Month: İyul 2025

  • Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq

    İyulun 1-dən Azərbaycanda qadınların pensiyaya çıxma yaşı 64 il 6 ay olur.

    Qadınların pensiya yaşı sonuncu dəfə 2024-cü ilin iyul ayının 1-dən 6 ay artırılaraq 64 edilib.

    Hazırda kişilərin pensiyaya çıxma yaşı 65 ildir.

    Xatırladaq ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

    “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.

  • Hindistanda kimyəvi zavodda partlayış baş verib, 30-dan çox ölən var

    Hindistanın cənubundakı Telanqana ştatında kimyəvi zavodda baş verən güclü partlayış nəticəsində 34 nəfər ölüb.

    Bu barədə “ANI” agentliyi yerli polisə istinadən məlumat yayıb.

    Hazırda onlarla yaralı xəstəxanalarda müalicə alır.

    Hadisənin səbəbləri araşdırılır.
    //APA

  • Bakı Metropolitenində reklam lövhələri narazılığa səbəb oldu – FOTO

    Bakı metropolitenində yerləşdirilən yeni tipli reklam lövhələri ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.

    Sosial şəbəkələrdə yayılan fotolarda reklam lövhələrinin stansiyaların daxilindəki sütunların üzərinə quraşdırıldığı əks olunub.

    SSRİ dönəmində tikilmiş, rəngarəng mozaik bəzəkləri və dekorativ panelləri ilə fərqlənən metropoliten stansiyalarının bədii görünüşünün pozulduğunu bildirən sosial media istifadəçiləri bu lövhələri “görüntü çirkliliyi” adlandıraraq kəskin etiraz ediblər.

    İstifadəçilər hesab edir ki, belə reklam panelləri stansiyalardakı bədii interyeri korlayır və memarlıq üslubuna zərbə vurur.

    Qeyd edək ki, Bakı Metropolitenində reklam yerləşdirmə üzrə aylıq qiymətlər stansiyalara görə dəyişir. Reklamdan əldə edilən ümumi gəlir ayda təxminən 110–120 min manat, illik isə 1,3 milyon manat təşkil edir. 2022-ci ildə reklam gəlirləri metro gəlirlərinin cəmi 3 faizini təşkil edib.

  • “Beşiktaş” Temmi Abrahamla danışıqlara başladı

    Türkiyənin “Beşiktaş” klubu İtaliya təmsilçisi “Roma”da çıxış edən Temmi Abrahamı transfer edir.

    Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

    “Qara qartallar” 27 yaşlı hücumçu və klubu ilə danışıqlara başladığını İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) bildirib.

    Qeyd edək ki, ingiltərəli forvard 2021-ci ildən “Roma”da çıxış edir.

  • Rəisdən ŞOK AÇIQLAMA: “Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim”

    Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi olmuş polkovnik Mirzə Cəlilovun cinayət işinin təfərrüatı məlum olub.

    Median.Az Musavat.com-a istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən Mirzə Cəlilovun rəis olduğu 3 ildə 2 milyon 464 min manat məbləğində rüşvət aldığı müəyyən edilib.

    Cəlilov 2020-2023-cü illərdə bu məbləği Naxçıvan üzrə hərbi qeydiyyatlı müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olan və olmayan, təkrar tibbi müayinəyə yönəldilən çağırışçılardan şəxsən və vasitəçidən istifadə etməklə alıb. Bununla da onların hərbi xidmətdən yayınmaları üçün növbəti hərbi çağırışdan boyun qaçırmalarına köməklik edib.

    İstintaq zamanı Cəlilovun ayrı-ayrı zabitlərdən 5-17 min manata arası rüşvət alaraq onları Naxçıvanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin ayrı-ayrı idarələrində müxtəlif vəzifələrə təyin edib. İstintaq materiallarında 12 nəfər zabitin rəisə rüşvət verərək müxtəlif vəzifələrə təyin olunduqları yer alır.

    Bundan başqa cinayət işi materiallarında diqqətçəkən ittihamlardan biri Cəlilovun özü ilə bağlıdır.

