Month: August 2025

  • Netanyahu İsrailin Qəzza zolağına nəzarət etmək planı olmadığını deyib

    )İsrailin Qəzza zolağına nəzarət etmək planı yoxdur, hökumət bölgəyə nəzarəti ərəblərə vermək niyyətindədir.

    Apa xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

    “Biz orada rəhbər orqan olaraq olmaq istəmirik. Biz idarəni bizi təhdid etmədən, Qəzza xalqına yaxşı həyat təmin edərək onu düzgün idarə edəcək ərəb qüvvələrinə təhvil vermək istəyirik”, – Netanyahu “Fox News” telekanalına müsahibəsində deyib.

    O qeyd edib ki, İsrailin bu məqsədə çatmasının yeganə yolu HƏMAS hərəkatını məhv etməkdir.

    Qeyd edək ki, avqustun 4-də Ynet portalı İsrailin Qəzza zolağının tam işğalı üçün plan hazırlaması ilə bağlı məlumat yaymışdı.

  • Sumqayıtda 22 yaşlı gənc bıçaqlanıb, saxlanılan var

    Sumqayıt şəhərində 22 yaşlı gənc boynundan bıçaqlanıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin 2-ci mikrorayon ərazisində yerləşən telefon mağazalarından birində baş verib.

    Mağazada satıcı işləyən 2003-cü il təvəllüdlü Hüseynov Aqil Salim oğlu naməlum şəxs tərəfindən boynundan bıçaqlanıb.

    Yaralı dərhal xəstəxanaya çatdırılıb.

    Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, saat 21:30 radələrində kişi cinsli 1 nəfər Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

    2003-cü il təvəllüdlü şəxsə boyun nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu təyin olunub.

    Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi tibb müəssisəsinin reanimasiya şöbəsində davam etdirilir.

    DİN Mətbuat Xidmətindən isə bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən 33 yaşlı R.Məmmədov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • ÜST: Qəzzada kəskin qida çatışmazlığı olan uşaqların sayı rekord həddə çatıb

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qəzza zolağında uşaqlar arasında kəskin qida çatışmazlığı hallarının sayında görünməmiş artım olduğunu bildirib.

    Bu barədə təşkilatın baş direktoru Tedros Adanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə deyib.

    Onun sözlərinə görə, 2025-ci ilin iyul ayında 5 yaşa qədər təqribən 12 min uşaqda kəskin qida çatışmazlığı aşkar edilib – bu, regionda aparılan müşahidələr tarixində ən yüksək aylıq göstəricidir.

    “Ərzaq tədarükünün ümumi həcmi vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün tamamilə qeyri-kafi olaraq qalır”, – ÜST rəhbəri vurğulayıb.

    ÜST bu il yanvarın əvvəlindən iyulun sonuna kimi azı 99 fələstinlinin, o cümlədən 29-u 5 yaşdan kiçik uşağın aclıqdan öldüyünü təsdiqləyə bilib. Qebreyesus qeyd edib ki, real rəqəmlər, çox güman ki, daha yüksəkdir. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, aclıqdan ölənlərin sayı 193-ə çatıb ki, onlardan 96-sı uşaqdır.
    //report

  • Tovuzda 11 yaşlı qıza qarşı əxlaqsızlıq edilib? – DİN-dən açıqlama

    Bir neçə gün bundan öncə Tovuz rayonunun kəndlərindən birində 11 yaşlı qız uşağına qarşı 25 yaşlı həmkəndlisi tərəfindən mütəmadi olaraq seksual hərəkətlər olunduğu haqda məlumatlar yayılıb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə jurnalist Arifə Əliyeva paylaşım edib.

    O qeyd edib ki, məsələ ilə əlaqədar azyaşlının yaxınları tərəfindən ona müraciət olunub. Jurnalist qeyd edib ki, sonuncu dəfə 30 iyulda uşaq evə gələrək qarın nayihəsində ağrılarının olduğunu bildirib. Bununla da hər şey məlum olub:

    “Qeyd edək ki, uşaq anadan olandan anası tərəfindən imtina olunub, atası ilə yaşayıb, ata da başqa xanımla ailə qurub. 11 yaşlı qız uşağının yaxınlarının dediklərinə görə, uşağa qarşı cinsi seksual hərəkətlər edən 25 yaşlı qonşu oğlanın ailəsi maddi cəhətdən təminatlıdır”.
    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə Regional qrupunun inspektoru polis mayoru Eşqin Qasımov bildirib ki, Tovuz rayonunda azyaşlıya qarşı törədildiyi iddia olunan hüquqazidd hərəkətlərlə bağlı yayılan məlumatlar nəzarətə götürülüb:

    “İddialar üzrə prosessual araşdırmalara başlanılıb. Müvafiq ekspertizalar təyin olunub, bütün halları araşdırma predmetidir. Araşdırmanın nəticəsi ilə bağlı əlavə məlumat veriləcəkdir”.

    Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu sorğumuza cavabda bildirib ki, hadisə ilə bağlı Tovuz Rayon Polis İdarəsi ilə əlaqə saxlayaraq məlumat alıblar.
    “Tovuz Rayon Polis İdarəsindən belə bir hadisənin baş verdiyini təsdiqlədlədilər. Sabah aidiyyatı qurumlarla əlaqə saxlanılaraq məsələ araşdırılacaq”, deyə Komitə sözçüsü bildirib.

  • KL: “Araz” evdə böyük hesabla məğlub olub

    “Araz-Naxçıvan” bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununa çıxıb.

    Apa xəbər verir ki, Elmar Baxşıyevin başçılıq etdiyi kollektiv Bakıda Kiprin “Omoniya” komandası ilə qarşılaşıb.

    “Liv Bona Dea Arena”da keçirilən görüş saat 20:00-da başlayıb.

    4 qolun vurulduğu matçda “Araz-Naxçıvan” rəqibinə 0:4 hesabı ilə məğlub olub.

    Qeyd edək ki, komandalar arasındakı cavab oyunu isə avqustun 14-də Kiprdə baş tutacaq.

  • Ermənistan ordusunun hücumları nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər

    Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 7-də davam etdirilib.

    Apa xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
    İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
    Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
    Hakim məhkəməyə daxil olmuş yeni sənədləri elan edib. Bunlar ifadə vermək üçün məhkəməyə dəvət olunmuş zərərçəkmiş şəxslərdən bəzilərinin ölkədə olmaması, zərərçəkmiş şəxslərdən birinin vəfat etməsi və s. barədə olub. Hakim sənədlərin cinayət işinin materiallarına əlavə olunacağını bildirib, tərəflər buna etiraz etməyib.
    İfadə verən zərərçəkmiş şəxs Hafiz Abdurrəhmanovun hüquqi varisi Ülviyyə Abdurrəhmanova həyat yoldaşının 2020-ci ildə 44 günlük Vətən müharibəsində Tərtər-Ağdərə istiqamətində şəhid olduğunu bildirib.
    Zərərçəkmiş şəxs Xəqani İbrahimovun hüquqi varisi – oğlu Adil İbrahimli ifadəsində atasının 1994-cü ildə Ermənistan silahlı qüvvələrinə qarşı döyüşlərdə şəhid olduğunu deyib.
    Kamran Əsgərovun hüquqi varisi – atası Bayram Əsgərov övladının 2020-ci ildə Vətən müharibəsi zamanı şəhid olduğunu söyləyib.
    Cavad Hüseynovun hüquqi varisi – atası Cavid Hüseynov övladının Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olduğunu bildirib.
    Səxavət Hüseynov və Polad Vəlixanov 2016-cı ildə Aprel döyüşləri zamanı Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində qəlpə xəsarətləri aldıqlarını bildiriblər.
    Tural Xəlilov və Murad Güləliyev ifadələrində 2021-ci il noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin qəfil hücumu nəticəsində Laçın istiqamətində yaralandıqlarını deyiblər.
    Rusif Səfərov ifadəsində 2023-cü il sentyabrın 19-da Xocalı istiqamətində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış snayper atəşi nəticəsində üç güllə yarası aldığını bildirib.
    Nihad İmanov, Vüsal Babayev, Ayxan Nəsibov, İlkin Məmmədzadə, Etibar Məmmədov, Nüsrət Hüseynov, Nemət Süleymanov, Nail Quliyev, Ramil Adıgözəlov, Zahid Qafarov, Cavid Məmmədli, Sənhəm Mustafayev, Çingiz Mustafayev, Emin Eminov, Selman Məmmədov, Rüfət Novruzov və Yusif Əsədullayev ifadələrində 2020-ci ildə Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin açdığı atəşlər nəticəsində yaralandıqlarını bildiriblər.
