Month: July 2025

  • Demoqrafik böhranın astanasında: 20 il əvvəl başlayan azalma…

    Azərbaycanda əhalinin artım tempində müşahidə olunan zəifləmə son illərdə ciddi narahatlıq doğurmağa başlayıb. Artıq problemlər Milli Məclis səviyyəsində də gündəmə gətirilir. Parlament sədrinin birinci müavini Əli Əhmədov əhalinin artım tempində ciddi zəifləmənin olmasını ciddi problem kimi gündəmə gətirib. Bəs Azərbaycanda bu demoqrafik dəyişikliyin kökündə nə dayanır və ən əsası, qarşısı necə alına bilər?

    Coğrafiya institutunun demoqrafiya və əhali coğrafiyası şöbəsinin müdiri Etibar Bədəlov “Kaspi”yə açıqlamasında bildirib ki, Azərbaycan demoqrafik böhranın astanasındadır: “1995-ci ildən 2004-cü ilə qədər ölkəmizdə doğum göstəricilərində ciddi azalma müşahidə olunub. Bu azalma əsasən Birinci Qarabağ müharibəsinin və həmin dövrdə yaşanan dərin iqtisadi böhranın nəticəsi idi. Ailələrin maddi vəziyyətinin pisləşməsi, sosial rifahın zəifləməsi doğum səviyyəsinə mənfi təsir göstərdi. Bu problemə cavab olaraq, 1999-cu ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə demoqrafik siyasətə dair xüsusi dövlət proqramı qəbul olundu. Proqramın tətbiqi nəticəsində müəyyən müsbət irəliləyişlər müşahidə edildi. 2004-cü ildə demoqrafik siyasətə dair növbəti proqram hazırlandı, lakin bu sənəd faktiki olaraq icra olunmadı. Proqramın reallaşmaması nəticəsində onun gözlənilən təsirləri də baş vermədi. Bu gün də həmin proqramın yenilənməsi və tətbiqi aktual olaraq qalır. Əlbəttə, bu cür proqramlar əhalinin sosial rifahının yaxşılaşdırılması baxımından vacibdir. Qonşu ölkələrin əksəriyyətində demoqrafik inkişafı dəstəkləyən təşviq proqramları həyata keçirilir. Aydın görünür ki, 20 il əvvəl başlayan azalma prosesi bu gün demoqrafik böhran riskini daha da gücləndirib. Bu tendensiyanın davam etməsi gələcək üçün ciddi narahatlıq doğurur”.

    Demoqrafik məsələlər üzrə ekspert deyir ki, pandemiya dövründə də Azərbaycanda təbii artım və doğum göstəricilərində ciddi azalma müşahidə olunub: “Məsələn, 2019-cu ildə doğum sayı 140 mindən artıq idisə, 2020-ci ildə bu rəqəm sürətlə azalaraq 125-126 minə, 2021-ci ildə isə 112 minə düşüb. Bu, son illərdə ən aşağı doğum göstəricisidir. Həmin dövrdə təbii artım cəmi 35 min olub və hər min nəfərə düşən təbii artım g östəricisi doqquzdan 3,5-ə qədər enib. Son illərdə bu rəqəm beşə qədər yüksəlsə də, bu da kifayət qədər aşağı göstəricidir. Müqayisə üçün qeyd olunmalıdır ki, on il əvvəl təbii artım göstəricisi 100 minin üzərində idi, doğumlar isə 170 min civarında olurdu. Hazırda bu rəqəmlər təxminən iki dəfə azalıb. Bu isə uzunmüddətli perspektivdə demoqrafik sabitliyi və ölkənin inkişafını təhlükə altına qoya bilər. Azərbaycanın strateji mövqeyi və inkişaf potensialı nəzərə alınaraq, bu məsələnin dövlət səviyyəsində həll edilməsi və dəstək proqramlarının hazırlanması zəruridir”.

