Month: July 2025

  • Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alındı

    İyul ayının 12-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən naməlum şəxsin şübhəli hərəkətləri müşahidə edilib.

    Bu barədə DSX məlumat yayıb.

    Bildirilib ki, sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılaraq xidməti ərazi qapadılıb və sərhəd axtarışı həyata keçirilib.

    Keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində Azərbaycan vətəndaşı, 1993-cü il təvəllüdlü Rizman Qardaş oğlu Həsənov saxlanılıb, üzərinə baxış zamanı ümumi çəkisi 13 kiloqram 400 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

    Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 56-cı ildönümüdür

    Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlməsinin ildönümüdür.

    Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsindən 56 il ötür.

    Belə ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilən plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.

    Bununla da ulu öndərin Azərbaycana rəhbərliyi dövrü başlayıb. Heydər Əliyev 1982-ci ilin dekabrınadək Azərbaycan SSR-yə rəhbərlik edib.

    Ümummilli lider Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərlik etməsi müstəqillik dövrünə təsadüf edib. Ulu öndər 1993-cü ilin iyunun 15-də Ali Sovetin sədri seçilib.

    Qeyd edək ki, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub.

    1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olub, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməyib.

    Heydər Əliyev 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləyib.

    1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib.

    1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqraddakı (indiki Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan sonra, 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilib.

    1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsinin qiyabi şöbəsini bitirib.

    1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə DTK-nın sədr müavini təyin edilib.

    1966-cı ildə Moskvada DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbinin rəhbər heyətin təkmilləşdirilməsi kurslarını müvəffəqiyyətlə bitirib.

    1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilib və həmin ildə də ona general-mayor rütbəsi verilib.

    Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olub. 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsini tutub.

    1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib.

    Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib.

    Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

    1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana yola düşüb, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilib.

    1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilib və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Bu vəzifədə o, 1993-cü ilə kimi çalışıb.

    Heydər Əliyev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilib.

    1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürüb və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olub.

    Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.

    1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.

    O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76.1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

    2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb.

    2003-cü il dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib və dekabrın 15-də Bakıda, Fəxri xiyabanda dəfn olunub.

    Heydər Əliyev beş dəfə keçmiş SSRİ-nin Lenin ordeni ilə, Qırmızı Ulduz ordeni və çoxsaylı medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına, həmçinin müxtəlif ölkələrin ali mükafatlarına, nüfuzlu ali məktəblərin fəxri adlarına layiq görülüb.

  • На полигоне вблизи Пирекешкюля будут утилизированы непригодные к использованию боеприпасы

    4-18 июля на полигоне вблизи поселка Пирекешкюль Абшеронского района с соблюдением правил безопасности будет проведена утилизация боеприпасов с истекшим сроком эксплуатации и непригодных к использованию.

    Об этом сообщили в Министерстве обороны Азербайджана.

    “Призываем население не паниковать из-за звуков взрывов, причин для беспокойства нет”, – говорится в информации оборонного ведомства.

  • Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək

    Pirəkəşküldə 14-18 iyul tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək:

    “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”.

  • İkinci Fəxri xiyaban təmirə bağlandı

    Bakıda yerləşən İkinci Fəxri xiyaban iyunun 1-dən təmirə bağlanıb.

    Median.Az Teleqraf-a istinadən xəbər verir ki, bu səbəbdən hazırda xiyabana yalnız şəhidlərin ailə üzvlərinin girişinə icazə verilir.
    Təmir sentyabrın 27-dək başa çatacaq.
    27 sentyabr – Anım Günü İkinci Fəxri xiyaban yenidən ziyarətçilərin ixtiyarına veriləcək.

  • Kibercinayətkarlardan görünməmiş əməllər – DTX ifşa etdi

    Bakı şəhəri Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən cinayət işi üzrə təqsirləndirilən Azərbaycan Respublikası vətəndaşı Hacıyev Nihad Əhməd oğlu barəsində həbs qətimkan tədbiri seçilib.

