daxil olan ailələrə “uşaq pulu” verilir. Bunlardan biri də beşdən çox uşağı olan qadınlara verilən sosial müavinətdir. 

    Hazırda Azərbaycanda 6 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailələr hesab olunur. Prezident İlham Əliyevin 13 yanvar 2023-cü ilil tarixli Fərmanı ilə 5-dən çox uşağı olan qadınlara sosial müavinətin məbləği müəyyən edilib. Fərmanda bildirilir:

    “Beşdən çox uşağı olan qadınlara sosial müavinətin aylıq məbləği hər uşaq üçün 105 (yüz beş) manat müəyyən edilsin”.

    Bu o deməkdir ki, məsələn, ailədə 18 yaşına çatmamış 6 uşaq varsa, həmin ailəyə aylıq 630 manat (hər uşaq üçün 105 manat) müavinət ödənilməlidir.

    Modern.az-ın əldə etdiyi məlumata görə, 2024-cü ilin statistikaları göstərir ki, ölkəmizdə 12 min 273 qadın övladlarının sayı beşdən çox olduğu üçün sosial müavinət alır, bu müavinətin ümumi məbləği hər uşaq üçün 105 manat nəzərdə tutulub.

    Ölkə üzrə bir ailədə beşdən çox uşağı olan iqtisadi-rayonların göstəriciləri

    Bakı şəhəri

    Paytaxtda ümumilikdə 1561 qadın övladların sayı beşdən çox olduğu üçün müavinət alır. Onların ən çoxu 257 göstərici üzrə Sabunçu rayonun payına düşür. Rayonlar üzrə ən az göstərici isə Pirallahıdadır. Burada sadəcə 13 ailə çoxuşaqlı hesab edildiyi üçün ana sosial müavinət alır.

    Paytaxtın digər rayonları üzrə rəqəmlər
    Binəqədi rayonu – 194 nəfər
    Xətai rayonu – 202 nəfər
    Xəzər rayonu – 116 nəfər
    Qaradağ rayonu – 115 nəfər
    Nərimanov rayonu – 64 nəfər
    Nəsimi rayonu – 51 nəfər
    Nizami rayonu – 56 nəfər
    Pirallahı rayonu – 13 nəfər
    Səbail rayonu – 39 nəfər
    Suraxanı rayonu – 239 nəfər
    Yasamal rayonu – 205 nəfər

    Naxçıvan Muxtar Respublikası

    Ölkə üzrə bir ailədə beşdən çox uşağın olmadığı yeganə rayon Naxçıvanın Şahbuz ərazisindədir. Ümumilikdə isə Naxçıvanda 196 ailədə uşaqlarının sayı beşdən çoxdur, ən yüksək göstərici Şərur rayonunda qeydə alınıb. Belə ki, bu ərazidə 50 qadın hər uşağa görə aylıq 105 manat müavinət alır.  

    Ən yüksək göstəriciyə malik iqtisadi rayonlar

    Mərkəzi Aran iqtisadi rayonunda qeydə alınan çoxuşaqlı ailələrin sayı ölkə üzrə ən yüksək göstəricilərə malikdir. Belə ki, burada 3 min 690 qadın uşaqlarının sayı beşdən çox olduğu üçün sosial müavinət alır. İqtisadi rayon üzrə göstəricilərin böyük hissəsi Yevlaxın payına düşür. Bu rayonda 3 min 215 ana üçün sosial müavinət nəzərdə tutulub. Mərkəzi Aran üzrə beşdən çox uşağı olan ailələrin sayı ən az Zərdabdadır. Burada 48 ana çoxuşaqlı ailənin fərdləri kimi 105 manat nəzərdə tutulan sosial müavinət alır.

    Beşdən çox uşağa sahib olan ailələrin sayı həm də Lənkəran-Astara iqtisadi rayonunda qeyd alınıb. Cənub zonasında ümumilikdə 1770 qadın beşdən çox uşağı olduğu üçün sosial müavinətlə təmin olunur. Bu ərazilərdə müavinət alan qadınların ən yüksək göstərici 504 ilə Astaranın, ən az göstərici isə 184 ilə Lerik rayonunun payına düşür. Mərkəzi Arandan fərqli olaraq Lənkəran-Astara iqtisadi rayonuna daxil bölgələrdə beşdən çox uşağı olan ailələrin sayında ciddi fərqlər müşahidə olunmur. Lənkaran, Cəllabad, Masallı, Yardımlıda beşdən çox uşağa sahib ailələrə məxsus olduğu üçün müavinət alan qadınların ortalama göstəricisi 270-dir.