    O öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxan hərəkətlər etməklə və “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin tələblərinə zidd olaraq özü-özünə “polkovnik” hərbi rütbəsi, eyni zamanda özü-özünə “usta” məharət dərəcəsi verib.

    Mirzə Cəlilov dindirilən zaman rüşvəti Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun göstərişi ilə aldığını deyib. Bildirib ki, rayon və şəhər rəislərinə əvvəlki qaydada, yəni müəyyən olunmuş məbləğdə çağırışçılardan pul yığılmasını söyləyib.

    Onun sözlərinə görə, 2020-2022-ci illər ərzində Naxçıvanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin rəisləri tərəfindən “Hərbi uçotdan çıxarmaqla hərbi xidmətə yararsızdır”, “Dinc dövrdə hərbi xidmətə yarasız, müharibə dövründə məhdud yararlıdır”, “hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilməklə əsassız olaraq möhlət hüququ verilmiş çağırışçılardan ümumilikdə təxminən 800-900 min manat rüşvət toplanıb.

    “Mən həmin rüşvətin toplanmasında vasitəçi olmuşam. Bunları Vasif Talıbovun göstərişi əsasında etmişəm. Yığılmış pulları Vasif Talıbovun oğlu Seymur Talıbovun sürücüsü Həsən adlı şəxsə vermişəm. Həmin pullardan mənə hər dəfəsində 10 min manat, yerli idarə və şöbələrə isə yığdıqları pulun 10 faizi verilirdi. İşlədiyim müddətdə aldığım 80 min manat vəsaiti xidmətin təsərrüfat xərclərinə sərf etmişəm”, – deyən rəis günahsız olduğunu bildirib.

    Cəlilov özü-özünə rütbə verməsini də etiraf edib.

    Cəlilov Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

  • Yekaterinburqda Səfərov qardaşlarının qətli ilə bağlı Azərbaycanda cinayət işi BAŞLANDI

    Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan əsilli şəxslərin Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən işgəncələrə məruz qoyulmaqla iki nəfərin xüsusi amansızlıqla qəsdən öldürülməsi faktı üzrə Azərbaycan Respublikasının baş prokuroru tərəfindən cinayət işi başlanıb.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, ilkin istintaqla müəyyən edilib ki, İyunun 27-də səhər saatlarında Rusiya Federasiyasının Milli Qvardiyasının, Daxili İşlər Nazirliyinin və Federal Təhlükəsizlik Xidmətinin Sverdlovsk vilayəti üzrə əməkdaşlarının iştirakı ilə Yekaterinburq şəhərində həyata keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri zamanı Yekaterinburq şəhərində müxtəlif ünvanlarda yaşayan Azərbaycan Respublikası vətəndaşları və Azərbaycan əsilli şəxslər əvvəlki dövrlərdə törədilmiş cinayətlərdə iştirak etməkdə şübhəli bilinərək saxlanılıblar.

    Rusiya Federasiyasının adları qeyd olunan əməliyyat-axtarış fəaliyyəti subyektlərinin səlahiyyətli vəzifəli şəxsləri tərəfindən bir qrup halında azadlığı məhdudlaşdırılmaqla faktiki köməksiz vəziyyətdə olan, özünü zərbələrdən qorumaq imkanı olmayan Azərbaycan vətəndaşları və Azərbaycan əsilli digər şəxslərə həm saxlama prosesində, həm daşındıqları nəqliyyat vasitələrində, əməliyyat-axtarış subyektlərinin yerləşdiyi inzibati binalarda bərk küt əşyalarla bədənlərinin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirilməklə işgəncələrə məruz qoyulub və ağır bədən xəsarətləri yetirilib.

    Nəticədə 1966-cı il təvəllüdlü – 60 yaşlı, xırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşı Hüseyn Səfərov həmin gün saat 15 radələrində Yekaterinburq şəhərində daxili işlər orqanının inzibati binasında, onun qardaşı – 1970-ci il təvəllüdlü – 55 yaşlı, taksi sürücüsü kimi fəaliyyət göstərən iki övlad atası Ziyəddin Səfərov isə səhər saatlarında əməliyyat qurumuna məxsus xidməti avtomobildə aldığı xəsarətlər nəticəsində xüsusi amansızlıqla qəsdən öldülüb.

