Month: June 2025

  • Təhlükəli çimərliklərin adı AÇIQLANDI – VİDEO

    Çimərlik mövsümü hələ açılmasa da isti havalarda vətəndaşlar artıq dənizə axışırlar.

    Median.Az ATV-yə istinadən xəbər verir ki, mövsüm başlamazdan əvvəl dənizə girmək təhlükəli hesab olunur.

    Bəs, hansı çimərliklər daha təhlükəli hesab edilir?

    Daha ətraflı süjetdə:

  • “Sovetski”də kvadratmetrə görə 2700 manat – Sakinlər kompensasiyadan narazıdır (Video)

    Bakının Nizami, Rza Quliyev, Nabat Aşırbəyova, Çingiz Mustafayev və Mirzə Ağalıyev küçələrində yerləşən “Sovetski” ərazisində köhnə tikililərin sökülməsi prosesi davam edir. Artıq 3 bina sökülüb, ərazidə park salınması planlaşdırılır.

    Median.Az İctimai TV-yə istinadən xəbər verir ki, sakinlər verilən kompensasiyadan narazıdır. Onların sözlərinə görə, təklif olunan 2700 manatlıq kvadratmetr qiyməti yeni ev almağa kifayət etmir. Bəzi sakinlər illərlə yaşadıqları evləri bu məbləğə dəyişmək istəmirlər.

    Komissiya bildirir ki, yaşayış sahələri üçün kvadratmetrə 2700, qeyri-yaşayış sahələri üçün isə 3000 manat müəyyən olunub. Hazırda 206 ailə ilə razılıq əldə olunub və söküntülərin məcburi xarakter daşımadığı vurğulanır.

    Daha ətraflı süjetdə:

  • Yeni Yasamaldakı yeni tikililərdə çıxarış PROBLEMİ – Video

    Bakının Yeni Yasamal yaşayış massivində, Əsəd Əhmədov küçəsi 27 ünvanında yerləşən yeni tikilidə illərdir çıxarış problemi yaşanır. Sakinlər bildirirlər ki, evlərində uzun müddətdir məskunlaşsalar da, sənəd çatışmazlığı səbəbindən nə qeydiyyata düşə bilirlər, nə də bir çox sosial xidmətdən yararlana bilirlər.

    Median.Az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, sakinlərdən biri deyir ki, mənzildə 5 ildir yaşayır, lakin çıxarış ala bilmədiyi üçün rəsmi qeydiyyata düşə bilmir.

    Çıxarışın olmaması təkcə hüquqi və mülkiyyət məsələlərində yox, tibbi xidmətlərdə də maneələr yaradır. Vətəndaşlar qeyd edirlər ki, yaşadıqları ərazidə poliklinikaya müraciət etdikdə, orada qeydiyyatları olmadığı üçün rəsmi olaraq xidmət ala bilmirlər.

    Bu problem artıq 10 ildir davam edir.

    Daha ətraflı süjetdə:

  • Bakıda güclü külək dam örtüyünü uçurtdu – Evlərə və maşınlara ziyan dəydi (VİDEO)

    Sabunçu rayonu, Balaxanı qəsəbəsində güclü külək evin damını uçuraraq yaxınlıqdakı evlərin və maşınların üzərinə atıb.

    Bu barədə məlumat Baku.ws-in “qaynar xətti”nə daxil olub.

    Bildirilib ki, hadisə qəsəbənin Səməd Mənsur küçəsində, Balaxanı qəbristanlığının yaxınlığında baş verib.

    Belə ki, güclü külək böyük evin dam örtüyünü yerindən qoparıb. Uçan dam örtüyü yaxınlıqda yerləşən iki evin, həmçinin 2 maşının üzərinə düşüb. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin evlərə və maşınların birinə ciddi ziyan dəyib.

    Xatırladaq ki, Milli Hidrometeorologiya Xidməti məlumatına görə, iyunun 3-də Azərbaycan ərazisində güclü şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Hadisə yerindən görüntüləri təqdim edirik:

  • Bu şəxslər universitetə imtahansız qəbul olacaqlar

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarına uyğun olaraq, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

    Bu barədə DİM-dən məlumat verilib.

