Month: July 2025

  • Avropada qızılcaya yoluxma sürətlənib

    Avropa və Mərkəzi Asiyada vaksinasiya səviyyəsinin aşağı olması ilə əlaqədar qızılcaya yoluxma halları rekord həddə çatıb.
     
    Median.Az “Trend”ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat açıqlayıb.
     
    “Avropada və Mərkəzi Asiyada qızılcaya tutulma hallarının sayı son 25 il ərzində ən yüksək həddə çataraq, 2023-2024-cü illər ərzində iki dəfə artıb”, – deyə məlumatda qeyd olunub.

    Materialın müəllifləri bildirirlər ki, 2024-cü ildə regionun ölkələrində 149 min qızılcaya tutulma halı qeydə alınıb, halbuki bir il əvvəl yoluxma hallarının sayı 61 min nəfərə yaxın idi.

  • Özünə peyğəmbər deyərək 4 il gizlənə bildi- Qətlə görə tutuldu (FOTO)

    2021-ci ilin iyul ayında atası ilə birgə Abşeron rayonunda qətl törətməkdə ittiham olunan Emin Ramazanov tutulub.
     
    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Qobu qəsəbəsində 29 yaşlı Ülfət Höccətovu amansızlıqla qətlə yetirməkdə və evi yandırmaqda şübhəli bilinən şəxs dörd il sonra polis əməkdaşları tərəfindən saxlanılıb. O, istintaqa təhvil verilib.
     
    Emin Ramazanov daha əvvəl mediada bir sıra saytlarda çalışıb və özünü baş redaktor kimi təqdim edib. Daha sonra o, özünü “peyğəmbər” elan edib, onkoloji xəstələri üç saata müalicə etdiyini, əllərində bioenerji olduğunu deyərək müxtəlif əməllər törədib. E.Ramazanovun xüsusi libas geyinərək hansısa ritual həyata keçirməsi və həmin vaxt “müalicə etdiyi” qadının huşunu itirməsinə dair görüntülər də sosial şəbəkələrdə yayılıb.
     
    Onu da qeyd edək ki, qətl hadisəsi Eminin arvadı olan Şəms Höccətovun birinci həyat yoldaşından qisas alınması planı vaxtı yanlışlıqla törədilib. Belə ki, Emin və atası Şəmsin keçmiş əri Ceyhunun evdə olduğunu düşünərək mənzilə basqın ediblər. Lakin evdə Ceyhun yox, kiçik qardaşı Ülfət olub və onlar gənci qətlə yetirərək evə od vurublar.
     
    Bu hadisəyə görə Eminin atası Cahangir Ramazanova 19 il həbs cəzası verilib.

    Geridə qalan dörd il ərzində E.Ramazanovun harada gizlənməsi və digər detallar hazırda araşdırılır.
     

    Fotoda: Cahangir Ramazanov
    Fotoda: Ülfət Höccətov

  • Attestat qiymətləri əla, nəticə sıfır: Valideyn-müəllim anlaşması olub?

    “Düşünürəm ki, bu statistika ciddi şəkildə araşdırılmalıdır və bununla bağlı cəmiyyətə açıqlama verilməlidir. Cəmiyyət yaranmış problemin kökündə nəyin durduğunun bilməlidir”.

    Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov attestat qiymətləri əla olan abituriyentlərin qəbul imtahanlarında 40-dan aşağı bal toplaması ilə bağlı statistikadan danışarkən deyib.

    Deputat səbəb kimi bu məsələdə ilk versiyanın məktəblə şagirdin ailəsi arasında iş birliyinin olduğunu hesab edir:

    “İlkin nəzərə çarpan odur ki, bu gün burada hansısa bir iş birliyi və hansısa birgə fəaliyyət var. Ona görə biz bu kimi məsələləri ciddi nəzarətdə saxlamalıyıq”.