    Median.Az xəbər verir ki, “darknet” tipli internet resursunun yaradılması və idarə edilməsi, orada fərdi məlumatların, qanunla paylaşılması qadağan olunan sair məlumatların satışı ilə məşğul olan Nihad Hacıyev DTX-nin həyata keçirdiyi əməliyyat-texniki tədbirlər zamanı ifşa edilmiş kibercinayətkar qrupun üzvlərindən biri kimi həbs olunub.
    Belə ki, o, əlaqəsində olan digər şəxslərlə birgə “xeberoxu.az” və digər informasiya portallarına kiberhücumlar təşkil etmiş, qeyd olunan saytın idarəetməsini ələ keçirərək xəbərlərin məzmununu dəyişdirmiş, “Çarxla Qazan.apk”, “Paypal.apk” və s. adlı, tərkibində zərərli kodlar olan mobil tətbiqləri insanların mobil telefonlarına yükləməklə onların şəxsi məlumatlarını qanunsuz ələ keçirmişdir.
    Nihad Hacıyev, həmçinin Azərbaycan Respublikasında fəaliyyət göstərən bir sıra şirkətlərin və qurumların (“İrşad Electronics”, “Baku Electronics”, “Xalq Bank” və s.) rəsmi internet səhifələrinə bənzər “domen”lər əldə edib saxta saytlar yaradaraq, onları həqiqi internet səhifələri kimi sosial şəbəkələrdə təqdim edib, endirim kampaniyaları adı altında istifadəçilərin fərdi məlumatlarını kütləvi ələ keçirib.
    Diqqət çəkən məqam ondan ibarətdir ki, dəstə üzvləri, həmçinin digər insanlara və şirkətlərə məxsus istənilən mobil nömrəni təqlid edərək aldadıcı zəng etmək imkanı verən “Call Spoofing” kiberhücum alətlərini istifadə etməklə zənglər edib, şirkətlərin adından insanlara saxta sms-lər göndərərək onları aldatmağa nail olub, belə onlayn xidmətlərin satışını da təşkil ediblər.
    Məhkəmə Nihad Hacıyevin barəsində həbs müddətini ilkin olaraq 3 ay müddətinə müəyyən edib.

  • Mərkəzi Bulvar və İlqar Mirzəyev küçələrinin kəsişməsində yeni svetoforlar quraşdırılıb

    Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paytaxtın Xətai rayonu, Mərkəzi Bulvar və İlqar Mirzəyev küçələrinin kəsişməsində yeni nəqliyyat svetoforları quraşdırılıb.

      
    Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, yeni nəsil, LED işıqlandırma ilə təchiz olunan svetoforlarda piyada bölmələri də istifadəyə verilib.

  • Qazax və Samuxda qaz kəsiləcək

    Bu gün Qazax və Samux rayonlarının təbii qazla təchizatında fasilə yaranacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
    Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” və “Qazax-Saquramo” yüksək təzyiqli magistral qaz kəmərlərində aparılacaq yenidənqurma və təmir işləri ilə bağlı 14-18 iyulda Şıxlı” və “Yuxarı Salahlı” ölçü qovşaqlarından, 15-17 iyulda isə “Ağasıbəyli” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
    Təmir işləri ilə bağlı Qazax rayonunun Qaymaqlı, 1-ci Şıxlı, 2-ci Şıxlı, Kəmərli, Aslanbəyli və Yuxarı Salahlı kəndlərinin (5 gün müddətində), Samux rayonunun Yuxarı Ağasıbəyli, Aşağı Ağasıbəyli, Əhmədbəyli və Sarıqaya kəndlərinin (3 üç gün müddətində) qaz təchizatının məhdudlaşdırılması planlaşdırılır.

  • Türkiyədə sahiblərinin axtarmadığı 14 min avtomobil: 50 milyarda satılacaq

    Türkiyədə Yeddiəmin duracaqlarında illərlə qalan və sahibləri tərəfindən alınmayan avtomobillərin satışına şərait yaradılıb.

    Sayının 14 min olduğu təxmin edilən bu nəqliyyat vasitələrinin iqtisadiyyata qazandırılması və onların satışından təxminən 50 milyard lirə (təxminən 2,1 milyard manat) gəlir əldə olunması planlaşdırılır.