    Ən az göstəriciyi malik iqtisadi rayonlar

    Beşdən çox uşağı olan ailələrin ən az yaşadığı iqtisadi rayonlar Şərqi Zəngəzur və Gəncə-Daşkəsən hesab edilir. Şərqi Zəngəzurda ümumilikdə 104 qadın beşdən çox uşağı olduğu üçün hər uşağa görə aylıq 105 manat müavinət alır. Bölgə üzrə ən yüksək göstərici 38 ailə ilə Cəbrayılın, ən az göstərici isə 7 ailə ilə Zəngilanın payına düşür.

    Gəncə-Daşkəsən iqtisadi rayonu digər bölgələrlə müqayisədə çoxuşaqlı ailələrin sayına görə azlıq təşkil edir. Burada 372 qadın sayı beşdən çox uşağa sahib olduğu üçün müavinət alır. Əhali sayına görə ölkəmizdə üçüncü şəhər olan Gəncədə uşaqları çox olan 145 qadın ayda 105 manat müavinət alır və bölgədə ən yüksək göstəriciyə malik ərazidir. Bu iqtisadi rayonda beşdən çox uşağı olan ən az ailə isə Naftalanda yaşayır. Burada 6 qadın 6 və daha çox uşağı olduğu üçün müavinət alır.
    Ətraflı

    Digər iqtisadi rayonlar üzrə göstəricilər

    Abşeron-Xızı iqtisadi rayonu cəmi 543
    Ən çox Sumqayıt rayonu – 295
    Ən az Xızı rayonu – 30

    Qarabağ iqtisadi rayonu cəmi 627
    Ən çox Bərdə rayonu – 294
    Ən az Xocalı rayonu -3

    Qazax-Tovuz iqtisadi rayonu cəmi 740
    Ən çox Şəmkir rayonu – 194
    Ən az Qazax rayonu – 70

    Quba-Xaçmaz iqtisadi rayonu cəmi 553
    Ən çox Quba rayonu – 173
    Ən az Siyəzən rayonu – 57

    Mil-Muğan iqtisadi rayonu cəmi 470
    Ən çox Sabirabad rayonu – 221
    Ən az Saatlı rayonu – 63
     
    Şəki-Zaqatala iqtisadi rayonu cəmi 411
    Ən çox Şəki rayonu – 96
    Ən az Balakən rayonu – 33

    Şirvan-Salyan iqtisadi rayonu cəmi 435
    Ən çox Hacıqabul rayonu – 138
    Ən az Biləsuvar rayonu – 61

  • 17 il əvvəl vəfat edən mayora şəhid adı veriləcək

    Gəncə İnzibati Məhkəməsi 2008-ci ildə həyatını itirən mayor Abbasov Rövşən Akif oğluna şəhid adının verilməsi ilə bağlı Müdafiə Nazirliyi üzərinə öhdəlik qoyub.

    Trend-in məlumatına görə, mərhum 1997-ci ildən 2007-ci ilin aprel ayına qədər Azərbaycan Respublikası Müdafiə nazirliyinin tabeliyində olan bir neçə hərbi hissədə zabit rütbələrində kəşfiyyatçı vəzifələrində xidmət edib.

    Son vəzifəsi N saylı hərbi hissənin qərargah rəisi olub və komandir vəzifəsini icra edib. 22 noyabr 2006-cı ildə xidməti vəzifəsinin icrası zamanı, döyüş postunu yoxlayıb hərbi hissəsinə qayıdan zaman avtomobil qəzası keçirib.

    2006-cı ilin noyabr ayından 2007-ci ilin aprel ayınadək Mərkəzi Kilinik Hərbi Hospitalda komatoz vəziyyətdə müalicə alıb. Nəticədə birinci qrup əlillik təyin olunaraq istefaya buraxılıb.

