Month: İyul 2025

  • Culfa rayonunun bir kəndində qaz kəsiləcək

    Culfa rayonunun bir kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq.

    Bu barədə Naxçıvan Qaz İstismar Xidməti məlumat yayıb.

    Bildirilib ki, 50 mm və 76 mm borular korroziyaya uğradığı üçün yeraltı xəttin yerüstü xətlə dəyişdirilməsi ilə əlaqədar qaz təchizatı Culfa rayon Gülüstan kəndində 01.07.2025 tarixdə saat 14:00-dan müvəqqəti dayandırılacaq.

    Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.

  • Lionel Messi “İnter Mayami”dən ayrılmaq istəyir

    “İnter Mayami”nin ulduzu Lionel Messi klubdan qısa müddətə ayrılmaq istəyir.

    Bu barədə ESPN-in jurnalisti Esteban Edul bildirib.

    Onun sözlərinə görə, Lionel Messi komandasını dəyişə bilər:

    “Messi və ailəsi mənə cümə günü dedilər ki, o, 2026-cı il dünya çempionatından əvvəl altıaylıq başqa bir komandaya keçmə imkanını nəzərdən keçirir. Müəyyən bir məqamda müqavilə vəziyyəti elə idi ki, o qalmalı idi, amma indi danışıqlar dayandırılıb. Ağlıma gələn ilk klublar “Nevels Old Boys” və “Barselona”dır”.

  • Qəbələdə dağlıq ərazidə hündürlükdən yıxılan şəxs xilas edildi – VİDEO

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qəbələ rayonu, Nohurqışlaq kəndi istiqamətində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Bu barədə FHN məlumat yayıb.

    Məlumatla əlaqədar dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 1986-cı il təvəllüdlü Orxan İkram oğlu Məmmədovun dağlıq ərazidə hündürlükdən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri aldığı və köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.

    Xilasedicilər çətin keçidli dağlıq-meşəlik ərazidə köməksiz vəziyyətdə qalan şəxsi xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

  • SAXAL: “İranın ballistik raketlərinin 86 faizi ələ keçirilib”

    “İsrailin hava hücumundan müdafiə qüvvələri son münaqişə zamanı İrandan atılan demək olar ki, bütün PUA və raketləri ələ keçirib”.

    Median.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) nümayəndəsi Avixay Edri məlumat verib.

    “İran ərazilərimizə doğru mindən çox pilotsuz uçan aparat göndərib və onların böyük əksəriyyəti, yəni 99 faizi ələ keçirilib. Ballistik raketlərdən söz düşmüşkən, onların 86 faizi ələ keçirilib. Bu, həm də beynəlxalq səviyyədə rekord göstəricidir”, – deyə SAXAL nümayəndəsi qeyd edib.

    O əlavə edib ki, İranın raket hücumu planı uğursuzluqla başa çatıb və İsrailin hava hücumundan müdafiə qüvvələri əhəmiyyətli uğurlar əldə edib.

  • Müdafiə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ – Partlayış səsləri eşidiləcək

    Pirəkəşküldə 1-4 iyul tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək:

    “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”.

  • Bakıda tarixi binanın dam örtüyü uçdu – VİDEO

    Bakının mərkəzində binanın tavanı çöküb. Pəncərəsindən qapısına, tavanından döşəməsinə qədər təhlükəli vəziyyət yaranan binanın sakinləri çarəsiz durumdadırlar.

    Median.Az “Xəzər Xəbər”ə istinadla xəbər verir ki, binanın 2-ci mərtəbəsində illərdir ki, su boruları çürüyüb, nəticədə mütəmadi olaraq sızmalar baş verir.

    Sakinlərin sözlərinə görə, binada əvvəldən problem olub. Lakin son günlərdə vəziyyət daha təhlükəli hal alıb.

    Nəsimi Rayon İcra Hakimiyyətindən bildirilib ki, həmin tikili tarixi binadır və 1906-cı ildə istifadəyə verilib. Hazırda qəzalı vəziyyətdədir. Bina tarixi əhəmiyyət daşıdığına görə də xüsusi layihə əsasında təmir edilməlidir.