    E.Bədəlovun sözlərinə görə, şəhər əhalisi üzrə doğum göstəricisi xeyli aşağı düşüb: “Əgər ölkə üzrə orta təbii artım göstəricisi hər min nəfərə beş nəfər təşkil edirsə, bu rəqəm şəhər əhalisi üçün 3,5-dir. Kənd əhalisi üzrə isə bu göstərici daha yüksəkdir – təxminən 6,5. Bu fərq kənd yerlərində mədəni və sosial inkişaf səviyyəsinin hələ tam formalaşmaması ilə əlaqədardır. Məsələn, Azərbaycanda ən yüksək doğum göstəricisi Yardımlı rayonundadır. Burada hər min nəfərə təbii artım 14-16 nəfər civarındadır, doğum göstəricisi isə 20-dən yuxarıdır. Bu, bölgədə çoxuşaqlı ailələrin nisbətən çox olması ilə bağlıdır. Rayon iqtisadi baxımdan zəif inkişaf etsə də, görünür ki, bir çox ailə uşaqlara verilən müavinətlə dolanır. Beş və daha çox uşağı olan ailələrə hər bir uşaq üçün dövlət tərəfindən müavinət ayrılır”.

    Demoqrafik fəlakətlə mübarizə yollarına gəldikdə isə, həmsöhbətimiz düşünür ki, əsas məsələ gənc ailələrə iqtisadi və sosial dəstəyin artırılmasıdır. Son on ildə Azərbaycanda evlənmə yaşı yüksəlib. Əvvəllər kişilər üçün bu yaş 28-29 idisə, indi 30-31 yaş həddini keçib və bu tendensiya artmaqdadır. Bu da təbii artıma birbaşa təsir göstərir: “Demoqrafiya bir millətin inkişaf səviyyəsini əks etdirən güzgüdür. Buna görə də bu sahəyə daha çox diqqət ayrılmalıdır. Qonşu ölkələrin təcrübəsinə baxdıqda görürük ki, onlar hər il demoqrafik siyasətlə bağlı konkret addımlar atırlar. Məsələn, Rusiya ötən ili “Sağlam ailə ili” elan etmişdi. Azərbaycanda da bu istiqamətdə müəyyən təşəbbüslər olub. Lakin hazırkı vəziyyətə baxsaq görərik ki, hər üç evlilikdən biri boşanma ilə nəticələnir. Bu isə xalqımız üçün ciddi mənəvi faciədir. Həm media, həm də dövlət qurumları birgə şəkildə maarifləndirici işlər aparmalı, cəmiyyətə sağlam ailə modeli aşılanmalı, müsbət ictimai rəy formalaşdırılmalıdır”.

    Mütəxəssisi ən çox narahat edən problem isə selektiv abortlardır: “Hazırda Azərbaycanda doğumla bağlı ən ciddi problemlərdən biri cins nisbətindəki pozuntudur. Normal şəraitdə hər 100 qız uşağına təxminən 105-106 oğlan uşağı düşməlidir. Lakin bizdə bu göstərici xeyli yüksəkdir, orta hesabla 116-117, bəzi kənd yerlərində isə hətta 120-ni keçir. Bu, demoqrafik baxımdan olduqca narahatedici bir tendensiyadır. Hazırda 14 yaşa qədər olan uşaqlar arasında təxminən 130 min oğlan uşağı qızlardan çoxdur. Gənc yaş qruplarında da oxşar fərq müşahidə olunur. Bu vəziyyət gələcəkdə ailə qurmaqda çətinliklər, sosial gərginlik və gender balansının pozulması kimi problemlərə yol aça bilər. Qonşu ölkələr, məsələn, Türkiyə və İran bu problemi vaxtında görərək müvafiq tədbirlər həyata keçiriblər. Azərbaycanda isə bu məsələ daha ciddi xarakter alıb və təcili dövlət müdaxiləsi tələb edir”.

    Məlumat üçün bildirək ki, Birləşmiş Millətlər Təşkilatının açıqladığı rəqəmlərə əsasən, 2100-cü ildə dünyanın əksər ölkələrinin əhali sayında artım deyil, azalma qeydə alınacaq. Əhalinin azalması əsasən inkişaf etmiş ölkələrin payına düşəcək. Azərbaycan da əhalisi azalan ölkələr sırasındadır. Təşkilat Azərbaycan əhalisinin sayının 2100-cü ildə on milyondan 8,3 milyona enəcəyini proqnozlaşdırır.

  • Fitnes məşqçilərinin təqdim etdiyi qidalanma proqramları niyə bahadır? (VİDEO)

    Son vaxtlar fitnes məşqçilərinin təqdim etdiyi qidalanma proqramlarına maraq artıb. Ancaq bunun effektiv olduğunu inananlar olduğu kimi, əksini bildirənlər də var. Maraq böyük olduğundan belə proqramların sosial şəbəkələrdə də satış elanları kifayət qədərdir. Bəs bu reseptlər niyə belə bahadır?

