Month: July 2025

  • Marsdan Yerə düşən 25 kq-lıq daş hərraca çıxarılacaq

    İyulun 16-da “Sotheby’s” hərrac evi Marsdan Yerə düşən 25 kq-lıq daşı hərraca çıxaracaq.

    Ltun təxmini dəyəri 2 milyon dollardan 4 milyon dollara qədərdir.

    Hərrac evinin kataloqu daşı “Yerdəki Marsın ən böyük parçası” adlandırıb. Qaya parçasının asteroidin güclü zərbəsi nəticəsində Marsın səthindən qopduğu ehtimal edilir. Bundan sonra daş kosmosda 225 milyon km uçub və Saxaraya düşüb.

    Qiymətli əşya 2023-cü ilin noyabrında aşkarlanıb.

    Yer üzündə aşkar edilmiş 77 min meteoritdən yalnız 400-ü Mars meteorudur. Marsdan tapılan qaya parçalarının ümumi çəkisi 374 kq-dır.

    Hərraca çıxarılacaq digər lotlar arasında ABŞ-da qazıntılar zamanı tapılmış hündürlüyü 2 m və uzunluğu 3 m olan gənc seratozavrın skeleti də var. Yaşın 154-149 milyon il olduğu təxmin edilir. Lotun təxmini qiyməti 4 milyon dollardan 6 milyon dollara qədərdir.

  • Sumqayıta yeni hərbi prokuror təyin edildi

    Respublika hərbi prokurorunun müavini işdən azad olunub.

    APA-nın xəbərinə görə, Baş prokuror Kamran Əliyev bununla bağlı əmr imzalayıb.

    Əmrə əsasən, hərbi prokurorun müavini Mehdi Hüseynzadə vəzifəsindən azad edilib.

    Bu vəzifənin icrası Hərbi Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsinin rəisi Nihad Şıxəliyevə həvalə olunub.

    Kamran Əliyevin digər əmri ilə Baş Prokurorluğun İstintaq İdarəsinin böyük prokuroru Ağakişi Acalov Sumqayıt Hərbi prokuroru təyin edilib.

  • İsrail ordusu Suriyada İran zabitlərini həbs edib

    İsrail ordusu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qanadının zabitlərini Suriyada həyata keçirdiyi gizli əməliyyatla həbs edib.

    “Azad İran” “Telegram” kanalı xarici KİV-ə istinadən xəbər verir ki, əməliyyat İranın İsrailə qarşı planlaşdırdığı hücumun qarşısını almaq məqsədi daşıyıb.

    Hərbi əməliyyat dünən gecə saatlarında başlayıb və Qüds qanadının zabitləri yatarkən bir neçə nöqtədə eyni anda həyata keçirilib.

    Əməliyyat İsrail Müdafiə Qüvvələrinin ehtiyat briqadası olan 7012-ci taborun rəhbərliyi, xüsusi təyinatlı bölmələr və kəşfiyyat qruplarının iştirakı ilə keçirilib.

    İsrailli komandanlar bildiriblər ki, əməliyyat uzunmüddətli kəşfiyyat və planlaşdırmanın nəticəsidir və İranın bölgədəki terror şəbəkəsinin ifşası baxımından əhəmiyyətlidir. İsrail ordusu əməliyyatın Suriyada İranın təsirini zəiflətmək üçün mühüm addım olduğunu vurğulayıb.

  • Dəmiryol vağzallarında kassaların fəaliyyəti dayandırılır

    “Azərbaycan Dəmir Yolları” (ADY) QSC iyulun 15-dən etibarən Bakı və Gəncə vağzalları istisna olmaqla rayonlararası istiqamətlər üzrə vağzal və stansiyalarda kassaların fəaliyyəti mərhələli şəkildə dayandırılacaq.

    Bu barədə ADY məlumat yayıb.

    Bildirilib ki, bu addım kağızdan istifadənin minimuma endirilməsi, ətraf mühitə mənfi təsirin azaldılması, eləcə də əməliyyat səmərəliliyinin artırılması və daha rahat, növbəsiz bilet alışının təşviqi məqsədilə atılır.

    “ADY bilet satışı üzrə əməliyyatları sürətləndirmək üçün “ADY Mobile” tətbiqini və rəsmi veb-saytını (ticket.ady.az) daha da təkmilləşdirib. Həmçinin saytda inklüzivliyin qorunması məqsədilə “Müyəssərlik” menyusu əlavə edilərək hər kəs üçün əlçatan xidmət təmin edilib”, – deyə məlumatda bildirilib.