    Deputat əslində bunun narahatedici və çox ciddi statistika olduğunu xatırladıb:

    “Ona görə problemə diqqətlə yanaşmalıyıq. Düşünürəm ki, bu sıradan və sadə bir məsələ deyil. Doğrudan da düşündürücü bir məsələdir ki, bu necə olub. Nəinki bəzi, bir çox məktəblərimizdə qiymətlər real yazılmır. Hansısa formada məktəblə şagirdin ailəsi arasında anlaşma olub. Anlaşma nəticəsində belə bir hal yaranıb. İlkin olaraq görünən budur”.

    Xatırladaq ki, bu il keçirilən qəbul imtahanlarında attestat qiymətləri əla olan abituriyentlər qəbulda 40-dan aşağı bal toplayıblar.

    Ana dili fənnindən attestat qiymətləri “əla” olan 38 377 abituriyentin 1 392 nəfəri imtahanda cəmi 0–40 bal toplayıb. Onların 334 nəfəri isə, ümumiyyətlə, 0–20 bal intervalında nəticə göstərib.

    Riyaziyyat fənni üzrə vəziyyət daha da kəskindir. Bu fəndən əlaçı attestatı olan 26 362 abituriyentin 5 114 nəfəri yalnız 0–40 bal toplaya bilib. Onlardan 1 257 nəfərin nəticəsi isə 0–20 bal aralığında qalıb.

    Xarici dil fənni üzrə isə 0–40 bal aralığında nəticə göstərənlərin sayı 4 909 nəfərdir. Ümumilikdə, bu fənn üzrə 33 740 nəfərin attestat qiyməti “əla” olsa da, onlardan 1 123 nəfəri yalnız 0–20 bal toplaya bilib.

  • Bakıda zibili eşşək arabası ilə daşıyırlar: “Beş manatdan pul yığırıq” (VİDEO)

    Zirə qəsəbəsində zibil problemi gündəmə gəlib. Sosial şəbəkədə yayılan videoda bir kişinin eşşək arabası ilə zibil daşıdığı görünür. Məsələ sosial mediada geniş rezonans doğurub.

    Median.Az Bakupost.az-a istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, qəsəbədə zibil konteynerləri yoxdur, küçələr isə zibil yığınları ilə doludur:

    “Qəsəbə ərazisinə baxış keçirsəniz, özünüz görəcəksiniz. Zibil dizə çıxır. Nə konteyner qoyurlar, nə də maşın gəlir zibili daşımağa. Məcbur olub eşşək arabası ilə zibil daşıyırıq. Beş manatdan yığıb eşşəyin sahibinə veririk ki, zibilləri yükləyib aparsın.”

    Məsələ ilə bağlı Zirə Bələdiyyəsindən bildirilib ki, videodan məlumatlıdırlar, lakin həmin zibili onlar yığmırlar. Məsuliyyətin ünvanı kimi Xəzər Rayon İcra Hakimiyyətini göstəriblər.

    İcra hakimiyyətindən isə qeyd olunub ki, ümumiyyətlə, zibil yığmaq onların səlahiyyətində deyil:

    “Mənzil Kommunal Təsərrüfat Birliyi ilə əlaqə saxlayın”.

    Mənzil Kommunal Təsərrüfat Birliyi isə məsələ ilə bağlı açıqlama verməyib.

  • Bakıda satılan ən bahalı mənzillər (SİYAHI)

    Bakıda satılan ən bahalı mənzillər məlum olub.

    APA-nnı əmlak elanları əsasında apardığı araşdırmaya görə, hazırda Bakıda satılan ən lüks mənzillər şəhərin nüfuzlu yaşayış komplekslərində yerləşir.

    Söhbət “Crescent Residences”, “Port Baku Residences”, “Park Hill Terrace” və “Hayat Palace” lüks yaşayış komplekslərindən gedir. Burada hazırda satışda sahəsi 246-772 kv.metr 4-8 otaqlı mənzillərin qiyməti 2,6- 5,6 milyon manat arasında dəyişir.

    Bakıda ən bahalı mənzil isə “Crescent Residences”də yerləşir. 4 otaqlı 375 kv.metrlik mənzilin qiyməti 5 milyon 610 min manatdır.