    Gəncə İnzibati Məhkəməsinin qərarı ilə mərhumun həyat yoldaşının iddiası təmin edilib. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə şəhid statusunun verilməsi tələbi qoyulub.

  • Bu il 700 bal toplayanlar arta bilər – PROQNOZ

    Ötən il 700 bal toplayan iki abituriyent var idisə, bu il bu rəqəm daha çox ola bilər.

    Bu fikirləri AzEdu.az-ın “TəhsilSİZ” verilişində təhsil eksperti Vüsət Əzizov səsləndirib.

    Onun sözlərinə görə şagirdlər IV qrupda istədikləri ixtisasa düşmək şansları aşağı olduğundan I qrupa daha çox yönəlirlər:

    “Təbii ki, bu göstəricilər müəyyən bir kütləyə aiddir. Bununla yanaşı, 600-dən yuxarı bal toplayan abituriyentlərin sayı da az deyil. 700 balla bağlı dəqiq fikir bildirmək hələ tezdir, lakin apellyasiya nəticələrindən sonra 45 nəfərin buraxılış imtahanında 300 bal toplaması bu barədə nikbin proqnozlar verməyə əsas yaradır. Əgər ötən il yalnız iki abituriyent 700 bal toplamışdısa, bu il bu rəqəmin 2-3 nəfər civarında ola biləcəyi ehtimal olunur”.

  • Bu ziyarətgaha gedənlərə şad xəbər

    “Əshabi-Kəhf” Ziyarətgah Kompleksində yeni tikinti işləri aparılacaq.

    İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi hazırlıqlara başlayıb.

    Belə ki, Agentlik tikintisi planlaşdırılan Qonaq Evinin layihələndirilməsini və smeta sənədlərini hazırlayacaq şirkət axtarışındadır.

    Qurum təkcə layihə və smeta sənədlərinin hazırlanmasına 275 min manatdan çox vəsaitin sərf olunacağını proqnozlaşdırıb.

    Məlumat üçün onu da bildirək ki, abidə kompleksində insanların rahat şəkildə ziyarətinin təşkili üçün lazımi şərait yaradılıb. Ötən il ziyarətgaha gedən yol təmir və bərpa olunub.

    Qeyd edək ki, “Əshabi-Kəhf” ziyarətgahı Naxçıvan şəhərindən, təqribən 12 km aralıda – Culfa rayonunda, Haçadağ və Nəhəcir dağları arasındakı ərazidə yerləşir. Dəniz səviyyəsindən 1 665 metr yüksəklikdəki mağara ən qədim zamanlardan ulu tanrıya pənah gətirənlərin, müqəddəsliyə, ilahi gücə inananların səcdəgahı olub. Aparılmış tədqiqatlar sübut edir ki, Qurani-Kərimdə adı çəkilən “Əshabi-Kəhf” məhz Naxçıvandadır.

    “Əshabi-Kəhf” ziyarətgahının adı ərəb dilindən götürülüb. “Əshab” yeniyetmə cavan oğlanlar, “kəhf” isə mağara, sığınacaq yeri deməkdir.

    “Əshabi-Kəhf” təkcə ziyarətgah deyil, həm də Azərbaycanın ən qədim tarixi abidələrindən biridir.

    Hər il buranı Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən gələn minlərlə zəvvar, turist və qonaq ziyarət edir.

  • Qurbanlıq heyvan kəsməyib onun dəyərində pul yardımı etmək olar? (AÇIQLAMA)

    Qurban kəsməyib, həmin heyvanın dəyərində məbləği yoxsullara, imkansızlara pul, ərzaq şəklində vermək olmaz.

    Bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.

    Sədr müavini bildirib ki, şəriətdə İsmayıl qurbanı mütləq heyvan olaraq alınmalı, kəsilməli və ət şəklində paylanmalıdır.

    “Başqa formada o qurbanı, onun pulunu bölmək, paylamaq olmaz. Mütləq heyvan kəsilməli və ət şəklində ehtiyacı olanlara paylanmalıdır”, – deyə F.Nurullayev əlavə edib.

    Xatırladaq ki, daha öncə Qurban bayramında hansı heyvanların kəsilməsi barədə yazı dərc etmişik.

