Month: İyul 2025

  • “Qarabağ” “Zalsburq”la oynayacaq

    İyulun 2-dən 16-dək Avstriyada təlim-məşq toplanışında olacaq “Qarabağ”ın orada keçirəcəyi növbəti yoxlama görüşlərindəki rəqibləri müəyyənləşib.

    İyulun 7-də Ukrayna təmsilçisi “Metallist 1925″lə qarşılaşacaq Qurban Qurbanovun yetirmələrinin digər rəqibi “Zalsburq” olacaq.

    Avstriya Bundesliqasının gümüş mükafatçısı ilə matçın tarixi hələlik dəqiqləşdirilməyib.

    Qeyd edək ki, “Qarabağ”ın Avstriya toplanışı çərçivəsində üç oyun günündə ümumilikdə dörd yoxlama görüşü nəzərdə tutulub.

  • DTX dövlətə xəyanətdə şübhəli bilinən şəxsi həbs etdi

    Azərbaycan vətəndaşı Elnur Tahir oğlu İsmiyev dövlətə xəyanət ittihamı ilə həbs olunub.

    Median.Az xəbər verir ki, E.İsmiyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

    Ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə yekun ittiham elan olunub.

    İş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

  • OMON-çular tərəfindən Rusiyada öldürülən Səfərov qardaşları dəfn edildilər

    Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovlarla Ağcabədi rayonunun Hacıbədəlli kəndində keçirilən vida mərasimi başa çatıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, mərhumlar Hacıbədəlli kənd qəbiristanlığında dəfn olunublar.

    Dəfndə mərhumların ailə üzvləri, doğmaları, Ağdam və Ağcabədinin ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

  • Azərbaycan prezidenti somalili həmkarına təbrik məktubu göndərdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Somali Federativ Respublikasının Prezidenti Həsən Şeyx Mahmuda təbrik məktubu göndərib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Somali Federativ Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

    Azərbaycan ilə Somali arasında münasibətlər son dövrdə yüksələn xətt üzrə inkişaf edir. Fevral ayında Sizin ölkəmizə rəsmi səfəriniz dövlətlərarası əlaqələrimizin tarixində xüsusi yer tutur. Mən Sizinlə səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşümüzü ən xoş təəssüratlarla xatırlayıram.

    Hazırda Azərbaycan-Somali ikitərəfli münasibətlərinin gündəliyinin genişləndirilməsi üçün yaxşı şərait formalaşmışdır. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında dostluq əlaqələrin möhkəmləndirilməsi, ikitərəfli qaydada və çoxtərəfli müstəvilərdə əməkdaşlığımızın inkişafı istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

    Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

  • İlham Əliyev Ruanda prezidentini təbrik etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ruanda Respublikasının Prezidenti Pol Kaqameyə təbrik məktubu göndərib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Ruanda Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm.

    Azərbaycan ilə Ruanda arasında münasibətlərin dinamik inkişaf etməsi məmnunluq doğurur. Keçən ilin noyabrında COP29-da iştirak etmək üçün Azərbaycana həyata keçirdiyiniz səfər çərçivəsində Bakıda Sizinlə görüşümüzü, apardığımız fikir mübadiləsini və müzakirələri xoş təəssüratlarla xatırlayıram.

    Bu gün Azərbaycan-Ruanda əlaqələrinin və qarşılıqlı faydalı əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar mövcuddur. İnanıram ki, dostluq münasibətlərimizin inkişafı, əməkdaşlığımızın dərinləşdirilməsi yolunda birgə səylərimiz bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

    Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və rifah arzulayıram”.

  • İran prezidenti Xankəndiyə səfər edəcək

    İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək.

    Median.Az “Report”a istinadən xəbər verir ki, onun bu ilin iyulun 3-4-də Xankəndidə keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin XVII Zirvə görüşündə iştirakı nəzərdə tutulub.

  • Bakıda qayınata kürəkənini lomla döydü

    Bakıda qayınata kürəkənini lomla döyüb.

    Hadisə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində baş verib. Qəsəbə sakini Əjdər Əhmədov (ad və soyad şərtidir) Hövsan qəsəbəsində ev tikintisi məqsədilə iki torpaq sahəsi alıb. O, torpaq sahəsində dördotaqlı ev tikəndən sonra mənzilinə köçüb. Əjdər, həmçinin, kirayədə yaşayan qızını ailəsi ilə birlikdə həmin evdə yaşamağı təklif edib. Qızı və kürəkəni təklifi qəbul edib və ailə Əjdərlə birlikdə yaşamağa qərar verib.

    Bir müddətdən sonra Əjdər digər torpaq sahəsini kürəkəninə verib və orada onlar üçün ev tikintisinə başlanılıb. Evin tikintisi başa çatandan sonra Əjdərin kürəkəni Şahin evin bir otağını yarımçıq təmir edərək axşamlar həmin otaqda qalmağa başlayıb. Amma o, evdə qaldığı vaxt pul qazanmayıb, ailəsinin dolanacağına kömək etməyib.

    Şahinə bu barədə irad bildirən Əjdər onunla bir neçə dəfə mübahisə edib. Sonuncu dəfə Əjdər Şahinə irad bildirərkən sonuncu ona cavab qaytarıb. Məsələdən əsəbiləşən Əjdər evdəki lomla Şahini vurub. Şahin aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib. Məhkəmə istintaqı dövründə tərəflər arasında barışıq əldə edildiyindən cinayət işinə xitam verilib.
    //oxu.az