    Sabit Bayramzadə, Elməddin İsmayılov və Ayaz Həsənli Vətən müharibəsi zamanı mina partlaması nəticəsində yaralandıqlarını deyiblər.
    Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran Kənan Nəsirov 2020-ci il iyulun 12-də Tovuz döyüşləri zamanı Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində ağır yaralandığını söyləyib.
    Qılman Hüseynov ifadəsində 2022-ci il avqustun 2-də Füzuli rayonunun Qaraxanbəyli kəndində mina təmizlənməsi zamanı mina partlayışı nəticəsində xəsarət aldığını deyib. Onun sağ ayağı amputasiya olunub. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zərərçəkmiş şəxs bildirib ki, hadisə zamanı daha iki nəfər xəsarət alıb.
    Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran Ramin Əliyev 2022-ci il oktyabrın 8-də Ağdam-Füzuli yolunun çəkilişi zamanı mina partlayışı nəticəsində yaralandığını söyləyib.
    Şərif Əliyev ifadəsində 2020-ci ildə Vətən müharibəsi zamanı, noyabr ayında Xocavənd istiqamətində yaralanaraq əsir götürüldüyünü bildirib. O, əsirlikdə döyüldüyünü, müxtəlif üsullarla işgəncələrə məruz qaldığını deyib.
    Zərərçəkmiş şəxs dövlət ittihamçısı Fuad Musayevin suallarına cavabında bildirib ki, əsir götürüldükdən sonra başqa yerə, – sonradan öyrəndiyinə görə İrəvan şəhərinə, – aparılıb. Qeyd edib ki, əsir düşməzdən əvvəl döş qəfəsindən və hər iki ayağından yaralanıb. Əsir götürüldükdən sonra erməni hərbçilər rus və erməni dillərində sözlər deyərək ondan təkrarlamasını istəyiblər. Həmin ifadələri təkrarlamadığına görə sağ ayağının pəncə nahiyəsindən güllələnib.
    Ş.Əliyev təqsirləndirilən şəxs David Babayanın suallarına cavabında bildirib ki, əsir götürülməzdən əvvəl 4 nəfər hərbçi yoldaşı şəhid olub, özü və daha bir nəfər hərbçi yoldaşı yaralanıb. Ağır vəziyyətdə yaralı olan həmin azərbaycanlı hərbçi Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən “yoxlama vuruşu” ilə qətlə yetirilib. Ş.Əliyev isə əsir götürülüb.
    O, təqsirləndirilən şəxs Davit İşxanyanın suallarına cavabında Azərbaycana qaytarıldıqdan sonra Gəncədə klinikada əməliyyat olunduğunu söyləyib.
    Zərərçəkmiş şəxs 2020-ci il dekabrın 15-də Azərbaycana qaytarıldığını bildirib.
    Ceyhun Tanrıverdiyev ifadəsində hərbi xidmətdə olan zaman, 1997-ci ilin iyul ayında Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü bildirib. 1999-cu il sentyabrın 17-də Azərbaycana qaytarılıb. Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında deyib ki, əsirlikdə saxlanıldığı vaxt döyülüb, söyülüb, işgəncələrə məruz qalıb.
    Nail Rəcəbli ifadəsində hərbi xidmətdə olarkən, 1998-ci il yanvarın 1-də Beyləqan rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü deyib. Xankəndidə təcridxanada, Şuşa həbsxanasında, İrəvanda həbsxanada saxlanılıb. 2000-ci il iyulun 18-də Azərbaycana qaytarılıb. O, dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında bildirib ki, əsirlikdə saxlanılan zaman xəsarət yetirilməsi nəticəsində yaralanıb, habelə barmağı sındırılıb, döyülüb, işgəncələrə məruz qalıb.
