Month: August 2025

  • Aytən Səfərovaya cinayət işi açıldı

    Xəzər televiziyasının aparıcısı Aytən Səfərova barəsində ölümə səbəb olan yol-nəqliyyat hadisəsinə görə cinayət işi başlanıb. Hazırda istintaq prosesi davam edir.

    Median.Az xəbər verir ki, məlumatı gununsesi.info əldə etdiyi rəsmi sənədlərə istinadla yayıb.

    Xatırladaq ki, hadisə ötən ilin aprelində Xətai rayonu ərazisində, 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində baş verib. Aprıcının idarə etdiyi “Hyundai Accent”lə “Hyundai İX-35” markalı digər maşın toqquşub. Qəza nəticəsində “İX-35”də olan Ayxan Əliyev adlı gənc dünyasını dəyişib.
    Bir ildən çox davam edən istintaq və ekspertiza nəticələrində qəzanın baş verməsində hər iki sürücünün günahı olduğu müəyyənləşdirilib.

    Araşdırmalara əsasən, 19 yaşlı “İX-35” sürücüsü İsmayıl Məmmədov dönmə manevrini ikinci hərəkət zolağından edib və bunu qırmızı işıq yanarkən həyata keçirib. Ekspert rəyinə görə, Aytən Səfərova isə icazə verilən sürət həddini keçib. Bu qayda pozuntusu hadisənin qarşısını almaq imkanını texniki olaraq mümkünsüz edib.

    Bundan başqa, müəyyən olunub ki, Aytən Səfərova avtomobili sürücülük hüququ olmadan idarə edib — hadisə vaxtı onun sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitmiş olub.

    İstintaq yekununda İsmayıl Məmmədov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi (yol hərəkəti qaydalarının pozulması, ehtiyatsızlıqdan insan ölümü ilə nəticələndikdə) ilə ittiham olunub. Zərərçəkmişin ailəsi ondan şikayətçi olmayıb. Məhkəmənin qərarı ilə gənc sürücü məntəqə tipli cəzaçəkmə müəssisəsində 3 il müddətinə azadlıqdan məhrum edilib.

    Aytən Səfərova ilə bağlı isə Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi (sürücülük hüququ olmayan şəxsin yol hərəkəti qaydalarını pozaraq ölümə səbəb olması) üzrə ayrıca cinayət işi ayrılıb və istintaq davam edir.

  • Daşkəsəndə 600 kq-dan artıq çətənə bitkisi məhv edildi

    Daşkəsəndə yabanı halda bitən 600 kq-dan artıq çətənə bitkisi məhv edilib.

    Median.Az report-a istinadən xəbər verir ki, Daşkəsən rayonunda polis əməkdaşlarının keçirdiyi “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar olunub.
    Ümumi çəkisi 634 kq olan 712 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.

  • Maliyyə Nazirliyi banklara qoyduğu depozitdən nə qədər gəlir əldə edəcək? – Cədvəl

    Bu ilin 11 aprel tarixində Maliyyə Nazirliyi tərəfindən ilk dəfə vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi məqsədilə depozit hərracı keçirilib.

    İndiyədək bu məqsədlə 14 depozit hərracı təşkil olunub və ümumilikdə 6 milyard 830 milyon manat vəsait banklarda depozit kimi yerləşdirilib.

    Qeyd edək ki, həmin depozit hərraclarında banklara yerləşdirilən vəsaitdən ümumilikdə 56.4 milyon manat faiz gəliri formalaşacaq.

    //APA

  • İranda qadın 22 ildə 11 dəfə evləndi, ərlərini zəhərləyib öldürdü

    İranın Mazandaran vilayətində 56 yaşlı Kolsum Əkbəriyə qarşı 11 nəfəri qəsdən öldürmə və bir nəfəri öldürməyə cəhd ittihamı irəli sürülüb.