    Bakıda bir kv.metr üzrə ən bahalı mənzillər isə “Crescent Residences” və “Port Baku Residences”də yerləşir. “Crescent Residences”də bu rəqəm 14,9-17 min manat, “Port Baku Residences”də isə 12,9 min manat təşkil edir.

    Qeyd edək ki, son üç ildə dəniz mənzərəli, böyük terraslı bu mənzillərin qiyməti 3 dəfəyə yaxın artıb.

    Digər mənzillər haqqında daha ətraflı aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

  • Məşhur aktrisa özündən 11 yaş kiçik aktyorla sevgilidir

    Hollivud aktrisası Cessika Alba özündən 11 yaş kiçik olan aktyor Deni Ramireslə romantik münasibət qurub.

    Bu barədə “Daily Mail” yazıb.

    44 yaşlı Cessika Alba 33 yaşlı Deni Ramireslə birlikdə Kankuna uçan təyyarəyə minərkən görülüb. Məlumata görə, sevgililər 13 iyulda birlikdə Los-Ancelesə qayıdıblar. Onların tanışlıq tarixi məlum deyil.

    “People” jurnalının mənbəyə istinad edərək verdiyi məlumata görə, Cessika Alba hazırda ciddi münasibət üçün hazır deyil: “Boşanmadan sonra diqqət mərkəzinə çevrilib. O, azadlığından zövq alır. Görüşləri olsa da, heç nə ciddi deyil, o, uşaqlarına və özünə diqqət yetirir. Hazırda münasibətlər onu maraqlandırmır”.

    24 mayda aktrisa Londonun Ricent Parkında naməlum kişi ilə gəzintidə görüləndə pərəstişkarları bunu onun yeni sevgilisi kimi şərh ediblər.

    Cessika Alba 20 illik evlilikdən sonra Keş Uorrenlə yanvar 2025-də boşanıb. Səbəb kimi fikir ayrılıqları göstərilib. Cütlüyün 16 yaşlı Onor Mari, 13 yaşlı Hevın Qarner və 7 yaşlı Heys adlı övladları var.
    //qaynar

  • Ətin qiymətində mövsümə uyğun olmayan bahalaşma: Artım davam edəcək?

    Son günlər ölkədə mal ətinin, xüsusilə erkək dana ətinin qiymətinin artması müşahidə olunur. Bir neçə gün öncəyə qədər kiloqramı 15 manata satılan ət indi bəzi yerlərdə 15,5-16 manata təklif olunur. Qiymət artımı təkcə iri marketlərdə deyil, kiçik satış və kəsim məntəqələrində də qeydə alınıb. Bu da həm alıcıların narazılığına, həm də mövsümün təsiri ilə bağlı sualların yaranmasına səbəb olub. Ancaq bahalaşmanın səbəbi kimi daxildə danaların azlığı və yay aylarında maldarlığa marağın azalması göstərilir.

    Bəs yay aylarında maldarlığa marağın və kəsimlik heyvanların sayının azalması ət qiymətlərindəki artımı izah edə bilərmi? Bu, mövsümi dəyişkənlikdir, yoxsa daha ciddi struktur problemin əlamətidir?

    Qaynarinfo-nun suallarını cavablandıran iqtisadçı Akif Nəsirli bildirib ki, Azərbaycanda yerli ət istehsalı ildən-ilə azalır. Buna görə də bütün ilboyu ətin qiymətində bahalaşma müşahidə edilir:

    “Əvvəllər yay aylarında təlabat azaldığına görə ətin qiymətində ucuzlaşma müşahidə edilirdi. Amma indi əksinədir, həm tələbat var, həm qiymət artımı”.

    Akif Nəsirli deyib ki, ölkəmizdə ətin baha olmasının əsas səbəbi heyvandarlığın inkişaf etdirilmə imkanlarının dar olması ilə bağlıdır:

    “Gələcəkdə ölkədə heyvandarlığın dəstəklənməsi, işğaldan azad olan ərazilərdə heyvandarlığın inkişaf etdirilməsi mümkün olsa, ətin qiymətində mümkün ucuzlaşma baş verə bilər. Bu gün Azərbaycanda ətin baha olmasının əsas səbəbi heyvandarlığı inkişaf etdirilməsi imkanlarının dar olması ilə bağlıdır. Demək olar ki, bu sahədə idarə etmə yoxdur. Kənd təsərrüfatı sahələri içərisində ən çox bu sahə sıxışdırılıb”.