    “Anadolu” agentliyinin məlumatına əsasən, “9-cu məhkəmə paketi” çərçivəsində aparılan hüquqi dəyişikliklər altı ay ərzində saxlanılan və yol hərəkəti qadağan edilən və sahibləri tərəfindən geri qaytarılmayan və axtarılmayan nəqliyyat vasitələrinin qəyyum dayanacaqlarında satış prosedurlarını tənzimləyir.

    Mövzuyla bağlı Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi tərəfindən yayımlanan təlimatla satış prosesi sürətləndirilib.

    Təlimata əsasən, bu avtomobillərin satışına dair əsas prinsiplər müəyyən olunub. Belə ki, Təhlükəsizlik Baş İdarəsi və Jandarma Baş Komandanlığının mərkəz və yerli bölmələri tərəfindən qadağa qoyulmuş avtomobillərin sahiblərinə xəbərdarlıq ediləcək. Əgər sahibləri 6 ay ərzində avtomobillərini geri almazlarsa, həmin vasitələr əyalətlərdə Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi idarələri, rayonlarda isə dövlət əmlakı idarələri tərəfindən satışa çıxarılacaq. Satışdan əvvəl ünvanı məlum olan avtomobil sahiblərinə satışla bağlı bildiriş ediləcək.

    Avtomobillərin texniki vəziyyəti təyin olunmuş maşın mühəndisləri tərəfindən hazırlanacaq hesabatla müəyyənləşdiriləcək. Əgər avtomobil yararsız vəziyyətindədirsə, həmin vasitələr “Ətraf mühit üzrə icazə və lisenziya” qaydaları çərçivəsində lisenziyalı müəssisələrə, Sənaye və Texnologiya Nazirliyi tərəfindən müəyyən olunmuş qiymətdən aşağı olmamaq şərtilə danışıqlar yolu ilə satılacaq.

  • Yeni Kaledoniya Dövləti yaradılır

    Fransa və Yeni Kaledoniya bu gün xaricdəki ərazilərin Fransa olaraq qalacağı, lakin yeni bir dövlət elan ediləcəyi barədə tarixi razılaşma elan edib

    10 günlük danışıqlardan sonra tərəflər Yeni Kaledoniya Dövlətinin yaradılması barədə razılığa gəliblər.

    Məlumata görə, 13 səhifəlik razılaşmada qeyd edilib ki, Yeni Kaledoniya vətəndaşlığına çağırışlar və oradakı sakinlər üçün bu statusu Fransa vətəndaşlığı ilə birləşdirmək imkanı var.

    Razılaşmaya əsasən, ötən il zorakılıqlarla sarsılan xaricdəki ərazilər Fransa olaraq qalacaq, lakin yeni dövlət elan ediləcək.

    Fransa Prezidenti Emmanuel Makron da özünün “X” hesabında Yeni Kaledoniya Dövlətinin yaradılması barədə razılığa gəlindiyini bildirib.

    “On gündən çox davam edən müzakirələrdən sonra Yeni Kaledoniyanın seçilmiş rəsmiləri və hökumət nümayəndələri tarixi razılığa gəliblər”.

    Makronun sözlərinə görə, bu gün Yelisey Sarayında danışıqların iştirakçıları ilə görüş keçirəcək:

    “Respublika daxilində Yeni Kaledoniya dövləti. Dövlət Naziri, Xarici Ərazilər üzrə Nazir Manuel Valls və axşam saat 6-da Yelisey Sarayında qarşılayacağım danışıqların iştirakçılarına təşəkkür edirəm. İndi ortaq gələcək qurmaq üçün hörmət, sabitlik və xoş niyyətin birləşdirilməsinin vaxtı çatıb”.

    Təxminən 270 000 insanın yaşadığı və Parisdən təxminən 17,000 kilometr (10,600 mil) məsafədə yerləşən Yeni Kaledoniya Fransanın ayrılmaz hissəsi olaraq qalan bir neçə xarici ərazilərdən biridir.

    1800-cü illərdən bəri Parisdən idarə olunur, lakin bir çox yerli kanak hələ də Fransanın öz adaları üzərindəki gücündən narazıdır və daha tam muxtariyyət və ya müstəqillik istəyir.
    //Modern.az