    Fitnes məşqçisi Səmra Hüseynov bildirir ki, idman və formada qalmanın dəbə düşməsi belə qidalanma proqramlarına da marağı artırıb.

    O da bildirildi ki, belə qidalanma proqramları şəxsin həkim yoxlanışı, analizlərindən sonra təyin olunmalıdır.

    Həkim-diyetoloq Tutu Zeynalova isə deyir ki, belə qidalanma proqramlarını təsadüfi şəkildə istifadə etmək olmaz, əks təqdirdə ağır fəsadları ola bilər.

    Qeyd edək ki, qiyməti 150-1000 manat arası dəyişən bu qidalanma menyuları hər aydan bir yenilənir və bunun üçün də hər dəfə ayrıca ödəniş edilir. //Xəzər TV

  • “Evlərimiz təhlükədədir, hər an çökmə baş verə bilər” (VİDEO)

    Paytaxtın Yeni Suraxanı qəsəbəsi, Abdulla Şəfiyev küçəsinin sakinləri evlərinin çökməsindən narahatdır. Belə ki, bu ərazidə evlərin altından keçən kanalizasiya xətləri çürüyüb, tullantı suları zirzəmilərə dolur. Bu barədə sakinlər “Xəzər Xəbər”ə danışıb.

    “Kanalizasiya problemimiz var. 30-40-cı illərdə çəkilən torbalardır. Artıq torba yoxdur, evin altı ilə su gedir. Aşağıdakı məhlədə 2 il əvvəl torbaları dəyişdilər, torba çıxmadı”, – deyə, sakinlərdən biri bildirib.

    Digər sakinin sözlərinə görə isə, oğlunun evini yeni təmir etdirib və bütün sular hamısı evin altından axır:

    “O gün gəlib çəkiliş ediblər, deyirlər ki, evin altı 3 metr boşalıb. Kanalizasiya evin altına gedir. Uşaqlar xəstəlik tutur”.

    Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən qeyd edilib ki, sözügedən ünvanda xəttin dəyişdirilməsi ilə bağlı müvafiq işlərə başlanılıb və yaxın günlərdə təmir işlərinə start veriləcək.

  • Xurmanı Almaniyadan 17 manata, Çindən 2 manata alırıq – QİYMƏTLƏR

    Cari ilin yanvar-aprel aylarında Azərbaycana xarici ölkələrdən 4226.75 ton miqdarında, 6841.8 min ABŞ dolları dəyərində təzə və ya qurudulmuş xurma gətirilib.

    Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan xurmanın bir kiloqramının orta qiyməti 1,62 dollar (2 manat 75 qəpik) olub.

    Ən bahalı xurma Almaniyadan alınıb. Belə ki, bu ölkədən alınan xurmanın bir kiloqramının orta qiyməti 13 manat 03 qəpik olub.

    Azərbaycana təzə və ya qurudulmuş xurmagətirən ölkələr və balığın qiyməti ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

  • Təsisçisi qanunsuz dərman dövriyyəsinə görə həbs edilən şirkətə 138 min manatlıq sifariş

    Naxçıvan Muxtar Respublikasının (MR) Tibb Müəssisələrinin İdarəetmə Birliyi “Epidbioemd” MMC ilə satınalma müqaviləsi imzalayacaq.

    Qaynarinfo-nun məlumatına görə,adıçəkilən şirkət Naxçıvan MR Perinatal Mərkəzi üçün dərman preparatlarının satın alınması ilə bağlı keçirilən tenderin qalibi seçilib. Alınacaq dərman preparatlarına görə “Epidbiomed” MMC-yə 138 006,19 manat ödəniləcək.

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Epidbiomed” MMC 6 yanvar 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 6-da yerləşən şirkətin qanuni təmsilçisi Əliyev Məmməd Əli Sabir oğludur.

    Məmməd Əli Əliyevin “Epibiomed” MMC-nin təsisçisi Namiq Əliyevin qardaşı olduğu bildirilir.

    “Epidbiomed” MMC 2018-cı ildə dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı başlanmış cinayət işi ilə gündəmə gəlib. Həmin vaxt Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, “Epidbiomed” MMC-nin təsisçisi Əliyev Namiq Sabir oğlu, həmin şirkətin direktor müavini Məmmədov Kamal Əhmədiyyə oğlu və digər vəzifəli şəxslərlə əlbir olaraq tamah niyyətilə daha çox gəlir əldə etmək məqsədilə 2011-ci ildən başlayaraq uzun müddət ərzində ölkəyə təqribən 1 milyon manatdan artıq dəyəri olanç19 adda orijinal dərman preparatlarından qiymətinə görə dəfələrlə baha olan ekvivalent dərman vasitələrini idxal etmişlər.