    Təmir-bərpa işlərinin aparılması üçün də bütün aidiyyəti qurumlara müraciət olunub.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • Lukaşenko Belarus xalqını hökumətə dua etməyə çağırıb

    Belarus Prezidenti Aleksandr Lukaşenko vilayətlərin yeni rəhbərlərini ölkədəki “hərbi vəziyyət”lə əlaqədar ciddi nizam-intizamı qorumağa çağırıb.

    Median.Az “Kommersant” nəşrinə istinadla xəbər verir ki, o, Belarusun hələ də silahlı münaqişələrdə iştirak etmədiyinə görə xalqın hökumətə təşəkkür etməli olduğunu vurğulayıb:

    “Eşidin, kişilər, bu gün hərbi vəziyyətdir. Xalq bu hökumətə dua etməlidir ki, biz hələ də birtəhər dayanırıq”.

    O qeyd edib ki, ölkə ətrafında ciddi xarici təhlükələr var.

  • Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını açıqlayıb

    Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən qubernatorlar, hökumət üzvləri və diplomatlar gəliblər.

    Bu barədə Ramzan Kadırov öz “Telegram” kanalında məlumat verib.

    Onun sözlərinə görə, Rusiya baş nazirinin birinci müavini Denis Manturov və baş nazirin müavini Aleksandr Novak, Rusiya prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Yuri Çayka, Rusiya Liberal-Demokrat Partiyasının sədri Leonid Slutski, Moskva vilayətinin qubernatoru Andrey Vorobyov, eləcə də digər regionların başçıları, dünya idmanının ulduzları, elm, mədəniyyət və din xadimləri Adam Kadırovu toyu münasibətilə təbrik etmək üçün gəliblər.

  • Yekaterinburqda saxlanılan Bakir Səfərovun məhkəmə prosesi başlayıb

    Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən azərbaycanlılara qarşı keçirilən əməliyyat nəticəsində saxlanılanlardan biri – Bakir Səfərovun məhkəmə prosesi başlayıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, B.Səfərovun barəsində iyunun 29-da seçilən 3 sutkalıq həbs qətimkan tədbirinin uzadılıb-uzadılmaması məsələsinə baxılır.

    Bu gün saxlanılan digər azərbaycanlı Əhliman Gənciyevin də məhkəməsi olacaq. Onun barəsində də ilk prosesdə seçilmiş 72 saatlıq həbs qətimkan tədbirinin uzadılıb-uzadılmaması məsələsinə baxılacaq.

    Məlum işlə bağlı saxlanılan Şahid Lalayevin məhkəməsi isə sabaha təyin olunub.

  • Finaldan sonra birjada çöküş: İnvestorlar məşhur serialla bağlı şirkətləri tərk edirlər

    “Netflix”in məşhur “Kalmar oyunu” (“Squid Game”) serialının 3-cü mövsümünün yayımlanmasından sonra onunla əlaqəli Cənubi Koreya şirkətlərinin səhmləri kəskin şəkildə ucuzlaşıb.

    Median.Az bu barədə “Bloomberg”ə istinadla məlumat yayıb.

    Əsas rolun ifaçısı Li Çon Çjenin səhmdarı olduğu “Artist” şirkətinin səhmləri 21%, “Artist Studio” şirkətinin səhmləri 24% dəyər itirib. Vizual effektlərə cavabdeh “Dexter Studios”un səhmlərində isə 8.5% azalma qeydə alınıb.

    Ekspertlər bunu serialın finalının birmənalı qarşılanmaması ilə əlaqələndirirlər.

    Bəzi tənqidçilərin sözlərinə görə, tamaşaçılar finaldan məyus olublar, çünki onların gözləntiləri ilə yaradıcıların təqdimatı üst-üstə düşməyib.

    Qeyd edək ki, iyunun 27-də yayımlanan 3-cü mövsüm “Netflix”in bütün ölkələr üzrə reytinqlərində birinci yeri tutub. Bu isə, səhmlərə müsbət təsir göstərməli idi.

    2021-ci ildə yayımlanan ilk mövsüm 142 milyondan çox izlənilib və “Netflix” tarixində ən populyar serial olub.