    Amil Əliyev və Murad Sadıq 2023-cü ilin sentyabr ayında Azərbaycan Ordusunun keçirdiyi antiterror əməliyyatı zamanı yaralandıqlarını deyiblər.
    Samir Cəbiyev 2010-cu il avqustun 17-də Gədəbəydə Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində güllə yarası aldığını bildirib.
    Sədrəddin Mürşüdov bildirib ki, hərbi xidmət zamanı, 1997-ci il fevralın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən xəsarət yetirilməklə əsir götürülüb. Əsirlik zamanı Şuşada və Xankəndidə saxlanılıb. Zərərçəkmiş şəxs bildirib ki, əsirlik zamanı milli ədavət zəminində, azərbaycanlı olduğuna görə döyülüb, işgəncələrə məruz qalıb, nəticədə ağır travma alıb. 1999-cu il oktyabrın 25-də Azərbaycana təhvil verilib.
    Arzu Muxtarov bildirib ki, 1992-ci il iyulun 12-də Murovdağda yaralanaraq əsir götürülüb və Xankəndiyə aparılıb. Əsirlikdə saxlanılan zaman ona işgəncələr verilib, döyülüb. 1994-cü il mayın 14-də pul qarşılığında buraxılıb.
    Yunis İsmayılov ifadəsində 1993-cü ildə Ağdam rayonu uğrunda gedən döyüşlərdə yaralanaraq əsir götürüldüyünü bildirib. 1996-cı il mayın 10-da əsirlikdən azad olunub. O da digər əsirlər kimi işgəncələrə məruz qalıb, özünün və digər əsirlərin zorla dişləri çəkilib.
    Təbriz Balayev, Fərhad Quliyev (mülki şəxs), Yaşar Məmmədov (mülki şəxs), Asif Tağıyev, Ədalət Nağıyev (mülki şəxs), Səyyad Abdullayev (mülki şəxs), Mirələm İsayev, Pərvin Abbasov, Absalam Cavadzadə və Kamran Sultanlı ifadələrində ayrı-ayrı vaxtlarda Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində zərər çəkdiklərini deyiblər.
    Araz Abbasov 1993-cü il iyunun 5-də əsir götürüldüyünü bildirib. Həmin il avqustun 24-də əsirlikdən azad olunub. Əsirlik müddətində döyülüb, işgəncələrə məruz qalıb.
    Nüsrət Əzizov ifadəsində 1994-cü il fevralın 1-də Füzuli rayonunun Əbdürrəhmanlı kəndində əsir götürüldüyünü bildirib. 1995-ci il mayın 12-də Azərbaycana təhvil verilib. O deyib ki, əsirlik zamanı döyülüb, işgəncələrə məruz qalıb.
    Möhlət Mahmudov ifadəsində 1993-cü il iyulun 23-də Ağdam rayonu uğrunda gedən döyüşlərdə yaralanaraq əsir götürüldüyünü deyib. Əsirlik zamanı ona dəhşətli işgəncələr verilib, mütəmadi olaraq döyülüb, qeyri-insani rəftara məruz qalıb. Əsirlikdə olarkən azərbaycanlı əsirlərdən biri gözü qarşısında güllələnərək qətlə yetirilib. Həmin ilin noyabr ayında Mehman adlı azərbaycanlı ilə birlikdə əsirlikdən qaçıb.
    Vəlhəd Məmmədov 1993-cü il iyunun 16-dan 1996-cı il mayın 10-dək, Cəmaləddin Əliyev 1995-ci il avqustun 14-dən 20-dək əsirlikdə olub. V.Məmmədov bir neçə azərbaycanlı ilə birlikdə pul müqabilində əsirlikdən azad olunub. Əsirlik zamanı onların hər birinə işgəncələr verilib.
    Zərərçəkmişlər, həmçinin təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin və özlərinin nümayəndələrinin suallarını da cavablandırıblar.
    Məhkəmə prosesi avqustun 8-də davam etdiriləcək.
    Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.
    Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