    Məlumatda həmçinin qeyd olunur ki, “Epidbiomed” MMC-nin rəhbərliyi barəsində Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətindən sui-istifadə), 200-1.2.2 və 200-1.2.3-cü (dərman vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

    Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baxılıb. Açıq mənbələrdə məhkəmə istintaqının nəticəsi barədə məlumat yoxdur.

  • Abortla bağlı yeni qanun qəbul edilə bilər (VİDEO)

    Bu il qanunsuz abortlarla bağlı yeni qanun qəbul edilə bilər.

    Əvvəllər qanunsuz abort edənlər yalnız cərimələnirdisə, hazırda bununla bağlı tətbiq edilən sanksiyalar daha da sərtləşdirilib.

    Bunu Milli Məclisin, Komitələrin və Komissiyaların işinin təşkili şöbəsinin əməkdaşı Aynur Veysəlova deyib.

    Onun sözlərinə görə, “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbul olunması istiqamətində də işlər davam etdirilir.

    Bu ilin payızında məsələnin yenidən gündəmə gələcəyi və qanun layihəsinin qəbul olunacağı gözlənilir.

    Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Rafiq Mahmudov isə qeyd edib ki, Azərbaycanda abort daha çox 25-34 yaş arasında olan gənclər arasında yayılıb.

    Müzakirə zamanı jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Məryəm Məcidova isə Azərbaycanda gender balansının pozulması ilə bağlı son statisktik rəqəmləri diqqətə çatdırıb.

    O qeyd edib ki, bu disbalans artıq birinci siniflərdə, uşaq bağçalarında özünü göstərir.

    Qeyd edək ki, mövcud qanuna görə hər bir qadının abort etdirmək hüququ var, lakin bu hüquq yalnız dölün cinsi müəyyən olunmamış dövrə, yəni hamiləliyin ilk 12 həftəsinə qədər keçərlidir.//Xəzər TV

  • Azərbaycan Çindən qarpız idxal edir? – “Yayda bu, heç ağlabatan deyil”

    “Bu gün Azərbaycanda qarpızın kilosu 25-30 qəpiyə olduğu bir vaxtda Çindən bu məhsulun idxalı ağlabatan deyil”.

    Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli Azərbaycanın Çindən qarpız alışını 300 dəfə artırması ilə bağlı statistikadan danışarkən deyib.

    Ekspert bildirib ki, Çindən Azərbaycana qarpız idxalı ancaq qış aylarında mümkündür:

    “Yanvar, fevral və mart aylarında Çindən Azərbaycana qarpız idxal olunur. Bu il kommunikasiyalar intensivləşdiyindən qış aylarında Bakıya daha çox qarpız gəlir. Məsələn, əvvəllər 200-300 kq qarpız gətirilirdisə, indi 3 ton gətirilir. Əvvəllər 3 ton qarpız gəlirdisə, indi 9 ton gətirilir. Hazırda isə yaydır, Çindən gətirilən qarpıza ehtiyac yoxdur”.

    Akif Nəsirlinin sözlərinə görə, yay aylarında Azərbaycanda kifayət qədər qarpız becərilir:

    “Bununla da Azərbaycanın daxili təlabatı ödənilir. Hələ ixrac da edilir. Çindən idxal qış ayları üçündür. Statistika 6 aylıq elan olunur. 7-ci ayda qışda Çindən Azərbaycana idxal olunan qarpız barədə məlumat verilir. Ona görə də hanı bizim yerli qarpızlar deyə təəcüblənirik”.

  • Xanımı Polad Həşimovun şəhid xəbərini necə almışdı?

    “Əslində illər heç nəyi unutdurmur. Əksinə, hər şeyi dönə-dönə, təkrar yaşadır. Çoxu düşünə bilər ki, uzun müddət keçib, zamanla hər şey yoluna düşüb. Uşaqlar böyüyüb, mən öz işimə başlamışam, gündəlik həyatımızı davam etdiririk, yaşayırıq. Elə deyil… …O itkinin yeri getdikcə daha çox bilinir, o yara sağalmır. Getdikcə ağrılar-acılar bir az da artır. Çünki ona duyduğumuz ehtiyaclar çoxalır. Mən həyat yoldaşı, bir qadın kimi ona ehtiyacı hər gün bir az da çox hiss edirəm. Bir ailə başçısı kimi onu həmişə yanımda istəyirəm. Polad Həşimov çox gözəl ailə başçısı, həyat yoldaşı, ata idi.”.

