Month: July 2025

  • Boşanmadan sonra kredit borcunu kim ödəməlidir?

    “Nikah dövründə ər-arvaddan biri tərəfindən götürülmüş borc ailə ehtiyyacları üçün sərf olunubsa, kredit müqaviləsi üzrə onların hər ikisi məsuliyyət daşıyır”.

    Bunu vəkil Turan Abdullazadə deyib.

    Vəkil qeyd edib ki, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 mart 2024-cü il tarixli qərarında qeyd olunub ki, kredit müqaviləsi kimin adınadırsa, kreditor qarşısında öhdəlikləri o icra etməlidir.

    “Lakin kredit müqaviləsi üzrə tərəf olan ər və ya arvadın faktiki nikah münasibətlərinə xitam verildikdən, yəni nigah pozulduqdan sonra kredit müqaviləsi üzrə öhtəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən olunarsa, ödəyən tərəf qarşı tərəfdən ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsini tələb edə bilər. Bu zaman məhkəmə həmin şəxsin iddiasını təmin edə bilər”, – T.Abdullazadə bildirib.

    Vəkilin sözlərinə görə, ər-arvaddan birinin bağladığı müqavilə üzrə əldə olunmuş vəsait ailə ehtiyyaclarına sərf olunubsa, ər və arvad birlikdə kreditor qarşısında borclu qismində çıxış edir. Bundan da belə nəticəyə gəlmək olur ki, nikah dövründə ər və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla onların hər ikisi üçün vəzifələr yaradır.

    “Sadə dildə desək, nikah dövründə ər-arvaddan biri tərəfindən götürülmüş borc ailə ehtiyyacları üçün sərf olunubsa, kredit müqaviləsi üzrə onların hər ikisi məsuliyyət daşıyır, hər ikisi borclu qismində çıxış edir və hər ikisi kredit müqaviləsi üzrə borcunu ödəməlidir”,- deyə vəkil fikrini yekunlaşdırıb.
    //E-huquq.az

  • Magistraturanın SABAH qrupları ləğv olunur

    Prezident İlham Əliyev 15 noyabr 2024-cü ildə ali təhsildə keyfiyyətin artırılması məqsədilə “Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə” sərəncam imzalayıb. Bu sərəncam çərçivəsində SABAH proqramının əhatə dairəsinin 2025–2026-cı tədris ilindən etibarən mərhələli şəkildə 2028-ci ilə qədər genişləndirilməsi nəzərdə tutulur. Lakin magistratura səviyyəsində SABAH qruplarının davam etdirilib-etdirilməməsi ilə bağlı qeyri-müəyyənliklər bakalavrlarda ciddi narahatlıq yaradıb.

    Elm və Təhsil Nazirliyi bildirib ki, Prezidentin imzaladığı sərəncam SABAH proqramı ilə təhsil alan tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsini və proqramın əhatə dairəsinin genişləndirilməsini əhatə edir.

    Mövzu ilə bağlı təhsil məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu Modern.az-a açıqlamasında bildirib ki, bakalavr pilləsini başa vuran tələbələrdə SABAH qruplarının magistratura pilləsinin gələcəyi ilə bağlı suallar yaranıb:

    “Bakalavrlar gözləyirdilər ki, əvvəlcə SABAH qruplarına qəbul prosesi elan olunsun, daha sonra magistr ixtisas seçiminə başlansın. Lakin Dövlət İmtahan Mərkəzi birbaşa 7–13 iyul tarixlərində ixtisas seçiminin aparılacağını açıqlayıb. Bu isə bizdə magistratura səviyyəsində SABAH qruplarının olmayacağı qənaətini formalaşdırıb”.

    Ekspert vurğulayıb ki, SABAH qrupları 2014-cü ildən Təhsil Nazirliyi (hazırkı Elm və Təhsil Nazirliyi) tərəfindən yaradılıb və yüksək akademik göstəricilərə malik, savadlı, bacarıqlı tələbələrin xüsusi təlim proqramları ilə inkişafını təmin edib:

    “Bu proqramda azsaylı tələbə kontingenti ilə informasiya texnologiyaları, xarici dil və yumşaq bacarıqlara yönəlik dərslər, innovativ tədris metodları və fərdi inkişaf proqramları tətbiq olunurdu”.

    R.Fikrətoğlunun fikrincə, əgər SABAH qrupları magistratura pilləsində ləğv edilirsə, bu, layihənin artıq ilkin mərhələdə nəzərdə tutulan eksperimental xarakterinin tamamlandığını və nəticələrinin qiymətləndirildiyini göstərə bilər.