    Prokurorluğun iddiasına görə, Əkbəri 2000-2023-cü illərdə əsasən özündən xeyli yaşlı kişilərlə evlənərək onların mehir pullarını və miras qalan əmlaklarını ələ keçirib, daha sonra qan təzyiqi, şəkər, sakitləşdirici dərmanlar və bəzi hallarda etil spirti qarışığı ilə zəhərləyib. İddia olunur ki, dərman təsir etmədikdə qurbanlarını yastıq və dəsmallarla boğaraq öldürüb.

    Cinayətlər Sari, Neka, Mahmoudabad, Babol və Qaemşəhr də daxil olmaqla müxtəlif şəhərlərdə baş verib ki, bu da ölüm halları arasında əlaqə qurulmasını illərlə çətinləşdirib. Rəsmi məlumatlara görə, təsdiqlənmiş qurbanlar arasında Mirəhməd Omrani (69), İsmayıl Bəxşi (62) və Qancəli Həmzeyi (83) də var.

    2020-ci ildə Məsih Nəmatinin zəhərlənmə cəhdindən sağ qalması ilə cinayətlərin izi sürülməyə başlanıb. Sonuncu qətl – 82 yaşlı Qulamrza Babaeinin ölümü – 2023-cü ildə Əkbərinin həbsinə səbəb olub.

    Məhkəmədə təqdim edilən rekonstruksiya görüntülərindən sonra Əkbəri cinayətləri etiraf etsə də, öldürdüyü dəqiq insan sayını xatırlamadığını, bunun 13-15 nəfər ola biləcəyini deyib. Onun vəkili psixi durumunun araşdırılmasını tələb etsə də, zərərçəkən ailələr buna etiraz edərək İslam qanunlarına əsasən edam cəzası istəyib.

    İran ictimaiyyətində böyük rezonans doğuran iş, hətta televiziya serialına mövzu olub. Qurban ailələri isə bu cür ağır hadisənin sosial mediada zarafata çevrilməsindən narahatlıqlarını bildiriblər. Məhkəmənin hökmü bütün iddiaçılar dinlənildikdən sonra açıqlanacaq.
    //qaynar.az

  • Azərbaycanlı müğənni Rusiyadakı bütün konsertlərini ləğv etdi (SƏBƏB)

    Azərbaycanlı müğənni Nəvai (Nəvai Bəkirov) Rusiyanın cənubunda bütün konsertlərini ləğv edib.

    Bu barədə “Mash” “Telegram” kanalı məlumat yayıb.

    Telekanalın məlumatına görə, musiqiçi avqustun 15-dən 18-dək Soçi, Gelencik, Krasnodar və Rostov-na-Donda baş tutmalı olan dörd konserti ləğv edib.

    İddialara görə, sənətçi bu qərarı amerikalı reper Akonun çıxışından əvvəl Soçiyə pilotsuz təyyarə ilə edilən hücumdan sonra verib. Hadisə zamanı tamaşaçılar məkandan evakuasiya edilib, lakin hadisə hələ də baş verib.

    Bəkirovun meneceri telekanala müsahibəsində vəziyyəti şərh etməkdən imtina edib. Musiqiçinin çıxış etməli olduğu məkanın işçiləri ləğvlərlə bağlı məlumatı təsdiqləyiblər.
    //qaynar.az

  • Rəfiqəsini evinə qonaq çağırıb onun mənzilinə oğurluğa getdi – Bakıda film kimi hadisə

    Bakıda film kimi oğurluq hadisəsi baş verib.

    Qaynarinfo-nun məlumatına görə, J.Məmmədova adlı xanım rəfiqəsini evinə qonaq çağırıb. Gecə rəfiqəsi yatdıqdan sonra onun evinin açarlarını çantasından götürüb. Bundan sonra J.Məmmədova taksi sifariş verərək, rəfiqəsinin evinə gedib və onun qızıllarını oğurlayıb.

