Month: July 2025

  • Alim Qasımova tanınmış reperdən təklif gəldi

    Xalq artisti Alim Qasımova tanınmış reper Gölgədən təklif gəlib.

    Bu barədə Qaynarinfo-ya muğam ifaçısının prodüseri İlkin Robin məlumat verib. Onun sözlərinə görə, xanəndə reperin ona etdiyi təklifə razılıq verməyib:

    “Alim müəllim gedib onlarla görüşüb, şəkil də söhbət əsnasında çəkilib. Amma sözügedən layihə ilə bağlı dəqiq bir qərar verilməyib. Yəqin ki, Alim müəllim qərarını yaxın vaxtlarda açıqlayacaq”.

    Xatırladaq ki, bir müddət öncə Xalq artisti dəvət aldığı məclislərin birində rep demişdi. Onun bu ifası sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olmuşdu.

  • Görmə məhdudiyyətli qarmon ifaçısı qızın həyat hekayəsi

    Dünyanı görmədən duyan, əlləri, qəlbi ilə musiqiyə toxunan qarmon ifaçısı Fidan Quliyeva iradənin və ümidin sübutudur.

    O, anadangəlmə görmə məhdudiyyətlidir. Buna baxmayaraq qarmonda məharətlə ifa edir. Uşaqlıqdan musiqiyə həvəs göstərən Fidanın valideynləri onu musiqi məktəbinə qoyurlar. Orada müəllimi Vüsal Qəhrəmanovun sayəsində qarmonu öyrənir və sevir.

    Fidan hazırda 5 saylı respublika xüsusi internat məktəbində təhsil alır. Deyir ki, qarmon ifa etmək o qədər də asan deyil, amma bunun öhdəsindən uğurla gəlir.

    O söyləyir ki, əgər gözləri açılsaydı, ilk görmək istədiyi şey işıq olardı.

    Ətraflı Baku TV-nin videomaterialında:

  • 2025-ci ilin ən yaxşı 10 ailə avtomobili açıqlandı

    Ailə avtomobilləri gündəlik həyatın müxtəlif tələblərinə cavab verə bildikləri üçün sürücülər tərəfindən yüksək qiymətləndirilir. Bununla belə, bazarda olan bütün modellər eyni səviyyədə diqqətə layiq deyil.

    “What Car” nəşri 2025-ci ildə yeni almağa dəyən 10 ən yaxşı ailə avtomobilini müəyyən edib. Ekspertlər bu modellərin rəqiblərindən üstün olduğunu vurğulayıblar.

    2025-ci ilin ən yaxşı 10 ailə avtomobili:

    1. Toyota Corolla
    2. SEAT Leon
    3. Skoda Octavia
    4. Skoda Scala
    5. Honda Civic
    6. Cupra Born
    7. Audi A3
    8. Volkswagen ID.3
    9. MG4 EV
    10. Ford Focus

    Reytinqin lideri Toyota Corolla olub. Ekspertlər bu modelin nisbətən ucuz qiymətə, praktik interyerə və aşağı yanacaq sərfiyyatına malik olduğunu bildiriblər.

    Həmçinin Corolla rahat asqı sistemi və hətta baza komplektasiyasında belə zəngin təchizatı ilə müsbət qiymətləndirilib. Lakin əsas çatışmazlıq kimi informasiya-əyləncə sisteminin zəifliyi qeyd olunub.

  • 2026 hədəfi öncəsi böyük böhran: NASA-da nə baş verir?

    Amerika Birləşmiş Ştatlarının Kosmik Agentliyi NASA son dövrlərdə ciddi kadr itkisi ilə üzləşib.

    Qaynarinfo xəbər verir ki, “Politico” nəşrinin məlumatına görə, sabiq prezident Donald Trampın təklif etdiyi büdcə ixtisarları çərçivəsində, aralarında yüksək səviyyəli mütəxəssislərin də olduğu ən azı 2.145 əməkdaş qurumdan ayrılır. Bu inkişaf qarşıdakı illərdə planlaşdırılan kosmik tədqiqatlar və insanlı missiyalar baxımından əhəmiyyətli risklər yaradır.

    NASA-dan ayrılacaq əməkdaşların böyük əksəriyyəti kritik sahələrdə çalışan təcrübəli şəxslərdir. Onlardan 1.800-dən çoxu birbaşa elmi layihələr və insanlı kosmik uçuşlarla məşğul olurdu. Qalanlar isə informasiya texnologiyaları, obyektlərin idarəolunması və maliyyə kimi dəstək xidmətlərində fəaliyyət göstərirdilər. Bu proses yalnız texniki deyil, həm də inzibati səviyyədə ciddi bilik və təcrübə itkisinə səbəb olacaq.