    Bu fikirləri Modern.az saytına müsahibəsində Şəhid Milli Qəhrəman, general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova bildirib.

    Qeyd edək ki, bu gün Polad Həşimov və silahdaşlarının şəhid olduğu Tovuz döyüşlərinin 5 ili tamam olur.

    Ofelya Salmanovanın sözlərinə görə, Tovuz döyüşlərinin baş gerdiyi yüksəklik Polad Həşimovun bu dünya ilə son nöqtəsidir.

    Bəs Ofelya Salmanova Polad Həşimovun qara xəbərini necə, nə vaxt almışdı?

    “Pandemiya dövrü idi. Çox pis xəstələndim. Soyuqlamışdım, öskürürdüm. Polad bizi özü Qəbələyə aparmalı idi. Cəbhə bölgəsində durum çox qarışıq idi. Vəziyyət daha da gərginləşmişdi. O, bizi Qəbələyə göndərəndə: “Siz gedin, mən də gələcəyəm”, – dedi”.

    2020-ci il iyunun 14-nə açılan səhər Ofelya Salmanova sübh namazını qılandan sonra yenidən yuxuya gedib… Yuxuda dəhşət içində “Polad!” deyib qışqıranda öz səsinə oyanıb…
    Ətraflı

    Çox keçməyib ki, qohumları onlara gəlməyə başlayıblar.

    “Mən hələ sağalmamışdım. Fikirləşdim yəqin mənim hal-əhvalımı soruşmağa gəlirlər. Saat 8-də gəlmələrinə təəccüblənmişdim. Gələn qohumlar danışırdılar ki “cəbhə bölgəsində vəziyyət bir az qarışıb. Sosial şəbəkədə xəbər yayılıb ki, Polad yaralanıb”. Biz inanmadıq. Başladıq onlara təsəlli verməyə ki, narahat olmayın, Aprel döyüşlərində də elə xəbər yayılmışdı. Düşünürdüm, Polada heç nə olmaz. Amma yenə saytlara baxır, xəbərləri oxuyurdum. Donub qalmışdıq… Pəncərədən boylandım, həyətdə orda-burda adamlar dayanmışdılar. Demə, bizdən başqa hamı bilirmiş… Böyük həyət qapısını açdılar. Küçədə nə qədər adam vardı… Mən onda başa düşdüm…

    Poladın xətrini çox istədiyi əmisi “qızım” deyib gələndə… Dedim: “Yaxına gəlməyin”. Bildim nə baş verib artıq… Poladı mən yuxuda adını çağırıb qışqırdığım an vurmuşdular. Böyük oğlum isə həmin dəqiqələrdə yuxusunda atasının vurulduğunu görmüşdü”.

    Ofelya Salmanovanın sözlərinə görə, Polad Həşimovun şəhid olduğu posta bir ildən sonra gediblər.

    “Qohumlarımız məni qoymurdular ki, ora təhlükəlidir. Həm də vəziyyətimin daha da pisləşəcəyini düşünürdülər. Özüm də fikirləşirdim, getsəm, dayana bilmərəm. Qızım atasının yoxluğunu qəbul etmək istəmirdi. O getmədi. Oğlanlarım getdilər… Elə bilirdim ürəyim tab gətirməz. Amma getdim, tamam başqa insan oldum. Əlbəttə, çox ağırdır. Baxırsınız, orda bir nöqtə var, Polad Həşimovun qanı tökülüb. Ancaq vətən sevgisi necə bir duyğu imiş, bunu orada daha yaxşı anladım. On yeddi il tanıdığım Polad, əslində, o zirvədəki Polad imiş. Çox qəribədir… Poladı gördüm o zirvədə. Varlığını hiss etdim, onunla görüşdüm. Şəhid həyat yoldaşları bu hissləri yaşayıblar. Danışırlar ki, elə bir məqam olur, şəhidinlə görüşürsən, ürəyin rahatlıq tapır. Mən də hiss etdim ki, Polad həmin an ordadır. Qəlbimə çökmüş bir illik ağrı, acı yox oldu. Uşaqlar da özlərini itirmədilər. Ancaq bilirəm, onların da qəlbində tufan qopdu.