    Digər tərəfdən isə, ola bilsin ki, SABAH proqramının prinsipləri daha geniş təhsil sisteminə inteqrasiya ediləcək və bu modeldən bütün tələbələr yararlanacaq:

    “Bununla belə, SABAH qruplarının tamamilə dayandırılması təhsildə istedadlı tələbələr üçün fərqli inkişaf platformalarının daralmasına, alternativ modellərin olmaması isə sistemin statikləşməsinə səbəb ola bilər”.

    O qeyd edib ki, proqram ləğv ediləcəksə belə, onun yerinə daha şəffaf, səmərəli və innovativ islahatlar həyata keçirilməli, alternativ inkişaf proqramları hazırlanmalıdır:

    “SABAH qruplarının magistratura səviyyəsində genişləndirilməsi daha məqsədəuyğun olardı. Belə ki, bu səviyyədə elmi tədqiqat yönümlü, multidissiplinar proqramlarla inteqrasiya edilə və proqram gələcəkdə müasir təhsil sisteminə keçid üçün bir körpü rolunu oynaya bilər”.
    //modern.az

  • 9 uşaq bağçası açılacaq

    2024-cü ildə 14 məktəbəqədər təhsil müəssisəsi tikilərək istifadəyə verilib.

    Bu barədə məlumat Elm və Təhsil Nazirliyinin 2024-2025-ci tədris ilinə dair hesabatında yer alıb.

    Məlumatda qeyd olunub ki, cari ildə 5 məktəbəqədər təhsil müəssisəsi isə əsaslı təmir olunub. 2025-ci ilin yanvar ayından etibarən 11 bağçanın fəaliyyətə başlaması nəzərdə tutulub. Onlardan 2-si açılıb, ümumi tutumu 900 yerlik olan 9 bağçasının isə açılması planlaşdırılır.
    //Modern.az

  • 13 yaşlı “ağ” haker “Microsoft”a necə kömək edir?

    “Microsoft” korporasiyası informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq etdiyi, 13 yaşlı istedadlı tədqiqatçı Dilanın şirkət üçün aşkar etdiyi saysız-hesabsız boşluqlar haqqında məlumat verib.

    Bu barədə “Neowin” nəşri yazır.

    Dilan texnologiyalara marağını hələ kiçik yaşlarından göstərib. O, əvvəlcə “Scratch” vizual proqramlaşdırma dili ilə tanış olub, daha sonra HTML və digər proqramlaşdırma dillərini öyrənib. Onun karyerasında dönüş nöqtəsi pandemiya dövrünə təsadüf edir. Həmin vaxt o, “Microsoft Teams” platformasında bir boşluq aşkarlayıb. Bu boşluq təhsil mühitində istənilən qrup üzərində tam nəzarət əldə etməyə imkan verirdi. Dilan bu barədə dərhal “Microsoft”a məlumat verib və nəticədə şirkət tədqiqatçıların təşviq proqramında yaş məhdudiyyətlərini dəyişib.

  • Ermənistan Rusiyaya nota verdi

    Ermənistan Rusiyaya nota verib.

    APA xəbər verir ki, bu barədə Ermənistan XİN-dən bildirilib.
    Rusiya səfiri Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota təqdim edilib.

    Bildirilib ki, Rusiya Federasiyası Dövlət Dumasının ayrı-ayrı deputatlarının dövlət çevrilişi cəhdinin qarşısını almaq üçün hüquq-mühafizə orqanlarının qanuni hərəkətləri ilə bağlı şərhləri və açıqlamaları təkcə təəccüb deyil, həm də hiddət doğurur.

    Eyni zamanda, Rusiya mediasında Ermənistan hökumətinə qarşı açıq-aşkar dost olmayan təbliğata qəti etiraz ifadə edilib.

  • Müəllim olmaq istədi, 5000 manat pulu ələ keçirildi

    Bakıda məktəblərin birinə müəllim kimi işə düzəlmək istəyən şəxs dələduzluqla üzləşib.