    Ən çox kadr itkisi NASA-nın əsas mərkəzlərində müşahidə olunur. Kennedi Kosmik Mərkəzindən 311, Conson Kosmik Mərkəzindən isə 366 nəfərin ayrılacağı bildirilir. Kennedi mərkəzi NASA-nın əsas raket buraxılış bazası, Conson isə insanlı kosmik missiyaların planlaşdırıldığı və icra olunduğu qurumdur. Bu iki mühüm mərkəzin zəifləməsi agentliyin əməliyyat imkanlarında nəzərəçarpacaq azalmaya səbəb ola bilər.

    Baş verən bu ayrılıqlar könüllü şəkildə həyata keçirilir. Lakin bu, Tramp administrasiyasının 2025-ci il NASA büdcəsində istədiyi 6 milyard dollardan artıq ixtisarın yalnız yarısını əhatə edir. Bu isə gələcəkdə əlavə vəzifələrin ixtisarı və ya təxirə salınması ehtimalını artırır. Xüsusilə Ay orbitində qurulması planlaşdırılan “Gateway” stansiyası kimi uzunmüddətli layihələr bu vəziyyətdən birbaşa təsirlənə bilər.

    Konqresin yekun büdcə qərarını necə verəcəyi hələlik bəlli deyil. Lakin kadr itkisi artıq NASA-nın institusional yaddaşında bərpası çətin bir boşluq yaradıb. Son illərdə artan özəl kosmik şirkətlər isə ayrılan mütəxəssislərə yeni imkanlar təklif edir. Buna baxmayaraq, bu keçid NASA-nın illərlə topladığı bilik və təcrübə sərvətinin əldən çıxması deməkdir.

    Xüsusilə 2026-cı ildə Ay səthinə yeni astronavt ekipajının göndərilməsi məqsədilə qarşıdakı illər NASA üçün həlledici olacaq. Bu hədəfə çatmaq təkcə texnologiyadan deyil, həm də həmin texnologiyanı idarə edə biləcək təcrübəli kadrlardan asılıdır. Lakin mövcud mənzərə göstərir ki, həmin kadrlardan əhəmiyyətli bir hissəsi artıq NASA tərkibində olmayacaq.

  • Bayrağımız asılan avtomobillər Rusiya küçələrində – Video

    Rusiyanın Saratov şəhərində yolda Azərbaycan bayraqları ilə hərəkət edən avtomobillərin görüntüləri yayılıb.

    Görüntülər “Mnoqonatsional” teleqram kanalında paylaşılıb.

    Videodan maşınların qırmızı və ağ lentlərlə bəzədildiyini də görmək mümkündür. Ehtimal edilir ki, avtomobillər toy karvanının bir hissəsi olub.

    Rusiya Daxili İşlər Nazirliyinin Saratov vilayəti üzrə Baş İdarəsindən TASS-a bildirilib ki, videogörüntü ilə bağlı araşdırmalara başlanılıb.

    Həmin görüntüləri təqdim edirik:

  • “Üzdüyümüz anda xanımın qoluna ilan sarıldı, nə hala düşdük…” – Foto

    Son zamanlar Xəzər dənizi sahillərində su ilanlarının sayında artım müşahidə olunur. Yay mövsümündə çimərliklərə axın edən vətəndaşlar sahil ərazilərdə tez-tez bu canlılarla qarşılaşırlar.

    “Qafqazinfo” xəbər verir ki, dənizdə ilanla qarşılaşan, hətta onunla mübarizə aparmalı olanlardan biri də QHT sədri Mahirə Əmirhüseynovadır.

    Feysbuk hesabında bununla bağlı paylaşım edən qadın qeyd edib ki, hadisə Şıxov çimərliyində olub: “Dünən havanın istisinə sevincək olub 6 qadın Şıxov çimərliyinə üz tutduq. Dənizdə bizdən başqa tək bir oğlan var idi. Üzdüyümüz anda İradə xanımın qoluna ilan sarıldı, təsəvvür edin, nə hala düşdük. Köməyə gələn bəy ilanın başından tutub dənizdən çıxardı. Bu adam olmasaydı, qorxudan 6 meyit olmuşduq. Hələ də özümüzə gələ bilmirik, qışqırmaqdan səsimiz də batıb.

    Bu oğlan bizim qəhrəmanımız oldu. Adını bilmədiyimiz həmin şəxsə təşəkkür edirik. Allah onu qorusun!”

    Xəzərin sahilindəki çimərliklərdə su ilanlarının olması normal hal kimi qarşılansa da, ilk dəfə onu görənləri qorxudur. Onlarla üz-üzə gəlməmək üçün sahillərdə daşlı-qayalı ərazilərdən, qamışlıq yerlərdən uzaq durmaq lazımdır.

    Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərov də saytımıza açıqlamasında qeyd edib ki, bununla bağlı hər hansı bir tədbir görülə bilməz: “Bəzi çimərlik yerlərinə bitişik daşlı-qayalı quru yerlər var, onlar da həmin ərazilərdə yaşayır. Bunların içərisində zəhərli gürzələr də var. Lakin bu canlıların dənizlə əlaqəsi yoxdur, yəni nə qidalanmaq üçün, nə də çoxalmaq üçün. Onlar çimərliyin dəniz olan hissəsinə girmirlər. Ancaq insanlar ərazidə səs edərsə, ocaq yandırarsa, maşın saxlayarsa, həmin ilanlar oyanır. Belə narahatlıqlar olduqda onlar özlərini xilas etmək üçün suya atılırlar. Bu təbii ki, çox nadir ehtimaldır. Ancaq sırf su ilanı insan üçün təhlükəli deyil.