    Fikirləşirdim ki, həyat yoldaşım iyirmi beş il o təhlükənin içində olub. Ömrünün ən qaynar illəri bu yerlərdə şaxtada üşüyə-üşüyə, dona-dona keçib. Mən orda tək həyat yoldaşımın deyil, digər zabitlərin də vətən üçün necə əzab-əziyyətə qatlaşdıqlarını anladım. Və nə yaxşı ki getdim. Ora bir qəhrəmanlıq zirvəsidir…

    Biz o yüksəkliyə qalxdıq, bir damla göz yaşı axıtmadım. Tam əksinə oldu hər şey, sanki möhkəmləndim, bəlkə orada Polad Həşimovu hiss etdim. İçimdə düşmənə qarşı çox böyük hiddət yarandı. Çünki mənim həyat yoldaşım o nöqtədə məndən alınıb. Amma bir məğrurluq gəldi içimə. Orada sınmadım, əyilmədim. Qürur hissi bütün hissləri üstələdi. Qarşı tərəfə nifrət hissi ilə baxdım. Düşündüm, Polad Həşimov gör harada Şəhid olub, ən yüksək zirvədə. Ürəyimdən keçdi ki, kaş gəlcəkdə ora əbədiləşdirilsin”, – Ofelya Salmanova bildirib.

    Şəhid xanımının ən böyük arzusu Polad Həşimovun Xatirə muzeyinin yaradılmasıdır: “Polad Həşimov 100 ildən bir Azərbaycan xalqına göndərilmiş qəhrəmanlardandır. Cənab Prezidentimiz də vurğuladı ki, o, bizim qalibiyyətimizin mərkəzində dayanır. Bunu xalq da bilir. Mən düşünürəm ki, onu gələcək nəsillərə doğru şəkildə ötürmək lazımdır. Bunu etməyin ən yaxşı yollarından biri onun Xatirə muzeyinin yaradılmasıdır”.

  • Ukrayna iyulun sonuna kimi ilk uzaqmənzilli silah sistemlərini ala bilər

    Ukrayna Almaniya ilə birgə layihə çərçivəsində iyulun sonuna kimi ilk uzaqmənzilli silah sistemlərini ala bilər.

    APA xəbər verir ki, bunu Almaniyanın Müdafiə Nazirliyinin Ukraynaya yardım üzrə işçi qrupunun rəhbəri Kristian Freydinq deyib.

    “Ukrayna Silahlı Qüvvələri bu ay ilk sistemləri alacaq. Bunun ardınca hava hücumundan müdafiə imkanlarını artıracaq üçrəqəmli sistemlərin tədarükü baş tutacaq”, – o bildirib.

    O, həmçinin iyulun 12-də Ukraynanın müdafiə müəssisələri ilə Ukrayna Müdafiə Nazirliyi arasında Almaniya tərəfindən maliyyələşdirilən sazişin imzalandığını qeyd edib.

    İyulun 1-də Almaniya hökuməti Ukrayna üçün 1200 kilometrə qədər mənzilli 500-dən çox dron istehsalının maliyyələşdirilməsinə dair saziş imzalayıb.

  • Çayda boğularaq ölən Səfiyənin FOTOSU (Yenilənib)

    Zaqatalanın Yuxarı Tala kəndi ərazisində faciəli hadisə baş verib. Ailəsi ilə istirahətə gedən 2 yaşlı Səfiyə İsmayılova çaya düşərək boğulub.

    Median.Az Səfiyə İsmayılovanın fotosu təqdim edirik:


    * * * * *

    Zaqatalada 2 yaşlı uşaq çayda boğulub.

    Hadisə günorta saatlarında Tala çayının Yuxarı Tala kəndi ərazisindən axan hissəsində baş verib. Rayonda yaşayan Əfəndi İsmayılov ailəsi ilə birlikdə çay kənarında istirahət edərkən azyaşlı qızı – 2023-cü il təvəllüdlü Səfiyyə İsmayılova valideynlərinin nəzarətindən yayınaraq suya düşüb.

    Azyaşlı qız axtarışdan sonra sudan çıxarılıb və hadisə yerinə gələn Təcili Tibbi Yardım briqadasına təhvil verilib. Daha sonra Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, həkimlər onun həyat əlamətlərinin olmadığını müəyyən ediblər.

    Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.