Month: August 2025

  • Rasim Musabəyov: Artıq Azərbaycan Rusiyaya bəyanatla yox, hərəkətlə cavab verməli, Ukraynaya silah satmalıdır

    Rusiya Azərbaycana qarşı dost olmayan siyasət yürütməkdə davam edir. Bu siyasət artıq açıq aqressiya müstəvisinə keçib. Əgər əvvəllər Kreml öz mövqeyini yalnız siyasi ritorika, təbliğatçı politoloqlar və radikal çıxışlarla ifadə edirdisə, indi proses hərbi-siyasi səviyyəyə qaldırılıb. Rusiya Dövlət Dumasının deputatı Andrey Qurulyov, antiAzərbaycan mövqeyi ilə seçilən Vladimir Solovyov və digər propaqandistlərin təhdidlərinin davamı kimi Moskva təhlükəli addımlar ataraq, Ukraynada Azərbaycana məxsus enerji obyektlərini hədəfə almağa başlayıb.
    Rusiya Ukraynada Azərbaycana məxsus enerji obyektlərini məqsədyönlü şəkildə hədəfə alıb


    Son hadisələr məhz bu təcavüzkar kursun bariz göstəricisi kimi qiymətləndirilən bilər. Ötən gecə Odessa vilayətində SOCAR-a məxsus neft bazası növbəti dəfə Rusiya tərəfindən İranın “Şahed” tipli PUA-ları ilə intensiv hücuma məruz qalıb. Birbaşa zərbələrdən sonra güclü yanğın baş verib, 17 yanacaq çəni, nasosxana, operator otaqları və texniki binalar ciddi zərər görüb, ərazinin hasarı dağılıb, Ümumi tutumu 16 min kubmetr olan bu obyektin sıradan çıxarılması Azərbaycanın iqtisadi maraqlarına və enerji təhlükəsizliyinə qarşı yönəlmiş açıq təxribatdır. Xüsusilə qeyd etmək lazımdır ki, bu, Rusiyanın Odessada SOCAR-a məxsus neft bazasına ikinci hücumudur. Avqustun 8-də də Rusiya 10 “Şahed” ilə SOCAR-ın neft bazasına hücum etmiş, nəticədə qismən dağıntılar olmuşdu.


    Bundan əvvəl – avqustun 6-da isə Rusiya Odessada Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına hava zərbələri endirmişdi. Göründüyü kimi, Rusiya son vaxtlar Ukraynada Azərbaycana məxsus enerji obyektlərini məqsədyönlü şəkildə hədəfə alıb.

    Azərbaycan Ermənistanla müharibədə ələ keçirdiyi rus silahlarını güzəştli sərtlərlə Ukraynaya satmalıdır

    Milli Məclisin deputatı Rasim Musabəyovun qənaətinə görə, Azərbaycanın etirazlarına baxmayaraq, SOCAR-ın obyektlərini hədəfə alan Rusiyaya əlavə bəyanat və müraciət ünvanlamadan cavab vermək lazımdır.

    Deputat APA-ya açıqlamasında bildirib ki, Rusiya Azərbaycanın etirazlarına baxmayaraq SOCAR-ın obyektlərini mütəmadi olaraq havadan zərbələrə məruz qoyur: “Artıq bununla bağlı onlara əlavə müraciət və ya bəyanat ünvanlamağa ehtiyac yoxdur. Hesab edirəm ki, biz Ukraynaya silah satışına qoyulmuş embarqonu aradan qaldıra bilərik və bu addımı atmaq lazımdır. Rusiyanın dediklərinə fikir vermədən hərəkət etmək lazımdır. Vaxtilə Ermənistanla müharibə dövründə ələ keçirilmiş rus silahlarını Ukraynaya satmaq mümkündür. Naxçıvanda da ordumuz tamamilə Türkiyə silahlarına keçid etdiyi üçün orada kifayət qədər zirehli texnika qalıb. “Qrad” qurğuları, digər texnikalar var ki, onları artıq saxlamağa ehtiyac yoxdur. Bu texnikanı Ukraynaya satış üçün göndərmək olar. Vaxtilə Ukrayna bizə sovet silahlarını satmışdı – həm tankları, həm də MiQ-29 qırıcılarını Azərbaycana vermişdi. Mən indi heç bir qəbahət görmürəm ki, Azərbaycan da öz növbəsində artıq bizə artıq lazım olmayan sovet istehsalı silahları Ukraynaya güzəştli qiymətlərlə satsın. Onsuz da həmin vəsaiti Avropa ölkələri böyük məmnuniyyətlə ödəyirlər. Buna əlavə izahat da lazım deyil – kimə xoşdursa, xoş olsun, xoş deyilsə, fərq etməz”.
    //Apa