    Xidmət keyfiyyətinin yüksəldilməsi nəticəsində son illər bilet alışında mobil tətbiqinin və ADY-nin rəsmi saytının payı artıb. Artıq “ADY Mobile” istifadəçilərinin sayı 250 mini ötüb, təkcə son 6 ayda 90 minə yaxın istifadəçi tətbiqi yükləyərək “ADY Mobile”ın geniş imkanlarından yararlanıb. Ötən il rayonlararası istiqamətlərə səfərlərdə 70 % sərnişin biletlərini onlayn şəkildə əldə edib. Bu ilin 6 ayında isə bu rəqəm 80%-ə yaxınlaşıb.

    Sərnişinlər onlayn bilet satışının daimi aktiv olması nəticəsində məkan və zamandan asılı olmayaraq həm özlərinə, həm də ailə üzvləri və yaxınlarına rahat bilet almaqla vaxtlarına maksimum qənaət edirlər:

    “Qeyd edək ki, Bakı və Gəncə vağzallarında yerləşən kassaları çıxmaq şərti ilə, kağız bilet alışının cəmi 8%-i rayonlarda yerləşən kassalarla həyata keçirilir. Qazax, Ləki və Ucar stansiyaları, Göynük, Qorağan, Əliabad və Göyəm dayanacaqları istifadəyə verildikdən sonra bu istiqamətlər üzrə bilet satışı onlayn təşkil edilir. Həmçinin 2023-cü il iyulun 1-dən etibarən kağız istifadəsinin azaldılması məqsədilə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən qatarlara kağız biletlərin satışı dayandırılıb. Bu marşrut üzrə qatarlarda gediş bank kartı, “ADY Mobile” tətbiqi və ADY kartı ilə təmassız və rahat şəkildə həyata keçirilir”.

    “Sərnişin və yük daşımalarında kağızsız əməliyyatların tətbiqi ADY-nin prioritetlərindən biridir və artıq bu istiqamətdə real nəticələr əldə olunmaqdadır. 2023-cü ildə BMT-nin Qlobal Sazişinə qoşulan ADY BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq ətraf mühitin qorunmasına və iqlim dəyişikliyinə qarşı mübarizəyə xüsusi önəm verir.

    Son illər ərzində istifadəyə verilən “ADY Mobile” tətbiqi, “ADY Smart”, elektron portal, habelə yüklərin elektron qaimə ilə yola salınması kimi rəqəmsal həllər əməliyyatların sadələşdirilməsi ilə yanaşı, kağızdan istifadənin minimuma endirilməsinə yönəlib. Paralel olaraq, hərəkətin təhlükəsizliyi istiqamətində daxili prosedurların tam rəqəmsallaşması həyata keçirilib.

    Kağız biletlərin istifadəsinin azalması həm də Azərbaycanın kağızsız əməliyyatlara, rəqəmsal iqtisadiyyata keçidinin real göstəricisidir”, – deyə məlumatda qeyd olunub.

  • Şəhidlər məscidinin imamına qarşı “iPhone” dələduzluğu

    Şəhidlər məscidinin imamı Şaiq Əliyev dələduzluqla üzləşib.

    Median.Az “Qaynarinfo”ya istinadla xəbər verir ki, onu əvvəldən tanıdığı Fəqan Əhmədov adlı şəxs aldadıb.

    Fəqan Əhmədov Şaiq Əliyevlə Şəhidlər məscidində tanış olub. O, Şaiq Əliyevlə qonşuluqda yaşadığını, bir din xadimi kimi ona böyük hörməti olduğunu deyərək etibarını qazanıb. Özünü Şaiq Əliyevə müsahib kimi təqdim edən Fəqan Əhmədov din xadiminin “iPhone 15” markalı telefonunda problem olduğunu bilib. Bu barədə ona Şaiq Əliyevin özü bildirib. Fəqan Əhmədov din xadiminə narahat olmamağı, telefonu yenisi ilə dəyişməkdə ona yardımçı olacağını deyib.

    O, barter üçün 180 manat pul lazım olduğunu əlavə edib. Şaiq Əliyev telefonu və pulu Fəqan Əhmədova verib. Lakin ikinci verdiyi vədi yerinə yetirməyib və bununla da Şaiq Əliyevə 2000 manata yaxın ziyan vurub.

    Fəqan Əhmədov başqa bir tanışına da Çindən diş üçün nəzərdə tutulmuş implantlar gətirəcəyini deyərək ondan hissə-hissə 22 500 manat alıb.