    J.Məmmədovanın rəfiqəsi olaydan xəbər tutuduqda Daxili İşlər Nazirliyinin (DİN) “102 xidməti”nə müraciət edib. Polis qısa müddət ərzində cinayətin üstünü açıb.

    J.Məmmədovaya 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan edilib və onun barəsində məhkəmənin qərarı ilə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb.

    J.Məmmədova məhkəmə zamanı özünü verilmiş ittiham üzrə qismən təqsirli bildiyini deyib. Həmçinin qeyd edib ki, rəfiqəsinin evindən oğurladığı qızılları lombarda qoyub.

    Təqsirləndirilən şəxsin sözlərinə görə, öz qızıllarını lombarddan çıxarmaq üçün rəfiqəsinin ona dəstək verməsini xahiş edib. Lakin rəfiqəsindən müsbət cavab ala bilməyib. Bu baxımdan, qərara gəlib ki, onun qızıllarını oğurlayaraq lombarda qoysun və öz qızıllarını geri alsın.

    Məhkəmənin hökmü ilə J.Məmmədovaya 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanıldığı 1 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində 2 il 5 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

  • Bu məhsullar bahalaşdı

    2025-ci ilin iyul ayında istehlak qiymətləri indeksi 2024-cü ilin iyul ayına nisbətən 105,0 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 106,2 faiz, qeyri-qida məhsulları üzrə 102,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,6 faiz təşkil edib.

    Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

    Bildirilib ki, 2025-ci ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,9 faiz, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,8 faiz təşkil edib.

    2025-ci ilin iyul ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,5 faiz, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 106,6 faiz olub.

    Bu ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma uzun düyünün, mal və qoyun ətinin, kolbasa məmulatlarının, günəbaxan və qarğıdalı yağlarının, limonun, albalının, gilasın, əriyin, göyərtinin, şokolad məmulatlarının, ucuzlaşma isə yumurtanın, bananın, almanın, armudun, gavalının, şaftalının, qarpızın, yemişin, üzümün, ağ kələmin, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, lobyanın, süfrə çuğundurunun, yerkökünün, soğanın, kartofun qiymətlərində müşahidə edilib. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

    2025-ci ilin iyul ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,6 faiz təşkil etmişdir. İyul ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından bahalaşma yuyucu və təmizləyici vasitələrin, şəxsi gigiyena məmulatlarının, ucuzlaşma isə parketin, ortopedik döşəklərin və yazı kağızlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

    2025-ci ilin iyul ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 107,3 faiz təşkil edib.

    İyul ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən stomatoloji xidmətlərin, hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə sərnişindaşıma xidmətlərinin, istirahət turlarının, mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin, ucuzlaşma isə hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

  • İlham Əliyevin orden verdiyi Vladimir Fekete kimdir? – DOSYE

    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Feketeni “Dostluq” ordeni ilə təltif edib. Dövlət başçısının imzaladığı sənəddə qeyd edilib ki, V.Fekete Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə təltif edilir.

    Vladimir Fekete 1955-ci ilde Bratislava yaxınlığındakı Xorvatski Qrob kəndində doğulub. 1979-cu ildə Bratislavada Komenski Universitetinin təbiət elmləri bitirib. 1981-ci ilde Don Boskonun Saleziyanları cəmiyyətinə gizlincə qoşulub və 30 iyun 1983-cü ildə Berlində Volfqant Veyder tərəfindən keşiş kimi təqdis olunub.

    1990-ci ildə Slovakiyada kommunist rejiminin süqutuna qədər geoloq kimi çalışıb. 1989-cu ildən sonra Levoçada Saleziyalı katolik tələbələrin cəmiyyətində direktor olub. 1993-1999-cı illərdə Slovak Saleziyanların vikarı kimi fəaliyyət göstərib. 1999-cı ildə Lüblin Katolik Universitetində teoloji dərəcəsini alıb. 1999-2005-ci illərdə Slovak Saleziyanların rəhbərliyinə geri qayıdıb. 2006-cı ildə Romada Papa yanında Saleziyan Universitetindəki didaktik təhsilini bitirib. 2006-2009-cu illərdə Saleziyan tələbələrin ustadı kimi fəaliyyət göstərib.