    Sərxan adlı şəxs Odlar Yurdu Universitetinin xanım məzunlarından birini Elm və Təhsil Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə işgüzar və şəxsi münasibətlərinin olduğuna inandıraraq, onu paytaxt məktəblərinin birinə müəllim vəzifəsinə düzəldə biləcəyinib deyib.
    O, bunun üçün 15 000 manat lazım olduğunu deyib. Qarşı tərəf bu barədə atasına deyib. Atası Sərxanla danışaraq ona 5000 manat pul verib. Lakin sonradan aldadıldığı başa düşüb və hüquq-mühafizə orqanlarına müraciət edib.

    Sərxan saxlanılıb və daha sonra ona Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham elan edilib. Cinayət işinin məhkəmə istintaqı Yasamal Rayon Məhkəməsində aparılıb. Sərxan məhkəmə prosesi verilmiş ittihamla özünü təqsirli bilib.

    Zərərçəkən isə dəymiş zərər ödənilmədiyinə görə Sərxandan şikayətçi olduğunu deyib. O, mülki iddiasının təmin olunmasını və Sərxanın cəzalandırılmasını xahiş edib.

    Məhkəmənin hökmü ilə Sərxana 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət verilən cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
    //qaynar.az

  • “Range Rover”i içkili idarə etdi, məhkəməyə gəlmədi – Cəza verildi

    Bakıda “Range Rover Sport” markalı avtomobili içkili halda idarə edən sürücüyə hökm oxunub.

    Qaynarinfo-nun məlumatına görə, 1980-cı ildə Ağsu rayonunda anadan olmuş Rəşad Həmidov barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.

    Məlum olub ki, sürücü Nərimanov rayonu ərazisində “Range Rover Sport” avtomobilini içkili halda idarə edib və Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

    O, dərhal sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilərək yoxlanılıb və 0,593 promilli spritli içki içdiyi müəyyən edilib. Şəxs özü də içkili olduğunu etiraf edib.

    Məhkəmədə çağırılmasına baxmayaraq, Rəşad Həmidov iclasda iştirak etməyib. Hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Rəşad Həmidov İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 6 ay müddətinə nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq olunub.

    Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə 400 manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılır.

  • Pulsuz dərman 80 manata… – TƏBİB Əməkdar artistə cavab verdi

    TƏBİB Əməkdar artist Rəhman Rəhmanovun ittihamına cavab verib.

    Qurumdan Qaynarinfo-ya verilən məlumata görə, imtiyazlı xəstələrin dərman təminatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2005-ci il tarixli, 87 nömrəli Qərarına əsasən Dövlət Proqramına uyğun şəkildə həyata keçirilir:

    “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 32 nömrəli Fərmanına əsasən hazırlanmış “Şəkərli Diabet üzrə Dövlət Proqramı” diabet xəstələri üçün tibbi yardımın iqtisadi cəhətdən əsaslandırılmış modelinin yaradılmasına, onların həyat fəaliyyətinin yüksəldilməsinə, ömürlərinin uzadılmasına, müalicə keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilmişdir. Dərman təminatı imtiyazlı xəstə sayına uyğun olaraq təmin edilir və hər ayın 10-dan 20-dək poliklinikada xəstələrə dərman vasitələri paylanılması prosesi icra olunur. Hal-hazırda təminatla bağlı heç bir çətinlik yoxdur.

    Bununla belə, vətəndaş müraciətləri tərəfimizdən nəzarətdə saxlanılır və dərman vasitələrinin təminatı icra olunur”.
    Qurum əlavə edib ki, şəkərli diabet xəstələrinin dərman təminatı rayonlar üzrə mərkəzləşdirilmiş qaydada imtiyazlı apteklər tərəfindən həyata keçirilir:

    “Binəqədi rayonu ərazisində mərkəzləşdirilmiş aptek 9 nömrəli Şəhər Poliklinikasında yerləşir. Hörmətli aktyorumuz Rəhman Rəhmanovla tərəfimizdən əlaqə saxlanılıb, ona müvafiq izahatlar verilib.

    Bununla yanaşı, qeyd edirik ki, yaxın zamanda əhaliyə göstərilən tibbi xidmətin əlçatanlığının təmin edilməsi, tibbi xidmətin keyfiyyətinin artırılması məqsədilə sözügedən məsələ ilə əlaqədar tədbirlərin görülməsi nəzərdə tutulub”.

    Qeyd edək ki, Əməkdar artist Rəhman Rəhmanov redaksiyamıza şəkərli xəstələr üçün dövlətin ona pulsuz verdiyi insulin iynəsini növbəyə dayana bilməməsi səbəbindən pulla aldığını bildirmişdi.