    Ekspert vurğulayıb ki, əsasən yayda heyvanların saxlanılma xərcləri artır. Artan xərclər də qiymətlərə daha çox təsir edir:

    “Azərbaycanda əsasən ətlik heyvanlar qapalı şəraitdə saxlanılır. Bundan başqa, yay aylarında heyvanlar arasında xəstəliklər çoxalır. Belə olan halda da ətlik üçün saxlanılan danaların tələf olması kimi hallar artır. Qış aylarına nisbətən yayda heyvanları qapalı şəraitdə saxlamaq daha çətindir. Qapalı şəraitdə saxlanılan heyvanlara yay aylarında xüsusi qulluq tələb olunur”.

    Həmsöhbətimiz ətin bir daha yenidən indiki qiymətdən aşağı satılmayacağını düşünür:

    “Artan xərclər də qiymətlərə daha çox təsir edir. Çünki maya dəyəri artır, buna görə də qiymətlər artır. Hesab etmirəm ki, sentyabr, oktyabr aylarında bu artımın geri dönüşü olsun. Yəni ətin bir daha indiki qiymətindən aşağı satılması mümkün deyil. Həmin dövrə qədər də müəyyən qədər inflyasiya gedəcək və qiymətlər bu yay mövsümündən başlayaraq 16 manat civarında sabitləşəcək. Daha sonra isə vəziyytə baxaraq yenidən qiymətləndirmə aparmaq olar”.

    Akif Nəsirli son olaraq qeyd edib ki, ətin qiymətindəki sabitliyin tarazlanmasına idxal ət artımı dəstək ola bilər:

    “Bu gün ölkəyə külli miqdarda ət idxal edilir. İdxal ət daha ucuzdur. Buna görə də ət alan əhalinin idxal ət almağa meyillənməsi daha çox artacaq. Bu da bazarda bir qədər tarazlığın yaranmasına səbəb ola bilər”.

  • “Xalq artisti adını sənə sponsorun da verdirə bilir” (VİDEO)

    “Xalq artisti” adını sənə bibin, dayın, əmin, bibin və yaxşı sponsorun verdirə bilər. Amma “Xalqın artisti” olmaq xoşbəxtlikdir. Bunu sənə xalq verir və dövlət təsdiqləyir”.

    Bu sözləri Xalq artisti Afaq Bəşirqızı “9 otaq” yutub layihəsində deyib. Aktrisa fəxri adlardan danışıb.

    “Xalq artisti əyləndirmək çox oyatmalıdır. Əylənmək 1 və ya yarım saat olar. Hər hansı komediya tamaşasına baxanda olar. Hamı istəyir əylənmək. Hərdən adam problemlərdən o qədər boğaza yığılır ki, deyir, başımı nə iləsə qatım. Sosial şəbəkəyə baxırsan alınmır, bilmədiyini də öyrədirlər. Özün özünü əyləndirməyi, başını qatmağı bacarmalısan. Yoxsa yaşaya bilməzsən.

    Vəzifə adamı olmağı istəməmişəm. Zəifə, imkansıza, öz aləmində olan aktyora, aktrisaya yardım əli uzadıram. Öz kreslomda oturub bunu etmək mənlik deyil. Orada daha da zəifləyərəm. Belə mübarizəm. Orada mənə çox sözü deməyə qoymayacaqlar. Azadlığı sevirəm. Müəyyən dairələr var, qaydalar var, onların dedikləri ilə oturub-durmalısan. Onlar deyən olmasa səni şampan butulkası kimi atarlar. Deyirlər, dövlət qurumudur, belə etməlisən. Bununla razılaşanlar var, mən yox”.//Axşam.az

  • Valideynləri onlara milyardlıq imperiyalar verdi: Ən zəngin varislər-2025

    Hər bir övladını sevən valideyn, ona ən yaxşı həyatı verməyə çalışır. Valideynlər təkcə uşaqlarını həyatda necə böyütmək barədə deyil, həm də onların ölümündən sonra nələri miras alacağı barədə düşünürlər. Sadə ailələr, ən yaxşı halda mənzil miras qoyduğu halda, dünyanın ən varlı insanları bütöv imperiyalar ötürür.