  • Sabah Bakıda 35 dərəcə isti olacaq

    Avqustun 19-na gözlənilən hava şəraiti açıqlanıb.

    Bu barədə apa-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bakıda və Abşeron yarımadasında hava necə olacaq?
    Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 21-25, gündüz 30-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında hava necə olacaq?
    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

  • İran XİN: Ermənistan və Azərbaycan arasında sülh sazişini dəstəkləyirik

    Biz Ermənistan və Azərbaycan arasında sülh sazişini dəstəkləyirik.

    Apa xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bugünkü mətbuat konfransında bildirib.

    Onun sözlərinə görə, İran Cənubi Qafqazda davamlı təhlükəsizlik və sabitliyə yol açacaq sülh sazişinin ratifikasiyasını dəstəkləyir:

    “Azərbaycan və Ermənistan tərəfindən bəyanatın imzalanması iki ölkənin suveren qərarı idi. Biz keçmişdə olduğu kimi iki ölkə arasında Cənubi Qafqazda davamlı təhlükəsizlik və sabitliyə yol açacaq sülh sazişinin ratifikasiyasını dəstəkləyirik”.

    Bəqai vurğulayıb ki, region ölkələri arasında kommunikasiya marşrutlarının yaradılması heç bir geosiyasi dəyişiklik olmadan həyata keçirilməlidir:
    “Biz region ölkələri arasında kommunikasiya marşrutlarının yaradılması ilə razılaşsaq və dəstəkləsək də hesab edirik ki, bu cür marşrutlar beynəlxalq səviyyədə tanınmış sərhədlərin qorunub saxlanılması və ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşılmaqla və heç bir geosiyasi dəyişiklik olmadan həyata keçirilməlidir”.

    İran XİN rəsmisi qeyd edib ki, xarici qüvvələrin bölgədə mövcudluğu faydalı hesab edilmir və bu barədə narahatlıq ifadə olunub.

    “Xarici qüvvələrin mövcudluğunu faydalı hesab etmirik və narahatlığımızı bildirdik. Bizi əmin ediblər ki, bölgəyə heç bir formada hərbi qüvvələr yerləşdirilməyəcək. Sülh sazişinin mühüm müddəalarından biri də iki ölkənin ümumi sərhədləri boyunca heç bir üçüncü tərəfin hərbi qüvvələrinin yerləşdirilməməsinin vurğulanmasıdır. Ona görə də biz bu məsələdən narahatıq və hadisələrin gedişatını diqqətlə izləyir, hər iki ölkə ilə sıx əlaqə saxlayırıq”.

  • Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri və digərlərinin məhkəməsində ittiham aktı elan olunub

    “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri İlqar Musyafayev, onun köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və digərilərinin cinayət işi üzrə məhkəməsinin növbəti prosesi keçirilib.

    Apa xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktının elan olunmasına başlanıb.

    Proses sentyabrın 8-də davam etdiriləcək.
    Qeyd edək ki, “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin fəaliyyətinin yoxlanılması ilə bağlı Azərbaycan Respublikasının Hesablama Palatasından daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
    Məlumata görə, ibtidai istintaqla İlqar Mustafayevin “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri vəzifəsində işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə cinayət əlaqəsinə girib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilmiş ümumilikdə 12 milyon manatdan artıq pul vəsaitini vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

    Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasına və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmasına əsaslı şübhələr müəyyən olunub.

    Toplanmış sübutlar əsasında İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib, İlqar Mustafayev barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarı ilə həbs, digərləri barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

    İş üzrə müəyyən edilmiş maddi ziyanın ödənilməsini təmin etmək məqsədilə ümumilikdə 11 milyon manatdan artıq dəyərdə əmlak üzərinə həbs qoyulub.
    Eyni zamanda cinayət işindən həmin əməllərin törədilməsində iştirak etmiş digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaq davam etdirilir.