    Bildirilib ki, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri dedikdə beynəlxalq fənn olimpiadasının qızıl, gümüş və ya bürünc medalı ilə təltif olunmuş, IX-XI sinif şagirdləri arasında keçirilən respublika fənn olimpiadasında birinci, ikinci və üçüncü yer tutmuş və ya beynəlxalq müsabiqənin və ya yarışın (15 yaşdan yuxarı yaş qrupunda) laureatı olmuş (ali mükafat, birinci, ikinci və üçüncü yerlər) şəxslər nəzərdə tutulur:
    Beynəlxalq və respublika fənn olimpiadasının qalibinin tam orta təhsil səviyyəsini bitirdikdən sonrakı növbəti 2 tədris ili üçün, beynəlxalq müsabiqənin və ya yarışın qalibi isə tam orta təhsil səviyyəsini bitirməklə qalibiyyət əldə etdikdən sonrakı növbəti 5 tədris ili üçün ali təhsil müəssisəsinə tələbə qəbulunda yalnız bir dəfə müsabiqədənkənar qəbul olunmaq hüququ vardır.

    Qeyd edilib ki, müsabiqədənkənar qəbulun aparıldığı ixtisaslar, beynəlxalq və respublika fənn olimpiadalarının siyahısı, beynəlxalq müsabiqələrin və yarışların siyahısı Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarında əks olunub.
    Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri (indiyədək müvafiq sənədlərini DİM-ə təqdim etməyənlər) 4 – 30 iyun 2025-ci il tarixlərində ümumi qaydada təsdiq olunmuş “Abituriyent elektron ərizəsi” formasının surətini, beynəlxalq fənn olimpiadasının, yaxud respublika fənn olimpiadasının, beynəlxalq müsabiqənin və ya yarışın qalibi olduğunu təsdiq edən sənədin fotosurətini və beynəlxalq fənn olimpiadasının, yaxud respublika fənn olimpiadasının, beynəlxalq müsabiqənin və ya yarışın qalibi olduğunu təsdiq edən sənədin fotosurətini Dövlət İmtahan Mərkəzinə (Bakı ş., akad.H.Əliyev küç., 299) təqdim etməlidirlər:

    Mərkəz göstərilən sənədlərin həqiqiliyini və onu təqdim edən şəxsə məxsus olmasını həmin olimpiadaların, müsabiqələrin və yarışların keçirildiyi ölkənin müvafiq qurumlarının və ya onları təşkil edən qurumların (o cümlədən, beynəlxalq qurumların) olimpiadaların, müsabiqələrin və yarışların qaliblərinə dair məlumat bazası üzərindən yoxlamaq hüququna malikdir.

    Bildirilib ki, beynəlxalq fənn olimpiadasının, beynəlxalq müsabiqə və yarışın qalibi olan Azərbaycan Respublikasının vətəndaşı 4.2-ci bənddə göstərilən sənədlərin fotosurəti ilə yanaşı, həmin sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini də Mərkəzə göndərməlidirlər.

    Həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmaq istəyənlər bu Qaydanın 4.1-4.3-cü bəndlərdə göstərilən sənədlərlə yanaşı, Tələbə Qəbulu Qaydalarının 2.3-cü bəndinə əsasən həmin təhsil müəssisəsində yaradılmış Sənəd Qəbulu Komissiyasına sağlamlıq və fiziki vəziyyətləri haqqında arayış, tərcümeyi-hal və həmin təhsil müəssisəsinin Nizamnaməsində nəzərdə tutulmuş digər məlumatları təqdim etməlidirlər.

  • Azərbaycan Prezidenti qazaxıstanlı həmkarını təbrik etdi

    Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu göndərib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanmasının 20 illiyi münasibətilə mənə ünvanladığınız təbrik məktubunuza görə Sizə təşəkkür edirəm. Mən də öz növbəmdə bu əlamətdar ildönümü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

    Sizinlə tam razıyam ki, bu mühüm sənəd Azərbaycan-Qazaxıstan əlaqələrinin tarixində yeni səhifə açaraq əməkdaşlığımızı daha da möhkəmləndirmişdir.

    Dövlətlərarası əlaqələrimizin strateji mahiyyətini özündə əyani şəkildə əks etdirən bu tarixi sənəd bütün səviyyələrdə fəal siyasi dialoqun inkişafına, iqtisadi, ticari, humanitar və digər sahələrdə səmərəli tərəfdaşlığın genişləndirilməsinə əlverişli zəmin yaratmışdır.

    Qardaş ölkə və etibarlı strateji tərəfdaşımız olan Qazaxıstanla əlaqələrimizin hazırkı səviyyəsi məmnunluq doğurur. İkitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi gündən-günə genişlənir və yeni məzmunla zənginləşir. Eyni zamanda ikitərəfli müstəvidə olduğu kimi, çoxtərəfli əsasda da vacib məsələlərin həlli istiqamətində ölkələrimizin birgə fəaliyyəti və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyi təqdirəlayiqdir.

