Month: August 2025

  • Kür çayında meyit tapıldı

    Kür çayının Şirvan hissəsində batan şəxsin meyiti tapılıb.

    O, 1980-ci il təvəllüdlü Ulduz Abbasovdur. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    Qeyd edək ki, bədbəxt hadisə Kür çayının Bayramlı qəsəbəsindən keçən hissəsində baş verib.

    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri cəlb olunmuşdu.

    Faktla bağlı araşdırma aparılır.

  • Gündəlik xərclər niyə bu qədər artıb? – Ailə büdcəsi üçün 5 praktiki tövsiyə

    Son aylarda əhalinin əsas şikayətlərindən biri gündəlik istehlak məhsullarının qiymətinin sürətlə artmasıdır. Marketlərdə eyni məhsula daha çox pul xərclənir, kommunal və nəqliyyat xərcləri isə əlavə yük yaradır. Bəs bu bahalaşmanın səbəbi nədir və ailələr büdcələrini necə qoruya bilər?

    Median.Az xəbər verir ki, iqtisadçılar deyir ki, qiymət artımı həm yerli, həm də qlobal səbəblərlə əlaqəlidir.

    Logistika xərclərinin artması, xaricdən idxal olunan məhsullarda qiymət fərqləri, yerli istehsalın bəzi sahələrdə zəif olması qiymətlərin qalxmasına təsir göstərir. Əlavə olaraq, ərzaq bazarında rəqabətsizlik və süni qiymət artımı hallarına da rast gəlinir.

    Bəs ailə büdcəsini necə qorumaq olar?

    Gəlir və xərcləri dəqiq qeyd etmək, qənaət etməyə başlamağın ilk addımıdır. Hansı sahəyə nə qədər vəsait xərcləndiyini izləmək lazımdır.

    Zəruri olmayan xərcləri minimuma endirin. Market siyahısı ilə alış-veriş etmək, ani qərarların qarşısını alır.

    Bəzi məhsullar üçün böyük marketlər və onlayn platformalarda endirim kampaniyaları izlənə bilər. Bonus kartları uzunmüddətli qənaət imkanı yaradır.

    Evdəki artıq məhsulları və geyimləri təkrar istifadəyə yönəltmək, israfı azaltmaqla bərabər, büdcəyə də müsbət təsir edir.

    Kommunal xərclərin azalması üçün elektrik, su və qaz istifadəsinə nəzarət edin. Sadə vərdiş dəyişiklikləri aylıq xərcləri əhəmiyyətli dərəcədə azalda bilər.

  • Ömər Çelik: “Azərbaycan qazı Suriyanın sosial bərpasında kritik rol oynayacaq”

    Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik Azərbaycan qazının Türkiyə vasitəsilə Suriyaya nəqlinin ölkənin dağılmış infrastrukturunun və sosial həyatının bərpasında həlledici əhəmiyyət daşıdığını bildirib.

    Median.Az “Haber Global”a istinadən xəbər verir ki, o bu barədə mətbuat konfransı zamanı danışıb.

    Çelik vurğulayıb ki, Türkiyə regionda enerji diplomatiyasının mərkəzinə çevrilir və Azərbaycan qazının Suriyaya çatdırılması bu istiqamətdə strateji addımdır. Bu layihə təkcə Suriyanın enerji ehtiyaclarını ödəməklə kifayətlənmir, həm də regionda iqtisadi və sosial sabitliyin bərpasına töhfə verəcək.

    “Azərbaycanın enerji resurslarının regiona inteqrasiyası yalnız iqtisadi deyil, həm də siyasi və sosial baxımdan uzunmüddətli sülh prosesini dəstəkləyən amildir”, – AKP sözçüsü bəyan edib.

  • Astarada 29 yaşlı tur rəhbəri dağlıq ərazidə yıxılaraq ölüb

    Lerik sakini bədbəxt hadisə nəticəsində ölüb.

    Hadisə Astara rayonunun Hamuşam kəndi ərazisində baş verib.

    Kənddə turistlərə bələdçilik edən tur rəhbəri, Lerik rayonunun Günəşli kənd sakini 29 yaşlı Rufiz Zamanov ehtiyatsızlıqdan yıxılıb və baş nahiyəsindən ağır xəsarət alıb.