    Qeyd edək ki, bu il iyunun 6-7-si Azərbaycanda Qurban bayramı qeyd olunur.

  • Bakı bulvarında sakinləri narahat edən kəskin qoxu – Səbəbləri nələrdir? (VİDEO)

    Yosunlar, lil və digər bioloji qalıqlar. Ətraf tullantılarla dolu, qarışıq qoxudan ərazidə ayaq saxlamaq mümkün deyil. Qumluq əraziləri isə alaq otu və qamışlıq basıb.

    Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, söhbət Dənizkənarı bulvarda Bayraq meydanının yaxınlığından, Xəzər dənizinin sahilboyu ərazilərindən gedir.

    Dəniz suyunun çəkilməsi nəticəsində üfunətin yayılması yolunu bulvardan salan şəhər sakinlərini də narahat edir. Suyun çəkilməsi sahil zolağında dəniz dibindəki çöküntüləri də üzə çıxarıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsindən bildirilib ki, Bakı buxtasının Ağ şəhər ərazisindən Dövlət bayrağı meydanınadək olan sahil zolağında neft ləkələrinin müşahidə olunması, iy və qoxunun ətrafa yayılması halları baş verir. Aparılan monitorinqlər zamanı sözügedən ərazilərdə sahilboyu müşahidə olunan neft ləkələrinin tərkibinin və çirkləndirilmə səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə dənizdən və çirklənmiş torpaqdan nümunələr götürülüb, hazırda araşdırmalar davam etdirilir.

    Ətraflı süjetdə:

  • Sürücülük vəsiqəsi ilə bağlı – Yeni qərar

    Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında Təlimata dəyişiklik edilib.

    Bununla bağlı Daxili İşlər Nazirliyi qərar verib.

    Qərara əsasən, sürücülük vəsiqəsində, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində və nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talonda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər.

    Bu sənədlərdə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin sənədlərin təqdim olunmasına bərabər tutulur.

    Qərar qəbul edildiyi gündən 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə göndərilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə tapşırılıb ki, bu Qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilməsi üçün zəruri tədbirlər görülsün.

    Qərar respublika daxili işlər orqanlarında elan ediləcək.

  • Çindəki yeni virus qlobal epidemiyaya səbəb ola bilər – Xəbərdarlıq

    Çində aşkar edilən yeni növ koronavirusla bağlı xəbərdarlıq edilib.

    Bu barədə “TRT Haber” məlumat yayıb.

    Bildirilib ki, fevral ayında Çində aşkarlanan və “HKU5-CoV-2” adlanan yeni virus kiçik mutasiya ilə insanlara yoluxa və yenidən qlobal epidemiyaya səbəb ola bilər.

    Məlumata görə, yeni virus milyonlarla insanın ölümünə səbəb olan COVID19-dan daha çox heyvan növünə yoluxma potensialına malikdir və növlərarası sıçrayış riski daha yüksəkdir. Belə ki, “HKU5-CoV-2” həm tənəffüs yollarında, həm də bağırsaqlarda yoluxub çoxala bilir.

  • Bakıda 2 avtomobildən avtomat tapıldı

    Bakıda iki avtomobildən avtomat silahları və patronlar aşkarlanıb.

    DİN tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində əməliyyat-profilaktik tədbirlər davam etdirilir.

    Növbəti tədbirlər çərçivəsində 5 nəfər 3 avtomat silahı, 2 tapança, 1 patron darağı və 12 ədəd patronu könüllü şəkildə polis orqanlarına təhvil verib.

    Bundan başqa, paytaxt sakinləri tərəfindən idarə olunan “Changan” və “Toyota” markalı avtomobillərdə aparılan yoxlamalar zamanı 2 avtomat silahı və 15 ədəd patron aşkarlanaraq maddi sübut kimi götürülüb.

    Araşdırmalar zamanı həmin şəxslərdən birinin borclu şəxs qismində axtarışda olduğu da müəyyən edilib.

    Faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.

    Qeyd edək ki, qanunsuz silah saxlamaq cinayət məsuliyyəti yaradır, lakin könüllü təhvil verən şəxslərə qarşı cəza tədbiri tətbiq edilmir.