  • Süni intellekt 18 il övlad sahibi ola bilməyən qadının hamilə qalmasına kömək etdi

    ABŞ-da bir cütlük 18 il ərzində övlad sahibi olmağa cəhd edib və 15 dəfə ekstrakorporal mayalanma (EKM) proseduruna üz tutub. Nəhayət ki, süni intellektin köməyi ilə qadının hamiləliliyi baş tutub.

    Bu barədə CNN məlumat yayıb.

    Cütlüyün sonsuzluq səbəbi olaraq azoospermiya diaqnozu qoyulub. Bu, sperma mayesində spermatozoidlərin demək olar ki, olmaması ilə xarakterizə olunan patoloji vəziyyətdir. Statistikaya görə, aşkarlanmış sonsuzluq hallarının 10-15%-i bu diaqnozla bağlıdır və müalicəsi ən çətin formalar arasında sayılır.

    Hamiləliyin baş tutmasına “STAR” adlı – “Sperm Track and Recovery” (Sperm İzləmə və Bərpa) layihəsi çərçivəsində hazırlanmış süni intellekt sistemi səbəb olub. Bu texnologiyanın hazırlanması 5 il davam edib. STAR süni intellekti və mikrofluid çipi birləşdirir: sistem cəmi bir saat ərzində 8 milyondan çox mikroskopik görüntü əldə edir və insan gözü ilə aşkar edilə bilməyən spermatozoidləri müəyyən edir.

    Sistem spermatozoidi aşkar etdikdən sonra onu qida mühitindəki damlaya izolyasiya edir. Bu, embrioloqlara lazer və ya rəngləndiricilərdən istifadə etmədən hüceyrəni çıxarmağa imkan verir və spermatozoidin EKM üçün həyat qabiliyyətini qoruyur.

    Məhz bu texnologiya vasitəsilə kişinin spermində kifayət qədər spermatozoid aşkar olunub və EKM proseduru həyata keçirilib. Bir neçə gün sonra hamiləlik testi müsbət nəticə verib. Hazırda qadın hamiləliyin dördüncü ayındadır, doğuşun isə 2025-ci ilin dekabrında baş tutacağı gözlənilir.

    STAR texnologiyası hazırda yalnız Kolumbiya Universitetində istifadə olunur. Lakin layihə komandası yaxın zamanda elmi nəticələri nəşr etməyi və texnologiyanı geniş ictimaiyyət üçün əlçatan etməyi planlaşdırır. STAR ilə EKM prosedurunun təxmini qiyməti 3.000 ABŞ dolları təşkil edir.

  • Sabiq rəis elektron qolbaqda gəzəcək

    Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyinin sabiq vəzifəli şəxsinə hökm oxunub.

    Qaynarinfo-nun məlumatına görə, Agentliyin Respublika Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzinin Gədəbəy rayonu Mərkəzinin sabiq rəisi Eldar Quliyev cinayət məhsuliyyətinə cəlb edilib. Onun Cinayət Məcələsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmdə baxılıb.

    O, Mərkəzin rəisi vəzifəsində işləməklə öz qulluq mövqeyindən istifadə edərək Turqut Abdalov adlı şəxsi Aqrar Xidmətlər Agentliyinin Gədəbəy rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinə baytar köməkçisi kimi işə düzəldəcəyi barədə yalan vədlər verib və zərərçəkmiş şəxsi buna inandıraraq 1500 manat pulua alıb. Eldar Quliyev eyni üsulla Elibəy adlı şəxsdən 3000 min, Əlişad adlı vətəndaşda 2500 manat almaqla dələduzluq edib.

    Təqsirləndirilən şəxslə bağlı cinayət işi açıldıqdan sonra 2024-cü il 13 may tarixli müvafiq əmrlə Eldar Quliyev vəzifəsindən azad edilib.

    1976-cı il təvəllüdlü təqsirləndirilən şəxs məhkəmədə qeyd edilən şəxsləri işə götürmək kimi bir səlahiyyəti olmadığını, pula ehtiyacı olduğuna görə zərərçəkmiş şəxslərdən qeyd edilən məbləğləri aldığını deyib. O, zərərçəkmiş şəxslərdən aldığı pulu mülaicəsi üçün sərf etdiyini bildirib. Həmçinin zərərçəkmişlərə dəymiş zərərin tam olaraq ödənildiyini və barışıq əldə olunduğunu bildirib.

    Məhkəmənin qərarı ilə Eldar Quliyevə 1 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. O, cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.