    Barəsində hüquq-mühafizə orqanlarına şikayətdən sonra o saxlanılıb. Daha sonra Fəqan Əhmədova Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib. Barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işinin məhkəmə istintaqı Abşeron Rayon Məhkəməsində aparılıb.

    Məhkəmənin hökmü ilə Fəqan Əhmədova 2 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun həbsdə olduğu 7 ay 25 günlük müddət 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 11 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

  • 11 milyon manat mənimsəmədə təqsirləndirilən Bulvar İdarəsinin sabiq sədri: “Təzyiq altındayam”

    Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə ittiham olunan Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və “GİRASOL” MMC-nin direktoru Fuad Babayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

    Hakim Leyla Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

    Dövlət ittihamçısı təqsirləndirilən şəxslərin barəsində seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılmasını təklif edib. prokuror bildirib ki, təqsirləndirilən şəxslərin barəsindəki həbs qətimkan tədbiri dəyişdirilərsə, onlar şahidlərə təsir göstərə bilər.

    Daha sonra İlqar Mustafayevin vəkilləri vəsatətlə çıxış ediblər. Vəkil həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib.

    Vəkil bildirib ki, şahidlərə təsir göstərmək mümkün deyil:

    “Çünki bu cinayət işi audit yoxlaması nəticəsində başlanılıb. İşin araşdırılması zamanı ifadə verən şahidlərin heç biri İlqar Mustafayevin əleyhinə ifadə verməyib. Cinayət işi müstəntiqin mülahizələrindən ibarətdir”.

    Vəkil deyib ki, İ.Mustafayevin səhhətində də ciddi problemlər var, onun təcridxana şəraitində müalicəsi müsbət nəticə verməyəcək. Ona görə də, onun barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilə bilər.

    Daha sonra çıxış edən Fuad Babayevin vəkili bildirib ki, müvəkkilinin 11 milyon manatlıq mənimsəmədə ittiham olunması qəbuledilməzdir:

    “Təqsirləndirilən şəxsin yaşadığı ev, bir torpaq sahəsi və avtomobili var. Biz bu əmlakların sənədlərini məhkəməyə təqdim edirik ki, 11 milyon manatlıq mənimsəmədə ittiham olunan şəxsin əmlakları bundan ibarətdir. Belə böyük mənimsəmədə ittiham olunan şəxsin əmlakı daha çox olardı. Biz bu sənədlərin sübutlar siyahısına əlavə olunmasını təklif edirik”.

    Təqsirləndirilən şəxs İlqar Mustafayev 18 aydır ki, təzyiqlər altında saxlanıldığını deyib:

    “Hesablama Palatası 2023-cü ilin dekabrında yoxlamaya başladı. 2024-cü ilin yanvarında yoxlama başa çatdı, mən vəzifədən azad olundum. 8 aya yaxın Nazirlər Kabineti yoxlama apardı. Avqust ayında məni dəvət etdilər. Orada 4 nəfər var idi. Mənə dedilər ki, 5 milyon manat vəsait əldə etmisiniz, onu verməlisən. Mən də dedim ki, bunu sözlə demək olmaz, bunu təsdiqləyən akt hanı? Dedilər ki, ya dediyimizi etməlisən, ya da sənədləri prokurorluğa göndərəcəyik. Elə də etdilər, avqust ayında işimi prokurorluğa göndərdilər. Mən dövlətə, dövlətçiliyə sadiq olmuşam. Məhkəmənin ədalətinə inanıram”.

    Məhkəmə vəsatətləri təmin etməyib və iş məhkəmə baxışına verilib.

    Məhkəmənin baxış iclası iyulun 28-ə təyin olunub.

    Qeyd edək ki, “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin fəaliyyətinin yoxlanılması ilə bağlı Azərbaycan Respublikasının Hesablama Palatasından daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. İbtidai istintaqla İlqar Mustafayevin “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri vəzifəsində işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə cinayət əlaqəsinə girib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilmiş ümumilikdə 12 milyon manatdan artıq pul vəsaitini vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib. Bundan başqa İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasına və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmasına əsaslı şübhələr müəyyən olunub.

    Toplanmış sübutlar əsasında İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib. İlqar Mustafayev barəsində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarı ilə həbs, digərləri barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

    İş üzrə müəyyən edilmiş maddi ziyanın ödənilməsini təmin etmək məqsədilə ümumilikdə 11 milyon manatdan artıq dəyərdə əmlak üzərinə həbs qoyulub.