    İnanıram ki, xalqlarımızın qardaşlığı, ortaq tarixi-mədəni kökləri, mənəvi dəyərləri kimi sağlam təməllər üzərində qurulmuş Azərbaycan-Qazaxıstan ənənəvi dostluq əlaqələri və strateji tərəfdaşlığı xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə inkişaf etməyə və möhkəmlənməyə davam edəcəkdir.

    Hörmətli Kasım-Jomart Kemeleviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qazaxıstan xalqının rifahı və firavanlığı naminə məsul və şərəfli fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram”.

  • İlham Əliyev dövlət agentliyinə 1,5 milyon manat ayırdı

    Prezident İlham Əliyev Qaraməryəm-İsmayıllı-Şəki magistralını Oğuz rayonunun Calut, Mollalı, Yemişanlı, Dəymədərə, Tərkeş və Dəymədağlı kəndləri ilə birləşdirən avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı Median.Az President.az-a istinadən xəbər verir.

    Sərəncama əsasən, Qaraməryəm-İsmayıllı-Şəki magistralını dörd min nəfər əhalinin yaşadığı Calut, Mollalı, Yemişanlı, Dəymədərə, Tərkeş və Dəymədağlı kəndləri ilə birləşdirən avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1.5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

  • İki uşaq anasının ölümünə səbəb olan həkimə hökm oxundu

    Bakıda iki uşaq anasının ölümündə təqsirləndirilən həkimə hökm oxunub.

    Binəqədi Rayon Məhkəməsində ehtiyatsızlıqdan adam öldürməkdə təqsirləndirilən həkim-anestezioloq Babək Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Məhkəmənin hökmü ilə B.Mahmudov 2 il 9 ay azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

    İttihama görə, Aybəniz Almuradova ötən il iyunun 11-də liposaksiya əməliyyatı üçün “Reo-Med” klinikasına müraciət edib və iyulun 2-də həyatını itirib.

    Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsində həkim-anestezioloq Babək Mahmudova Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

    Dünyasını dəyişən A.Almuradova iki azyaşlı uşaq anası olub.
    //oxu.az

  • AFFA-dan “Qarabağ” və Yassin Benziaya AĞIR CƏZA

    AFFA İntizam Komitəsi “Qarabağ” və “Sabah” klubunu cərimələyib.

    Bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

    İntizam Komitəsinin bu gün keçirilmiş iclasında tərəflər arasında keçirilmiş Azərbaycan Kubokunun final oyununda yaşananlara hüquqi qiymət verilib.

    “Qarabağ” klubuna dörd nəfər sarı vərəqə aldığı üçün 700 manat cərimə kəsilib. Ağdam təmsilçisinin məşqçisi Müşfiq Hüseynov 120-ci dəqiqədə meydana daxil olaraq hakimin qərarına etiraz edib. Birbaşa qırmızı vərəqə alan mütəxəssis iki oyunluq cəza alıb. Kluba 1500 manat cərimə tətbiq edilib.

    Komandanın futbolçusu Yassin Benzia referini təhqir etdiyinə görə birbaşa qırmızı qərəqə alıb. O, ardınca ədalət təmsilçilərinə fiziki təzyiq göstərməyə cəhd edib və bu səbəbdən 5 matçlıq cəza ilə üzləşib. “Qarabağ”a isə 3000 manat ödəməli olacaq. “Köhlən atlar” azarkeşlərin pirotexniki vasitədən istifadəsi ucbatından 1500 manat ziyana düşüb.

    “Sabah”a isə beş futbolçu sarı vərəqə aldığından 700 manat, fanatların pirotexniki vasitədən istifadəsinə görə 1500 manat cərimə kəsilib.

    Qeyd edək ki, rəqibini əlavə vaxtda 3:2 hesabı ilə üstələyən “Sabah” Azərbaycan Kubokunun sahibi olub.

  • Sabah bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq

    Azərbaycan ərazisində iyunun 4-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin iyunun 3-dən 4-nə keçən gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşama doğru zəifləyəcək.

    Havanın temperaturu gecə 17-20°, gündüz 23-27° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz 45-50% olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 14-18°, gündüz 22-27°, dağlarda gecə 5-10°, gündüz 10-15° isti olacaq.