    Qaynarinfo xəbər verir ki, “Forbes” jurnalı valideynlərindən sərvət miras almış iyirmi ən zəngin şəxsin reytinqini açıqlayıb.

    Dünyanın ən varlı ailəsi – Mirasın dəyəri

    Bəziləri bu sərvətdən istifadə edərək öz bizneslərini qurublar, digərləri isə ata və ya ana işini davam etdiriblər. Hər iki halda bu milyarderlər pulları istədikləri kimi yönləndiriblər və bu gün onların bank hesablarında milyardlarla dollar var.

    Volton ailəsi

    Siyahının ilk üç pilləsində “Walmart” supermarketlər şəbəkəsinin banisi olmuş Sem Voltonun varisləri – Rob Volton, Cim Volton və Elis Volton yer alır.

    Həmçinin onların iki əmisi qızı, gəlinləri Kristi Volton və qardaşıoğlu Lukas Volton birlikdə bu pərakəndə nəhəngin 45%-ə yaxın səhmlərinə nəzarət edirlər. Rob, Cim və Elis Voltonun sərvətləri müvafiq olaraq 110, 109 və 101 milyard dollar olaraq qiymətləndirilir.

    Mukeş Ambani

    Hindistanlı milyarder Mukeş Ambani “Reliance Industries” adlı nəhəng şirkəti atasından miras alıb. Şirkət enerji, neft-kimya, pərakəndə satış, telekommunikasiya və media sahələrində fəaliyyət göstərir.

    Ambani qardaşı Anil ilə birgə şirkəti idarə etsə də, aralarında yaranan fikir ayrılığı səbəbilə imperiya bölünüb. Anilin uğursuz layihələrindən sonra Mukeş Ambani Hindistanın ən varlı insanı elan edilib. Onun sərvəti 92,5 milyard dollar dəyərindədir.

    Fransuaza Bettankur-Mayers

    Digər varlı varislər isə “L’Oreal” şirkətinin sahibləridir. Fransuaza Bettankur-Mayers – 1909-cu ildə “L’Orealı” təsis etmiş Ejen Şuellerin nəvəsidir. Bugün bu korporasiya kosmetika sahəsində qlobal liderdir.

    Fransuaza 2025-ci ilə qədər direktorlar şurasının üzvü olub və sərvəti 100 milyard dollar olaraq dəyərləndirilir.

    Culiya Kox

    1940-cı ildə Fred Kox neft emalı sahəsində fəaliyyət göstərən “Koch Inc.” şirkətini təsis edib. 1967–2019-cu illərdə bu şirkəti Fredin oğulları Çarlz və Devid Kox idarə ediblər. Devid Koxun vəfatından sonra onun həyat yoldaşı Culiya və üç övladı şirkətin 42% səhmini miras alıblar.

    2025-ci ildə Culiya Koxun sərvəti 74,2 milyard dollar olaraq qiymətləndirilir.

    Jaklin və Con Mars

    Beşinci yeri isə “Mars Incorporated” şirkətinin varisləri tutur. Şirkətin təsisçisi Frenk Marsın nəvələri – Con, Jaklin və Forrest kiçik – şirkətin hər biri 1/3 hissəsinə sahibdir. Con və Forrest 1975-ci ildən şirkətin həmprezidentləri olmuş, Jaklin isə 2001-ci ilə qədər 20 il orada çalışaraq daha sonra direktorlar şurasının üzvü vəzifəsini icra etmişdir.

    “Forbes”ə görə Con və Jaklin Marsın hər birinin sərvəti 42,6 milyard dollardır.