    İstintaq zamanı təyin edilmiş Məhkəmə -Tibbi Ekspertizasının rəyinə əsasən Səfərov Hüseyn Mehti oğluna yetirilmiş çoxsaylı xəsarətlər, o cümlədən qabırğaların çoxsaylı sınıqları və sair fonunda yaranmış postravmatik və posthemmorogik şok nəticəsində, sonuncunun qardaşı 10.12.1970-ci il təvəllüdlü Səfərov Ziyəddin Mehti oğlu isə ona yetirilmiş çoxsaylı xəsarətlər fonunda yaranmış postravmatik şok nəticəsində öldürülüb.

    Həmçinin Rusiya Federasiyasının səlahiyyətli əməliyyat-axtarış qurumları tərəfindən saxlanılmış digər çoxsaylı şəxslərə qarşı da eyni üsulla işgəncələr tətbiq edilməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış digər Azərbaycan Respublikası vətəndaşlarının olması və hazırda Rusiya Federasiyası ərazisində tibb müəssisəsində müalicələrinin davam etdirilməsi müəyyən edilib.

    Toplanmış materiallar əsasında Azərbaycan Respublikası baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 12.2 (ölkə xaricində Azərbaycan Respublikasının vətəndaşına qarşı cinayət törədildikdə məsuliyyətin Azərbaycan qanunvericiliyi ilə müəyyən olunması), 120.2.1 (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda) və 293.3-cü (işgəncə vermə və ya digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qoyma, bu hərəkətlər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

    İbtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub, cinayət işi üzrə istintaqa qrupu yaradılmaqla aktiv istintaq tədbirləri icra edilir.

    Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən beynəlxalq hüquq normalarına uyğun olaraq müvafiq dövlətlərə hüquqi yardım sorğuları göndərilərək, istintaqın effektiv aparılması və cinayətkarların müəyyən edilərək məsuliyyətə cəlb olunması üçün zəruri əməkdaşlıq təmin ediləcəkdir.

  • Azər Zahid ev dustaqlığına buraxıldı

    Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi “TikTok” əməliyyatları nəticəsində saxlanılan Azər Zahidin məhkəməsi keçirilib.

    Median.Az-ın əldə etdiyi məlumata görə, bu gün Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsin ev dustaqlığı ilə bağlı təqdimata baxılıb.

    Məhkəmənin qərarına əsasən, Azər Zahid barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib.

    Qeyd edək ki, Azər Zahid ötən ilin sonunda polisin Tiktok əməliyyatı zamanı həbs edilib. Məhkəmənin qərarı ilə onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

    Ona qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 244-1.2.2-ci və 244-1.2.4-cü (qumar oyunu təşkil etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

    Orxan Rasifoğlu

  • Sabah güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq

    Azərbaycan ərazisində iyulun 2-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.

    Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 20-23° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70%, gündüz 50-55% olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 18-22° isti, gündüz 28-32° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.

  • Ötən ay 13 nəfər dövlət sərhədini pozarkən saxlanılıb

    Ötən ay ərzində dövlət sərhədini pоzduğuna görə 13 nəfər saxlanılıb.

    Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

    Bildirilib ki, onların 8-i Azərbaycan, 2-si Pakistan, biri Türkiyə, biri İran, biri Qana vətəndaşı olub.

    Saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 8 nəfər, sərhəd rеjim qaydalarını pоzduqlarına görə isə 905 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

    Bununla yanaşı cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 289 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib, ölkədən çıxışı qadağan edilmiş 428 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 35 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.

  • Avro 2 manatı keçdi – 4 ildən sonra

    Dünya birjalarında dolların avro qarşısında ucuzlaşması Azərbaycanda da özünü göstərib.

    Mərkəzi Bank avronun məzənnəsini bu gün üçün 2.0035 manat müəyyən edib.

    Qeyd edək ki, sonuncu dəfə 4 il əvvəl bir avronun dəyəri 2 manatı keçmişdi.

    Onu da əlavə edək ki, Azərbaycanda dolların məzənnəsi sabit saxlanılsa da, digər valyutaların dəyəri dünya birjalarına uyğun tənzimlənir.