  • Həmin mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı məhkəmə – şahidlər ifadə verdi

    “Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

    Median.Az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə şahid qismində mərkəzdə tibb bacısı kimi çalışmış Fatimə Bağırova ifadə verərək bildirib ki, təqsirləndirilən Elnur Əhmədlini tanımır: “Mərkəzdə gündüz növbəsində tibb bacısı vəzifəsində çalışıram. Səhər işə gələndə gördüm ki, şöbəmiz yanıb, ətraf su içindədir. Şöbəmizdə olan uşaqları başqa mərkəzə, məni və başqa iki tibb bacısını “Yeni Klinika”ya göndərdilər. Təqsirləndirilən şəxslərə gəldikdə isə Mehriban xanımı mərkəzin direktoru, Hamlet doktoru isə beşinci mərtəbədə yerləşən şöbənin müdiri olaraq tanıyıram. Onu da yuxarı qan, plazma götürməyə gedəndə bir-iki dəfə görmüşəm. Bizim şöbədə elektrik uzadıcılarından istifadə edilirdi, bununla bağlı qadağa qoyulmamışdı”.

    Daha sonra şahidin ibtidai istintaqa verdiyi ifadə elan edilib.
    Mərkəzdə böyük tibb bacısı vəzifəsində çalışmış Məxbilə Qurbanova da prosesdə ifadə verib. O, hadisə baş verən gün mərkəzdə olmadığını bildirib: “Mən mərkəzdə baş tibb bacısı kimi fəaliyyət göstərmişəm. İşim tibb bacılarının fəaliyyətinə nəzarət etməkdir. Gəldim gördüm ki, şöbəmiz su içindədir, hər şey yararsız vəziyyətə düşüb. Təqsirləndirilən şəxsləri tanıyıram. Əvvəl mərkəzin strukturu fərqli idi. 2021-ci ildə mərkəzin akt zalında TƏBİB iclas keçirdi. Struktur dəyişikliyi baş verdi. Bunu bizə iclas zamanı dedilər. Buna etiraz edənlər də oldu, lakin xeyri olmadı. Bizi şöbə etdilər və Hamlet həkimin bölməsinin tabeliyinə verildik. Əvvəl 2 otağa baxırdıq, daha sonra 4 oldu. Xəstə çox olduğu üçün hətta otaq sayını 6 etmək istəyirdilər. Otaq sayı 2 olanda rahat işləyirdik. 4 otaq olanda küvezlər bir-birinə çox yaxın oldu. Uşaqların çoxluğundan otağa girmək mümkün deyildi. İş yükü çox idi. Ağır xəstə olan 2 uşağa 1 tibb bacısı, orta ağır olan 4 uşağa 1 tibb bacısı baxırdı. Ümumi 15 tibb bacısı var idi. Dəfələrlə Mehriban xanıma yükümüzün çoxluğu ilə bağlı məlumat versək də, Mehriban xanım bizə “işi bacarmayan işdən çıxa bilər”, deyirdi”.
    Daha sonra şahidin ibtidai istintaqa verdiyi ifadə elan edilib.

    Növbəti proses avqustun 25-nə təyin edilib.
    Qeyd edək ki, 2024-cü il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib.
    Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb. İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.
    Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
    Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.
    Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib. Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində “Respublika Perinatal Mərkəzi”, Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb./APA 

  • MN: Son 4 ildə Sabunçuda qrunt sularının təmizlənməsi tədbiri üzrə büdcə xərcləri tam icra olunmayıb

    2021-2024-cü illərdə “Bakı şəhərinin Sabunçu rayonunda qrunt sularının təmizlənməsi” tədbiri üzrə büdcə xərcləri proqnozla müqayisədə az icra edilib.

    Bu barədə “apa-economics”ə Maliyyə Nazirliyindən bildirilib.

    Məlumata görə, sözügedən tədbirlə əlaqədar ayrılan büdcə vəsaitinin 2021-ci ildə 88.7%-i, 2022-ci ildə 86.1%-i, 2023-cü ildə 55.8%-i, ötən il isə 86.1%-i istifadəsiz qalıb.