  • Hər gün pivə içsəniz, bədəninizdə nələr baş verəcək?

    Pivənin az miqdarda və nadir hallarda qəbulu zərərsiz görünə bilər, lakin bu içkini hər gün istehlak etmək sağlamlığınız üçün ciddi fəsadlara səbəb ola bilər. Gündəlik pivə istifadəsi orqanizmdə bir çox gözlənilməz dəyişikliklərə yol aça bilər.

    Qaynarinfo xəbər verir ki, “Eat This, Not That” platformasında dərc olunmuş məlumatlara görə, pivənin gündəlik istifadəsi aşağıdakı beş təsiri ilə diqqət çəkir:

    1. İmmunitet sisteminin zəifləməsi

    Güclü immun sisteminin sağlam həyat üçün vacib olduğu bilinir. Lakin həkim-immunoloq Kara Vada bildirir ki, hər gün pivə içmək bağırsaq divarını qıcıqlandıra və bağırsaq mikrobiomunun pozulmasına səbəb ola bilər. Bu da bağırsaq keçiriciliyinin artması ilə nəticələnir. Nəticədə, tez-tez soyuqdəymə, allergiya, dəri xəstəlikləri, maddələr mübadiləsinin zəifləməsi və ya autoimmün pozuntular yarana bilər.

    2. Yuxu pozuntuları

    Pivə qəbulundan sonra bədəndə yuxululuq hissi yaransa da, bu, bərpaedici yuxunun keyfiyyətini aşağı salır. Dr. Kara Vada qeyd edir ki, spirt sürətli göz hərəkəti (REM) yuxusunu zəiflədir və bu da emosional sabitlik, yaddaş və psixoloji bərpa üçün zərərli nəticələrə səbəb olur. Nəticədə insan özünü ertəsi gün yorğun və enerjisiz hiss edir.

    3. Dişlərin vəziyyətinin pisləşməsi

    Stomatoloq Sandip Saçarın sözlərinə görə, pivə fermentasiya olunmuş karbohidratlar ehtiva edir ki, bu da ağız boşluğundakı zərərli bakteriyaların çoxalmasına və diş daşlarının yaranmasına səbəb olur. Bundan əlavə, gündəlik pivə istehlakı ağız quruluğu (kserostomiya) riskini artırır, bu isə ağız infeksiyaları və diş çürüməsi ilə nəticələnə bilər.

    Tüpürcəyin azalması, ağızdakı turşuları neytrallaşdırmaq və diş minasını qorumaq funksiyasını da zəiflədərək, ümumi ağız sağlamlığına mənfi təsir edir.

    4. Çəki artımı

    “Pivə qarını” anlayışı təsadüfi yaranmayıb. Spirtli içkilər orqanizmdə toksin kimi qəbul edilir və orqanizm onun parçalanmasına üstünlük verir. Bu proses, qarın boşluğunda yerləşən və orqanları əhatə edən visseral piyin yığılmasına səbəb olur. Visseral piy isə iltihabı artırır və qaraciyərin piylənməsi, insulinə qarşı müqavimət kimi metabolik pozuntulara yol açır.

    5. Xərçəng riskinin artması

    Klinik dietoloq, “Necə yemək, necə içmək vərdişlərini dəyişir” kitabının müəllifi Bruk Şeller qeyd edir ki, alkoqol bədənin ümumi metabolik proseslərinə mənfi təsir göstərir və yeddi növ xərçənglə əlaqələndirilir. Hətta az miqdarda və ya gündəlik içilən pivə də qaraciyərin digər funksiyalarını arxa plana atır və hüceyrə səviyyəsində dəyişikliklərə səbəb ola bilər.

    Pivəni nə vaxt dayandırmaq lazımdır?

    Amerikalı nevroloq Riçard Restak bildirir ki, 65 yaşdan sonra spirtli içkilərdən tamamilə imtina edilməlidir. Bu yaşdan sonra demensiyanın inkişaf riski beşqat artır və hər beş ildən bir bu risk daha da yüksəlir.