    Ətrafdakıların köməyi ilə o, Lənkəran Mərkəzi Rayon Xəstəxanasına hospitalizasiya olunub.

    R Zamanov təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

    Mərhumun dayısı Azad Rzayev APA-ya verdiyi açıqlamada bildirib ki, R.Zamanovu epilepsiya tutub və o yıxılıb, baş nahiyəsindən xəsarət alıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Rusiyalı MMA döyüşçüsü PFL kəmərini Həbib Nurməhəmmədova hədiyyə etdi

    Rusiyalı MMA döyüşçüsü Movlid Xaybulayev qazandığı PFL kəmərini sabiq UFC çempionu Həbib Nurməhəmmədova hədiyyə edib.

    Xaybulayev Nurməhəmmədova hörmət əlaməti kimi bu addımı atıb.

    O, ötən gecə “PFL World Tournament 8” turnirində perulu Xesus Pinedo ilə qarşılaşıb.

    Yarımyüngül çəki dərəcəsində Qran-prinin finalı çərçivəsində keçirilən döyüşün beşinci raundunda Xaybulayev rəqibini boğucu fəndlə məğlub edərək qələbə qazanıb.

    Bu nəticə ilə rusiyalı döyüşçü PFL çempionu adına yiyələnib.

  • Şahin Şıxlinski yenidən saxlanıldı

    Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski yenidən saxlanılıb.

    Bu barədə E1.RU portalı məlumat yayıb.

    Bildirilib ki, Ş.Şıxlinski Moskvadan Yekaterinburqa aparılıb.

    Mənbənin sözlərinə görə, o, hazırda istintaq prosesində iştirak edir.

    Xatırladaq ki, iyunun 1-də Şahin Şıxlinski və oğlu Mutvali Şıxlinski saxlanılmışdı. Onların saxlanılarkən zorakılığa məruz qalmaları ilə bağlı görüntülər yayılmışdı. Daha sonra hər ikisi azadlığa buraxılsa da, M.Şıxlinski yenidən saxlanılıb və məhkəmə onun barəsində 2 aylıq həbs qətimkan qərarı çıxarıb.

  • Binədə fərdi yaşayış evi yanır

    Xəzər rayonu, Binə qəsəbəsində fərdi yaşayış evində yanğın başlayıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.

    Qeyd olunub ki, nazirliyin “112” qaynar telefon xəttinə sözügedən ərazidəki fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub:

    “Dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

    Hazırda fərdi yaşayış evində baş verən yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək”.

  • Azərbaycan atleti beynəlxalq turnirdə bürünc medal qazanıb

    Azərbaycan təmsilçisi Qazaxıstanın Almatı şəhərində keçirilən atletika üzrə XXXIV Qosanov Memorialında bürünc medal qazanıb.

    İlk yarış günündə mübarizəyə qoşulan atletlərimizdən Nazim Babayev uzunluğa tullanma növündə 7.48 metr göstərici ilə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

    Dünya Atletikası Kontinental Turun bürünc səviyyəli yarışında 15 ölkəni təmsil edən 150-dən artıq idmançı iştirak edir.

    Qeyd edək ki, Nazim Babayev sabah üç təkanla tullanma növündə də mübarizə aparacaq.

  • 16 yaşlı yeniyetmə Kürdə batdı

    Salyan rayon sakini Kürdə batıb.

    Oxu.Az xəbər verir ki, hadisə Kür çayının Salyan şəhəri ərazisindən keçən hissəsində baş verib.

    Salyan şəhər sakini, 2008-ci il təvəllüdlü Sahil Məcidov çayda çimən zaman boğulub.

    Onun meyiti Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumu tərəfindən çıxarılaraq təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Sabirabadda azyaşlıya qarşı əxlaqsızlıq edən kişinin FOTOSU

    “Sosial şəbəkələrdə Sabirabadda şəxsin azyaşlıya qarşı hüquqazidd hərəkətləri ilə bağlı prosessual tədbirlər görülür”.

    Bu barərə DİN Mətbuat Xidmətinin regional qrupundan verilən məlumatda bildirilib.

    “Görüntülərdəki şəxs, Sabirabad rayonu Qaratəpə kənd sakini 64 yaşlı Mərdan Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunub.

    Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanıb, M.Hüseynov həbs edilib.

    Başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir”, – məlumatda deyilir.