    Qeyd edilib ki, təqdim olunan izahata əsasən vəsaitdən aşağı istifadə qrunt sularının səviyyəsinin artmaması və bununla bağlı xərc artımına ehtiyac yaranmaması ilə əlaqəli olub.

    Təqdim edilən izahedici məlumatlarda sözügedən tədbirlər üzrə vəsaitin proqnozdan daha az istifadə olunmasının səbəbləri kimi, ştatların optimallaşdırılması, satınalma prosedurlarının baş tutmaması, müqavilə dəyərinin ehtimal olunandan aşağı olması, strukturun təkmilləşdirilməsi tədbirləri, iki balıqartırma zavodunun ləğvi və s. səbəblər qeyd edilib

  • Sərxoş halda sərnişin daşıyan avtobus sürücüsü həbs edilib

    Sərxoş vəziyyətdə sərnişin daşıyan avtobus sürücüsü inzibati qaydada həbs edilib.

    DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən apa-ya verilən məlumata görə, yollarda baş verə biləcək qəzaların qarşısının alınması və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı sərnişin daşıma fəaliyyəti ilə məşğul olan “İsuzu” markalı, 99-XO-187 dövlət qeydiyyat nişanlı avtobus nəzarət qaydasında Ekoloji nəzarət postunda saxlanılıb.

    Yoxlama zamanı nəqliyyat vasitəsini idarə edən, Ağcabədi rayonu sakini Əliyev Tural Hüseyn oğlunun alkoqollu içki qəbul etməsinə əsaslı şübhələr yarandığından onun tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən sürücünün sərxoş vəziyyətdə olduğu təsdiqlənib.

    Sürücü barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə T.Əliyev 15 gün müddətinə inzibati qaydada həbs edilib.

    Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə xatırladır ki, sərxoş vəziyyətdə sükan arxasına keçmək yolverilməzdir. Sərnişin daşıyan hər bir sürücü daşıdığı insanların həyatına birbaşa məsuliyyət daşıyır və bu məsuliyyətin unudulması qəza və faciələrlə nəticələnə bilər.

  • Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən 3 əcnəbiyə cinayət işi başlanılıb

    Avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.

    DİN Mətbuat Xidmətindən apa-ya bildirildi ki, araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.
    Faktla bağlı cinayət məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.

    Başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

  • Çində daşqın: ölənlərin sayı artdı

    Çinin Daxili Monqolustan Muxtar Bölgəsindəki təbiət düşərgəsini daşqınlar vurub.
     
    Median.Az
    xarici mətbuata istinadən xəbər verir ki, Çinin şimalındakı Daxili Monqolustan Muxtar Bölgəsindəki təbiət düşərgəsini vuran daşqın nəticəsində ölənlərin sayı 10-a çatıb, daha iki nəfərin isə hələ də xəbəri yoxdur.

    Yerli fövqəladə hallar rəsmiləri bazar günü bildiriblər ki, fəlakət şənbə günü axşam saat 22:00 radələrində, Bayannur şəhərinin Urad Arxa Bayraq ərazisindəki çayın yuxarı hissəsində baş verib və 13 düşərgə itkin düşüb.

    Beş ailədən olan düşərgəçilər arasında səkkiz kişi və beş qadın olub.

    Bayannur Fövqəladə Hallar Bürosunun məlumatına görə, bazar günü saat 15:30-a olan məlumata görə, bir nəfər xilas edilib.

    Hadisə yerinə 700-dən çox xilasetmə qrupu göndərilib və itkin düşənlərin təcili axtarışına başlayıb.

  • Generalın oğluna vəzifə verildi

    Naxçıvan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti İdarəsinə yeni rəis təyin edilib. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun əmri ilə daxili xidmət mayoru Ramil Eminov bu vəzifəyə gətirilib.

    Median.Az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ramil Eminovun atası da yüksək vəzifə tutub.

    Belə ki, R.Eminov Müdafiə Nazirliyinin İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Məmməd Eminovun oğludur. General Eminov ötən ilin yayında ordudan ehtiyata buraxılıb.

    Məlumat üçün bildirək ki, oğul Eminov idarə rəisi olana qədər eyni qurumda daha aşağı vəzifələrdə çalışıb.