  • Hakan Fidan: Suriya xalqının yanında olmağa davam edəcəyik

    Türkiyə ilə Suriya arasındakı əməkdaşlığı bütün sahələrdə dərinləşdirməkdə qərarlıyıq.

    Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyanın keçid dövrü prezidenti Əhməd əl-Şaraa ilə görüşü barədə “X” hesabında etdiyi paylaşımda yazıb.

    O, Bəşər Əsəd rejiminin devrilməsindən keçən doqquz ay ərzində üçüncü dəfə Dəməşqdə olduğunu bildirib:

    “Hər səfərimdə Suriyanın bir çox sahədə qət etdiyi irəliləyişi şəxsən müşahidə edirəm. Bu gün cənab Şaraa ilə görüşümüzdə ticarət, investisiya, nəqliyyat və enerji də daxil olmaqla, bir çox məsələləri müzakirə etmək imkanımız oldu. Suriyanın yenidən qurulması üçün potensial ikitərəfli və regional addımları qiymətləndirdik. Görüşümüzdə təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirdik. Suriyanın suverenliyinə və siyasi birliyinə qarşı daxili və xarici təhdidləri xüsusilə müzakirə etdik”.

    Nazir qeyd edib ki, Türkiyə Suriyanın terror təşkilatlarına qarşı mübarizəsini dəstəkləməyə davam edəcək:

    “Biz həmçinin Suriyanın şimal-şərqindəki düşərgələrin idarə edilməsi və təhlükəsizliyi ilə bağlı Suriya hökumətinə lazımi yardımı göstərməyə hazır olduğumuzu bir daha bəyan etdik.

    Suriya xalqı daha yaxşı gələcək qurmaq üçün bu tarixi fürsətdən istifadə etmək istəyir. Suriya hökuməti ölkəni daha təhlükəsiz, daha sabit və firavan etmək üçün eyni vaxtda çoxsaylı problemlərlə mübarizə aparır. Beynəlxalq ictimaiyyət, xüsusən də ABŞ və Avropa ölkələri bu çətinliklərin öhdəsindən gəlmək üçün əhəmiyyətli dəstək verir. İsrail isə regionumuzda sabitliyi pozmaq siyasəti yeridir. Türkiyə olaraq Suriya xalqının yanında olmağa, onların qanuni gözləntilərini və iradəsini dəstəkləməyə davam edəcəyik”.
     
    /report

  • İlon Maskdan Azərbaycanla bağlı paylaşım – FOTO

    Amerikalı milyarder, “Tesla” və “SpaceX” şirkətlərinin qurucusu İlon Mask Azərbaycanla bağlı paylaşım edib. 
     
    Median.Az xəbər verir ki, paylaşım Maskın sahibi olduğu “X” platformasının Azərbaycanda xəbərlər üçün bir nömrəli tətbiq olması haqdadır.
     
    Belə ki, milyarder 1,2 milyon izləyicisi olan “Tesla Owners Silicon Valley” səhifəsinin bu haqda məlumatını yenidən paylaşıb. Mask paylaşımına “Azərbaycan” sözünü və ölkənin bayrağını əlavə edib. 

  • Suqovuşan qəsəbəsi ərazisində yanğın başlayıb

    Ağdərə rayonunun Suqovuşan qəsəbəsi ərazisində hazırda davam edən şiddətli yanğın əsasən mina və partlamamış döyüş sursatları olan ərazilərdədir.

    Apa-nın Qarabağ bürosu xəbər verir ki, əraziyə yanğınsöndürən briqadaları cəlb olunsa da şəxsi heyətin təhlükəli əraziyə girişi mümkün olmayıb.

    Lakin yanğının yol massivi və infrastruktura zərər verməsinin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilir.

    Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları da cəlb olunub.

  • ADY: Sabah Abşeron dairəvi marşrutu üzrə bəzi reyslər ləğv ediləcək

    Bakı–Keşlə sahəsində dəmiryol infrastrukturunda aparılan təmir işləri ilə əlaqədar olaraq, 8 avqust 2025-ci il tarixində Abşeron dairəvi dəmir yolu marşrutu üzrə səhər və axşam saatlarına təyin olunan bəzi reyslər ləğv edilir.

    “Azərbaycan Dəmir Yolları”ndan verilən məlumata görə, saat 07:20-də Bakı–Xırdalan–Sumqayıt, 08:10-da Bakı–Xırdalan, 08:40-da Xırdalan–Bakı qatarı, saat 06:25-də Bakı–Pirşağı–Sumqayıt (ekspres) və saat 07:28-də Sumqayıt–Xırdalan–Bakı reysləri, axşam saatlarında isə 17:47-də Bakı–Xırdalan, 18:10-da Bakı–Xırdalan–Sumqayıt (ekspres), saat 17:50-də Sumqayıt–Xırdalan–Bakı, 18:20-də Xırdalan–Bakı, 19:27-də Sumqayıt–Xırdalan–Bakı, 19:02-də Sumqayıt–Pirşağı–Bakı (ekspres) reysləri ləğv edilir.

    “Təmir işləri ilə əlaqədar bəzi reyslərdə qısamüddətli gecikmələr müşahidə oluna bilər. Sərnişinlərdən müvəqqəti narahatlığı anlayışla qarşılamalarını xahiş edirik”, – məlumatda vurğulanıb.