  • В Азербайджане задержано более 4 000 нелегальных мигрантов

    В первой половине 2025 года 4 246 иностранцев были задержаны в Азербайджане в ходе мероприятий Государственной миграционной службы (ГМС) по борьбе с неконтролируемой миграцией.

    Как сообщает Median.Az со ссылкой на ГМС, в отношении этих лиц были вынесены административные постановления.

    Установлено, что задержанные проживали в стране без документов на право пребывания и проживания, занимались деятельностью, не соответствующей заявленной цели прибытия, были привлечены к незаконной трудовой деятельности или проживали не по месту регистрации.

    Всего за этот период в стране принято 9 714 решений по фактам нарушения правил пребывания, проживания, трудоустройства иностранцев и лиц без гражданства, а также по другим административным правонарушениям.

  • Azərbaycanda 4000-dən çox qanunsuz miqrant saxlanılıb

    Dövlət Miqrasiya Xidməti tərəfindən tənzimlənməyən miqrasiyaya qarşı keçirilən mübarizə tədbirləri çərçivəsində əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkədə olma, yaşama, işə cəlb olunma qaydaları və digər müvafiq inzibati hüquqpozmalarla bağlı 2025-ci ilin 1-ci yarımili ərzində ümumilikdə 9 714 qərar qəbul edilib.

    Bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, barəsində inzibati qərar qəbul edilən əcnəbilərdən 4 246 nəfəri Dövlət Miqrasiya Xidməti tərəfindən tənzimlənməyən miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı saxlanılıb. Onların ölkə ərazisində olma və yaşama hüququ verən sənədlər olmadan (qanunsuz) yaşaması, ölkəyə gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi və ya qeydiyyat ünvanı üzrə yaşamadığı müəyyənləşdirilib.

    Miqrasiya qanunvericiliyini pozan 1 007 əcnəbi Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılıb və ölkəyə girişləri qanunla müəyyən edilmiş müddətə məhdudlaşdırılıb, digərlərinin ölkə ərazisində yaşamalarının qanuniləşdirilməsi və ya ölkəni könüllü tərk etmələri təmin olunub.

    Bu dövr ərzində 11 halda ölkəyə tənzimlənməyən miqrasiyanın təşkili halları aşkar edilib. Aparılmış araşdırmalar zamanı əcnəbilərin müxtəlif məqsədlərlə ölkə ərazisinə gətirilmələri, ölkə ərazisindən istifadə etməklə üçüncü ölkələrə göndərilməsinin təşkili, gəldikdən sonra onların qanunsuz yollarla ölkə ərazisində iş və müvəqqəti yaşamaq üçün icazə vəsiqələri ilə təmin edilmələri ilə bağlı cəhdlər edildiyi müəyyən edilib. Həmin hallar üzrə toplanmış sübutlar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanlarına göndərilib.

    Dövlət Miqrasiya Xidməti tərəfindən tənzimlənməyən miqrasiyaya qarşı tədbirlər fasiləsiz davam etdirilir.

  • Binalarda fərdi istilik sistemlərinin quraşdırılmasına icazə verilən hallar müəyyənləşdiriləcək

    Çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına icazə verilən hallar müəyyənləşdiriləcək.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “İstilik təchizatı haqqında” qanunda əksini tapıb.

    Fərmana əsasən, bu halları Nazirlər Kabineti doqquz ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

    Eyni zamanda fərmana əsasən, NK doqquz ay müddətində şəbəkənin mühafizə zonalarının ölçülərini və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələbləri təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.

  • Tiktoker Rəşad Abdullayev ev dustaqlığına buraxıldı

    Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi “TikTok” əməliyyatları nəticəsində saxlanılan Rəşad Abdullayevin məhkəməsi keçirilib.

    Median.Az-ın əldə etdiyi məlumata görə, bu gün Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə onun ev dustaqlığı ilə bağlı təqdimata baxılıb.

    Rəşad Abdullayevin vəkilləri Orxan Zeynalov və İbrahim Qurbanov müvəkəllinin səhhəti ilə bağlı ev dustaqlığına buraxılmasını xahiş edib.

    Məhkəmənin qərarına əsasən, Rəşad Abdullayev barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı ilə əvəz edilib.

    Qeyd edək ki, Rəşad Abdullayev ötən ilin sonunda polisin Tiktok əməliyyatı zamanı həbs ediliblər. Məhkəmənin qərarı ilə onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

    Ona qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 244-1.2.2-ci və 244-1.2.4-cü (qumar oyunu təşkil etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

    Orxan Rasifoğlu