    5 noyabr 2009-cu ildə Papa XVI Benedikt tərəfindən Katolik kilsəsinin Bakıdakı missiyasına baş keşiş kimi təyin edilib. 4 avqust 2011-ci il tarixindən etibarən Azərbaycan Həvari Prefektinin rəhbəri kimi çalışır. 2 oktyabr 2016-cı ildə Papa Fransiski Bakıda Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsində qarşılayıb. 8 dekabr 2017-ci ildə rütbəsi yepiskopluğa qaldırılıb. 11 sentyabr 2018-ci ildə təqdisetmə mərasimi keçirilib və Vatikanın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Gallager tərəfindən yepiskop kimi təsdiqlənib.

    Sabah onun 70 yaşı tamam olur.

  • Sovetdən qalma təcili yardım maşınları nə vaxt yenilənəcək?

    “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin balansında 2010-cu ildən əvvəl istehsal olunmuş, o cümlədən sovet istehsalı olan avtomobillər qismən qalmaqdadır”.

    Bu barədə Baku.ws-in sorğusuna cavab olaraq TƏBİB-in mətbuat xidmətindən bildirilib.

    Qeyd olunub ki, hazırda bu sahədə yenilənmə prosesi gedir və köhnə avtomobillərin mərhələli şəkildə yeniləri ilə əvəz olunması istiqamətində işlər aparılır. Təkcə 2025-ci il ərzində 100-dən çox istismara yarasız avtomobil xidmətdən kənarlaşdırılaraq, yeniləri ilə əvəz edilib.

    “Ümumiyyətlə, son illər İcbari Tibbi Sığorta sisteminin tətbiqi çərçivəsində təcili tibbi yardım sisteminin infrastrukturunun gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. 2025-ci ilə qədər ölkə üzrə 400-ə yaxın yeni ambulans alınaraq istifadəyə verilib. Bu il ərzində isə əlavə olaraq 80 ədəd “Iveco” markalı təcili tibbi yardım avtomobili alınıb və onların paylanılması prosesinə başlanılıb. Təcili yardım xidmətinin bölgələrdə daha da yaxşılaşdırılması, operativliyin təmin edilməsi və xidmət keyfiyyətinin artırılması məqsədilə tədbirlər davam etdirilir”.

  • Son zamanlar müşahidə olunan virus “pnevmaniya” yaradır – XƏBƏRDARLIQ

    Yüksək hərarət, baş ağrısı və dayanmaq bilməyən öskürək… Son günlərdə bir çox insanlar arasında sadalanan simptomlarla müşayiət olunan viruslu infeksiyaların artdığı müşahidə edilir. Bəs maraqlıdır havaların isti keçməsinə baxmayaraq, yay aylarında bu yoluxucu xəstəliklərin yayılmasının səbəbi nədir?

    Həkim terapevt Rasif Bağırov deyir ki, sözügedən simptomlar adətən yüngül gedişatlı olsa da, immun sistemi zəif olan şəxslərdə daha ağır keçə bilər.

    Həkim deyir ki, infeksiyanın yayılmasının əsas səbəblərindən biri kondisionerlərlə bağlı hava dəyişiklikləri və insanların qapalı məkanlarda daha çox vaxt keçirməsidir.

    Terapevt bu günlərdə şəxsi gigiyenaya diqqət yetirməyi, bol maye qəbul etməyi və kütləvi yerlərdən mümkün qədər uzaq durmağı tövsiyə edir. Simptomlar ağırlaşarsa, mütləq həkimə müraciət etmək tövsiyə olunur.//Xəzər TV