    Bunlardan qorunmaq üçün nə tədbir görülə bilər ki? İlanları tutub başqa yerə apara bilmərik ki, burada insanlar istirahət edir. Yəni, bu, mümkün deyil. Amma hər bir halda insan üçün təhlükəlidir. İnsanlar sadəcə ehtiyatlı olmalıdır”.

  • Uşaq peçenyesinin içindən dəmir parçası çıxıb? – Fotolar

    Bakıda mağazadan alınan uşaq peçenyesinin içindən dəmir parçasının çıxdığı iddia olunur.

    Bu barədə Mirəli Süleymanov adlı valideyn sosial şəbəkə hesabında paylaşım edib.

    “Bu, uşaqlar üçün alınan “Bolluq LTD” MMC məhsuludur. Sizcə, bunu uşaq yesə, sağ qalarmı?! Çox məsuliyyətsizlik edirlər, uşağı zülmlə saxla, hansısa firmanın diqqətsizlik və məsuliyyətsizliyinə qurban ver. Utanın heç olmasa, öz övladlarınızı düşünün”, – deyə M.Süleymanov bildirib.

    Məsələ ilə bağlı “Bolluq LTD” MMC-nin Keyfiyyətə nəzarət və laboratoriya departamentinin müdiri Məmməd Dünyamalıyev saytımıza açıqlamasında bildirib ki, şikayət araşdırılıb və həmin məhsulun “Bolluğ”a məxsus olmadığı üzə çıxıb: “Məlumat bu gün səhər bizə daxil olub. Həmin məhsulun foto müşahidəsi aparılanda elə görünür ki, qeyd olunan peçenye yağlıdır və onun tərkibi iki lay qatdan ibarətdir. Amma orada göstərilən məhsul isə üçqatlı tort məhsulunun strukturudur. Yəni ambalaj bizimdir, amma orada qoyulan məhsulun isə bizim məhsulla uzaqdan-yaxından əlaqəsi yoxdur. Dəfələrlə belə hallar baş verib. Yəni sellofan bizim olur, içinə isə suxarı məhsulu tökürlər ki, bu, “Bolluğ”un məhsuludur, içindən iy gəlir və s. Məhsulu araşdırdıqda isə görürsən ki, suxarı qırıntılarının heç bizim istehsalımızla əlaqəsi yoxdur. Bunlar hamısı şantaj xarakterlidir və yaxud müəyyən bir vəsait almaq üçün edilir”.



  • Abşerondakı partlayışda yaralanan kişi öldü

    Bir həftə əvvəl Abşeron rayonu Xırdalan şəhərində baş vermiş partlayışda yaralanan şəxs dünyasını dəyişib.

    Abşeron Gənclər Şəhərciyində Günel Əliyevanın yaşadığı evdə qaz sızmasından baş vermiş partlayış zamanı bina 37 mənzil 27-də ağır yanıq xəsarətləri alan 1976-cı il təvəllüdlü Novruz Mirzəbala oğlu Ağayev Respublika Yanıq Mərkəzində vəfat edib.

    O, iyulun 14-ü saat 20 radələrində xəstəxanada ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • 78 nəfərin öldüyü yanğında müdir ailəsi ilə hoteldən sakitcə çıxıbmış – Video

    Türkiyədə hoteldə xeyli sayda insanın ölümü ilə nəticələnmiş yanğınla bağlı yeni görüntülər ortaya çıxıb.

    Median.Az İHA-ya istinadən xəbər verir ki, yanğın baş verən gün təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərdən hotel müdiri ilə ailəsinin qonaqlara xəbər vermədən binanı sakitcə tərk etdikləri məlum olur.

    Xatırladaq ki, yanvarın 21-də Bolu vilayətində “Kartalkaya” xizək kurortunda yerləşən “Grand Kartal” hotelində baş vermiş yanğında 78 nəfər ölüb, 133 nəfər isə yaralanıb. Yanğın zamanı hoteldə ümumilikdə 238 qonaq olub.

  • Dördqat dünya çempionu it dişləməsi nəticəsində xəsarət alıb

    Norveçli xizəçki, dördqat dünya çempionu Emil İversen it dişləməsi nəticəsində xəsarət alıb.

    “Report” “Adresseavisen” nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı idmançı qaçış zamanı itin hücumuna məruz qalıb.

    Hadisədən dərhal sonra o, təcili yardım otağına aparılıb. Xəsarət ağır olmadığı üçün İversenin yarasına dikiş atmağa ehtiyaca qalmayıb.

    Qeyd edək ki, Emil İversen həm də 2022-ci il Olimpiya estafetinin gümüş mükafatçısıdır.